“Ermənilər isə yenə də cəzasızlıq mühtündə meydan sulayır” – İbad Hüseynli – Video

Hadisələr sürətlə bir-birini əvəz edir. Düşmənin Tovuz istiqamətində planlaşdırdığı, lakin baş tutmayan təxribatı və bunun nəticəsi olaraq, baş verən zəncirvari hadisələr sadə Azərbaycan vətəndaşını çaş-baş salıb. Qarabağın işğalı ilə barışmayan, əsəbləri tarıma çəkilən xalqımız bu haqsızlığa son qoyulmasını tələb edir. Yüksək çinli zabitlərimizin qətlinə ehtiraz edən emosional insanlarımız pandemiya şəraitində
sağlamlıqlarını riskə ataraq, sərt karantin rejimini, eləcə də sərbəst toplaşmaq qaydalarını pozaraq öz ehtirazını qəti şəkildə bildirdi. Bu kobud qanun pozuntuları əslində xoş məramdan irəli gəirdi. Az sonra Amerikanın Los-Ancelos şəhərində ermənilər tərəfindən azsayılı dinc azərbaycanlılara qarşı törədilən vandal hərəkətlər və bundan irəli gələn zəncirvari proseslər həmvətənlilərimizi tam hövsələdən çıxardı. O zaman ki, azərbaycanlılar düşmənə onun üslubunda cavab verirlər, bu, dərhal bizə qarşı işlədilir. Ermənilər isə yenə də cəzasızlıq mühtündə meydan sulayır. Açığı, xaricdə yaşayan soydaşlarımızın bu cür emosional hərəkətləri sadə, daim hüquqları pozulan Azərbaycan xalqının nümayəndələrinin aqekvat cavabı cəmiyyətdə həssaslıqla qarşılandı. Şübhəsiz ki, hər bir xalqa yönəlik siyasətin kökündə həmin xalqın mental, həssas cəhətləri sonda mütləq nəzərə alınır. Bu barışmazlıq dünya siyasətinə təsir imkanı deməkdir. Fikir verin: heç bir azərbaycanlı Tovuz hadisələrinə biganə qalmadı, heç kim biixtiyar küçələrə axışan on minlərlə insanı qınamadı, heç kim soydaşlarımızın xaricdəki hərəkətlərini qınamadı. Bu, əslində xalqın Qarabağ məsələsində yekdilliyini sübut edir. Hətta bəzi düşmən qüvvələrin təhriki ilə Parlament binasına daxil olan insanlar belə, bunun düzgün addım olmadığını etraf edirlər. Əgər xırda nüanslar olmasa, qətiyyətlə demək olar ki, Azərbaycan xalqı öz potensialını ortaya qoyub. Bu, Azərbaycan ətrafında aparılan oyunlarda iri güclərə bir mesaj idi ki, sonda xalqın iradəsi ilə mütləq hesablaşmalı olacaqsınız.

Lakin emosiyasız insan olmaz. Hiss və şurun vəhdəti gərəkdir. Qələbə yalnız bu zaman mümkün olacaq. Müxtəlif səbəblərdən xarici dövlətlərdə yaşayan həmyerlilərimiz “qonaq statusunu” yaddan çıxarmamalıdır. Hər bir xalqa olan münasibəti onun fərdləri formalaşdırır. Qarabağımızı geri qaytamağımız da qanuna əsaslanmalıdır. Dünya Azərbaycanın sivil, mütəşəkkil xalq olduğunu anlamalıdır. İstər daxildə, istərsə də xaricdə biz gücümüzü göstərdik. Düşünürəm ki, bu, Azərbaycan xalqının oyanışında, formalaşmasında növbəti mərhələdir. Bundan sonra daha da sıx birlik nümayiş etdirməliyik. Bu birlik sivil, bir mərkəzdən idarə edilmə prinsiblərinə söykənməlidir. Azərbaycan heç zaman indiki kimi güclü olmayıb. Ordumuz heç bir könüllüyə ehtiyac hiss etməyərək Qarabağı qısa zaman kəsiyində azad etmək qabiliyyətinə malikdirsə, dövlətimizin nüfuzu durmadan artırsa, bunu həyata keçirmək üçün dünya ictimayi rəyini qazanmalıyıq. Zaman xeyirimizə işləyir. Ən böyük uğurumuz isə qardaş Türkiyənin regionda söz sahibinə çevrilməsi, hərbi sənayesinin görünməmiş inkişafa çatmasıdır. Türkiyə son yüz ildə bu qədər qüdrətli olmayıb. Türkiyə, bizə iki ədəd mülki helikopter verməyə cəsarət etməyən Türkiyə deyil. Türkiyə bu gün dünyaya öz şərtlərini diktə etmək gücündə olan bir dövlətdir. Bu isə bizim bəxtimizdəndir. Lazımdır ki, Qarabağın və ətraf rayonların geri alınması naminə bütün gücümüzü ortaya qoyaq. Bunun üçün hamı dövlətin və hakimiyyətin arxasında olmalıdır. Vətən hamımızındır. Xalqın Qarabağ istəyini lazimi səmtə yönəltmək, vahid iradə və idarə nümayiş etdirilməlidir. Əks halda, torpağa olan sevgidən irəli gələn emosionallıq maraqlı güclər tərəfindən özümüzə qarşı istifadə olunacaq…

İbad Hüseynli,
“Azərbaycan Bayrağı” Ordenli Qarabağ Qazisi

moderator.az

Facebook Comments