“Azərbaycan hakimiyyəti çox ciddi səhv edib” – TAHİR KƏRİMLİ

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artileriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Erməni təxribatı nəticəsində 4 hərbiçimizin şəhid olduğu bildirilir.

Sozcu.az saytı bununla bağlı Milli Məclisin deputatı Tahir Kərimlinin münasibətini öyrənib.

– Tahir bəy, Ermənistanın hərbi birləşmələri Azərbaycan Respublikasının ərazilərini ağır artileriyadan atəşə tutub. Bu artıq bir dövlətin başqa bir dövlətə qarşı açıq bir müharibə təhdidir. Bununla bağlı parlamentin  fövqəladə toplantısı niyə görə çağırılmır?

– Bildiyiniz kimi pandemiya dövrü ilə bağlı parlament buraxılıb, yalnız fövqəladə hallarda toplana bilər. Ola bilsin ki, Konstutusiyanın 111-ci maddəsinə əsasən fövqaladə vəziyyət elan olun olunsun. Bunun üçün cənab prezident Milli Məclisə təqdimat verməlidir ki, biz də onu müzakirə edək.  Azərbaycan Respublikası koronavirusla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib. 130 dövlət, o cümlədən Ermənistanın arxasında duran Rusiya da Azərbaycanı müdafiə edib. Belə bir zamanda Ermənistan tərəfi güya ki, atəşkəsi Azərbaycanın pozduğunu deməklə bir mənalı şəkildə yalanlar danışmağa davam edirlər.  Tovuzda baş verənlər ermənilərin və onların arxalarında duran güclərin həyata keçirdikləri təcavüz aktıdır . Bu məsələ ilə bağlı biz fikir mübadiləsi aparacağıq.  Mən parlamentdə dəfələrlə torpaqlarımızı müharibə yolu ilə azad etmək barədə çıxışlar etmişəm. Qurani- Kərimdə Allah buyurur: “Sənə təcavüz edənə sən də təcavüz et”. Bu Qurani –Kərim, bu da  Konstitusiyamızın 11-ci maddəsi! Bizim müharibədən başqa yolumuz yoxdur.

– Müdafiə Naziri Zakir Həsənov açıqlamalarının birində müharibə qərarının Milli Məclsin verməli olduğunu dedi. Siz də Qurani –Kərimdən ayə deyirsiniz. Bildiyimiz kimi palamentin deputatlarının da əksəriyyəti “hacı” tituluna sahibdirlər və Quranın hökmlərini də, Konstitusiyanı da bilməmiş olmazlar. Belə olan halda bunların prezidentin qarşısına müharibə tələbi qoymağa nə mane olur?

– Azərbaycan hakimiyyəti vaxtında çox ciddi səhv edib. Torpaqlarımızı özümüz azad etməli olduğumuz halda, bu iş həvalə edilib Azərbaycanın düşməni olan və erməni lobbisinin güclü olduğu Amerka Birləşmiş Ştatlarına (ABŞ) Fransaya və Rusiyaya. Bu dövlətlərin hər biri ermənilərin dostudurlar.  Aprel döyüşləri göstərdi ki, bu dövlətlər bizə müharibə etməyə imkan vermirlər. Bir balaca irəli gedən kimi Azərbaycana qarşı ultimatumlar verirlər . Buna baxmayaraq mən yenə də müharibə tələb edirəm.  Mənim də yaxınlarımda vətən üçün canından keçən şəhidlərimiz var.  Biz torpağımız üçün şəhid olmağa hazırıq, bunun başqa çıxış yolu yoxdur. Oynamaq lazım deyil, birdəfəlik qərar vermək lazımdır.

Elşən Əlisoy

Facebook Comments