Deputat Polad Bülbüloğlunu tənqid etdi

“Rusiyadakı səfirimiz azərbaycanlılara son hadisələrlə bağlı müraciət edərkən Rusiyanı nəzərdə tutaraq deyib ki; “bu ölkə sizə çörək verir”. Əlbəttə bu, təcrübəli bir diplomatın dilindən səslənməsi doğru olmayan bir ifadədir. Lakin bir məsələdə Polad müəllimi qınamaq olmur. Bu da bizim mentallıqla bağlı cəhətlərdir”.

Sozcu.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa deyib.

“Azərbaycanda vəzifədə olan şəxslərin leksikonunda bu adi bir ifadədir: “mən filankəsin çörəyini yeyirəm”. Yaxud kimsə vəzifədən gedəndən sonra vaxtilə harasa təyin etdiyi adamdan diqqətsizlik görəndə dərhal gileyini bu formada ifadə edir: “buna mən çörək vermişəm, indi məni saymır”. Hələ bizdə sərt qarğış forması da var: “çörəyim tutsun onu və yaxud da səni”. Hələ Surət Hüseynovun çevrilişdən öncə “bir qısmat çörək yeyirdim” ifadəsində də yaddaşlarımızda ironiya formasında həkk olunub. Əslində Polad Bülbüloğlunun söylədiyi bizim inancımızda yer alan natamamlıqla bağlı məsələdir. Biz Allahın verdiyi ruzinin mücərrədliyini, insanın verdiyi çörəyin maddiliyi ilə əvəz etmişik. Ona görə də Polad müəllimin beynində əksər azərbaycanlılarda olduğu kimi Allahın verdiyi ruzinin yerində bəndənin verdiyi çörək oturub. İfadə də görünür bu mental xüsusiyyətdən qaynaqlanıb. Ancaq təxribatlara uymamaqla bağlı çağırışı normal qəbul olunmalıdır. Həqiqətən də hadisələrin xüsusilə Rusiyada küçə müstəvisinə axışı bizə xoşagələn bir şeylər vəd etmir” – F.Mustafa qeyd edib.

Facebook Comments