Ölkə ciddi dəyişikliklərə “hamilədir” – Natiq Cəfərli

İctimai-siyasi polemikalarda, sosial şəbəkələrdə söyüş və təhqirdən istifadə edənləri, əsasən, iki qrupa ayırmaq olar: 1) Ucuz, bayağı epotajla məşğul olanlar, 2) Özünüifadənin ağıllı, bilikli, arqumentli formasını tapa bilməyən, buna qabiliyyəti olmayan içiboş, həyatda heç nəyə nail ola bilməyən beyinsizlər.

Hakimiyyəti söyənləri isə heç anlamıram: Bu bacarıqsız yığını o qədər səhv, məntiqsiz qərarlar verirlər, o qədər oğurluq edirlər ki, istənilən addımlarını arqumentlərlə, rəqəmlərlə, tezislərlə darmadağın etmək olar. Belə olan vəziyyətdə niyə söyəsən ki?! Təhqir və aşağılayıcı ifadələr ünvanı haqında deyil də, söyləyənlərin özləri haqqında ciddi informasiya verir, fikir yaradır.

Amma bir məsələ də var: Seçilmiş vəzifələrdə, və ya büdcədən maaş alan kreslolarda oturmuş məmurlar sərt tənqidə daha tolerant olmalıdırlar. Hətta təhqirlə sərhəddə olan, amma o sərhədi keçməyən ifadələrə də dözümlü yanaşmalıdırlar.

Siyasəti çirkab və üfunət iyi verən dildən, üslubdan təmizləmək, təhqiri-söyüşü dəbdən salmaq lazımdır. Bunun üçün hamımız əlimizi daşın altına qoymalı, təhqiri özünüifadə formasına çevirən dayaz adamların maraqsızlaşdırmalıyıq. Əslində bu üslub, əsasən, hökumətə sərf edir, dediyim kimi, bunların hər addımını arqumentlərlə yerlə yeksan etmək olar, amma üslub söyüşə-təhqirə qədər enəndə o zaman hökumət üçün münbit şərait yaranır, deyirlər ki, görürsüz, deməyə sözləri yoxdur deyə təhqir edirlər, söyüş söyürlər. Hətta hamını eyni rəfə qoyub “söyüş müxalifəti” kimi cəmiyyətə təqdim edirlər. Təhqir, yalan, qarayaxma, çamuratma, söyüş zəiflərin, biliyi-ağlı olmayanların sığınacaq yeridir, bu üslub hökumətin çörəyinə yağ sürtməkdir…

Müxalifətdaxili münasibətlərdə də söyüşü, təhqiri, qarayaxmanı, yalanı ifadə formasına çevirən üzü üzlər görmüş adamlar var. Onlar da güzgüdə özlərinə baxmalı, hakimiyytdə əvvəl, və ya indi təmsil olunan kuratorlarından aldıqları instruksiyalarla hərəkət etməməlidirlər. Məhz onlar müxalifətdaxili münasibətlərə bilərəkdən, qəsdən, hətta əmrlə ziyan vururlar. Bəzən biz də, REAL da doğru davranmayıb, elələrini adam bilib cavab veririk. Məncə, onları tam iqnor etməyin zamanı yetişib. Ölkə ciddi hadisələr ərəfəsindədir, ciddi dəyişikliklərə “hamilədir”, ona görə də öz dəst-xəttimizə, dəyərlərimizə və prinsiplərimizə uyğun olaraq siyatlə ciddi şəkildə məşğul olmağa davam etməliyik. Artıq tələsən yerimiz var – ölkə dəyişməlidir, belə idarəçilik fəlsəfəsi və sistemi məmləkəti ausayderə çevirib.

Natiq Cəfərli

ReAl Partiyanın funksioneri

Facebook Comments