AB ABŞ və Çinə qarşı yeni ittifaq yarada bilər - Çağırış

Bir qrup Avropa Parlamentinin üzvü ABŞ Prezidenti Donald Tramp və Çinin ticarət siyasətinə həddindən artıq təzyiq göstərməsinin qarşısını almaq üçün AB liderlərini Yaponiya, Kanada və Cənubi Koreya ilə ticarət razılaşması əldə etməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb. "Artıq çəkindirmə yalnız hərbi deyil, həm də iqtisadi məsələdir. Geosiyasi gərginlik dövründə AB sammitindən əvvəl liderlərlə görüşümüzdə yeni bir ittifaq formatı üçün təzyiq göstərəcəyik”, - bunu "Yenilənmiş Avropa" qrupunun prezidenti Valeri Qayer bildirib.

İran Ər-Riyada raket zərbələri endirdi

İran Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinin bir neçə bölgəsinə raket zərbələri endirib. Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb. Qeyd edək ki, daha öncə İran Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərə zərbə endiriləcəyi barədə xəbərdarlıq edib.

Dövlət Departamenti: Bütün səfirliklər İrandan gələn potensial təhdidlərə hazır olmalıdırlar

ABŞ Dövlət Departamenti ölkənin bütün səfirliklərinə və diplomatik nümayəndəliklərinə təhlükəsizlik vəziyyətini dərhal qiymətləndirməyi və ABŞ-İsrail hərbi əməliyyatı fonunda əlavə tədbirləri nəzərdən keçirməyi əmr edib. Sozcu.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ Dövlət Departamentinin daxili yazışmalarına istinadən məlumat yayıb. Qeyd olunub ki, müvafiq göstəriş "Yaxın Şərqdəki mövcud və inkişaf edən vəziyyət və onun mümkün nəticələri" ilə bağlıdır. Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio diplomatik nümayəndəliklərə potensial təhdidləri müəyyən etmək və cavab planları hazırlamaq üçün xüsusi qruplar yaratmaq tapşırığı verib. Son həftələrdə oxşar təlimatların yalnız Yaxın Şərqdəki Amerika diplomatik nümayəndəliklərinə göndərildiyi bildirilir. İndi isə bu əmr dünyanın bütün ABŞ səfirliklərinə şamil edilib. Nəşrin vurğuladığı kimi, bu, ilk dəfədir ki, dünya üzrə bütün Amerika diplomatik nümayəndəliklərinə İrandakı müharibə ilə əlaqədar təhlükəsizlik tədbirlərini nəzərdən keçirmək əmri verilib.

İran BƏƏ-dəki Əl-Minhad hava bazasına raket zərbəsi endirib

İran ordusunun buraxdığı raketi Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Minhad hava bazasının yaxınlığında düşüb və bütün Avstraliya əsgərləri təhlükəsiz yerdədir. Sozcu.az xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze jurnalistlərə açıqlamasında bildirib. Avstraliya Baş naziri Tasmaniyaya səfəri zamanı qeyd edib ki, mərmi bazaya aparan yola düşüb: "Nəticəndə kiçik bir yanğın başlayıb. Yaşayış binasına və tibb müəssisəsinə kiçik ziyan dəyib".

ABŞ-də hərbi bazada atışma baş verib, ölən var

ABŞ-nin Nyu-Meksiko ştatındakı Holloman Hərbi Hava Qüvvələrinə məxsus bazada baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. "Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla təxminən saat 17:30-da qeydə alınıb. Qeyd olunub ki, yaralı şəxs lazımi tibbi yardım göstərilir, hazırda hərbi obyekt daxilində heç bir təhlükə yoxdur. Atışmada iştirak edənlərin şəxsiyyəti, eləcə də hadisənin səbəbləri barədə hələlik məlumat açıqlanmayıb.

