Nazirlə deputat arasında gərginlik: “…Başqa məqsədlər güdür”

Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deputat Qüdrət Həsənquliyevin fikirlərinə irad bildirib.

Sozcu.az xəbər verir ki, deputat iclasda ikinci qrup əlillərdən birinin müavinətinin kəsildiyini deyib. Əlavə edib ki, həmin şəxs Prezidentə və Birinci vitse-prezidentə müraciət ünvanlayıb.

“İkinci qrup əlilin müavinətini neçə ildən sonra kəsiblər, mən bunu sosial şəbəkədə gördüm. Bu məsələdə qənaət etmək lazım deyil. Qənaəti xəstə danaları dəyərindən xeyli baha qiymətə, öz qardaşının şirkəti vasitəsilə alıb insanlara satanda eləmək lazım idi. Kasıb insanların pulunu kəsiblər, vəsaitə belə qənaət etmək, adamları narazı salmaq olmaz. Büdcədən ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənməlidir”, – deyə Qüdrət Həsənquliyev bildirib.

Samir Şərifovun isə Qüdrət Həsənquliyevə cavabı sərt olub.

“Deputat ya məsələlərlə tanış olmayıb, ya da başqa məqsədlər güdür. O bütün sualları ilə bağlı bizdən bütün izahatları ala bilər. Birincisi, tövsiyə edərdim ki, sui-istifadə sözündən istifadə edəndə ehtiyatlı olsun. Deputat keçən dəfə də hökumətin 3,5 milyard manat vəsaiti Milli Məclisdə müzakirəyə çıxarılmadan əhali arasında bölüşdürülməsinə etiraz eləmişdi.

Burada dövlət büdcəsinin vəsaitindən söhbət getmir. Burada dövlət fondları hesabına da cəlb edilən vəsaitlər var idi. Qənaət məsələsinə gəldikdə, burada stəkanda fırtına yaratmağa ehtiyac yoxdur. İlk növbədə Hesablama Palatasının rəyində göstərilənlərə baxmaq lazımdır. Şəffaflığın nəticəsi olaraq, Dövlət Sosial Müdafiə Fonduna yığımlar artıb. Burada çox sadə məntiq var. Həmin pulun icrası Sosial Müdafiə Fondu tərəfindən mümkün deyildi”, – deyə nazir vurğulayıb.

Facebook Comments