“Biz bu müharibənin yenidən alovlanmasına bütövlükdə millət və dövlət olaraq hazır olmalıyıq…”

“Ona görə də Azərbaycan mümkün hərbi əməliyyatların başlanmasına hazır olmalıdır və mənə elə gəlir ki, Azərbaycan tərəfində də bu kəşfiyyat məlumatları var və buna hazırlıq gedir”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında politoloq Sülhəddin Əkbər deyib. Politoloq Rusiyanın Ermənistan vasitəsilə Azərbaycana qarşı vəkalət müharibəsinə hazırlaşdığını bildirib:

“Rusiya bu addımıyla Ermənistanın müdafiəsini gücləndirir və gücləndirmək istəyir. Bununla da Azərbaycanla Ermənistan arasında yeni süni qarşıdurma yaratmağa hazırlaşır. Ona görə də Azərbaycan mümkün hərbi əməliyyatların başlanmasına hazır olmalıdır və mənə elə gəlir ki, Azərbaycan tərəfində də bu kəşfiyyat məlumatları var və buna hazırlıq gedir. Təbii ki, hər hansı bir müharibəyə hazırlıq gedərkən öncə kəşfiyyat yoxlama döyüşləri aparılır. Biz bu yoxlama döyüşünü Tovuz istiqamətində gördük, Rusiya Ermənistanla birlikdə döyüşlər və ardınca hərbi təlimlər keçirdi. Sonra yoxlama döyüşünün və hərbi təlimlərin nəticələri analiz edilərək qiymətləndirilir və o qiymətləndirmədən sonra da ehtiyaca uyğun addım atılır. İndi də biz Rusiya və Ermənistan tərəfindən o ehtiyaca uyğun addımların atıldığının şahidi oluruq. Deməli Rusiya Ermənistanla birgə yeni hərbi əməliyyatlara hazırlaşır, mən bunu hər zaman demişəm ki, bu, Rusiyanın Ermənistan vasitəsilə Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir. Əslində müharibəni aparan Rusiyadır və Ermənistandan burda öz vəkili kimi istifadə edir. Sabah əgər onun vəkilinin başı əzilərsə, birbaşa özü ortaya çıxacaq. Necə ki, Gürcüstanda, Ukraynada özü ortaya çıxdır. Bir daha təkrar edirəm Azərbaycan Ermənistanın başını əzərsə, bu baş verəcək. Ona görə də biz bu müharibənin yenidən alovlanmasına bütövlükdə millət və dövlət olaraq hazır olmalıyıq”.

Qeyd edək ki, Rusiyanın Suriyada yerləşdirdiyi radioelektonik sistemlərinin bir qismini tələsik Ermənistana daşıması müzakirələrə səbəb olub.

Facebook Comments