“SOCAR-Petrofac” birgə müəssisəsi BP-Azərbaycan ilə treninq xidmətləri üzrə saziş imzalayib

“SOCAR-Petrofac” birgə müəssisəsi və BP Azərbaycan şirkəti arasında beynəlxalq əmək haqqının dəyərləndirilməsi və kadrlara dəstək xidmətləri, o cümlədən treninq xidmətləri göstərilməsi üzrə saziş imzalanmışdır.

Şirkətdən Trend-ə bildirilib ki, 5 il müddətinə bağlanmış 100 milyon dollar dəyərində saziş beynəlxalq əmək haqqı və kadrlara dəstək xidmətləri, o cümlədən BP-Azərbaycan şirkəti əməkdaşlarının Azərbayanda və ölkə xaricində treninq kursları keçmələri üçün imkan yaradılmasını nəzərdə tutur.

SOCAR-ın kadr, İT və rejim üzrə vitse prezidenti Xalik Məmmədov sazişin imzalanmasını yüksək qiymətləndirərək demişdir: “Son illərdə xidmət sektoru SOCAR-ın korporativ mənfəətinə mühüm töhfələr verir. Bizim Petrofac ilə yaratdığımız birgə müəssisə də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Bu gün biz BP ilə tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmaqdan məmnuniyyət duyuruq və məhsuldar əməkdaşlığımızı davam etdirmək əzmindəyik.

Kadrların peşəkar hazırlığı və peşəkarlığının yüksəldilməsi Sənaye 4.0 dövründə böyük şirkətlər qarşısında duran mühüm vəzifələrdəndir. Pandemiya və neft qiymətlərinin enməsi nəticəsində yaranmış çağırışlar baxımından bu, artıq həyati əhəmiyyət kəsb edir. Aydındır ki, aparıcı neft və qaz şirkətlərinin peşəkar treninq xidmətlərinə tələbatı artmaqda davam edəcək”.

Petrofac şirkətinin treninq xidmətləri biznesi üzrə qlobal rəhbəri Patty Eid demişdir: “BP uzun müddət xidmətlərimizdən istifadə edən önəmli müştərilərdəndir və biz bu şirkətə beynəlxalq əmək haqqı təminatı və kadrlara dəstək xidmətləri, o cümlədən əməkdaşların Azərbayanda və ölkə xaricində treninq kursları keçməsi üçün dəstək vermək əzmindəyik. Petrofac şirkətinin treninq xidmətləri biznesi 2004-cü ildən bəri Azərbaycan neft, qaz və neft-kimya sənayesində kadr hazırlığı imkanları yaradılmasına xidmət edir. Bu əməkdaşlıq SOCAR kimi mühüm bir tərəfdaş ilə birlikdə regionda fəaliyyətimizin genişlənməsinə əsas yaradır.”

Facebook Comments