Separatçı erməni Azərbaycana Murovdan – 3724 m yüksəklikdən baxdı…-FOTOLAR

“Xalqın tam etiraz gücüylə ayağa qalxacağı məqamda daha bir fürsəti güdaza verdik. Düşmən hələ neçə il bizə yuxarıdan aşağı baxacaq?..”

Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin Şuşada and içmiş rəhbəri Araik Arutyunyan iyulun 18-dən 19-a keçən gecə Kəlbəcər rayonu ərazisindəki Murovdağın ən yüksək zirvəsi olan Gamışdağa(3724 m) qalxıb.

Moderator.az xəbər verir ki, erməni saytlarında və sosial şəbəkələrdə yayılmış bu haylı-küylü məlumata görə, separatçı lider bütün gecəni ermənilərin Qarabağdakı ən uca dağımızda qurduğu postlarda keçirib.

Əyanilik üçün milli heysiyyatımızı aşağılayan bu xəbərin bütövlükdə tərcüməsini nəzərinizə çatdırırıq:

“Artsax prezidenti Arayik Arutyunyan Müdafiə Ordusunun qərargah rəisi Kamo Vardanyanın müşayiəti ilə Gomşasar istiqamətində (hündürlüyü 3.724 m) yerləşən respublikanın (və bəlkə də dünyanın) ən yüksək döyüş mövqeyini ziyarət edib. Bu barədə Artsax rəhbərinin mətbuat katibi Vaqram Poqosyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Araik Arutyunyan bütün gecəni hərbçilərlə birgə döyüş növbəsində keçirib və bu cəbhə bölgəsindəki əməliyyat vəziyyətini şəxsən izləyib.

Poqosyan bildirib ki, gecə həm göstərilən istiqamətdə, həm də Artsax və Azərbaycanın bütün sərhədi boyunca sakit keçib.

“Müdafiə Ordusu istər quruda, istərsə də havada vəziyyəti tam nəzarətdə saxlamaqda davam edir” -deyib V.Poqosyan”

Separatçı erməni rəhbər özü də “Facebook” səhifəsində Azərbaycan rəhbərliyinə hədə dolu ifadələr yazıb. O sual edib ki, belə yüksəkliklər əlimizdə ola-ola siz Qarabağ məsələsinin hərbi yolla həllini istəyirsiniz… “Bizim qəhrəman oğullarımız Vətənin keşiyində möhkəm dayanıb. Onların arxasında da bütün xalq durub”…

P.S. Xalqın tam etiraz və ehtiras gücü ilə düşmənə qarşı səfərbər olmaq üçün ayağa qalxacağı bir məqamda müxtəlif, təxribat-filan bəhanələriylə torpaqlarımızı azad etmək üçün daha bir fürsəti güdaza verdik. Düşmən daha neçə il bizə yuxarıdan aşağı baxacaq?..

Facebook Comments