DİN-dən əməliyyat: 9 nəfər saxlanıldı

Ötən gün dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, keçirilən əməliyyat tədbirləri ilə sözügedən şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Azərbaycandan Rusiya ordusuna əsgər cəlb edənlər KİMLƏRDİR...

“Azərbaycanın təhlükəsizlik orqanları Rusiyanın işğalçı müharibəsi üçün ölkəmizdə aparılan rekrutinqi qəti şəkildə əngəlləməlidir”. Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli Ukraynada döyüşmək üçün şirnikləndirici vədlərlə Azərbaycandan Rusiya ordusuna muzdlularıncəlb edilməsi barədə danışarkən deyib. “Xüsusən qazilərimizin, ehtiyatda olan zabitlərimizin Rusiya ordusu ilə müqavilə bağlayıb, ukraynalılara qarşı cinayətlərdə iştirakı və orada ölməsi faciədir. Əlbəttə ki, bu problem təkcə təhlükəsizlik aspekti ilə məhdudlaşmır. Məsələnin sosial‐‎iqtisadi və siyasi‐‎təbliğati tərəfləri də var. Əvvəla, işsiz, yoxsul və sosial təminatı aşağı səviyyədə olan kişilər, o cümlədən qazilər əlavə gəlir mənbələri axtararkən Rusiya ordusuna əsgər cəlb edən şəbəkələrlə rastlaşırlar və orada müqavilə imzalandıqda verilən ödənişin cazibəsinə qapılırlar”, - ekspert vurğulayıb. Onun sözlərinə görə, sosial‐‎iqtisadi çətinliklər Azərbaycandakı bəzi insanları öz nəzərlərini ölkə xaricindəki gəlir fürsətlərinə çevirməsinə səbəb olur. “İkincisi, çox təəssüf ki, Azərbaycan mediası, xüsusən televiziyalar Ukrayna mövzusuna geniş yer ayırsalar da, Rusiyanın apardığı savaşın cinayətkar mahiyyəti və əxlaqi baxımdan alçaqlığına az diqqət yetirirlər. Əksinə, işğala məruz qalan tərəfi haqsız çıxaran, Rusiyaya əsasən örtülü, bəzən də açıq şəkildə haqq qazandıran rəylərə yer verilir. Bəzi şərhçilər də var ki, əslində Rusiyanı dəstəkləməsələr də, çıxışlarında yalnız Ukrayna rəhbərliyini, prezident Zelenskini ‐‎ yəni qurbanı məsuliyyətsizcəsinə hədəf almaqla, faktiki olaraq Rusiya təbliğatının dəyirmanına istəmədən su tökmüş olurlar. Bu isə Azərbaycan cəmiyyətində rusiyayönümlü əhval‐‎ruhiyyələrə töhfə verərək Rusiyanın tərəfində döyüşməyin pis, ayıb bir şey olmadığı qənaətini də yaradır. Başqa bir tərəfdən, telekanallar müharibənin amansızlığı, tərəflərin nə qədər ağır itkilər verdiyi gerçəyini izləyiciyə lazımi səviyyədə çatdırmır. Cəbhə xəttində əsgərlərin ömrünün çox qısa olduğu, xüsusən Rusiyanın hər gün 1000‐‎1500 əsgər itridiyi və onların bir çoxunun meyitlərinin tapılmadığı, dronlar tərəfindən tikə‐‎parça edildiyi hər kəs tərəfindən bilinərək dərk edilsə, muzdlu qismində o müharibədə iştirak həvəsi yəqin ki, azalar”, - Şahin Cəfərli qeyd edib. Hərbi bloger Tofiq Şahmuradov da belə faktların olduğunu təsdiqləyib. O bildirib ki, Rusiyadakı bəzi azərbaycanlılar sosial şəbəkələrdə Rusiya üçün Ukraynada gedən müharibəyə adam cəlb edirlər. "Xüsusən 44 günlük Vətən müharibəsində iştirak etmiş, müxtəlif səbəblərlə Azərbaycan Ordusundan tərxis olunmuş keçmiş hərbçilərə sosial şəbəkələr vasitəsilə yazırlar, onları şirnikləndirirlər. Bu hərbçilərin arasında sosial yaşayışı aşağı olanlar çoxdu deyə, onlara qarmaq atırlar. Bunlara döyüş təcrübəsi olan adamlar lazımdır. Verdikləri vədlər də bitmir: “Ay mən getdim fırlatdım, sonra burada 3 ev aldım, narahat olma gəl, komandirlər tanışdı, deyəcəm sən də fırladacaqsan, qəşəng pul qazanacaqsan və s…” Qardaşlar, belə vədlərə inanmayın, hazırda Ukrayna ərazisində Rusiya Silahlı Qüvvələrinin 750 mindən çox canlı qüvvəsi var, orda it yiyəsini tanımır. Lap tutaq ki, onun orda tabor komandiri, “kombrik” dostu var, kim qarantiya verə bilər ki, sən onların bölüyünə və ya briqadasına düşəcəksən? Rusiya rəhbərliyi öz millətini arxada saxlıyıb, etnikləri, başqa xalqların nümayəndələrini “ət maşınına” basır. Bəziləri düşünə bilər ki, eybi yox, gedim ölüm, ailəm 100-150 min dollar kompensasiya alsın,  normal dolansın... Kompensasiyanı verməmək üçün meyitinizi itə-quşa yedirdəcəklər”, - T.Şahmuradov vurğulayıb. Qeyd edək ki, T.Şahmuradovun sosial şəbəkədəki paylaşımına rəy yazan bəzi şəxslər Azərbaycan vətəndaşlarını şirnikləndirci vədlərlə Rusiya ordusuna cəlb etməyə çalışanların olduğunu təsdiqləyiblər. Xatırladaq ki, 44 günlük Vətən müharibəsində “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu dünən Ukraynada gedən müharibədə həlak olub. O, Rusiya ordusuna cəlb edilən qurbanlardan biridir.