ABŞ-da benzin qiymətləri 2023-cü ilin payızından bəri maksimuma çatıb

ABŞ-da benzin qiymətləri 2023-cü ilin payızından bəri ən yüksək səviyyəyə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyasının məlumatında bildirilir. Məlumata görə, ABŞ-da bir qallon (3,785 litr) benzinin qiyməti 3,79 dollara yüksəlib. Qeyd olunur ki, bir ay əvvəl, yəni münaqişə başlamazdan öncə bu göstərici 2,9 dollar səviyyəsində olub. Ən yüksək qiymətlər Kaliforniya ştatında qeydə alınıb, burada bir qallon benzinin qiyməti 5,54 dollara çatır.

İran Əli Laricaninin öldürüldüyünü TƏSDİQLƏDİ

İran hakimiyyəti Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümünü təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə onun ofisi teleqramda məlumat yayıb. “Milli Təhlükəsizlik Şurasının baş katibi Laricani səhər saatlarında baş verən hücumda oğlu Murtəza, müavini Əlirza Beyat, Şura Katibliyinin əməkdaşları və bir neçə mühafizəçisi ilə birlikdə öldürülüb”, - məlumatda deyilir. İran Prezidenti Məsud Pezeşkian Laricaninin ölümünə görə sərt qisas alınacağına söz verib. O, həmçinin Təhlükəsizlik Şurası katibinin vəfatı ilə bağlı başsağlığı verib. Qeyd edək ki, martın 17-də İsrailin müdafiə naziri İsrael Katz Laricaninin İrana hava hücumu nəticəsində öldüyünü açıqlamışdı. Bunun ardınca İran Milli Təhlükəsizlik Şurası katibinin teleqram kanalında ABŞ sualtı gəmisi tərəfindən İrana məxsus “İRİS Dena” freqatının batması nəticəsində həlak olan iranlı dənizçilərlə vida mərasimi öncəsi Laricaninin əlyazmasının fotosu yayılmışdı.

Ukraynanın PUA hücumu: Rusiyanın neft anbarı yanır

Rusiyanın Labinsk şəhərində neft anbarında güclü yanğın baş verib. Sozcu.az xəbər verir ki, yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülsə də, güclü külək səbəbindən yanğın digər neft çənlərinə də yayılıb. Qeyd edək ki, yanğın martın 16-na keçən gecə Labinsk sənaye zonasındakı neft anbarına PUA-nın qəlpələrinin düşməsi nəticəsində baş verib. Martın 15-i və 16-sı Rusiya Ukraynaya məxsus 170-dən çox dronu vurub.

Hava kəskin dəyişir, güclü külək gəlir - Sarı XƏBƏRDALIQ

Bakıda və Abşeron yarımadasında, habelə bəzi bölgələrdə külək güclənəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Martın 17-də Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir,Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Salyan, Hacıqabul, Neftçala, Şirvan, Sabirabad, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Yevlax, Bərdə və Mingəçevirdə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

“Müasirlik yarıçılpaq gəzmək deyil”

