30 illik məğlubiyyət utancının yeni sarsıntı yükü…

İlham İsmayıl

Əgər maliyyə naziri hökümətin iclasında açıq şəkildə perspektiv maliyyə təhlükəsindən, konkret olaraq gəlirimizlə xərcimizin balansının pozulmasından danışırsa, deməli vəziyyət nazirin dediklərindən də pisdir. Ölkədəki ağır mənəvi ictimai-siyasi durumun sosial böhranla daha da dərinləşməsi ehtimalı yüksəkdir. Sosial böhranın siyasi ağırlığı indiki həssas məqamda mürəkkəb situasiyaya gətirib çıxara bilər və ən əsası Qarabağ məsələsində ağır şərtlərlə üzləşə bilərik.

Ölkənin ağır mənəvi-psixoloji, ictimai-siyasi və pandemiyanın yaratdığı iqtisadi durumun böhran həddinə yaxın olduğu və bir tərəfdən də, Tovuz hadisələrində cəmiyyətin aldığı zərbə 30 illik məğlubiyyətin utancına yeni, dəhşətli ümidsizlik, çarəsizlik sindromu əlavə olunub, nəticədə mövcud gərginliyə depressiya, stres və aqressivlik də qatılıb. Başda general olmaqla 12 hərbiçimizin itirilməsi, düşmənin isə cəmi 5 itki verməsi bütün yalan informasiyaların fonunda gizlədilməsi mümkün olmayan bir reallıqdır. Və bu reallıq düşmənin əl-qolunu geniş açıb. Ermənistanın baş nazirinin Tovuz döyüşlərindən sonra bizimlə artıq ultimativ dildə danışdığı, leksikonunda daha sərt ifadələr işlətdiyi açıq görünür. Onun irəli sürdüyü 7 şərtə fikir vermisinizmi? “Artsaxın müstəqilliyinə mane ola bilməzsiniz”, “Bakı hamının qarşısında antierməni təbliğatdan və hərbi hədədən imtina etməlidir”, “ atəşkəsə nəzarətin beynəlxalq mexanizmini qəbul etməlidir”. Fikir verin, düşmənin rəhbəri deyir ki, nəinki müharibə etməyəcəyinizə, ümumiyyətlə heç bizim əleyhimizə danımayacağınıza da söz verməlisiniz. Sanki uşaq danlayır. Onun dilini sərt və uzun edən, yenə də təkrar edirəm, Tovuz istiqamətində hərbiçilərimizin uğursuzluğu oldu. İndi elə texniki əsrdə yaşayırıq ki, hansı tərəf yalan informasiya yayan kimi təkzibini elə sadə xalq özü verir, sosial şəbəkədə, internet kanallarında və sairə. İstisnasız olaraq hər iki tərəfdən verilən yalan informasiyalar qısa müddətdə aşkar oldu. Ikincisi, məğlub olan heç vaxt bu qədər ürəkli və sərt şərtlər irəli sürə bilməz.

Azərbaycan xalqı vəziyyətin ağırlığını hiss etdiyi üçün, xüsusilə generalın öldürülməsini sinirə bilmədiyi üçün ayağa qalxdı, orduya kömək etmək üçün bir həmrəylik nümayiş etdirdi. Bu ağır, böhranlı vəziyyətdən ruh etibarı ilə ən yaxşı çıxış yolu məhz bu həmrəylikdən yararlanmaq, gücümüzün birliyimizdə olduğunu göstərmək idi. Bu ruh məhv edildi. Kimlər etdisə bilisinlər ki, zərbəsi xalqa dəydi və cəzasını da hələ ki, dövlət çəkir. Həmrəylik, dəstək məqsədi tam başqa istiqamətə yönəldilərək, xalqda daha bir qorxu, çəkingənlik, biganəlik, ümidsizlik əhvalı yaradıldı və bu proses hələ də davam edir. Amma, elə bilməyin ki, xalq sonuna qədər ölkənin taleyini həll etmək yolundan təcrid edildi. Əksinə, uzun müddət xalqdan özünü təcrid edənlər bu uçurumu bir xeyli dərinləşdirdilər, amma bilsinlər ki, heç vaxt uçurumun dibinə xalq yox, bu uçurumu yaradanlar düşür. Bunu artıq səlahiyyət sahibləri hiss edirlər, etməsəydilər xalqın az-çox hörmətlə yanaşdığı( orda iştirak edənlərin hamısına şamil deyil) bir qrup şəxslərlə ayrıca görüş keçirməzdilər. Əslində belə vəziyyətlərdə gərək həqiqətən xalq tərəfindən seçilən millət vəkilləri parlamentdə toplanıb yaranmış situasiyanı müzakirə edəydilər. Belə bir parlament olmadığı üçün müzakirə də aparılmır, belə bir parlament formalaşmadığı üçün ayağa qalxmış millətin qarşısına çıxa biləcək millət vəkili yoxdur. Bu kədərli mənzərəyə baxıb, fikirləşin: kim təxribat etdi? Şəhidlər Xiyabanına toplaşan vətənsevər gənclər, yoxsa xalqın qarşısına çıxıb onlarla dövlətin bir yerdə olduğunu, gücümüzün birliyimizdə olduğunu söyləməyə cəsarətləri və hörmətləri olmayan məmurlar?