Ermənistan ordusunda intihar: əsgər silahla özünü vurub

Dünən Ermənistan ordusunda daha bir ölüm hadisəsi qeydə alınıb. Hərbçi Smbat Kirakosyanın cəsədi tapılıb. Sozcu.az xəbər verir ki, Ermənistanın İstintaq Komitəsindən bu gün yerli mətbuata bildirilib ki, hadisə intihar kimi təsnif edilir. "12 dekabr 2025-ci ildə hərbçinin ölümü ilə bağlı cinayət işi açılıb. İlkin məlumatlara görə, hərbçi təyin olunmuş silahla özünü başına atəş açıb və nəticədə ölümünə səbəb olub".

6 uşaq anasını həyata qaytaram həkim - Hamı ondan yazır

Bu gün daha bir qəhrəmanı tanıdıq. Həkim Jalə Müslümova ürəyi dayanan 6 uşaq anasına düz 45 dəqiqə ürək masajı edərək həyata qaytarıb. Sozcu.az xəbər verir ki, hadisə Şirvan şəhərində baş verib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın uzun mübarizədən sonra həyata qaytarılıb. Xəstənin həyatını xilas edən həkim - xəstəxananın ikinci reanimasiya şöbəsinin müdiri Jalə Müslümova artıq sosial şəbəkə fenomeninə çevrilib. Hamı ondan yazır.

