Sabah Xocalıya növbəti köç olacaq

Sabah Xocalıya növbəti köç olacaq. Sozcu.az xəbər verir ki, köç Xocalının Xanabad kəndinə olacaq. Qeyd edək ki, bu proses azad edilmiş ərazilərə mərhələli qayıdışı nəzərdə tutan Böyük Qayıdış proqramı çərçivəsində reallaşdırılır.

İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR

ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlama ehtimalı 90 faiz qiymətləndirilir. Sozcu.az xəbər verir ki, bu barədə "Axios"  nəşri Ağ Evdəki anonim mənbəyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, ABŞ yaxın həftələrdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlaya bilər. Ağ Ev daxilində bəzi rəsmilər ABŞ prezidenti Donald Trampı belə addımdan çəkindirməyə çalışsalar da, ehtimal yüksək qiymətləndirilir. Bildirilir ki, son 24 saat ərzində ABŞ Yaxın Şərqə 50 ədəd F-35, F-22 və F-16 qırıcı təyyarəsi göndərib. Nəşrin yazdığına görə, mümkün əməliyyat bir neçə həftə davam edə və miqyasına görə tammiqyaslı müharibəyə bənzəyə bilər. Bu, son on ildə ABŞ-ın Yaxın Şərqdə ən böyük hərbi müdaxiləsi ola bilər. Mənbələr əməliyyatda İsrailin də iştirak edə biləcəyini istisna etmirlər. İsrailli iki rəsmi ölkənin yaxın günlərdə müharibəyə hazırlaşdığını bildirib. Qeyd olunur ki, mümkün zərbələrin nəticələri 2025-ci ilin iyununda ABŞ və İsrailin İranın nüvə obyektlərinə qarşı keçirdiyi əməliyyatdan daha geniş və ciddi ola bilər. Xatırladaq ki, fevralın 17-də İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə keçirilən danışıqların ikinci raundu başa çatıb. Hər iki tərəf müəyyən irəliləyiş olduğunu bildirsə də, ABŞ rəsmiləri Vaşinqtonla Tehran arasında fikir ayrılıqlarının aradan qaldırılmasının çətin olacağını vurğulayıblar.

