Hərbi xidmətə yararsız şəxslərin nəzərinə

Artıq hərbi xidmətə müəyyən xəstəliklər səbəbindən yararsız hesab edilən şəxslər müalicəyə cəlb olunurlar. Bu zaman onlara TƏBİB tərəfindən müayinə üçün müəyyən vaxt təyin olunur. Bəs qeyd olunan tarixdə TƏBİB-in göstərilmiş müəssisəsinə gəlməyən şəxslər müalicədən yayınmış hesab edilə və buna görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimələnə bilər? Sozcu.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsinə üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur: “Bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək Xidmətin yerli baş idarə, idarə, şöbə və bölməsinə gəldikdə inzibati məsuliyyətdən azad olunur. Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma - 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Qeyd edək ki, Məcəllənin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Çin avtomobillərinin əsas problemləri nələrdir? - Bilməli olduğunuz MƏQAMLAR

Çin avtomobilləri Avropa ölkələrində getdikcə daha populyarlaşır. Onlar daha tanınmış rəqibləri ilə müqayisədə daha aşağı qiymətləri və qabaqcıl texnologiyaları ilə sürücüləri cəlb edir. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, Təcrübəli mexanik Ceyson Makmanus Avropadakı bütün Çin avtomobilləri ilə bağlı əsas problemlərdən danışıb. O, bir avtomobil almadan əvvəl nələrə diqqət etməli olduğunuza izah edib. Çin avtomobillərinin Böyük Britaniyada çox populyarlaşdığı qeyd edilib. Təkcə 2025-ci ilin ilk 10 ayında ölkəyə daxil olan 10 yeni Çin markası bazarın 4,8 faizini ələ keçirib. Makmanus bildirib ki, Avropa ölkələrində Çin modelləri alan sürücülər, xüsusən də avtomobilin təmirə ehtiyacı varsa, müəyyən çətinliklərlə üzləşəcəklər. Mexanikin sözlərinə görə, ehtiyat hissələrinə məhdud çıxış səbəbindən Çin avtomobillərinin təmiri digər ölkələrdən olan daha çox yayılmış rəqiblərə nisbətən daha uzun çəkə bilər. O, həmçinin əlavə edib ki, bir çox texnik hələ də Çin avtomobilləri ilə işləmək üçün kifayət qədər təlim keçməyib. Makmanus xəbərdarlıq edib ki, müstəqil avtomobil təmiri sexlərində tez-tez tam texniki məlumatlar və Çin avtomobilləri üçün sabit ehtiyat hissələri yoxdur. O, vəziyyətin yaxşılaşacağına əmindir, lakin hələlik təmir müddəti kifayət qədər uzun ola bilər.

Rusiyaya sanksiya: Siyahıda Azərbaycan vətəndaşı da var

Böyük Britaniya Rusiyaya sanksiyalar çərçivəsində 5 şəxsə və 19 təşkilata məhdudiyyətlər tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Maliyyə Nazirliyi öz saytında məlumat yayıb. Sənəddə sanksiyaların Rusiya, Azərbaycan, Pakistan və Özbəkistan vətəndaşlarına qarşı tətbiq olunduğu bildirilib. Bundan başqa, məhdudiyyət tətbiq edilənlər sırasında Rusiyanın “Tatneft” və “Russneft” şirkətləri, həmçinin Özbəkistan, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan təşkilatlar da var.

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

ABŞ-ın bir sıra ictimai-siyasi xadimləri Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşündə deyib. O, gələn il ABŞ-Azərbaycan münasibətlərinin daha da dinamik inkişaf edəcəyini, bir sıra ictimai-siyasi xadimlərin Azərbaycana səfərlərinin planlaşdırıldığını qeyd edib.

Sülh planı üzrə danışıqlarda irəliləyiş var - Zelenski

ABŞ-la sülh planı üzrə danışıqlarda irəliləyiş əldə edirik. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə jurnalistlərə bildirib. O hesab edir ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşlərin tezliyi də danışıqlarda irəliləyişin göstəricisidir.

Rusiya hücum etsə, ABŞ nə edəcək? - Zelenski

Başa düşürük ki, ruslar avropalıları danışıqlardan kənarlaşdırmaq istəyirlər. Buna yol verilməməlidir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Avropanın mövcudluğu Rusiyanın yenidən hücum ehtimalını azaldacaq. Mən bir suala cavab almaq istərdim: Rusiya yenidən təcavüzə keçsə, ABŞ nə edəcək?”, - Zelenski vurğulayıb.