Kəndin ruhu köçürülə bilərmi? Çormanla bağlı açıq suallar

İşğaldan azad olunmuş rayonlarda kəndlərin birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Bu rayonlar arasında Kəlbəcər xüsusi spesifik xüsusiyyətləri ilə seçilir. Burada hər kəndin özünəməxsus danışıq ləhcəsi, adət-ənənəsi və sosial-məişət həyatı formalaşıb. Kəlbəcər rayonunun Çorman kəndi isə bu baxımdan xüsusilə diqqət çəkən yaşayış məntəqələrindən biridir. Çorman çox qədim tarixə malikdir. Kənd ərazisində IX–X əsrlərə aid iki Alban məbədi mövcud olub. Həmin məbədlərdən birinin hasar qalıqları bu gün də qalmaqdadır. Kənddə eyni zamanda qədim su dəyirmanının izləri mövcuddur. Kəndin güney hissəsində, xüsusilə “Güney Kalafalıq” adlanan ərazidə qədim yaşayış məskənlərinin qalıqları bu günədək qorunub saxlanılıb. Yaylaq sahəsində, yüksək bir təpəlikdə yerləşən Qırıb qəbiristanlığının isə tarixi dəqiq məlum deyil və tədqiqata ehtiyac var. Çorman kəndi ərazisində yerləşən digər qədim yaşayış məskəni “Köhnə kənd” adlanır. Yerli sakinlərin söylədiklərinə görə, vaxtilə buradan dörd kənd ayrılıb: Çorman, Keçiliqaya, Qaragüney və Zülfüqarlı. Kəndin təbiəti olduqca zəngindir. Çorman Kəlbəcərin ən böyük meşə sahələrinə malik kəndlərindən biridir, bəlkə də birincisidir. Ərazi daxilində 1 isti su, 1 turş su, 85-dən artıq bulaq, 13 şəlalə, 20-dən çox xırda çay və bir nisbətən böyük çay mövcuddur. Kəndin yaylaqları isə bölgə əhalisi arasında xüsusi məşhurluğa malikdir. Aran Qarabağdan və Şirvandan olan elat camaatı Çiçəkli, Göybulaq və Dükanlı yaylaqlarını bu gün də yaxşı xatırlayır. Hazırda isə Çorman kəndinin sakinləri öz doğma kəndlərinə deyil, digər bölgələrdə – əsasən də Ağdərə rayonunda məskunlaşdırılır. Bu vəziyyət insanların tarixi yurd-yuvalarından uzaq salınması, sosial bağlarının qırılması və kənd həyatının davamlılığının zəifləməsi deməkdir. Belə bir kəndin unudulması və ya tarixi-coğrafi bağlarından qoparılması, sözün əsl mənasında, tariximizə və mədəni yaddaşımıza ağır zərbədir. Əsas narahatlıq doğuran məsələ isə kəndin birləşdirilərək salınması planlaşdırılan ərazinin əkin-biçin və otlaq sahələrindən 15–20 kilometr uzaqda yerləşməsi ehtimalıdır. Bu isə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün ciddi problemlər yaradır. Belə olan halda, mal-qaranın hər gün nəqliyyat vasitələri ilə örüşə aparılıb-gətirilməsi zərurəti yaranacaq. Halbuki geri qayıdan əhalinin əsas dolanışıq mənbəyi əkinçilik və maldarlıq olmalıdır. Bu imkanlar olmadan kənddə davamlı məskunlaşma necə təmin ediləcək? Bu baxımdan sual yaranır: Görəsən, müvafiq dövlət qurumları kəndlərin birləşdirilməsi zamanı bu cür sosial-iqtisadi, tarixi və mədəni amilləri kifayət qədər nəzərə alırlarmı? Müəllif: Kəlbəcər rayonu, Çorman kənd sakini – Hüseyin Əliyev

Sirkə turşusu içən kişi xəstəxanada keçindi

Bakıda 4 gün öncə səhvən sirkə turşusu içən 47 yaşlı kişi xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxın Xətai rayonunda baş verib. Rayonun Babək prospektində 1978-ci il təvəllüdlü Asif Nadir oğlu Əliyev yaşadığı evdə səhvən sirkə turşusu içib. O, ötən gün xəstəxanada ölüb.

"Azərişıq"ın əməkdaşı öldü

Dekabrın 12-də Abşeron rayonunda bədbəxt hadisə baş verib: "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb. Sozcu.az-ın məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində baş verib. Belə ki, Abşeron rayonunun Fatmayı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidli elektrik dirəyində cərəyan vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.

Azad olunan bölgələrdə silah-sursat aşkarlandı

Azərbaycanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə dekabrın 12-də silah-sursat aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında, eləcə də işğaldan azad olunan bölgələrdə 3 avtomat silahı, 1 tapança, 6 tüfəng, 10 patron darağı, 882 ədəd müxtəlif çaplı patron, 23 ədəd top mərmisi, 18 mina və 28 ədəd giliz aşkar edərək götürüblər.

Rusiyanın şok itkiləri - 35032 ədəd artilleriya sistemi məhv edilib

Ukrayna müharibənin 1389-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 187 780 hərbçi, 11 409 ədəd tank, 23 714 ədəd zirehli döyüş maşını, 35 032 ədəd artilleriya sistemi, 1 567 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 258 hava hücumundan müdafiə sistemi, 432 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 69 717 ədəd avtomobil texnikası, 89 684 ədəd PUA, 4 060 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 026 xüsusi avadanlıq itirib.