Raşizmin Azərbaycana qarşı hibrid müharibəsi

Rusiyada hakim olan raşizmin nə qədər təhlükəli olduğunu Ukraynaya qarşı 24 fevral 2022-ci ildən bəri davam edən müharibədə Rusiya ordusunun törətdiyi qətliamlar, Ukraynanın dinc şəhərlərinin bombardman edilməsi və buna rəsmi Moskvanın münasibəti çox aydın göstərir.  Ukraynanın dinc şəhərlərinin bombardıman edilməsinə münasibət bildirən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov belə demişdi: “Ukrayna “Rusiyanın qanuni maraqları”nı tanısa, Moskva Ukrayna xalqının əzabına son verəcək.” Peskovun bu açıqlaması 1940-cı il iyulun 17-də Reyxstaqda çıxışı zamanı Hitlerin Böyük Britaniyaya ünvanlanmış bədnam fikrinin rus variantıdır. Britaniyanın dinc şəhərlərinin bombardman edilməsindən danışan Hitler demişdi ki, London Almaniyanın qanuni maraqlarını tanısa, Britaniya əhalisinin iztirablarına son vermək üçün hərbi əməliyyatları dayandıracaqlar. Peskovun açıqlamasının Hitlerin sözləri ilə birəbir üst-üstə düşməsi raşizmin faşizmlə eyni mahiyyətə malik olduğunun, eyni məntiqlə hərəkət etdiyinin sübutudur. Raşizmin məntiqinə görə, Rusiyanın Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı “qanuni maraqları” bu coğrafiyadakı ölkələr və xalqların Moskvanın əsarəti altında olmasından ibarətdir.  Rusiyanın Ukraynadakı hərbi-siyasi uğursuzluğu dərinləşdikcə raşizm daha da quduzlaşır. Rusiyanın cinayətkar ordusunun Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə endirməsi raşizmin daha da quduzlaşmasının nəticəsidir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələr zamanı Prezident İlham Əliyev bildirib ki, Rusiyaın Azərbaycan səfirliyinə ilk hücumundan sonra bu hadisənin təkrar olmaması üçün Azərbaycanın diplomatik nümayəndəliklərinin- konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatları Rusiya tərəfinə verilib. Ancaq buna baxmayaraq daha iki hücum olub və aydın görünür ki, bu hücumlar bilərək edilib.  Qeyd edim ki, Azərbaycan tərəfinin ölkəmizin konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatları Rusiya tərəfinə verilməsindən öncə də Rusiya hərbiçiləri həmin kordinatları çox yaxşı bilirdilər. Çox güman ki, Azərbaycan tərəfi Rusiyanın cinayət məsuliyyətindən yayınmaması üçün ən kiçik bəhanəyə yer buraxmamaq üçün belə ediblər. Digər tərəfdən istisna deyil ki, Ukrayna tərəfi Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumun təsadüf olmadığını sübut edən texniki məlumatları da Azərbaycan tərəfinə təqdim edib. Azərbaycanın sərnişin təyyarəsinə hücumla başlayan, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliklərinə hücumla davam edən hadisələr raşizmin Azərbaycana qarşı  hibrid müharibəsinin bir hissəsidir.  ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən Tramp adminstrasiyasının Azərbaycanın ərazi sularının müdafiəsinə kömək etmək üçün bir neçə yeni qayıq (kater) göndərəcəyini bəyan etməsi raşizmin yeni hədəfi ilə bağlı Vaşinqtonda məlumatlar olduğunu ehtimal etməyə imkan verir. Heç şübhəsiz ki, raşizmin başqa hədəfləri də var.  Ən əsası unutmamalıyıq ki, raşizmin hibrid müharibəsi yalnız hərbi zərbələrdən ibarət deyil. Ukraynanın Rusiya işğalına qarşı heyratimiz müqaviməti göstərdi ki, raşizmin hibrid müharibəsini dövlətinin və cəmiyyətinin birgə mübarizəsi ilə dəf etmək, zərərsizləşdirmək mümkündür. Xəqani Cəfərli, politoloq

Ukrayna Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdi

Ukrayna Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında yazıb. Onun sözlərinə görə, sanksiyalar bu gün tətbiq edilib.

Şagirdlərin avtobusla daşınması üçün 4 milyona yaxın vəsait ayrıldı

Elm və Təhsil Nazirliyi bir neçə şirkətlə müqavilələr bağlayıb. Sozcu.az xəbər verir ki, nazirliklə şirkətlər arasında müqavilələr şagirdlərin məktəblərarası daşınması üçün imzalanıb. Belə ki, Abşeron-Xızı, Dağlıq Şirvan, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Qarabağ, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara və Mil-Muğan regional təhsil idarələrinin əhatə etdiyi inzibati ərazi daxilində şagirdlərin məktəblərarası daşınması xidmətlərinin satın alınması nəzərdə tutulur. Məlumata görə, nazirlik daşınma ilə bağlı "Baku Rent Service" şirkəti 1,1 milyon manat, "Fast Vay" şirkəti ilə 800 min manat və Logistics and Transport Services şirkəti ilə isə 1,9 milyon manat dəyərində müqavilə bağlayıb.

Sabah 23 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunudan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-70% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.