"Bu gün Azərbaycan teatrı dövlət qayğısı ilə əhatə olunub. Yanvarın 14-də dövlət başçımızın imzası ilə "Mədəniyyət-2040" konsepsiyası təsdiq olundu və təqdimatı oldu. Burada teatr üçün xüsusi bölüm ayrılıb. Bu sənət sıradan bir sənət deyil. Bu, min illərin başından yaşaya-yaşaya gələn canlı sənətdir. Biz böyük mədəni dünyanın ciddi bir parçasıyıq. Əgər Azərbaycan mədəniyyəti olmasaydı, dünya mədəniyyəti çox kasıb görünərdi. Orada bizim teatrımızın, kinomuzun, ədəbiyyatımızın, sözümüzün, rəsmimizin öz yeri var. Hər bir azərbaycanlı çalışmalıdır ki, özü-özlüyündə fikirləşsin ki, mən Azərbaycan xalqının milli mənəvi dəyərlərinin daşıyıcısıyam. Söyləyirlər ki, 21-ci əsr türk əsridir. Mənə elə gəlir ki, 21-ci əsr həm də türk xalqlarının mədəni inkişaf əsri olacaq. Bu şəkildə də olmalıdır". Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Nurəddin Mehdixanlı deyib. O daha sonra bildirib ki, bu gün teatrda kifayət qədər zamanla səsləşən əsərlər mövcuddur. "Öncə biz dəqiqləşdirməliyik ki, müasirlik nədir? Müasirlik deyəndə biz nəyi nəzərdə tuturuq? Müasirlik yarıçılpaq gəzmək deyil. Müasirlik saçını uzadıb arxada topa bağlayıb, qulağa sırğa taxmaq da deyil. Müasirlik öz dilinə xor baxıb, özgəni başının üstünə tac etmək də deyil. Müasirlik düşüncədə, beyində yaşamaq və var olmaq instinktlərinin daha da güclü şəklə gətirilməsidir. Bu gün Şekspir müasir yazıçı deyilmi? Bu gün "Kral Lir" əsəri müasir deyilmi? Əlbəttə ki, müasirdir. Bu günümüzün ədəbiyyatı yaranırmı? Biz ondan danışa bilərik. Bu gün Azərbaycan teatrı bütöv şəkildə tamaşaçının istəklərinə cavab verirmi? Əlbəttə ki, bu mümkün deyil. İnsanların sayı qədər müxtəlif fikirlər, zövqlər və yanaşmalar var. Birinin xoşuna gələn bir şey, başqa birisinin xoşuna gəlməyə bilər. Bu, normal bir şeydir. Teatr canlı orqanizmdir və zamanın çağırışlarını tam hiss etməlidir, o çağırışlara cavab verməlidir. Teatrımızda kifayət qədər belə tamaşalar var", - deyə sənətkar bildirib.

İmtahanlarla bağlı problem davam edir: Nəticələrin ləğvi mümkündürmü?

