Akif Nağı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Prezidentə və Qırmızı Xaç Komitəsinə müraciət etdi

Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağı erməni əsirliyində olan Diqləm Əsgərov və Şahbaz Quliyevlə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sesseraya müraciət göndərib.

Prezidentə ünvanlanmış məktubda göstərilir:

“Erməni əsirliyində olan vətənpərvər vətəndaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Sizə müraciət edirik. Bilirik ki, onların əsirlikdən azad olunması üçün bütün vasitələrlə çalışırsınız. İndiki şəraitdə onların vəziyyəti daha da çətinləşib. Ermənilər son hadisələrdən, cəbhə xəttində sərt cavab aldıqdan sonra daha da azğınlaşıb, bir çox ölkələrdə azərbaycanlı axtarırlar ki, dəstə ilə üzərilərinə hücum edib qətlə yetirsinlər. Bu vəziyyətdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə onların necə davrandıqlarını təsəvvür etmək çətin deyil. Ona görə də xahiş edirik ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması və yaxud üçüncü ölkəyə köçürülməsi üçün məqsədəuyğun bildiyiniz əlavə vasitələrdən, beynəlxalaq təsir imkanlarından istifadə edəsiniz”.

Qırmızı Xaç Komitəsinə göndərilən məktubda isə vurğulanır: “Erməni əsirliyində olan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin cəbhədəki son döyüşlərdən, erməni tərəfinin sərt cavab almasından sonra vəziyyətlərinin daha da pisləşməsi ehtimalı ilə bağlı Sizə müraciət edirik. Ermənistan cəbhə xəttində itki verərək geri çəkildikdən sonra ermənilər bütün dünya boyunca daha da azğnlaşıb, hətta müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları axtarırlar ki, onları tək-tək ələ keçirib qətlə yetirsinlər. Belə şəraitdə ermənilərin Dilqəm Əsgərov və Şahbaz Quliyevə hansı işgəncələri verə biləcəklərini Siz də asanlıqla təsəvvür edə bilərsiniz. Ona görə də Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyatları üçün daha ciddi təhlükələrin yarandığını əsas tutaraq, onların Azərbaycana qaytarılması və yaxud hər hansı üçüncü ölkəyə köçürülməsi üçün təşəbbüs etmənizi xahiş edirik. Onların bu günə qədər erməni əsirliyində qalmasına görə əsas məsuliyyət Sizin də üzərinizə düşür. Yeni yaranmış təhlükəli vəziyyətdə Sizdən daha təsirli tədbirlər gözləyirik. Əks halda nümayəndəliyiniz qarşısında aksiyalara başlayacağıq”.

Facebook Comments