Qurbanovun ardınca o gedəcək: yerinə nazir müavini gətirilir

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra səhiyyə sistemində nələrin dəyişəcəyi məsələsi yenidən aktuallaşıb. Hələlik V.Qurbanovun səlahiyyətləri əvvəllər Səhiyyə Nazirliyində çalışmış, indi isə qurumun müavini Anar İsrafilova həvalə olunub. Sozcu.az Bakupost.az-a istinadla xəbər verir ki, bu qərar səhiyyə sistemində gözlənilən geniş struktur dəyişikliklərinin ilk mərhələsi kimi qiymətləndirilir. TƏBİB necə idarə olunur? Qanunvericiliyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Prezidenti 13 may 2022-ci ildə xüsusi Fərman imzalayıb. Həmin Fərmana görə, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərlik və nəzarət Müşahidə Şurası vasitəsilə həyata keçirilir. Şura sədr və dörd üzvdən ibarətdir və onlar Prezident tərəfindən təyin olunur. Müşahidə Şurasına aşağıdakı qurumların təmsilçiləri daxildir: - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri - Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini - Agentliyin İdarə Heyəti sədrinin müavini - Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini. Yəni TƏBİB faktiki olaraq bir neçə dövlət qurumunun ortaq nəzarət mexanizmi altında fəaliyyət göstərir. Müşahidə Şurasının üzvləri TƏBİB-in icraçı direktorunu seçir. Vüqar Qurbanovun işdən çıxarılmasından sonra İdarə Heyətində də dəyişiklik gözləniləndir. Redaksiyaya daxil olan məlumata görə, yaxın günlərdə İdarə Heyətinin özündə də ciddi kadr dəyişiklikləri baş verəcək. Öncə hazırkı sədr Zaur Əliyevin vəzifədən uzaqlaşdırılacağı, onun yerinə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininin gətiriləcəyi bildirilir. Mənbələr həmçinin qeyd edir ki, bir qədər sonra daha radikal struktur qərarları da gündəmə gələ bilər: - TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi - İcbari tibbi sığortanın isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi. Nə dəyişəcək? Ekspertlərin fikrincə, Vüqar Qurbanovun gedişi sadəcə şəxsi kadr dəyişikliyi deyil – bu, səhiyyə idarəçiliyinin yenidən mərkəzləşdirilməsi prosesinin başlanğıcıdır. Əgər planlaşdırılan birləşmələr reallaşarsa: - TƏBİB müstəqil qurum statusunu itirə bilər - qərarvermə birbaşa nazirliklərə keçəcək - icbari tibbi sığorta sosial müdafiə mexanizminin tərkib hissəsinə çevriləcək. Bu isə həm xəstəxanaların idarə olunmasına, həm maliyyə axınlarına, həm də vətəndaşların tibbi xidmətə çıxış mexanizminə ciddi təsir göstərəcək.

ANAMA əməkdaşı Xocalıda minaya düşdü

2026-cı il 18 fevral tarixində işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

İki gün əvvəl itkin düşən kişinin meyiti kanalda tapıldı

Ucar rayonunda itkin düşən şəxsin meyiti tapılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Vahid Məmmədov iki gün əvvəl itkin düşüb. Yaxınlarının axtarışları nəticəsində V.Məmmədovun meyiti fevralın 17-də axşam saatlarında kənd ərazisindən keçən su kanalında aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.

Kollec tələbəsi zəhərləndi

Bu gün saat 15:10 radələrində 1 nəfər qadın zəhərlənmə şübhəsilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sozcu.az xəbər verir ki, 2007-ci il təvəllüdlü şəxsə dərman vasitələrinin yaratdığı toksiki effekt diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti kafi qiymətləndirilir. Xatırlatma: hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Biləsuvar rayon sakini, 2007-ci il təvəllüdlü A. Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib. O, dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağır qiymətləndirilir. A.Əliyeva Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsidir.

Azərbaycanda 11 gün ardıcıl İŞ OLMAYACAQ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur. Bu səbəbədən də Nazirlər Kabinetinin qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq. Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart da qeyri-iş günləri olacaq. Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri – 27 və 30 mart da qeyri-iş günləri olacaq. Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq./azpolitika

Ağdərədə itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı

Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb. Sozcu.az xəbər verir ki, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş rayon sakini Quliyev Mahir Abuzər oğlunun nəşi aşkar edilib. Məlumata görə, şəhidin şəxsiyyəti müvafiq ekspertiza prosedurlarından sonra dəqiqləşdirilib və ailəsinə məlumat verilib. Şəhid Mahir Quliyevin dəfn mərasimi fevralın 19-na planlaşdırılır. (Teleqraf.az)