Ukrayna Krımda hərbi aerodromu vurdu

Ukrayna Krımdakı Belbek hərbi aerodromuna zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, PUA-larla endirilən zərbələr nəticəsində aerodromda olan MiQ-31 təyyarəsi, S-400 hava hücumundan müdafiə sisteminin radar kompleksi, “Pansir-S2” HHM sistemi və 2 ədəd “Nebo-SVU” uzaq radar kompleksi sıradan çıxarılıb.

Keçmiş arvadını boğaraq öldürdü

10:51 Qusar rayonunda qətl hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə dekabrın 16-da səhər saatlarında rayonun Hil kəndinin ərazisində qeydə alınıb. Evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. *** Dekabrın 16-da rayon sakini Diana Təyibovanın öldürülməsi barədə məlumat daxil olub. Qusar rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Dağlarda -13 dərəcə şaxta olacaq – Sabahın havası açıqlandı

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 7-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Ürəyi tutub ocağa yıxıldı, yanıb öldü

Naxçıvanda 66 yaşlı kişi odda yanaraq ölüb. Sozcu.az xəbər verir ki, Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü Arif Əli oğlu İsayev səhər saatlarında yaşadığı evin həyətində yandırdığı ocağın üzərinə yıxılaraq yanıb. Hadisədən bir qədər sonra onun yanmış meyiti aşkar edib. İlkin məlumata görə, 1 ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayevin ocağa benzin tökəndə ürək tutmasından ocağa yıxılıb. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib. Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.

Əsgərimiz vəfat etdi

Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, 21 yaşlı Əli Vahab oğlu Cəfərovun pnevmoniyadan vəfat etdiyi bildirilir. Mərhum ötən gün Gəncədə torpağa tapşırılıb.

Ukrayna ordusu rus alayını məhv etdi

Ukayna ordusu Liman istiqamətində Rusiya ordusunun alayını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 3-cü ordu korpusu məlumat yayıb. “Müdafiə Nazirliyinin 3-cü ordu korpusu və Baş Kəşfiyyat İdarəsi Liman istiqamətində birgə hücum əməliyyatları keçirib. Rusiya ordusunun bir alayı məhv edilib. Koordinasiyalı əməkdaşlıq nəticəsində artıq cəbhə xəttini sabitləşdirmək və Ukrayna qüvvələrinin ərazidəki taktiki mövqeyini yaxşılaşdırmaq mümkün olub”, - məlumatda qeyd edilib. Bildirilib ki, əməliyyat nəticəsində xeyli sayda rus hərbçisi də əsir götürülüb.

Xəzəri Aral və Urmiyanın taleyi gözləyir? – Ekspert

Xəzər dənizi daxili göldür və əsas su mənbəyi ona tökülən çaylardır. Son 30 ildə dünya üzrə göllərin yarıdan çoxu ciddi şəkildə su itirib, bir qismi isə tamamilə quruyub. Urmiya və Çad göllərinin artıq tam quruduğunu demək olar, Aral gölü də qurumuşdu, hazırda onun bir qismi bərpa edilib. Bu göllər vaxtilə zəngin ekosistem xidmətləri göstərir, balıq və su quşları üçün yaşayış yeri idi. Bu barədə Axar.az-a açıqlamasında ekoloq Rövşən Abbasov danışıb. Onun sözləriə görə, göllərdə suyun azalması əvvəlcə hiss olunmur, çay sularından həddindən artıq istifadə nəticələri bir müddət sonra üzə çıxır və qəfil ekoloji fəlakətə gətirib çıxarır: “Urmiya və Çadda olduğu kimi, bu proses indi də Xəzərdə müşahidə olunur. Xəzərdə səviyyə dəyişmələri onun daxili göl olması ilə bağlıdır və burada azalma-artma daha böyük miqyasda baş verir. Hazırkı azalma iqlim dəyişmələri və çayların suyundan həddindən artıq istifadə ilə əlaqələndirilir. Məsələn, Volqa üzərindəki su anbarlarının ümumi sahəsi 30 min kv.km-dən çoxdur ki, bu da buxarlanma və sızma hesabına əlavə su itkisi deməkdir. Həştərxan vilayətində əkin sahələri kəskin artıb, Kür hövzəsində isə son illər su götürülməsi xeyli yüksəlib. Bu səbəblər Xəzərin səviyyəsində gec-tez özünü göstərməli idi. Əgər bu gün adaptasiya tədbirləri görülməsə, proses geridönməz ola bilər. Azərbaycan artıq Şirvan kanalının bərpası və genişləndirilməsi kimi layihələrlə su itkilərini azaltmağa çalışır. Bu, milli adaptasiya proqramının əsas istiqamətlərindən biridir. Oxşar proqramlar digər Xəzəryanı ölkələrdə də həyata keçirilməlidir”, - o qeyd edib. Ekoloq bildirib ki, beş Xəzəryanı dövlət arasında çaylardan Xəzərə nə qədər su daxil olmalı olduğuna dair öhdəliklər müəyyənləşdirilməlidir: “Bu prosesə Türkiyə, Gürcüstan və Ermənistan da cəlb edilməlidir, çünki çay sularının azalmasında onların da payı var. Əgər regional məsuliyyət formalaşdırılmazsa, Xəzərin səviyyəsi böyük həcmdə azala bilər ki, bu da bütün region üçün ciddi təhlükə yaradar”.

