Ukrayna 1000 hərbçisinin meyitini geri qaytardı

Rusiya Ukraynaya 1000 əsgərin cəsədini qaytarıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Koordinasiya Qərargahı məlumat yayıb. Məlumata görə, mübadilə çərçivəsində Ukrayna isə Rusiyaya 30 əsgərin cəsədini təhvil verib.

Bir nəfərin 2 məktəbdə direktor olması qalmaqalı... - Rəsmi

Bakının Binəqədi rayonu 144 nömrəli tam orta məktəbinin direktoru İlahə Aftandil qızı Həmidovanın eyni vaxtda başqa bir məktəbdə də direktor vəzifəsini daşıması valideynlərin narazılığına səbəb olub. Sozcu.az xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub. Qeyd olunub ki, İlahə Həmidova həm də Xocəsən qəsəbəsində yerləşən 333 nömrəli tam orta məktəbində direktorun səlahiyyətlərini icra edir. Şikayət məktubunda iddia edilib ki, direktor səlahiyyətlərini icra etməyə başlayandan məktəbin direktor müavini və digər şəxslərlə birlikdə təhsil müəssisəsində korrupsiya və qanunsuz əməllərlə məşğul olur. Məktəbdə adına 12 saat dərs yazılan müəllimin müəssisəyə gəlmədən dərsi onlayn idarə etməsinə şərait yaradır. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 333 nömrəli tam orta ümumtəhsil məktəbinə dair qeyd olunan iddialarla bağlı idarə tərəfindən araşdırma aparılacaq.

Paşinyan türk ölkəsinə səfər etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Astanaya rəsmi səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında onu Qazaxıstanın Baş naziri Oljas Bektenov qarşılayıb. Səfər çərçivəsində noyabrın 21-də ikitərəfli əməkdaşlığın aktual məsələləri üzrə bir sıra görüşlər planlaşdırılıb.

Baş nazirdən daha bir qərar

“İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan 2 uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydalarının və Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli Qərarında dəyişilik edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərar əsasən, bu Qaydalarda göstərilmiş şəxslər ildə bir dəfədən çox olmamaqla sanatoriya-kurort putyovkaları (yollayışları) ilə (işləyənlər - Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 135-ci bəndinə uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən işəgötürənlərə təqdim olunan putyovkalarla (yollayışlarla) iş yerindən, işləməyənlər - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən) növbəlilik əsasında təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində, gediş-gəliş xərcləri daxil olmaqla). Sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan şəxslər ərizələrini və sanatoriya-kurort kartasını bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq aidiyyəti üzrə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduqları quruma təqdim edirlər. Ərizə və sanatoriya-kurort kartası təqdim edildikdən sonra sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan və işləməyən şəxs 1 (bir) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Sanatoriya-kurort” altsistemində növbəyə götürülür və bu barədə şəxsin, uşaqlara münasibətdə isə müşayiətçinin əlaqə vasitələrindən birinə 2 (iki) iş günü müddətində qısa məlumat göndərilir, eləcə də şəxsin Nazirliyin “e-sosial” internet portalındakı şəxsi kabinetində ətraflı məlumat əks olunur.

ABŞ Azərbaycana süni intellekt texnologiyası satacaq

Tramp administrasiyası münaqişələri dayandıran ölkələrə, o cümlədən Azərbaycana və Ermənistana süni intellekt texnologiyalarının satışını və qarşılıqlı əməkdaşlığı müzakirə edib. Bu təşəbbüs regional sabitliyi dəstəkləmək və tərəflər arasında texnoloji əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. “Avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra Ağ Evin Elm və Texnologiya İdarəsinin direktoru Maykl Kratsios hər iki ölkənin nümayəndələri ilə İT və süni intellekt sahəsində mümkün texnoloji mübadilələri müzakirə edib”, - nəşr qeyd edib. Məlumata görə, tərəflər rəqəmsal inkişaf və gələcək əməkdaşlıq formatları barədə ilkin razılaşmalar əldə ediblər.

Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açıldı

Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada matəm kitabı açıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında paylaşım edib. "Matəm kitabı noyabrın 19-da Rusiyanın Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində həlak olanların xatirəsinin anılması üçün açılıb", - paylaşımda qeyd edilib. Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərini atəş tutması nəticəsində üçü uşaq olmaqla 25 nəfər həlak olub. Hadisə nəticəsində 73 nəfər, o cümlədən 15 uşaq isə yaralanıb.