Kampaniya xarakterli könüllü orduya yazılmağı az qala sovetin “sosializm yarışına” çevirib, həqiqi vətənpərvərliyin təbliği əvəzinə, hər şeydə olduğu kimi burda da görüntü, imitasiya, hətta yaltaqlıq elementləri ilə zəngin olan şou düzənləndi. Və bu sosializm yarışının qalibləri də elan olundu: icra başçıları, oliqarxların övladları. Həmin gecə bu qəbildən olan insanların heç biri orda yox idi. Həmin gecənin “Dövlət çevrilişi” video-kadrları yalnız ikrah və istehzalı gülüş doğurur. On nəfər cəbhəçi minlərlə polisin olduğu yerdə dövlət çevrilişi edəcəkmiş. Gedin, ən azı Lenini təzədən oxuyun, görün klassik dövlət çevrilişinin şərtləri nədən ibarətdir. Elə qeyd olunanlara görə də, hadisələrin davamı Azərbaycandan kənara çıxdı, çünki burdakı ruhu öldürmüşdülər.

Avropada, ABŞ-da, Rusiyada və digər ölkələrdə baş verən qarşıdurmalar isə göstərdi ki, xalq düşmənini yaxşı tanıyır, ona heç bir güzəşt etmək fikrində deyil, ayağa qalxan gənclər məsələyə millətin, dövlətin şərəfi kimi yanaşırlar. Bu hiss soydaşlarımızın dinc etirazlarında da, döyəndə də, döyüləndə də, təhqir olunanda da aydın görünürdü. Açığı Tovuz hadisələrinin dünyada yaratdığı rezonans bəlkə də bizim yeganə uğurumuz sayıla bilər. Bir müddət əvvəl heç öz ölkəmizdə Qarabağ mövzusunu gündəmə gətirə bilmirdik, indi Qarabağ bütün dünyanın, bütün azərbaycanlıların gündəminə daxil olub. İndi söz yaxşı ordunun, yaxşı diplomatiyanındı.

Hadisələrdən 10 gün keçib. Ordu rəhbərliyi xalqa bir açıqlama verdimi, xalqda real ümid yaratmaq üçün tezliklə torpaqlarımızı işğaldan azad etmənin vədini verdimi? Yox. Xalq qalsın bir tərəfə, şəxsi heyətə açıq müraciət etdimi? Amma, ermənilərin baş qərargah rəisi dünən Ordunun bütün heyətinə döyüş çağırışı ilə müraciət etdi. Faktiki müharibəyə çağırışı və bu müharibədə qalib olacaqlarını elan etdi. Düşmən ordunun baş qərargah rəisinin müraciətini oxuyan hər bir Azərbaycan vətəndaşı özünə sual verir: niyə mənim ordumun da naziri, baş qərargah rəisi vətənpərvərlik və döyüş ruhu ilə dolu olan belə bir müraciət etmir? Cavabı çox sadədir: gərək vətən sevgisi və döyüş ruhu ola ki, danışasan. Bizim ordu rəhbərliyindən rütbəcə aşağı olan düşmən ordunun baş qərargah rəisinin müraciəti Sizlərin anladığı rus dilində yayılıb, gedin oxuyun. Amma, bilirəm ki, oxusanız da faydası yoxdur. Quyunun özündə su yoxdursa, ona su tökmək dərdin əlacı deyil.

İndiki halda açıq görünür ki, torpaqlarımızı azad edə bilmək üçün hərbi yola əl atmazdan əvvəl beynəlxalq miqyasda lazımi siyasi-diplomatik işlər görülməyib. Tovuz döyüşləri və ondan sonra baş vrən daxili hadisələr də göstərdi ki, hərtərəfli hazırlığa böyük ehtiyac var.moderator.az

Facebook Comments