“Yığılan rüşvət Vasib Talıbovun göstərişi ilə Seymur Talıbova verilib”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun başa çatan məhkəməsində bir sıra maraqlı məqamlar üzə çıxıb. Sozcu.az xəbər verir ki, 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilən polkovnik-leytenantın ümumillikdə 223 nəfərdən 505.730,00 manat rüşvət aldığı müəyyənləşb. Maraqlıdır ki, Həsən Məmmədov məhkəmədə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilovun adını çəkib. O, Mirzə Cəlilovun tapşırığına uyğun olaraq, 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3000 manat, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılar üçün hərbi biletin verilməsindən ötrü 5000 manat, möhlət hüququ almaq istəyən çağırışçılardan 1800 manat məbləğində rüşvət alınaraq xidmət rəsinə çatdırıldığını bildirib. Ən maraqlı məqam odur ki, Mirzə Cəlilov da öz ifadəsində Ali Məclisin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbovun adını çəkib: “Möhlət hüququ verilmiş çağırışçılardan ümumilikdə təxminən 800-900 min manat rüşvət toplayaraq Ali Məclisin sabiq sədri Vasif Talıbovun göstərişi əsasında Seymur Talıbovun sürücüsü Həsən adlı şəxsə vermişəm. Seymur Talıbova verdiyim 900 min manat puldan mənə 10 faiz, təxminən 80 min manat çatıb. 7 faiz isə rayon şöbə rəisinin idi”. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Mirzə Cəlilov da Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri təqsirləndirilib. O, 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Həsən Məmmədov 2018-2023-cü illərdə, Mirzə Cəlilov isə 2024-cü ilədək vəzifədə olub. (Teleqraf.az)

Ukrayna Rusiyanın ən böyük metonal zavoduna zərbə endirdi

Ukrayna müdafə qüvvələri Rusiyanın Perm diyarında “Metafrax Chemicals” kimya zavoduna dronlarla hücum təşkil edib. Zavod Ukrayna sərhədindən 1600 kilometrdən çox məsafədə yerləşir. Sozcu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb. Bildirilib ki, hücumu USQ-nin “Alfa Xüsusi Əməliyyatlar Mərkəzi” koordinasiya edib. Hücum zamanı ən azı altı partlayış qeydə alınıb. İşçilər təxliyə edilib. İlkin məlumata görə, zərbə metanol istehsalı bölməsinə endirilib. Qeyd edilir ki, “Metafrax Chemicals” Rusiya və Avropanın ən böyük metanol istehsalçılarından biridir.

Sabahın hava proqnozu: 24 dərəcə isti

Fevralın 18-nı gözlənilən hava şəritinin proqnozu açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Proqnoza görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10,gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Şagirdin güllələdiyi müəllim evə buraxıldı

“İdrak” liseyində şagirdin güllələdiyi müəllim Şəhla Kamilova xəstəxanadan evə buraxılıb. Bu barədə Sozcu.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, fevralın 6-da Binəqədi rayonu “İdrak” liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) fevralın 16-da ambulator müalicə üçün evə buraxılıb. “Ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb”, - məlumatda qeyd olunub. Xatırladaq ki, fevralın 6-da Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş silahlı insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. Yaralı müəllim Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Aparılan diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkarlanıb. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şagird barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xilas ola bilməyəcəyik: Virus yayıla-yayıla gedir...

