“Qarabağ mübarizəmizin 16 ilini niyə Məmmədyarovla güdaza verdik?..”

Sultan Laçın

“26 ildir torpaqlarımızın sülh yoluyla azad ediləcəyi ümidi aşılanan bir vətəndaş, bir Qarabağ didərgini kimi soruşuram…”
3 cümlə ilə bir “quş”…

Cəmi bir il öncə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş, tam 38 il 2-ci, 1-ci katiblikdən başlayaraq Xarici İşlər Nazirliyinin strukturlarında çalışmış, təhsilinə, tutduğu bütün vəzifələrə görə peşəkar diplomat sayılmalı olan Elmar Məmmədyarovu da 16 il sonra nazir postundan biabırçılıqla, yəni həmin böyük dövr ərzində Azərbaycanın xarici siyasəti və əsasən Qarabağın erməni işğalından danışıqlar yoluyla azad olunması istiqamətində heç bir iş görməmiş, üstəlik, korrupsiyaya bulaşmış biri kimi yola saldıq və yerinə xarici siyasətdən, diplomatiyadan tamam uzaq Ceyhun Bayramovu gətirdik…

İndi bəndənizin bir Azərbaycan vətəndaşı, 30 ilə yaxındır özgə qapılarında, yataqxanada, aranın boğucu qızmarında, Bakının tozlu-tüstülü havasında ömür çürüdən bir Qarabağ didərgini olaraq haqqı varmı, soruşa ki, nədən biz insanların – 10 milyondan çox vətəndaşın 16 ilini, sadə, siyasətdən başı çıxmayan ölkə sakinlərinin, xüsusən yurd həsrəti ilə qovrulan 1 milyondan çox Qarabağ, Qərbi Azərbaycan didərginlərinin ümidlərini həftə səkkiz mən doqquz erməni həmkarlarıyla, Minsk Qrupunun həmsədrləri və s. ilə görüşüb boş-boş hırıldayan və mənasız bəyanatlar verən bir şəxsin timsalında güdaza verdik, niyə onun “savadsız”lığını, “səbatsızlığı”nı, “milli qeyrətsizliyi”ni və rəhbərlik etdiyi qurumdakı korrupsiya hallarını yalnız 16 il sonra – Nyu-Yorkda guya 4 milyonluq mülkə yiyələnməsi, oğluna erməni qızı alması haqda xəbərlər yayılandan sonra bildik…

26 ildir xalqı, didərginləri inandırırıq ki, torpaqlarımız sülh yoluyla azad ediləcək – fəqət, sonda məlum olur ki, həmin zamanın, ən azı, 16 ili boyunca Azərbaycan diplomatiyasının başında duran adam yalnız başımızı qatmaqla məşğul olub və Qarabağın azadlığı istiqamətində heç bir uğurlu siyasət aparmayıb – bəs hanı bizim kadr siyasətimiz?..

P.S. Peşəkar hüquqşünaslardan soruşuram; bəndəniz bu sualları verməklə dövlətə, Vətənə qarşı hansısa cinayəti törətmir ki?..

Facebook Comments