Sabah hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Lökbatandakı yanğınla bağlı cinayət işi başlandı

Ötən gecə Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi “Qobu Park-1” yaşayış massivində baş verən güclü yanğınla bağlı cinayət işi açılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məılumat yayıb. Bildirilib ki, massivdə yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədər AR Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb. Cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib. İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

"28 May"da yolları su basdı - Foto

Bakı Metropoliteninin "28 May" stansiyasının yaxınlığında güclü yağışlardan sonra yollarda suyun yığılması nəqliyyatın hərəkətində çətinlik yaradıb. Sozcu.az xəbər verir ki, ərazidə kanalizasiya sisteminin işləməməsi nəticəsində yağış suları yolda toplanıb.

MN-in Tibbi Sənədlər Arxivinin rəisi saxlanıldı

Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Arxivin rəisi mayor Ruhin Tağıyev korrupsiya cinayətində şübhəli bilinir. Mayor Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib. Hazırda o, Baş İdarədə dindirilmədədir.

Lökbatanda yanğında həlak olan ana və övladlarının FOTOLARI

Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında ölən 4 nəfərin adları müəyyənləşib. Sozcu.az xəbər verir ki, hadisə zamanı həlak olan şəxslər ana, 2 övladı və qonşu olub. Onların adlarını təqdim edirik: Zülfiyyə Yusifova (1998), Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və Yusif Hüseynov (1953). Qeyd edək ki, Y.Hüseynov qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib.

Yevlaxda da yanğın oldu: 1 ölü, 2 yaralı

Yevlaxda yanğın hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində evdə baş vermiş yanğın hadisəsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yanıq xəsarətləri alıb. Xəsarət alanlar Yevlax rayon mərkəzi xəstəxanasına (RMX) çatdırılıb. Yevlax RMX-nın İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, dekabrın 5-də saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yanıq xəsarətləri alan pasiyentlərə tibbi yardım göstərilib. Onlardan 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi yardım almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. Faktla bağlı araşdırma aparılır.

Bakıda 21 yaşlı qadın doğuş zamanı öldü

Bakıda 21 yaşlı qadın doğuş zamanı ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Məlumata görə, rayonun A.M.Şərifzadə küçəsində yerləşən xəstəxanada Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanova doğuş zamanı ölüb. Faktla bağlı araşdırma aparılır.

Anar Əliyev onu işdən çıxardı

Abşeron-Xızı Regional Məşğulluq Filialının müdiri Əbdül Bayramov vəzifəsindən azad edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb. Onun yerinə kimin təyin olunacağı barədə məlumat verilməyib.

SSRİ bayragı qaldıran onkoloqun şikayəti rədd edildi

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bəzi şəxslərin videogörüntüləri yayılıb. DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. Noyabrın 26-da Nizami Rayon Məhkəməsində Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə Abdulla İbrahimli və İbrahim Əsədli barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sozcu.az xəbər verir ki, tanınmış həkim-onkoloq olan İbrahim Əsədli qərarla razılaşmayıb. Belə ki, o, qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti təmin etməyib. İ.Əsədli barəsində seçilən həbs-qətimkan dəyişdirilməyib. Qeyd edək ki, İbrahim Əsədli və onunla birlikdə saxlanılan şəxslər Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması bütün ATƏT regionunda nikbinlik yaradan çox uğurlu nümunədir. Sozcu.az xəbər verir ki, bu fikirləri Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen jurnalistlər üçün açıqlamasında səsləndirib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə edilməsi irəliyə atılmış addımdır və bu məsələ ATƏT-in builki fəaliyyətində əsas uğurlardan biri olub: “Mən hər iki ölkəyə səfər edərək, sülh prosesilə yaxından tanış olmaq şansı əldə etmişəm. Hər iki ölkə ilə daim məhsuldar əlaqələrimiz mövcuddur. ATƏT bundan sonra da tərəflər arasında hazırda müzakirə edilən msəsələrlə bağlı istənilən dəstəyi verməyə hazırdır”.

DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi

Hazırda DTX-da saxlanılan AXCP sədri Əli Kərimli üçün nəzərdə tutulmuş sovqat qəbul edilib. Sozcu.az xəbər verir ki, bu barədə AXCP-nin məlumatında bildirilib. Vəkili Aqil Layicin sözlərinə görə, Əli Kərimliyə kimlərin sovqat aparacağı əvvəlcədən DTX-ya bildirilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsi 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib. Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir

"Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və həmişəlik sülhün təmin olunmasına imkan yaradacaq”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir.

Pokrovskun şimalına nəzarət edirik - Sırski

Ukrayna qüvvələri Pokrovskun şimal hissəsini nəzarətdə saxlamağa davam edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib. “Pokrovsk və Mirnoqrad bölgəsində düşmənin hücum piyada qrupları toplamaq və bu yaşayış məntəqələri ətrafında irəliləmək cəhdləri fəal şəkildə əngəllənir. Şəhərlərin özündə də əsgərlərimiz müəyyən əraziləri ələ keçirməyə davam edirlər”, - o bildirib. Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə Pokrovsk şəhərinin tamamilə ələ keçirildiyini məruzə etmişdi.

Laçın və Kəlbəcərdə yanğın: 2 helikopter cəlb olundu

Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazidə davam edən yanğın olan əraziyə 2 helikopter cəlb olunub. Sozcu.az Teleqraf-a istiandən xəbər verir ki, davam edən yanğın hadisəsi zamanı alov dağlıq ərazidəki meşə massivinə yayılıb. Yanğının qarşısını almaq üçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.