Polşadan böyük əməliyyat: 10 min əsgər səfərbər edilir

Polşa komandanlığı vacib infrastrukturu təxribat aktlarından qorumaq üçün keçiriləcək əməliyyata 10 minə qədər əsgəri səfərbər edəcək. Sozcu.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. “Qoşunlar təxribatların qarşısını almaq üçün addımlarını polis, dəmir yolu mühafizəçiləri və bütün dövlət xidmətləri ilə əlaqələndirəcək”, - o bildirib. Qeyd edək ki, əməliyyat 21 noyabrda başlayacaq və Polşa tarixində ən böyük təhlükəsizlik tədbirlərindən biri olacaq. Genişmiqyaslı əməliyyata başlamaq qərarı Ukrayna ilə sərhədə aparan dəmir yolunda baş verən bir sıra təxribat aktları fonunda verilib.

Pakistan ordusundan əməliyyat: 23 silahlı məhv edildi

Pakistan ordusu Əfqanıstan sərhədinə yaxın Kurram rayonunda keçirdiyi əməliyyat zamanı 23 silahlını öldürdüyünü açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb. Məlumata görə, öldürülənlər Pakistan Talibanı kimi tanınan "Təhrik-i Taliban-i Pakistan" (TTP) və ona bağlı qrupların üzvləri olub.

Bu ölkə Azərbaycana görə Rusiyaya nota verdi

Litva Moskvaya yeni etiraz notası göndərərək, Rusiyanın noyabrın 14-də Kiyevdəki Azərbaycan səfirliyinin binasına ciddi ziyan vurmasına xüsusi diqqət yetirib. Sozcu.az Musavat-a istinadən xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyindən bildiriblər. Vilnüs hadisəni Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması adlandırıb. Litva həmçinin Rusiyanın Ukraynaya qarşı son hücumlarını qətiyyətlə pisləyib: “Kiyevdə və paytaxt bölgəsində, eləcə də Xarkov, Odessa, Sum və digər şəhərlərdə on nəfərdən çox mülki şəxs həlak olub, onlarla insan yaralanıb. Yaşayış binalarına, çoxmənzilli binalara, xəstəxanaya, enerji obyektlərinə və digər infrastruktur obyektlərinə ziyan dəyib”.

Putinə mesajım budur: sizi görürük... - Hili

Rusiyaya və Prezident Vladimir Putinə mesajım budur: sizi görürük. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib. “Rusiyata məxsus “Yantar” gəmisi Britaniya sularının kənarında dənizaltı kabellərin xəritəsini çəkir və Britaniya qüvvələrinə lazer şüaları yönəldir ki, bu da son dərəcə təhlükəlidir. “Nə etdiyinizi bilirik. “Yantar” bu həftə cənuba yola düşsə, biz hazır olacağıq”, - Hili bildirib.

ABŞ Ukrayna “Patriot”larını modernləşdirir

ABŞ Dövlət Departamenti Ukraynaya 105 milyon dollarlıq “Patriot” hava hücumundan müdafiə sistemləri üçün avadanlıq və xidmət satışını təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun yazılı açıqlamasında bildirilib. Paket Ukrayna “Patriot”larının M901-dən M903 səviyyəsinə yüksəldilməsini, həmçinin təlim və logistika dəstəyini əhatə edir. Qərar 15 günlük etiraz müddətinin bitməsindən sonra rəsmiləşəcək.

Ərdoğanla Zelenskinin görüşü keçirildi

18:25 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş keçirilib. Sozcu.az xəbər verir ki, liderlər arasında görüş Ankarada baş tutub. Görüşdə xarici işlər naziri Hakan Fidan, Milli İstehbarat Təşkilatının rəhbəri İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak edib. Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçirəcək.

Sumqayıtda ev yandı, zəhərlənənlər var

Sumqayıtda yaşayış evində yanğın baş verib, tüstüdən zəhərlənənlər var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Yanğın nəticəsində 2002-ci il təvəllüdlü Məhyəddin Mahmud oğlu Mahmudzadə və həyat yoldaşı, 2003-cü il təvəllüdlü Xumar Elçin qızı Mahmudzadə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Yanğının baş vermə səbəbi araşdırılır.