Sosial şəbəkələrdə, media adına iddia edən kanallarda, xəbər xidmətlərində nə qədər çox ədəbsizliyə, hədyana, nifrətə, söyüşə rast gəlirsənsə, belə mühitdə bir o qədər az danışmaq və yazmaq istəyirsən. Amma elə məqam yetişir ki, daha susmağın cinayət olduğunu görürsən. Siyasi polemika, ictimai müzakirələr və hətta bəzi publik şəxslərin öz aralarında rəqabəti ən abırsız formalar alıb. Biri dövlət xadimini, o biri illərin ağrı-acısından keçmiş bütöv bir həssas sosial zümrəni, üçüncüsü dünənə qədər eyni qabdan yediyi, indi nəyisə bölə bilmədiyi media ortağını hədəfə alır, ata-ana, arvad-uşaq qalmır, intim səhnələrlə dolu videoları iyrənc ifadələr müşayiət edir, aparıcılar adamları efirə çağırıb əyani şəkildə təhqir edirlər, gəlməyənlərin şərəf və ləyaqətini qiyabi də olsa, alçaltmaqla qisaslarını alırlar. Dezinformasiya, əsaslı-əsassız ehtimallar “fakt” adı altında auditoriyaya sırınır, “ekspert”lər real hadisələrə şərh vermək əvəzinə kimlərinsə erotik yuxularını yozurlar. Və bütün bu çirkabı qulaqlarımıza üfürür, gözlərimizə soxur, üstümüzə atırlar. Ey mənim ağzı söyüşlü, qələmi çamurlu həmkarlarım! Blogerlər, influenserlər, sosial şəbəkə fəalları! “Ədalət uğrunda savaşdığınızı”, “haqqı söylədiyinizi” bəhanə etməyin. Ədalət qarşıya qoyulmuş məqsədlə bərabər, bu məqsədə çatmaq üçün istifadə olunan üsullarla ölçülür. Müstəqil Azərbaycan yaranandan xalqımız siyasi təlatümlər, müharibə stressi içində yaşayıb, onun mənəvi dəyərləri aşınmaqda, mental zədələri artmaqda davam edib. Siz informasiya mühitimizdə kök salmasına çalışdığınız üslubunuzla, zəhərli dilinizlə həmin dəyərlərin dağılmasına, zədələrin dərinləşməsinə xidmət edirsiniz. Belə mühitdə hansı münasibətlərin formalaşacağını, orada uşaqlarımızın necə böyüyəcəyini təsəvvür edirəm! Öz övladlarımın da onların içində olacağını düşünəndə dəhşətə gəlirəm. Dərk edirəm ki, indi onları sizin zərərli təsirinizdən qoruya bilsək belə, gələcəkdə davamçılarınızın qurbanına çevrilmək təhlükəsindən xilas edə bilməyəcəyik. Çünki sizdən bu cəmiyyətə ötürülən virus yayıla-yayıla gedir. Xaricdəki blogerlərin tüpürcəyi daxildəki müəllif-aparıcıların ağız selinə qarışır. Dünən belə çirkin mübarizə üsullarına ancaq siyasi müstəvidə rast gəlinirdi, bu gün onlardan cəmiyyətin “qaçqınlar”, “köçkünlər”, “rusdillilər” adlanan təbəqələrinə nifrət oyatmaq üçün istifadə olunur. Sabah nə baş verəcəyini təxmin etməyə çoxmu ağıl gərəkdir? Anlayıram ki, “Dayanın!” kimi çağırışların təsirli olması üçün onların da arxasında nəsə dayanmalıdır. Ancaq iş burasındadır ki, müdrikcəsinə “Hər kəs dilinin altında gizlənib”, - deməklə, ictimai qınağın hər şeyi yerbəyer edəcəyinə, cəmiyyətin özünümüdafiə aləti rolu oynayacağına bel bağlamaq olmur: ölkənin ictimai institutları hansı gücdədirsə, onların qınağı da o qüvvəyə malikdir. Ona görə ictimai rəyi oyada, ona azacıq da olsa təpər verə biləcək təşkilatlar və şəxslər öz səslərini ucaltmalı, bu eybəcərliyin qarşını almağa səy göstərməlidirlər. Əks təqdirdə, hansısa mərhələdə dövlət orqanlarının qanunvericilik yolu ilə tənzimləmə funksiyasını işə salacağına əminəm. Və o zaman “demokratiyanın”, “söz azadlığının pozulması” haqqında danışmaq yersiz görünəcək. Çünki artıq söhbət “dezinformasiya”dan yox, “dezinfeksiya”dan gedəcək… Arif Əliyev

Ruben Vardanyana hökm oxundu

11:23 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib. Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Ramazan ayı başlayır - Təqvim açıqlandı

Ramazan ayının təqvimi açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Qeyd edək ki, Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Ramazan bayramı isə martın 20-də olacaq.

Elektron siqaretlərin satışına görə cərimə: 5 min manat...

Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşir. Sozcu.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılam sənədə əlavə edilən yeni maddəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər. Qanun qəbul edildiyi təqdirdə, aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Senator Kiyevdən çağırış etdi: “Tomahavk”, F-16 verin!..