Qaldırıcı qırıldı, üzərinə maşın düşüb öldü

Gəncədə dekabrın 12-də qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. Belə ki, 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb. Hadisə nəticəsində qaldırıcı onun üzərinə düşüb və o ölüb. Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar aparılır.

Tramp "dayandırmışam" dedi, amma döyüşlər davam edir

Kamboca hakimiyyəti Tailand ordusunun sərhəd zonasındakı hədəflərə zərbələr endirməyə davam etdiyini açıqlayıb. Sozcu.az "Röyters"ə istinadən xəbər verir ki, Banqkok da öz növbəsində Kamboca ordusunun mülki obyektləri hədəf alaraq "beynəlxalq hüququn təkrarən pozulması"nı iddia edib. ABŞ Prezidenti Donald Tramp isə dekabrın 12-də Tailand və Kamboca arasındakı münaqişənin gərginləşməsinin qarşısının alınması üçün hər iki ölkənin liderləri ilə danışdığını bildirib. O, tərəflərin sərhəddəki toqquşmalardan sonra oktyabr ayında əldə edilən sülh razılaşmasına qayıtmaq barədə razılığa gəldiklərini qeyd edib.

Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki gəmini vurdu

Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Xəzər dənizində Rusiyaya məxsus iki yük gəmisini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. Məlumata görə, XƏQ bölməsi “Qara Qığılcım” müqavimət hərəkatı ilə birlikdə Kalmıkiya Respublikasının sahillərində silah və hərbi texnika daşıyan “Bəstəkar Raxmaninov” və “Askar-Sarica” adlı iki Rusiya gəmisinə hücum edib. Bildirilib ki, gəmilər İranla Rusiya arasında hərbi yüklərin daşınmasında iştirak edib.

Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir

Müharibə əlilləri və şəhid ailələri əmlaka mülkiyyətin qeydiyyatıyla bağlı sənədlərə görə rüsumdan azad edilir. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilir. Buraya aiddir: - daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi; - torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi; - daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi; ipotekanın dövlət qeydiyyatına alınması; - daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər. Təklif olunan dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının -müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur. Azadolma qeyd olunan kateqoriyadan olan şəxslərin sosial müdafiəsinə yönəlib.

Qurban Qurbanov ilin ən yaxşı məşqçisi SEÇİLDİ

Azərbaycanda 2025-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub. Sozcu.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub. Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplamaqla, 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb. Sorğuda iştirak edənlərdən 2-si son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, 1-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 1-i “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 1-i isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib. “Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluq sevinci yaşayıb. Bundan başqa, Qurbanovun komandası tarixində ikinci dəfə UEFA Çempionlar Liqasında əsas mərhələyə yüksəlib. Hazırda da bu turnirdə çıxışını davam etdirən “köhlən atlar” “Benfika”, “Kopenhagen” kimi komandaları məğlub edib, “Çelsi” ilə oyunda bərabərə qalıb.

Ölkədə doğum sayı azaldı

Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80802 doğulan körpə qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,5-ə düşüb.

Evə gec gəldiyi üçün irad bildirən atasını öldürdü - Təfərrüat

Bakıda baş verən qətlin təfərrüatı məlum olub. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi Sovxoz yaşayış ərazisində qeydə alınıb. İftixar Vəlizadə 19 yaşlı oğlu Ayxan Vəlizadəyə evə gec gəldiyi üçün irad bildirib. Bundan hiddətlənən oğul atasına yaşadıqları evin həyətində 14 bıçaq zərbəsi vurub. Evdə olan 1988-cu il təvəllüdü ana Səadət Nəcməddin qızı Vəlizadə oğulunun bu əməlinin qarşısını almaq istəyib. O, sağ əlindən bıçaq, boynundan əzilmiş xəsarətlər alıb. Səadət Vəlizadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Qeyd edək ki, Ayxan Vəlizadə ailənin tək oğludur, onun özündən kiçik iki bacısı var.