“Bibiheybət”in işçiləri digər zavodlara köçürülür - Rəsmi

Son illərdə faydalı istismar müddətini başa vurduğundan və müştərisi olmadığından bir sıra gəmilər istismardan çıxarılıb. Sozcu.az ASCO-ya istinadən xəbər verir ki, mütəmadi şəkildə aparılan qiymətləndirməyə uyğun olaraq, köhnə gəmilərin istismardan çıxarılması səbəbilə balansda olan gəmi sayının əvvəlki illərə nisbətən aşağı düşəcəyi gözlənilir. Bildirilib ki, optimal gəmi sayı üçün tələb olunan təmir işlərinin həcmi ASCO-nun strukturunda olan gəmi təmiri zavodlarının da optimallaşdırılmasını zəruri edir: “Eyni zamanda, ölkəmizdə hazırda dövlətə məxsus 3 gəmi təmiri və tikintisi zavodunun fəaliyyət göstərməsi, bu zavodların əsas sifarişçisinin ASCO olması gəmi təmiri xidmətlərinin optimallaşdırılması məsələsinə hər 3 zavod prizmasından baxılmasına zərurət yaradır. Bununla əlaqədar, uzunmüddətli gəmi təmiri tələbatı təhlil olunub və bu tələbatın qarşılanması imkanları qiymətləndirilib. Təhlil və qiymətləndirmələr nəticəsində gəmi təmiri tələbatının qarşılanması üçün 2 zavodun kifayət edəcəyi müəyyən olunub”. Qeyd edilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun son illərdə daha çox investisiya qoyuluşları edilərək texniki vəziyyətinin yaxşılaşdırılması və istehsalatın modernləşdirilməsi, “Bibiheybət” GTZ-də isə bundan sonra əlavə kapital qoyuluşlarına ehtiyacın olması, bunlarla yanaşı ölkədə təmir və tikinti işlərini təmin edə bilən Bakı Gəmiqayırma Zavodu (BGZ) kimi müasir zavodun mövcudluğu nəzərə alınaraq, “Bibiheybət” GTZ-nin təmir portfelinin BGZ-yə köçürülməsi/relokasiyası optimal təklif kimi müəyyən edilib: “Təbii ki, bu proses zamanı zavodda çalışan əməkdaşlarımızın hüquqları və mövcud iş yerləri tam nəzərə alınacaq, onlara uyğun imkanlar yaradılacaqdır. Bununla bağlı ASCO rəhbərliyi də işçilərlə görüş keçirib, onların narahatlıqlarını dinləyib və diqqətlərinə çatdırıb ki, heç bir işçi bu proses zamanı ixtisara məruz qalmayacaq, hər bir addım şəffaf şəkildə həyata keçiriləcək”.

Azərbaycanda gəmi kapitanı və daha 2 nəfər həbs olundu

Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər həbs edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı axtarışda olan şəxslər - gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin adlı şəxs dekabrın 16-da hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərin RR Caspi MMC-nin işçiləri olduğu bildirilir. İttihama görə, onlar qaçaqmalı Ələt qəsəbəsində yaradılmış yanalma körpüsünə gəmi ilə gətirib, orada 3 yük maşınına yükləyiblər. Gəminin də RR Caspi MMC-yə məxsus olduğu bildirilir. Onlara Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 ve 213-1.2.3 cu maddələri üzrə ittiham elan olunub. İş üzrə həmçinin Səmayə Co LTD MMC, Səmayə logistic MMC-nin adları da keçir. İş üzrə dəymiş ziyanın məbləğinin 2 milyon manat olduğu bildirilir. Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə bir qədər əvvəl Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi də saxlanılıb. Kapitan Vüsal Sadıqov və nəzarətçi barəsində qətimkan tədbirləri seçilib.