ABŞ Ukraynaya görə Yunanıstana təzyiq edir

ABŞ Yunanıstana Ukrayna üçün Amerika silahlarının alınması layihəsinə qoşulması üçün təzyiq göstərir. Sozcu.az xəbər verir ki, bu barədə “Kathimerini” nəşri məlumat yayıb. “NATO Xarici İşlər Nazirlərinin Brüsseldə keçirilən görüşü ərəfəsində ABŞ-ın Afinadakı səfirliyinin nümayəndələri Vaşinqtonun Yunanıstanın PURL təşəbbüsünə qoşulması ilə bağlı istəyini çatdırıblar. Amerikalı diplomatlar Yunanıstana Ukrayna ilə bağlı prinsipial mövqeyinə görə minnətdarlıqlarını bildirib və eyni zamanda Afinanın sözügedən təşkilatda iştirakını elan etməsində israr ediblər”, - məlumatda deyilib.

Hikmət Hacıyev Qriqoryanla görüşəcək

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Qətərdə foruma qatılacaqlar. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının ofisi yayıb. Məlumata görə, hər iki rəsmi "Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək" adlı panel müzakirələrində iştirak edəcək.

Beşmərtəbəli binada yanğın oldu

Bakının Binəqədi rayonunda yanğın olub. Sozcu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 paq.m mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mingəçevirdə 63 yaşlı qadın faciəvi şəkildə öldü

Mingəçevirdə qadın dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə dekabrın 3-ü saat 13 radələrində baş verib. Belə ki, Mingəçevir şəhər sakini Əntiqə İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Mərhumun 63 yaşı olub.

Fəhlələri daşıyan mikroavtobus kanala aşdı: 12 nəfər...

09:30 Yevlax şəhərindən Şəmkirdəki istixanalardan birində işləyən fəhlələri aparan mikroavtobus Keçili kəndi ərazisində idarəetmədən çıxaraq su kanalına aşıb. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə nəticəsində 10-dan artıq şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. *** Yevlax rayonundan Şəmkirə fəhlələri aparan və Keçili kəndi ərazisində su kanalına aşan mikroavtobusda 12 nəfər xəsarət alıb. Həmin şəxslərin adlarını təqdim edirik: Musayeva Aygün Rövşən qızı (1984) Hüseynova Aygül Həsən qızı (1958) Hüseynova Laləzar Göygöz qızı (1965) Məmmədova Afət Eyyub qızı (1962) Məmmədova Natella Müzəffər qızı (1966) Cəfərova Məlahət Cəfər qızı (1965) Səlimov Elman Rasim oğlu (1994) Musayeva Nuriyyə Köçəri qızı (1986) Musayeva Bəsti Köçəri qızı (1956) Əhmədova Gülnar Ramiz qızı (1987) Babayeva Mahirə Bayram qızı (1970). Bundan başqa, Samirə adlı qadının da xəsarət aldığı bildirilir. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Avtomobildə olan şəxslərin hamısı Yevlax rayonunun müxtəlif kənd sakinləridir. Məlumat üçün bildirək ki, "Mersedes" markalı mikroavtobusun qəzaya uğraması hadisəsi Kür-Narınqala avtomobil yolunda qeydə alınıb. Sözügedən ərazi Şəmkirin Keçili kəndinin pay torpaqları və təsərrüatlarına aparan avtomobil yoludur. İlkin ehtimala görə, hadisə sürücünün dönmə əməliyyatı yerinə yetirdiyi vaxt baş verib. *** Şəmkirdə avtomobil qəzasında xəsarət alan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır. Bu barədə TƏBİB-dən bildirilib. Qurumdan bildirilib ki, xəsarət alanların 11-i qadın və biri kişidir. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Hazırda 10 nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Sabah Bakıya yağış yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 5-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 80-90% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 14-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Yekaterinburqda saxlanılan azərbaycanlı HƏBS EDİLDİ

Rusiya məhkəməsi Yekaterinburq şəhərində polis və xüsusi təyinatlı qüvvələrin saxladığı azərbaycanlı Vidadi Mustafayevi həbs edib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Vidadi Mustafayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Vidadi Mustafayev ona böhtan atıldığını bildirib. O, torpaq satışında fırıldaqçılıqda şübhəli bilinir.

Yağıntılı hava neçə gün davam edəcək? – XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraitinin dekabrın 5-i səhərədək davam edəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

Baş Prokurorluqdan XƏBƏRDARLIQ

Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib, həmin “yalançı sahibkarlıq” subyektlərindən istifadə etməklə törədilən əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan məlumat verilib.  Qurum bildirir ki, belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. "Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər", - Baş Prokurorluqdan qeyd olunub. 

Biləsuvarda küçələrin işıqlandırma sisteminin təmiri işlərinə yarım milyondan çox vəsait sərf ediləcək – İşi 10 manatlıq şirkət görəcək

Biləsuvar şəhərinin küçələrinin işıqlandırma sisteminin cari təmiri işlərinə (büdcə və büdcədənkənar vəsaiti hesabına) 510 632 AZN xərclənəcək. Pravda.az-ın xəbərinə görə, təmir işlərini “Euroservise” MMC görəcək. Biləsuvar Rayon İcra Hakimiyyəti və şirkət arasında müqavilə imzalanıb. MMC-nin nizamnamə kapitalı 10 AZN-dir.