Azərbaycan futbolunda bu oyunlar qumara qoyulub - Faktlar

Bu ilin yanvarında AFFA İntizam Komitəsinin qərarı ilə danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılan “Şamaxı”nın sabiq oyunçusu Adil Nağıyevin hansı matçlara mərc etdiyi müəyyənləşib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Adil Nağıyev bu işdə komanda yoldaşı Giorgi Kantariya ilə əlbir olub. Məlumata görə, Adilin Kantariya ilə əlbir olduğu ilk qarşılaşma ötən il Premyer Liqanın 15-ci turunda Şamaxıda keçirilən “Şamaxı” – “Kəpəz” matçıdır. Belə ki, hər iki futbolçu “Topaz” və digər mərc saytlarında “Şamaxı”nın məğlubiyyətinə pul qoyuluşu ediblər. Nəticədə “Şamaxı” sözügedən matçda 0:1 hesabı ilə məğlub olub. Bundan başqa, tərəflər ötən il 4 dekabr tarixində Azərbaycan kubokunun 1/8 mərhələsi çərçivəsində Zirə Olimpiya Kompleksində keçirilən “Zirə” – “Şamaxı” matçında manipulyasiya ediblər. Adil Nağıyev “Şamaxı”nın məğlubiyyətinə yatırım edərək əldə edilən qazancdan Kantariyaya 5 min dollar vəd edib. Qəsdən səhv ötürmə etməklə, bilərəkdən səhv mövqe seçməklə, rəqibin təhlükəli hücumlar etməsinə şərait yaratmaqla və digər bu kimi əməllərə yol verən tərəflər komandasının 1:3 hesablı məğlubiyyətinə şərait yaradıblar. Adil Nağıyev Kantariadan əlavə komandanın yarımmüdafiəçisi Vasiliye Bakiçlə Vasiliye Redenoviçi də “iş başında” görmək istəyib. Lakin legioner futbolçular bu təkliflə razılaşmayıb. Maraqlıdır ki, Adillə Kantariyanı ifşa edən də Redenoviç olub. O, rəhbərliyə Adillə yazışmasını təqdim edib. Məlum olub ki, Adil Rusiyadan gələn şəxsə matçın 30-cu dəqiqəsindən sonra “Şamaxı”nın məğlubiyyətinə mərc etməsinə dair işarə verib. Adil Nağıyev “Şamaxı” – “Kəpəz” matçında iştirak etməsə də, Kantariya meydanda olub. Nağıyev meydanda olmasa da, komandasının məğlubiyyətinə pul yatırıb. Adil Nağıyev ilkin istintaqa ifadəsində bildirib ki, Azərbaycan ərazisindən burada keçirilən çempionat oyunlarına yüksək məbləğlərdə pul yatırmağın mümkün olmadığını öyrənib. Buna görə də 2024-cü ilin noyabr ayının ortalarında əvvəllər futbolçu olmuş və hazırda Türkiyədə yaşayan Elgün Nəbiyevlə vatsapla əlaqə yaradıb. Elgünə üç oyuna 40.000-50.000 manat intervalında mərc etmək istədiyini bildirən Adil Nağıyev, bunun Türkiyə ərazisindən mümkün olub-olmadığını soruşub. Elgün də ona Türkiyədən də Azərbaycan oyunlarına yüksək məbləğdə pul vəsaiti mərc etmək olmadığını, lakin Rusiyada yaşayan Orxan adlı tanışının bu işdə ona köməklik edə biləcəyini bildirib. Orxanla danışıq zamanı “Zirə” - “Şamaxı” arasında baş tutacaq oyunda müdafiəçisi olduğu “Şamaxı”nın bilə-bilə passiv hərəkətlər və “səhvlər” edərək uduzdurmaq istədiyini, 50.000 manat məbləğdə pul vəsaitini mərc etməklə yüksək qazanc əldə etmək istədiyini bildirib. Danışıq zamanı Orxana üç oyunu mərc etmək istədiyini söyləyib. Həmin oyunlarda mərcin məzmunu “Zirə” - “Şamaxı” oyununda “Şamaxı”nın əsas vaxtda məğlubiyyəti, “Sumqayıt” – MOİK matçında “kimyaçılar”ın əsas vaxtda qələbəsi və “Neftçi" - “Difai Ağsu” oyununda isə əsas vaxtda 4 qol vurulacağı ilə bağlı olub. Həmin vaxt Orxanla danışıq zamanı sonuncu ona “Zirə”- “Şamaxı” oyununda əmsalların 2-2.70 arası olacağını ehtimal etdiyini deyib. Tərəflər razılaşsa da, Orxan sonradan zəng edərək üç oyuna mərc edə bilməyəcəyinin bildirib. Sonda Adil “Zirə” ilə kubok matçında kapitanı olduğu “Şamaxı”nın məğlubiyyətinə mərc edib. Məlum olub ki, Adil Orxana “Şamaxı”nın 2 top fərqi ilə uduzmasına mərc etməyi tapşırıb. Lakin Orxan matça 30-cu dəqiqədən sonra canlı mərc edib. Bu dəqiqəyə qədər isə “Zirə” artıq 2:0 öndə olub. Tərəflərin bir-birini anlamaması nəticəsində Adilin mərcdən pul qazanmaq sevdası baş tutmayıb və əlində olan məbləği uduzub. Orxan sonradan bildirib ki, canlı mərc 10-cu dəqiqədə bağlanıb, yalnız 30-cu dəqiqədən sonra açılıb. Orxan isə pulu qaytarmaqdan imtina edib. Adil daha sonra komandanın baş məşqçisi Ayxan Abbasova Vatsapda səs ataraq üzr istəyib. O, səs yazısında əməlindən peşman olduğunu, şeytana uyduğunu bildirib. “Topaz” istintaqa Adil Nağıyevin təşəbbüsü ilə yaradılan kuponları da təqdim edib. “101340” nömrəli “Topaz” məntəqəsində oyunlar başlamamışdan qabaq, əmsal 1,52-dən hesablanaraq hər birində 200 AZN məbləğində 4 kupon (bilet) üzrə ümumilikdə 800 manat məbləğində pul vəsaiti mərc edilib. Mərcin yekununda hər kupon (bilet) üzrə 653,61216 AZN yekun uduş məbləği əldə edilib. Həmin kuponların hamısında “Şamaxı” – “Kəpəz” matçında Gəncə təmsilçisinin uduzmayacağı, Azərbaycan Premyer liqası çərçivəsində keçirilən “Zirə” “- “Sumqayıt” oyununda bakılıların qələbəsi, “Neftçi” – “Qarabağ” oyununda ağdamlıların, “Araz Naxçıvan” – “Turan Tovuz” matçında isə “3.5 alt” qeyd edilib. Yekunda “Kəpəz”, “Qarabağ” “Zirə” qalib gəlib, “Araz Naxçıvan”ın matçı isə 1:0 hesabı ilə yekunlaşdığından hər 4 kupon uduşlu olub. Qeyd edək ki, Adil Nağıyevə Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsi ilə ittiham elan edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Adil Nağıyev 5 il müddətə azadlıqdan məhrum edilib. Lakin onun cəzası şərti hesab edilməklə 1 il sınaq müddəti təyin edilib.