Ermənistanda Xarici Əks-kəşfiyyat Xidməti yaradılır

Ermənistan parlamenti Xarici Əks-kəşfiyyat Xidmətinin yaradılmasını təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. “Milli təhlükəsizlik orqanları haqqında” qanuna dəyişikliklər bu gün ikinci və sonuncu oxunuşda qəbul edilib. Layihə Xarici Kəşfiyyat Xidməti (2022-ci ilin dekabrında yaradılıb) və Milli Təhlükəsizlik Xidmətinin funksiyalarını öz aralarında bölüşdürməsi səbəbindən qəbul edilib”, - məlumatda deyilib.

Mehdiyevin onların əmlaklarını əlindən alması...

Başımıza gələn bədbəxtçiliklərin çoxu qorxaqlığımızdandır. Sozcu.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov sosial şəbəkədəki paylaşımında bildirib. O qeyd edib ki, illər boyu yüzlərlə var-dövlət sahibi onun yanına gəlib Ramiz Mehdiyev və ətrafının onların əmlaklarının əllərindən almalarını danışıblar: “Hansına dedimsə ki, gəlin hüquq-mühafizə orqanlarına rəsmi müraciət edək, hamısı “Aslan müəllim, hüquq-mühafizə orqanları elə Ramizin özüdür” deyiblər. Mənə maraqlıdır, heç olmasa indi onlar hüquq-mühafizə orqanlarına müraciət edirlərmi?”

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında dekabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% olacaq. Azərbaycanın rayonlarında hava şəıraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 7-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Nadir Hüseynovun sükan arxasında ürəyi dayandı

12:33 Tanınmış bədii qiraətçi, professor, Əməkdar müəllim Nadir Hüseynov vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya aktyor Nofəl Vəliyev məlumat verib. Onun sözlərinə görə, Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb, daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qeyd edək ki, o, 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə Leninqradda keçirilən ümumittifaq bədii qiraətçilər müsabiqəsinin diplomantı olub. Sonrakı illərdə N.Hüseynov müxtəlif televiziya verilişlərinin, yubileylərin və tədbirlərin aparıcısı kimi çıxış edib. Xüsusilə Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi tanınıb. O, uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirdi.

Tovuzda bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə dekabrın 16-da Qovlar şəhərində baş verib. Qəsəbə sakinləri 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilmiş vəziyyətləri qənaətbəxşdir. Araşdırmalar aparılır.(Mənbə APA)

Bakıda müəllim məktəbdə vəfat etdi

Bakıda orta məktəbdə müəllim vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən (dekabrın 16-da) saat 12:00 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsindəki 197 saylı tam orta məktəbdə baş verib. Məktəbdə ibtidai sinif müəllimi işləyən 1979-cu il təvəllüdlü Sevda Həsənovanın vəziyyəti qəfil pisləşib. Təcili yardım çağırılsa da, o, dünyasını dəyişib. İlkin məlumatlara görə, 46 yaşlı müəllim ürək çatışmazlığından vəfat edib. Hadisə ilə bağlı araşdırma aparılır.

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 24 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin yaydığı birgə məlumat yayıb. "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 24 kiloqram 115 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Abbas Abbasov bu ölkəni təcili tərk etdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan edilən Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb. Sozcu.az Gününsəsi.info-ya istinadən xəbər verir ki, o, bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gəlib və İstanbulda qalırmış. A.Abbasov Türkiyə hökumətinin onu Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl Moskvaya uçub. Mənbə bildirib ki, Baş nazirin sabiq birinci müavini cinayət məsuliyyətinə cəlb olunacağını əvvəlcədən bildiyi üçün Türkiyəni təcili tərk etməli olub. Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. Cinayət işi üzrə toplanmış materiallar əsasında Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiyaya köçüb.

AB Gürcüstana yardımı dayandırdı

2025-ci ilin yekunlarına görə, Gürcüstan AB-dən heç bir maliyyə yardımı almayacaq. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. Bildirilib ki, maliyyə dəstəyinin 2026-cı ildə bərpa olunması ehtimalı da azdır. Qeyd edək ki, söhbət 120 milyon avrodan gedir və onun ayrılması 2024-cü ildə dondurulmuşdu, çünki Brüssel Gürcüstanın demokratiya meyarlarına cavab vermədiyini hesab edir.