“ABŞ erməni qüvvələrinə verdiyi müşahidə qurğuları ilə təkcə İranı müşahidə etmir…”

“Bu qurğuları erməni işğalındakı ərazilərdə yerləşdirməklə ABŞ İranla sərhəd zonası ilə bərabər, bu ölkənin 10 kmlərlə içəri ərazilərini də müşahidə edə bilir”

2016-cı ilin 4 günlük aprel döyüşləri zamanı Azərbaycan ordusunun zərbələri ermənilərin Dağlıq Qarabağın ətrafında yaradılan müdafiə xəttinin keçilməzliyi barədə yaradılan mifi dağıtsa da, düşmən əldə etdiyimiz psixoloji üstünlüyü davam etdirməmizdən yararlandı. Belə ki, ermənilər ordudakı, cəbhə xəttindəki boşluq və çatışmamazlıqları təhlil edərək, onların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilməsi üçün səfərbərlik etdi. İnventerında 80-ci illərin köhnəlmiş hərbi texnikasının üstünlük təşkil etdiyi ordunun modernləşdirilməsi qərarlaşdırıldı. Səfərbərliyin birinci istiqaməti hərbi qüvvələrin deyil, yeni silah, texnika və müasir texnologiya əsaslı cihazların, dronların haradan və kimdən alınmasının müəyyən edilməsi oldu. Bununla paralel digər istiqamət isə hərbi qüvvələrlə bərabər, mülki əhalini səfərbər edərək iki ay ərzində bütün cəbhə xətti boyu yeni yeraltı tuneller, blindajlar, yeni müdafiə xətləri, səngərlər tikərək, ön xətt boyunca ağır texnikanın yerləşdirilməsi işlərinin görülməsidir. Hazırda da bu işlər davam etdirilməkdədir.

İlk olaraq cəbhə xətti boyunca quraşdırılacaq Müşahidə qurğularının alınması ilə bağlı ABŞ-ın Ermənistandakı səfirliyi ilə danışıqlar başlandı. Səfirliyin operativ şəkildə Vasingtonla danışması nəticəsində məsələ inanilmaz və presedenti olmayan qısa müddətdə həll edildi. Məsələnin sürətli həllində prezident Obama ilə bərabər, ermənipərəstliklərini açıq şəkildə göstərən vitse prezident Co Bayden və Dövlət Katibi Con Kerri ilə bərabər ABŞ-ın BMT-dəki o zamankı daimi nümayəndəsi Samanta Pauerin xüsusi rolu qeyd edilməlidir. Nəzərə alınmalıdır ki, ABŞ-da Obama hakimiyyətinin əsas fiqurları olan bu şəxslər ermənilərə edilən yardımların əsas təşəbbüskarları olublar. S.Pauerin bir erməni daşnak radikalı kimi düşünməsi onun kitablarından aydın görünür. Kerry və Baydenin son 30 ildəki fəaliyyətləri isə yalnız Erməni genosidi qətnamələrinin müəllifləri olmaqla yadda qalıb. Belə mühitdə peyk sürəti ilə bu qərarın alınması çox seydən xəbər verir. Bunu dolayısı ilə boynuna alan Minsk Qrupunun o vaxtki ABŞ-dan olan həmsədri Jeyms Uorlik “Ermənistana hücum silahları verməmişik” dedi. Yəni bu müşahidə kameraları hücum silahı deyil, müdafiə və preventiv məqsədlərə xidmət edən qurğulardır. Müşahidə qurğularının ilk partiyası 2016-cı ilin iyunun əvvəlindən cəbhə xətti boyunca quraşdırılmağa başlanıb. Bu qurğular vasitəsilə ermənilər indi Dağlıq Qarabağ ətrafındakı təmas xətti boyunca istənilən hərəkəti izləmək imkanı qazanıblar. Amma burada məsələnin başqa tərəfi də var. Amerikanların verdikləri həmin müşahidə qurğuları ermənilərin hazırda nəzarət etdikləri Azərbaycan-İran sərhədinin 120 km hissəsində də quraşdırılıb. Görünən o ki, ABŞ tərəfi müşahidə kameralarını erməni tərəfdən bu qurğuların işğal altındakı Azərbaycan-İran sərhədində quraşdırılacağı vədini alaraq vermişdir. Bu qurğuları erməni işğalındakı ərazilərdə yerləşdirməklə ABŞ İranla sərhəd zonası ilə bərabər, bu ölkənin 10 kmlərlə içəri ərazilərini də müşahidə edə bilir. İranla sərhəd zonasının Azərbaycan tərəfində Araz çayı boyunca çok sayda yüksəkliklərin olması müşahidə üçün əlverişli vəziyyət yaradır. İran bilməlidir ki, ermənilər hər an onları arxadan vurmağa hazırdırlar. (ABŞ-ın Ermənistanla əleyhimizə olan bu fəaliyyətinə İranın diqqətini cəlb edərək, bu məsələdə dəstəyini almaq olar və bunun üçün fəal diplomatiyaya ehtiyac var.) Son zamanlar Ermənistanın İranla düşmən münasibətdə olan ölkələrlə sıx münasibət yaratmaq planlarının İranda narazılıqlar yaratması yuxarıda deyilənlərə dəlalət edir. İranın Bakıdakı Səfirliyinin Qüds günü ilə bağlı verdiyi bəyanatda yer alan “arzu edirik ki, gələn Qüds gününu azad edilmiş Şuşada bayram edək” fikirlərini alqışlayaraq, onların daha praktik addımlar atmasını gözləyirik. .