Zelenskinin Polşa prezidenti ilə görüşü baş tuta bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ilə onun polyak həmkarı Karol Navrotskinin görüşü bu ilin sonuna qədər baş tuta bilər. "Report" "RMF24"ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Polşadakı səfiri Vasili Bondar bildirib. Səfirin sözlərinə görə, mümkün müzakirə mövzuları arasında təhlükəsizlik məsələləri və Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları var.

İraqın sabiq prezidenti BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olacaq

İraqın sabiq Prezidenti Bərham Saleh BMT-nin yeni Qaçqınlar üzrə Ali Komissarı olacaq. Sozcu.az"Reuters"a istinadən xəbər verir ki, bu barədə BMT-nin saytında dərc edilmiş müvafiq sənəddə deyilir. Agentlik qeyd edib ki, qəbul edilən qərar bu vəzifəyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına ən çox pul ayıran ölkələrin nümayəndələrini təyin etmək ənənəsini pozur. B.Saleh bu vəzifəni 2016-cı ildən tutan italiyalı Filippo Qrandini əvəz edəcək. O, 5 il müddətinə nəzərdə tutulan vəzifəsinin icrasına 2026-cı ilin yanvarından başlayacaq. Sənədə əsasən, Bərham Salehin təyinatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməlidir. Qeyd edək ki, Bərham Saleh 2018-2022 illərində İraqın Prezidenti olub.

