Daha bir beynəlxalq təşkilat Tofiq Yaqublu ilə bağlı bəyanat verdi

“Beynəlxalq Amnesty International Təşkilatının Cənubi Qafqaz tədqiqatçısı Natalya Nozadze bu gün azərbaycanlı müxalifət fəalı Tofiq Yaqublunun dörd il üç ay həbs cəzasına məhkum edilməsinə münasibət bildirib.

“Azərbaycan hakimiyyəti Tofiq Yaqublunun dərhal və qeyd-şərtsiz sərbəst buraxılması üçün verilən cəzanı təcili şəkildə nəzərdən keçirməlidir. Tofiq Yaqublu vicdan məhbusudur və onun azadlıqdan məhrum edilməsi Azərbaycan hakimiyyətinin siyasi müxalifətə, ölkədə söz azadlığına qarşı təzyiqlərinə növbəti nümunədir.

Tofiq Yaqublu Prezident İlham Əliyev hakimiyyətinin qanunsuz idarəçiliyinə qarşı çıxdığına görə illərdi təqib və təzyiqlərə məruz qalmışdır. Bundan öncə də qanunsuz məhkum həyatı yaşadığı dövrlərdə həbsxanada sağlamlığı xeyli zərər gördüyündən indi COVID-19-a yoluxma riski yüksəkdir.

Mart ayında Prezident Əliyev ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə keçirdiyi müşavirədə çox sərt şəkildə müxalifət liderlərinin “təcrid olunmasını” təklif etməsi Tofiq Yaqublunun mühakimə olunmasının nə qədər siyasi motivli olduğunun nümunəsidir. Həmin çıxışdan dərhal sonra ölkədə müxalifət fəallarının kütləvi şəkildə həbsinə start verildi.”

Xanım Nozadzenin beynəlxalq ictimaiyyətə müraciətində Tofiq Yaqublunun 4 il 3 ay həbsinin motivləri də açıqlanıb. Müraciətdə deyilir:

“Sentyabrın 3-də Azərbaycanın paytaxtı Bakıda məhkəmə müxalif Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubluya “xuliqanlıq” ittihamı ilə 4 il üç ay həbs cəzası verdi. Prokurorluğun ittihamına görə Tofiq Yaqublu avtomobil qəzasından sonra evli cütlüyə fiziki təcavüz edib. Amnesty İnternational Təşkilatı bu ittihamın saxta olduğuna inanır. Yaqublu martın 22 də saxlanılıb və o gündən qanunsuz şəkildə həbsdədir.
Tofiq Yaqublu uzun illərdi ki, İlham Əliyev hakimiyyətinə ciddi siyasi rəqibdir. O, 2013-cü ildə “kütləvi zorakılığa təhrik” ittihamı ilə dörd il həbs cəzasına məhkum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 5 Noyabr 2015-ci il tarixində Tofiq Yaqublunun qeyri-qanuni şəkildə həbs olunmasını əsaslandıraraq Azərbaycan hakimiyyətinin onu qeyri-şərtsiz azad etməsi ilə bağlı QƏRAR verib. Ancaq Tofiq Yaqublu 2016-cı ilin martında Prezidentin Əfv fərmanı ilə sərbəst buraxılıb”

Facebook Comments