“Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm…”

İnanmadığım, fakta və arqumentə söykənməyən hər hansı bir fikrin önə çıxarılmasının hər zaman əleyhinə olmuşam. Gümanlar üzərində fikirlərin söylənməsi insanlarda çaşqınlıq yarada bilər. Lakin Elmar Məmmədyarovun fəaliyyət trayektoriyasını, onun özünü aparma səviyyəsini təhlil edən hər kəs bu nəticəyə gələ bilərdi. Ola bilsin ki, çoxları bu nəticəyə gəlib, amma ictimailəşdirməyiblər. Mənim üçün dövlətin maraqları hər zaman uca olduğu üçün bu mövqedən çıxış etmişəm.

Sozcu.az xəbər verir ki, Bunu Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı “Yeni Müsavat”-a açıqlamasında bildirib.

Qeyd edib ki, işğal edilmiş torpaqlarımızın azad edilməsində Xarici İşlər Nazirliyinin (XİN) oynayacağı son dərəcə mühüm rol hər birimiz üçün həyati bir məsələdir. Ölkə prezidentinin geniş, qlobal xarakter daşıyan xarici siyasətində söykəndiyi hücum diplomatiyası Azərbaycan həqiqətlərini artıq dünyada təsdiq edə bilib. Lakin bütün bu məsələlərə Elmar Məmmədyarovun zərrə qədər də olsun töhfəsi olmayıb. O, sadəcə olaraq, hansısa prinsiplərə, öhdəliklərə söykənərək heç zaman prinsipial mövqe göstərməyib:

“Mən heç vaxt onun bu cür mövqeyini qəbul etməmişəm. Fikirlərimi kəskin şəkildə ifadə etmişəm. Ötən il isə Milli Məclisdəki çıxışımda onun istefasını tələb etmişəm. Bu vaxta qədər Xarici İşlər Nazirliyi öz yerində, sadəcə, fırlanıb. Nazirlikdə normal, sağlam, psixoloji mühit belə yoxdur. Elmar Məmmədyarov öz müavinləri ilə münasibətlərdə belə gərginlik yaşayır. Nazirlikdəki qanunsuzluqları dəfələrlə dilə gətirmişik. İndi Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı sübut edir ki, orada korrupsiya, rüşvətxorluq adi bir vəziyyət idi. Əlimdə fakt olmadığı üçün bunu açıqlamamışam. Amma belə söhbətlər də gəzirdi ki, diplomatlardan pul alınmadan onları vəzifəyə təyin etmirmişlər. Elmar Məmmədyarov tərəfindən seçilən səfirlərin özləri də onun kimi qeyri-müəyyən mövqe tuturlar. Bütün bunlar görülən idi. Bilirdim ki, Xarici İşlər Nazirliyində bir silkələnmə olacaq, islahatların küləyi bu nazirliyə də çatacaq”.

F.Ağamalı həmçinin bildirib ki, nazirlikdə korrupsiya, rüşvət halları ilə yanaşı digər cinayət əməllərinin üzə çıxması da mümkündür.

Onun sözlərinə görə, xarici xüsusi xidmət orqanları ilə də əməkdaşlıq istisna edilmir:

“Mən bunu bir neçə dəfə ehtiyatlı şəkildə öz açıqlamalarımda bildirmişəm. Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm. Lakin bu sübut olunmalıdır. Bunun ətrafında ciddi araşdırmalar aparılmalıdır. Onun işğal olunmuş torpaqlarımızla bağlı sərgilədiyi son dərəcə ört-basdır, yumşaq mövqeyi bunu deməyə əsas verir”.

F. Ağamalı qeyd edib ki, bu əməliyyatlar ərəfəsində E. Məmmədyarovun ölkədən çıxışına qadağa qoymaq lazımdır:

“İndi təəssüf edirəm ki, Xarici İşlər Nazirliyi kimi mötəbər bir qurumda yaramaz hərəkətlər, qanunsuzluqlar uzun müddət özünə yer tapıb. Bu əməliyyatdan sonra Elmar Məmmədyarova ölkə sərhədlərindən kənara çıxmağa icazə vermək olmaz. Çünki onda kifayət qədər dövlət sirləri var. Şübhə etmirəm ki, bu cür xarakterli insan həmin sirləri ermənilərə ötürə bilər. Buna qətiyyən şübhə etmirəm, çünki onun ruhunda millilik yoxdur…”.

Facebook Comments