Fikrimcə, Vladimir Putin sülhdə maraqlı deyil. Buna görə də biz Ukraynaya hərbi yardımı davam etdirməliyik. “Tomahavk” raketləri, “Patriot” sistemləri üçün raketləri, daha çox F-16 təyyarəsi, dron istehsalı və digər zəruri silahlar verilməlidir. Sozcu.az xəbər verir ki, bunu Kiyevdə səfərdə olan amerikalı senator Riçard Blumental deyib. Senator çıxışında Rusiyaya qarşı yeni sanksiyalarla bağlı ABŞ Konqresində müzakirə olunan qanun layihəsini də xatırladıb. Onun sözlərinə görə, sənədin qəbulu Moskvaya sarsıdıcı iqtisadi təzyiq göstərəcək və Kreml sülh danışıqlarına məcbur olacaq.

Ukrayna Rusiyada neft emalı zavodunu vurdu

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında yerləşən “İlski” neft emalı zavoduna zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Məlumata görə, PUA hücumu nəticəsində zavodda yanğın baş verib. “Yanğın təxminən 700 kvadrat metr ərazini əhatə edib. Xəsarət alan yoxdur. Neft çəni zədələnib. Yanğını söndürmək üçün 72 nəfər və 21 texnika çalışır. Hadisə yerində yanğınsöndürmə qatarı da var”, - məlumatda qeyd olunub.

Rostovda azərbaycanlılara şok qadağa...

Rusiyanın Rostov vilayətindəki miqrantlara 2026-cı il aprelin 1-dən dekabrın 31-dək kuryer fəaliyyəti, eləcə də qida, içki və tütün məhsullarının topdan və ya pərakəndə satışı ilə məşğul olmaq qadağan ediləcək. Sozcu.az xəbər verir ki, vilayət qubernatorunun 11 fevralda verdiyi fərmana əsasən, onlara quru və boru kəməri nəqliyyatında, eləcə də poçt xidmətlərində iştirakına məhdudiyyət tətbiq ediləcək. Martın 1-dən etibarən həmçinin miqrantlara qiymətli metalların satışı və fitnes mərkəzlərinin fəaliyyətində iştirak etmək də qadağan edilir.. Bildirilib ki, hazırda regionda 400 mindən çox fərdi sahibkar kuryer kimi çalışır. Onların arasında əcnəbilərin nisbəti Moskva və ya Sankt-Peterburqdakından daha aşağıdır. Vəkil Svetlana Leusovanın sözlərinə görə, qadağa yalnız iş icazəsi ilə işləyən miqrantlara şamil ediləcək. Avrasiya İqtisadi Birliyi ölkələrinin (Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan) vətəndaşlarına məhdudiyyətlər təsir etməyəcək. Azərbaycan, Moldova, Tacikistan, Özbəkistan vətəndaşlarından, eləcə də Abxaziya “vətəndaşlarından” iş icazəsi almaq tələb olunur.

Ermənistanın elektrik şəbəkəsi Türkiyəyə verilir?

Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin Türkiyə şirkətinin idarəetməsinə veriləcəyi barədə yayılan məlumatları təkzib edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Onun sözlərinə görə, rusiyalı iş adamı Samvel Karapetyana məxsus olan “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsindən sonra Türkiyə şirkətinə ötürülməsi məsələsi gündəmdə deyil və belə bir variant hətta nəzəri müstəvidə də müzakirə olunmur. Mesropyan mətbuat konfransında bildirib ki, müxalif dairələr tərəfindən səsləndirilən bu iddiaların heç bir obyektiv əsası yoxdur. O, həmçinin 2025-ci ildə Komissiyanın üç nümayəndəsinin guya Türkiyəyə səfər edərək “Elektrik Şəbəkələri”nin satışı ilə bağlı danışıqlar apardığı barədə yayılan məlumatları da əsassız adlandırıb. “Bu, gülməli olmasaydı, kədərli olardı. Belə məsələ gündəmdə yoxdur və hazırda şirkətin hansısa Türkiyə şirkətinə satılması üçün heç bir real zəmin görmürəm”, – deyə Komissiya sədri vurğulayıb.