Adnana məxsus “Rahat Market”in yerləşdiyi obyekt müsadirə olundu

Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus “Rahat Market”in Xırdalan filialının yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, 411 kv2 ərazisi olan obyekt Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşir. Müsadirə olunaraq dövlət hərracında satılacaq obyektin hazırkı bazar qiyməti 1 milyon manat civarında dəyərləndirilir. Qeyd edək ki, bir müddət öncə Adnan Əhmədzadəyə məxsus “Bolmart”ın Bakının Səməd Vurğun 60 ünvanında yerləşən filialından da çıxarılması gündəmə gəlmişdi.

Payızda yaz havası - Sabah 22 dərəcə isti olacaq

Azərbaycanda noyabrın 20-də havanın 22 dərəcə isti olacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu,nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 1-5, gündüz 7-12 dərəcə isti olacaq.

“Lukoil”in Azərbaycanı tərk etməsi nə ilə nəticələnəcək? - AÇIQLAMA

“LUKOİL”in Azərbaycanı tərk etməsi xəbəri yayılıb. “LUKOİL” dünyanın 22 ölkəsində işləyir. Bu məsələ təkcə Azərbaycanda deyil, Qazaxıstanda, Özbəkistanda və bir çox ölkələrdə gündəmdədir. Bu, oktyabrın 22-də ABŞ-nin Maliyyə Nazirliyinin “Rosneft” və “LUKOİL” şirkətlərinə qarşı yeni sanksiyalarının tətbiqi ilə əlaqədardır. LUKOİL”in 34 törəmə şirkəti var. Sanksiyada hamısının adı qeyd edilməyib, amma onlara da şamil edilir. Dollarla əməliyyat aparmaq qadağan olunur. Amerika vətəndaşlarına, Amerikada işləyən şirkətlərə “LUKOİL”lə hər hansı ticari və hüquqi təmasda əlaqələrin qurulması qadağan edilir. Bu baxımdan, “LUKOİL”in Azərbaycandakı bəzi layihələri də gedə bilər”. Bu sözləri Pravda.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. “ABŞ Maliyyə Nazirliyi sanksiyada göstərib ki, harada “LUKOİL” 50%+1 səhmə, nəzarət paketinə malikdirsə, o layihələrə birinci sanksiya tətbiq edilir. “Şahdəniz” layihəsini götürsək, “LUKOİL” bu layihədə 19,99% paya malikdir. İkinci tərəfdən, “LUKOİL”in Azərbaycanın pərakəndə neft məhsulları bazarında kifayət qədər rolu var. “LUKOİL-Azərbaycan” QSC-nin 1 neft-bazası, 87 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bütün bunlar tamamilə “LUKOİL”ə məxsusdur. Beləliklə, şirkətin Azərbaycanın yanacaq bazarından getməsi mümkündür. Eyni zamanda “Şahdəniz” layihəsinə bu vəsait necə köçürülücək, şirkət öz vəzifələrini necə həyata keçirəcək, hələ bu açıq sualdır. Düşünürəm, dekabrın ilk on günlüyündə tamamilə bu məsələlərə aydınlıq gətiriləcək. Çünki baxmayaraq ki, noyabrın 21-dən sanksiyalar tətbiq edilir, ABŞ Maliyyə Nazirliyi ikinci bir imkan verib, dekabrın 13-nə qədər “LUKOİL” məsələləri yekunlaşdırsın”, - İ.Şaban bildirib.

Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Sarkis Xandanyan Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində qaçılmaz irəliləyişin olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə o, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən iclasında danışıb. “Bu gün Türkiyədə olarkən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin tezliklə müsbət nəticələr verəcəyinə dair nikbinliyi ifadə etməyə bilmərəm”, - Xandanyan bildirib. Onun sözlərinə görə, hazırda aparılan konstruktiv və fəal siyasi dialoq ümid verir ki, bu dialoq tezliklə əlaqələrimizin institusionallaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa çevriləcək”. Xandanyan bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh artıq bərqərar olub. Xatırladaq ki, bu yaxınlarda Türkiyə parlamentinin keçmiş üzvü Karo Palyan gələn il yanvar-fevral aylarında Ermənistan-Türkiyə sərhədinin açılacağını bildirib.

Pensiya və müavinətlərə nə qədər xərclənəcək?

