TAP-ın tikintisinin 96 faizi başa çatıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasının 96 faizi başa çatıb.

Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, hazırda layihənin reallaşdırılması boru kəmərinin tikinti mərhələsi ilə davam etdirilir: “Hər gün TAP marşrutu boyunca yüzlərlə metr ərazi təmizlənir, borular qaynaq olunaraq yerləşdirilir. İşlər qrafikə uyğun davam etdirilir. 2020-ci il mayın sonuna olan vəziyyətə görə, layihənin 96 faizi başa çatıb”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Facebook Comments