Bu il martın 9-da və 15-də keçirilmiş buraxılış imtahanları cəmiyyətdə geniş etirazlara səbəb olub. Sosial şəbəkələrdə çoxlu sayda “Suallar çox çətin idi”, “Vaxt az idi” kimi paylaşılan statuslara minlərlə şərhlər yazılıb. Əksər istifadəçilər imtahan suallarının çətinliyini, anlaşılmazlığını, qəlizliyini vurğulayıblar. Dövlət İmtahan Mərkəzi (DİM) isə etirazları qəbul etmədiyini bildirib. Rəsmi açıqlamalara görə, testlərdə sadə, orta və çətin sualların nisbəti nəzərdə tutulub və imtahan müddəti əvvəlki illərdən fərqlənmir. DİM doğru qiymətləndirməni yalnız statistik təhlil və əvvəlki illərlə müqayisədən sonra verəcəyini bildirib. Azərbaycan dili dərsliklərinin həmmüəllifi, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov isə hesab edir ki, çətin sualların sayı çox olsa da, problem sualların məzmununda deyil, onların formalarındadır. O “Pressklub.az”a müsahibəsində bildirib ki, adi bir biliyi yoxlamaq üçün sual elə tərtib olunub ki, şagird uzun müddət onun üzərində düşünməli olur. Bəlkə də həmin suallar DİM-in test bazasında “asan” və ya “orta çətinlikli” kimi şifrələnib. Lakin Rafiq İsmayılov vurğulayıb ki, forma qəlizliyi qiymətləndirməni düzgün aparmağa mane olur: “Şagird biliyə malik olsa da, sualın ifadəsi bu biliyi nümayiş etdirməyə imkan vermir”. Forma qəlizliyi barədə danışan Rafiq İsmayılov bildirib ki, DİM testlərində tətbiq olunan “klaster” və “Venn diaqramı” modelləri çox zaman dörd komponentdən ibarət olur: şərt, sxem və ya diaqram, sadalanan xüsusiyyətlər və cavab variantları. O deyib ki, bəzən sualların şərti aydın ifadə olunmur və onları bir neçə dəfə oxumaq lazım gəlir. Bundan başqa, testlərdə çox vaxt yanlış cavabı tapmaq tələb olunur ki, bu da çətinliyi artırır. Hətta “Doğru–yanlış–ehtimal” modelində yanlış cavab “yanlış” sütununda verilir, şagird isə onu doğru cavab kimi götürməlidir. Rafiq İsmayılov bildirib ki, Azərbaycan dili imtahanında dil qaydalarının hazırkı qiymətləndirmə konsepsiyası “mənəvi qocalıq” dövrünü yaşayır: “Məzmun baxımından testlər 25 il əvvəlki testlərdən fərqlənmir. Fərq yalnız forma və sual modellərindədir”.  O deyib ki, müasir dil tədrisinə görə, dil qaydaları yazı bacarığını formalaşdırmağa xidmət etməlidir, amma son illərdə DİM testlərində akademik biliklər prioritet götürülüb. Onun sözlərinə görə, builki imtahanda on sualdan yalnız biri dil qaydalarının nitqdə tətbiqini yoxlayır, qalanları akademik biliklə bağlıdır. Oxu bacarığı ilə bağlı Rafiq İsmayılov bildirib ki, problem mətni uzunluğu deyil, test tərtibçilərinin mətndə çoxlu müdaxilələr etməsidir: qrafik kodlar, kvadratlar, üçbucaqlar, cümlə və abzasların çərçivədə verilməsi, fərqli şriftlər və s.  O qeyd edib ki, bu müdaxilələr şagirdin fikrini yayındırır və mətni rahat oxumağa mane olur. Rafiq İsmayılov deyib ki, mətni dil-üslub baxımından təkmilləşdirmək yazı bacarığını yoxlayan ayrıca sual kimi tətbiq olunmalıdır. Rafiq İsmayılov bildirib ki, DİM ekspertləri tədris proqramı və dərslik materialları çərçivəsində işləyir və hər bir test sualının uyğunluğu yoxlanılır.  O deyib ki, uyğunsuzluq qiymətləndirmədə nəyə üstünlük verilməsindən yaranır: “Akademik bilikləri yoxlamaq peşə yönümlü şagirdlər üçün lüzumsuzdur”.  Onun sözlərinə görə, təhsil hələ də imtahanyönümlüdür və dərsliklərlə imtahan metodikası qarışdırılır. Bəzən müəllimlər dərslikləri kənara qoyub DİM vəsaitləri ilə şagirdləri imtahana hazırlaşdırır, halbuki dərsliklər şagirdin şəxsiyyətyönümlü inkişafı üçün vacibdir. Rafiq İsmayılov deyib ki, dünya təcrübəsi göstərir ki, təhsil verən və qiymətləndirən qurumlar ayrı olmalıdır, lakin əməkdaşlıq təhsilin inkişafı üçün faydalıdır. O bildirib ki, Azərbaycan dilində mətnlərin mürəkkəblik dərəcəsini ölçən meyarlar müəyyənləşdirilməli, şagirdlərin söz ehtiyatı və oxuyub-anlama sürəti barədə məlumatlar hazırlanmalıdır. Onun sözlərinə görə, görüləcək işlər çoxdur və bütün qurumlar təhsilin inkişafını prioritet kimi qəbul etməlidir.

Paytaxtda bu istiqamətlərdə sıxlıq var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Babək prospekti, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 11. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 12. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 15. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində; 16. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 17. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 18. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 19. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 20. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Neftçalada 37 yaşlı qadın faciəvi şəkildə öldü

Neftçalada 1989-cu il təvəllüdlü Lətafət İnqilab qızı Abbasova dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, hadisə onun yaşadığı evdə baş verib. Faktla bağlı araşdırma aparılır.