“2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcəkdir. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaqdır”. Sozcu.az  xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir bildirib ki, örtamüddətli büdcə dövrü ilə, yəni 2022-ci illə müqayisədə sosialyönlü xərclər 5,6 milyard manat və ya 48 faiz çox olacaqdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Ortamüddətli büdcə dövrü ilə müqayisədə, yəni cəmi 4 illik dövrdə bu xərclər 41 faiz artmışdır. Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcəkdir.  Sosial siyasətin digər vacib istiqaməti kimi keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır.

Sabiq hərbi hissə komandirinə hökm oxundu

Rüşvət almada təqsirləndirilən sabiq hərbi hissə komandiri Vüsal Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Tərtər Hərbi Məhkəməsində hakim Əhməd Sarıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Vüsal Hüseynov 5 il müddətə şərti azadlıqdan məhrum edilib. Qeyd edək ki, təqsirləndirilən Vüsal Hüseynov Tərtərdə yerləşən N saylı hərbi hissəsinin komandiri olub. Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Musayevin bıçaqlanması: federasiya prezidenti həbsdən buraxıldı

Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muaytay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, dünən Türkiyənin Antalya şəhərində keçirilən altı saatlıq məhkəmə sonrası hər üç şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı qətimkan tədbiri seçilib. Xatırladaq ki, onlar doqquzqat dünya çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində "qəsdən adam öldürməyə cəhd" maddəsi üzrə ittiham edilərək həbs edilmişdilər.

Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Sozcu.az xəbər verir ki, bu mərhələdə kəndə 15 ailə (73 nəfər) köçürülür Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 555-ə (2195 nəfər) çatacaq.

Azərbaycan təbii qazı Gürcüstana 107, əhaliyə isə 126 dollara satıb

Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xarici ölkələrə ümumi dəyəri 6 milyard 698,6 milyon dollar olan 18 milyard 527,8 milyon kubmetr təbii qaz satıb. Sozcu.az xəbər verir ki, xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 361 dollar olub. Qeyd edək ki, Azərbaycan təbii qazı 6 ölkəyə satıb. Təbii qazın satıldığı ölkələr, satılan təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub: İtaliya – 7,06 milyard kubmetr (496 dollar); Türkiyə – 7,46 milyard kubmetr (272 dollar); Gürcüstan – 1,73 milyard kubmetr (107 dollar); Bolqarıstan – 1,42 milyard kubmetr (367 dollar); Yunanıstan – 679,6 milyon kubmetr (527 dollar); Serbiya – 186,4 milyon kubmetr (557 dollar). Məlumat üçün bildirək ki, Azərbaycan daxilində əhaliyə satılan təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək olan hissəsi üçün tarif 125 manat, 1200 - 2500 kub metrədək olan hissəsi üçün 220 manat, 2 500 kub metrdən çox olan hissəsi üçün isə 300 manat müəyyənləşdirilib. Göründüyü kimi, Azərbaycanda əhaliyə satılan təbii qazın orta satış qiyməti 215 manat (126 dollar) təşkil edir. Onu da bildirək ki, Azərbaycan qaz ixrac etməklə bərabər Türkmənistandan və Rusiyadan təbii qaz idxal edib. Bu ilin ilk 9 ayı ərzində Azərbaycan Türkmənistandan 231 milyon, Rusiyadan isə 21,2 milyon kubmetr qaz alıb. Bu ölkədən alınan qazın 1000 kubmetrinin gömrük dəyəri müvafiq olaraq 152 və 185 dollar olub.yeniavaz)

İtkin şəhid İlham Dadaşovun anası vəfat etdi

Neftçaladan olan itkin şəhid İlham Adil oğlu Dadaşovun anası Elmira Dadaşova vəfat edib. Sozcu.az xəbər verir ki, o bu gün dünyasını dəyişib. Qeyd edək ki, İlham Dadaşov 1973-cü ildə Neftçala rayonu Kürkənd kəndində anadan olub. 1992-ci ildə Milli Ordu sıralarına qoşulub. O, bir neçə yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü Fərrux yüksəkliyi uğrunda olub və 1992-ci ildə itkin düşüb./Oxu.az

İş günü qısaldılacaq - Bu tarixdə

Azərbaycanda 30 dekabr qısaldılmış iş günüdür. Sozcu.az Mətbuat.az-a istinadla xəbər verir ki, 31 Dekabr – Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar olaraq, 30 dekabr (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən dövlət və özəl müəssisələrdə 30 dekabrda iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq. Qeyd edək ki, 1–2 yanvar tarixləri də qeyri-iş günləridir.