2016-cı ilin Avqustunda ermənilər bu qurğuları tam olaraq bütün təmas xətti boyunca yerləşdirmiş və müasir texnolgiyanın son modelleri olan müşahidə kameraları vasitəsilə Azərbaycanın aran bölgələrini 24 saat ərzində izləyə bilir. Kompuyuter sistemli bu kameraları ön xəttdə quraşdırıb bilavasitə Ermənistan müdafiə nazirliyindəki vahid sistemə birləşdirərək, oradan Bərdədə və daha dərin bölgələrdə gedən yerdəyişmələri rahat şəkildə müşahidə edə bilirlər.

Bununla ermənlərin Aprel döyüşlərindən nəticə çıxarıb ordularını sürətlə modernləşdirməyə başladığını görürük. Bu isə gələcək hərbi əməliyatların daha ağır olacağı anlamına gələ bilər.Təhlükənin ortadan qaldırılması üçün Azərbaycaın kəşfiyyatı və dronları bu müşahidə nöqtələrini izləyib aşkarlayaraq həmin qurğuları kamikaze dronları ilə sıradan çıxara bilər. Nəzərə alınmalıdır ki, gələcək müharibələrdə həlledici amil canlı qüvvələrdən daha çox dronlardan daha effektiv istifadə edilməsi olacaq (Türkiyə ordusu bunu Suriya və Liviyada keçirdiyi əməliyatlarla sübut etmişdir). Təbii sual oluna bilər ki, həmin qurğuları Ermənilərə verən ABŞ onların vurulmasına izin verərmi? Bu sualın cavabını tapmaq isə ölkənin ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar verərək passiv xarici siyasət yürüdən XİN və Müdafiə Nazirliyinin işidir.

DQ münaqişəsində ABŞ-ın Minsk Qrupunun digər üzvləri kimi Ermənistana havadarlıq etməsi sirr deyil. 1992-ci ilin noyabrında qəbul edilən 907-ci düzəlişlə başlanan siyasət davam etməkdə. Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya edilməsinə etiraz edərək, İrəvandakı səfirlərlə görüşən Ermənistan prezidenti Sarkisyanın yanından ən son ayrılan şəxs də ABŞ-ın səfiri olmuşdu. Diqqət çəkən məqam Ermənistanın əsas dəstəkçisi Rusiyanın ABŞ və Fransadan fərqli olaraq bu məsələyə daha diplomatik tərzdə münasibət bildirməsi oldu.

İndi Azərbaycan 2018-ci ildə Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra yaranmış vəziyyətdən səmərəli istifadə etməli, oradakı hadisələri diqqətlə izləyərək uyğun zamanda doğru addımlar atmalıdir. Zahirən baxıldığında, oradakı qarışıq durum və ümumi vəziyyət Azərbaycanın konkret addımlar atmasına imkan verir. Amma bu addımı atmağa hazırlığımızın səviyyəsini, təbii ki, qərar verəcək ölkə prezidenti və rəsmi qurumlar daha yaxşı bilir. Nəzərə alınmalıdır ki, ermənilər məhz Azərbaycandakı qarışıq durumlarından yaralanıb, ərazilərimizi işğal ediblər. Əgər addım atmaq imkanı yoxdursa, o zaman Ermənistandakı duruma münasibət bildirmədən, əlləri Azərbaycan vətəndaşlarının qanına bulaşmış Koçaryan, Sarkisyan kimi Rusiyanın əlaltıları olan cinayətkarlarla, bu və ya digər səbəbdən hərbi cinayətlərdə faktiki iştirak etməmiş yeni hakimiyyət arasındakı savaşı sadəcə müşahidə etməliyik. Nəzərə alınmalıdır ki, yeni hakimiyyət bu savaşı uduzsa, Ermənistanda Putinin müdafiə etdiyi dostu Koçaryanın başçılığı ilə cinayətkarlar yenidən hakimiyyətə qayıdacaqlar ki, bu da DQ probleminin həllini daha imkansız edəcək. Azərbaycan mətbuatının Baş Nazir Paşınyana münasibətinin Koçaryan və Sarkisyan kimi canilərə münasibətdən daha sərt olması TƏƏCÜB DOĞURUR və ayrı bir mövzudur.

Oqtay Qasımov,
Eks-prezident Əbülfəz Elçibəyin köməkçisi

Facebook Comments