İcra başçısından kütləvi ixtisar - 39 nəfər işdən çıxarıldı

Bərdə Rayon İcra Hakimiyyətində 43 vəzifə ləğv edilib. Sozcu.az xəbər verir ki, həmin vəzifələr icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə ixtisara düşüb. Nəticədə həmin vəzifədə çalışan 43 nəfər vəzifəsini itirib. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin sərəncamı ilə vəzifəsini itirən həmin şəxslərin dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Məlumata görə, vəzifəsini itirənlərdən 35 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi - baş mühasibidir. Digər şəxslər isə Bərdə Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır. Məlumata görə, vəzifəsi ləğv edilənlərdən dörd nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilib. Qalan 39 nəfər isə hazırda işsizdir. Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin isə 44 əməkdaşı vəzifələrindən azad ediliblər. (oxu.az)

Ramazan bayramı namazının vaxtı açıqlandı

Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. “Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib”, - QMİ-dən bildirilib.APA

Quru sərhədlər bu tarixdə açıla bilər - YENİ QƏRAR

Azərbaycanın quru sərhədləri bu il iyulun 1-dək bağlı qalacaq. Sozcu.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı imzaladığı qərarda öz əksini tapıb. Qərar koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verilib. Qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək artırılıb. Karantin rejiminin əsas bəndlərindən biri quru sərhdələrin bağlı saxlanılmasıdır. Baş nazirin yeni qərarı ölkənin quru sərhədlərinin daha 3 ay bağlı qalacağı deməkdir. Quru yolların açılması yalnız bundan sonra gündəmə gələ bilər.  Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın 24-dən tətbiq edilir.

53 yaşlı qadın doğuş zamanı öldü

Sabunçu rayonunda ana ölümü qeydə alınıb. Sozcu.az xəbər verir ki, hadisə Əfəndiyev küçəsi-2-də yerləşən doğum evində qeydə alınıb. 1973-cü il təvəllüdlü Mətanət Mirzəyeva doğuş zamanı dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.

İlaxır çərşənbənin hava proqnozu: 17 dərəcə isti olacaq!

Martın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. Qeyd edək ki, sabah Novruzun sonuncu, yəni torpaq çərşənbəsidir.

Bakıda müşahidə olunan dronlar - Nə baş verir?

Bakı səmasında müşahidə edilən dronlarla bağlı sosial şəbəkələrdə ciddi narahatlıq və təşviş müşahidə olunur. Sozcu.az xəbər verir ki, bəzi sosial şəbəkələrdə PUA-ların səsi də paylaşılıb və bunun "Şahid" ola biləcəyi iddia edilir. Maraqlıdır ki, Bakı səmasında bu dronların səsi eşidildikdən bir neçə dəqiqə sonra Ukrayna Teleqram kanalları bunun İran PUA-ları olduğunu yazıb. Əslində isə bu PUA-lar ölkəmizə məxsusdur və nəzarət məqsədilə uçuşlar həyata keçirir. Etibarlı mənbələrin məlumatına görə, bu dronlar müəyyən ərazilərdə vəziyyətə nəzarət etmək üçün istifadə olunur və mövcud şəraitdə belə uçuşlar normal sayılır. GSSR44 Teleqram kanalı da qeyd edib ki, Bakıda eşidilən dron səsi Azərbaycan Silahlı Qüvvələrinə məxsus PUA-lara məxsusdur. “Təhlükəsizliyin təmin olunması üçün mütəmadi (təlim) uçuşlar həyata keçirilir. Təşviş yaradan yazılara isə aldanmayın. Qohuma-qonşuya zəng eləməyə ehtiyac yoxdur…” - məlumatda bildirilib.(axar)