Bakıdakı icra hakimiyyətlərində bəzi şöbələr ləğv edildi

Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu yenilənir. Sozcu.az Qaynarinfo-ya istinadla xəbər verir ki, icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək. Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinə tabe olacaq sektorlar bunlardır: - Ərazi-təşkilat məsələləri sektoru - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru - İctimai-siyasi və humanitar məsələlər sektoru Başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdirinə tabe olacaq sektorlar isə aşağıdakılardır: - Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru - Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə tabe olacaq sektorlar: - Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru - Hüquq və kadr məsələləri sektoru Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturunda da dəyişikliklər edilib. Bu barədə müvafiq Fərman imzalanıb. Fərmana əsasən, bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. İxtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər.

Ölkə ərazisində müşahidə olunan güclü yağıntıların səbəbi...

Aralıq dənizi siklonunun təsiri nəticəsində ölkə ərazisində güclü yağıntılar müşahidə olunub. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib. O bildirib ki, Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsiri nəticəsində ölkə ərazisində dekabrın 9-u axşam saatlarından başlayan leysan xarakterli yağış dekabrın 11-i səhərədək fasilələrlə davam edib: "Dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağa qar yağıb. Ölkənin şərq ərazilərində və Abşeron yarımadasında yağıntılar digər bölgələrlə müqayisədə daha intensiv və güclü olub. Belə ki, yarımadaya düşən yağıntının ümumi miqdarı 44 mm olub, bu da aylıq iqlim normasının 149%-ni təşkil edir". "Ümumi proses müddətində ən çox yağıntı Qobustan, Biləsuvarda 31, Şirvan və Neftçalada isə 28 mm olmaqla qeydə alınıb", - G.Abbasova vurğulayıb.

Bacısının yasından qayıdan qadın qəzada öldü – Təfərrüat

Lerikdə bacısının yasından qayıdan qadın avtomobilin dərəyə yuvarlanması nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, bacısının yas mərasimdən qayıdan Lerik rayon sakini Akif Ağacanov nəqliyyat vasitələri nasaz olduğu üçün yolda qalan həmkəndliləri ilə rastlaşıb. A.Ağacanov kömək məqsədilə dayanaraq həmkəndlilərinə yaxınlaşdıqdan qısa müddət sonra dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. "İlk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə dayandırılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq tormoz sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradır", - BDYPİ-nin məlumatında qeyd olunub.

Ölkədən qaçan gömrük əməkdaşı Xalq şairinin oğlu imiş

Xəbər verdiyimiz kimi, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar həbslər başladıqdan sonra DGK-nın iki əməkdaşı - Tahir Tahiri və Əvəz adlı gömrük işçiləri məsuliyyətdən yayınmaq üçün İrana qaçdıqları bildirilir. DGK-nın İrana qaçan əməkdaşı Tahir Tahirinin Xalq şairi Söhrab Tahirin oğlu olduğu bildirilir. Xatırladaq ki, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, İdarənin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə həbs ediliblər. Fərid Usubov, uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur. Ona qarşı 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq tədbirləri davam edir.Bakupost.az)

Azərbaycanda gələn ilin bu günlərində İŞ OLMAYACAQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Sozcu.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, 2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin "2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən, 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir: 1, 2 yanvar - Yeni il bayramı; 20 Yanvar - Ümumxalq Hüzn Günü; 8 Mart - Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart - Novruz bayramı; 20, 21 mart - Ramazan bayramı; 9 May - Faşizm üzərində Qələbə günü; 27, 28 may - Qurban bayramı; 28 May - Müstəqillik Günü; 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü; 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü; 8 Noyabr - Zəfər Günü; 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü; 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, 2026-cı ildə beşgünlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri, altıgünlük iş həftəsində 25, 26 mart, 29 may və 10 noyabr tarixləri istirahət günləridir. 2026-cı ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir. 2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan beşi bayramqabağı, biri Ümumxalq Hüzn Günü qabağı günlərdir), iş günü hesab edilməyən 107 istirahət günü (onlardan beşi iş günü hesab edilməyən bayram günləri ilə, üçü Qurban və Ramazan bayramlarının iş günü hesab olunmayan başqa bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (onlardan üçü üst-üstə düşən) və bir Ümumxalq Hüzn Günü var. Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. 2026-cı ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır. Qanunvericiliyə uyğun olaraq, 2026-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2026-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir. Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının "İstehsalat təqvimləri" altbölməsində (https://sosial.gov.az/az/faydali/istehsalat-teqvimi) yerləşdirilib.