Əfqanıstan Pakistana hücum etdi

Əfqanıstan hakimiyyəti Pakistan ərazisinə pilotsuz təyyarələrlə zərbələr endirməklə qırmızı xətti keçib. Sozcu.az xəbər verir ki, bu barədə Pakistan Prezidenti Asif Əli Zərdari bildirib. Açıqlamada deyilir: "Pakistanda mülki əhaliyə qarşı pilotsuz təyyarələrin hücumlarını qətiyyətlə pisləyərək, Talibanının qırmızı xətti keçdiyini bəyan edirik". Cümə günü Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın Xayber Paxtunxva əyalətində, eləcə də İslamabadda hərbi hədəflərə zərbələr endirildiyini bildirib. Pakistan ordusunun mətbuat xidmətinin məlumatına görə, bütün dronlar vurulub və hədəflərinə çata bilməyib. Nazirlik bildirib ki, dronların qalıqlarının düşməsi nəticəsində dörd mülki şəxs yaralanıb.

62 mindən çox abituriyent imtahan verir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Yasamal rayonlarında, Abşeron (II hissə), Sumqayıt (II hissə), Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Göyçay, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Masallı, Astara, Yardımlı, Lerik, Ağcabədi, Beyləqan, Ağdam (o cümlədən Xıdırlı, Kəngərli kənd tam orta məktəbləri), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd orta məktəbləri), Xankəndi (şəhər 4 nömrəli məktəb), Şuşa (şəhər 1 nömrəli məktəb), Laçın (şəhər 2 nömrəli tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Kəlbəcər (Şəhər 1 nömrəli tam orta məktəb), Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusarda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. DİM-dən Sozcu.az-a bildirilib ki, martın 15-də Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə təhsil alanlar da imtahan verəcəklər. İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb. İmtahanda 62033 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 67 şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Qazaxıstanda referendum KEÇİRİLİR

Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunda səsvermə başlayıb. Sozcu.az xəbər verir ki, ölkədəki əksər seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 20:00-a qədər fəaliyyət göstərəcək. Mərkəzi Referendum Komissiyası daha əvvəl ilk seçki məntəqələrinin Qazaxıstanın Yaponiyadakı diplomatik nümayəndəliyində açıldığını bildirib. Qazaxıstanın özündə, o cümlədən hərbi bazalarda bəzi xüsusi seçki məntəqələri səhər saat 6:00-da açılıb. Seçki günü ölkə daxilində 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir, daha 71 məntəqə isə xaricdə, 54 ölkədə Qazaxıstan səfirliklərində və konsulluqlarında açılıb. Referendum siyahılarına ümumilikdə 12,4 milyondan çox insanın adı əlavə edilib.

Küveyt aeroportu dronla vuruldu

Küveyt Beynəlxalq Hava Limanına PUA-larla hücum edilib. Sozcu.az  xarici mediaya istinadla xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bir neçə pilotsuz uçuş aparatının hücumu nəticəsində radar sistemi zədələnib.

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

Qarabağdakı keçmiş separatçı-terrorçu rejimin “deputatı” Aramais Ağabekyan sosial şəbəkə paylaşımında İranla bağlı çox ilginc bir fakt açıqlayıb. O, SEPAH-ın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin vaxtilə separatçı rejimin nəzarətində olan Azərbaycan ərazilərində də şəbəkə qurduğunu etiraf edib. Sozcu.az xəbər verir ki, bu barədə Cavanşir Həsənli qeyd edib. “Sitat: “Hər şey 3 yanvar 2020-ci ildə, Qüds komandiri Süleymani öldürüldükdə başladı. O, evdə oturub sülh vədləri verməyə inanmayan, əksinə, İraq, Suriya, Livan, hətta Ermənistan və Artsaxda şəbəkə quran adam idi. Süleymani düşmənlərlə evində üzləşməkdənsə, çölə çıxmağın daha yaxşı olduğunu bilirdi, əks halda onlar onun evinə gələcəkdilər. O, Artsaxın əhəmiyyətini başa düşən və Azərbaycanın hücumunun qarşısını almaq üçün həyatını təhlükəyə atan azsaylı insanlardan biri idi”. Qeyd edək ki, Qasım Süleymaninin 1992-ci ildə Qarabağda erməni terrorçularla fotosu da o dövrdə yayılmışdı.