“Hər 5 müəllimdən 1-i peşəkar tələblərə cavab verir” – NAZİR

Nəzarətlər və təhlillər göstərir ki, təhsilin keyfiyyəti ilə bağlı məsələlərin kökündə dayanan əsas amillərdən biri müəllim faktorudur. Tədris resursları, dərsliklərin sayı və keyfiyyəti nə qədər önəmli olsa da, bu sistemdə ən vacib müəllimdir. Təcrübə göstərir ki, uğurlu təhsil sistemlərinin əsasında keyfiyyətli müəllimlər dayanır. Sozcu.az “Modern.az”a istinadən xəbər verir ki, bunu Parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, son illərdə apardığımız araşdırmalarda və diaqnostik qiymətləndirmələrdə məlum olub ki, sistemdə müəllim adı daşıyanların bir hissəsi bu statusa real olaraq uyğun gəlmir. Təxminən 4500-5000 nəfər müəllim arasında aparılan qiymətləndirmə göstərib ki, onların yalnız 1000 nəfəri peşəkar tələblərə cavab verir. Bu, göstərir ki, müəllim statusu daşıyanların bir çoxu faktiki olaraq müvafiq səviyyəyə malik deyil. “Buna görə də müəllimlərin ilkin hazırlığı əsas prioritetlərdən biridir. Xüsusilə ibtidai siniflərdə dərs deyən müəllimlərin təhsili və bacarığı uşaqların gələcək inkişafına bilavasitə təsir edir. Əgər müəllimin özündə tədris bacarıqları zəifdirsə, bu, növbəti mərhələlərdə də təhsilin keyfiyyətinə mənfi təsir göstərir”. Nazir qeyd edib ki, ali məktəblər üçün müasir dərsliklər hazırlanır. Amma orta məktəblər üçün təməl dərsliklər daha da təkmilləşdirilməlidir. Bu dərsliklər sadəcə məlumat ötürən deyil, düşüncə formaladıran, inkişaf etdirən vasitə olmalıdır. “Bunun nəticəsində dil dərslikləri müasir tələblərə cavab vermir, dərindən tədqiq olunmuş və praktikaya əsaslanan dərsliklər çatışmır. Məsələn, bəzi dərsliklər müəllifin şəxsi yanaşmasına əsaslanır, lakin ümumi metodoloji və nəzəri əsasları zəifdir. Bu səbəbdən, standartlara uyğun, öyrədici və qiymətləndirməyə əsaslanan dərsliklərin hazırlanması vacibdir”. Onun sözlərinə görə, bu məsələdə dəqiq qiymətləndirmə də önəmlidir: “Biz nəyə nail olduğumuzu və nəyi edə biləcəyimizi ölçmək üçün dəqiq və nəticəyönümlü qiymətləndirmə mexanizmləri qurmalıyıq. Bu sistemlər yalnız formal yanaşmalarla deyil, real nəticələrlə işləməlidir. Qiymətləndirmə qaydaları şəffaf və obyektiv olmalı, nəticələri ölçən vasitələrlə təmin edilməlidir”. “Azərbaycanın yeni texnoloji məzun bazasının formalaşdırılmasıdır. Təkcə humanitar sahələrdə deyil, texnologiya üzrə ixtisaslaşan məzunların sayı da artmalıdır. Bu, ölkənin inkişafı və gələcək strateji məqsədləri üçün olduqca vacibdir” – o vurğulayıb.

Sabah Bakıya leysan yağacaq

Bakı və Abşeronda dekabrın 9-da leysan xarakterli yağış yağacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Mülayim şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 10-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Dərmanları aptekdən pulsuz necə alacağıq?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin təminatı prosesini açıqlayıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən "İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim"də bildirib ki, vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşdıqdan sonra müvafiq ixtisaslı həkimin qəbuluna yönəldiləcək: "O, həkim tərəfindən müayinə olunacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda "e-resept" sistemi ilə icbari tibbi sığorta üzrə resept yazılacaq. Vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşacaq. Öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək. İcbari tibbi sığortanın məlumat bazasında qeydiyyat aparılacaq, aptek tərəfindən təqdim olunan hesabatların ekspertizası aparılacaq və icbari tibbi sığorta fondu tərəfindən apteklərə ödənişlər ediləcək". E.Quliyev bildirib ki, ambulator dərman təminatı prosesində özəl aptek təşkilatları ilə əməkdaşlıq ediləcək: "Lisenziyası olan və müvafiq sertifikasiyadan keçmiş əczaçılardan ibarət işçi heyətə sahib olan aptek təşkilatları Agentliklə əməkdaşlıq üçün könüllü müraciət edə biləcəklər. Həmin müraciət əsasında ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında sənədin nümunəvi formasına uyğun Agentlik və apteklər arasında müqavilələr bağlanacaq. Bütün proses müqavilənin şərtlərinə uyğun tənzimlənəcək".

8 min müəllimin müqaviləsinə xitam verildi - Nazir

Dərsliklərin məzmunu nə qədər keyfiyyətli olsa da, əsas müəllimdir. Sozcu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib. O bildirib ki, müəllimlər şagirdlərə dərsi düzgün şəkildə tədris etməlidirlər: "Sertifikatlaşdırma prosesində səkkiz minə yaxın müəllimin müqaviləsinə xitam vermişik. Bunlardan 4 500-5 000 nəfəri ibtidai sinif, 1 000 nəfəri isə Azərbaycan dili müəllimi olub. Müəllimin səriştəli olması minimal şərtdir. Bünövrə düzgün olmasa, problemlər yaranır. Şagirdlərin öyrənmə keyfiyyətini tədqiq edən araşdırmalar yoxdur və bu da problem yaradır. Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb. Buna görə də dərsliklərin yazılmasında çətinlik var. Şübhəsiz, bu, gələcəkdə tədris edən şəxsin bilik və bacarıqlarının üstünlüyünü ifadə edir. Yanaşmamız ondan ibarətdir ki, dillə bağlı tədqiqatlara əsaslanan müzakirə olsun. Dil duyumu dildən istifadə, dil vasitəsilə özünü inkişaf etdirir".

Bu fənn hamı üçün Azərbaycan dilində keçiriləcək

Tədris dilindən asılı olmayaraq, bütün məktəblərdə "Azərbaycan tarixi" fənninin 6-cı sinifdən etibarən Azərbaycan dilində tədris edilməsi istiqamətində iş aparılır. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışında deyib. Nazir, həmçinin "Azərbaycan dili "fənninin də saatının artırılması istiqamətində iş aparıldığını qeyd edib.

Hökməli-Qobu yolunda qəza: ölənlər var

Hökməli-Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə zamanı yük avtomobili minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Yük maşını ilə toqquşan "Toyota Prius" markalı nəqliyyat vasitəsində olan qadın isə təcili tibbi yardım avtomobili ilə xəstəxanəyə aparılarkən yolda həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Makrondan Çinə xəbərdarlıq: Bunu etməyə məcbur olacağıq!

Əgər Pekin Avropa Birliyi (AB) ilə Çin arasındakı ticarət kəsirini həll edə bilməsə, AB Çin mallarına tarif tətbiq etməyi nəzərdən keçirə bilər. Sozcu.az xəbər verir ki, bu barədə "Les Echos" qəzetinə müsahibəsində Fransa Prezidenti Emmanuel Makron deyib. "Onlara dedim ki, əgər reaksiya verməsələr, biz avropalılar artıq ən yaxın aylarda sərt addımlar atmağa və ABŞ nümunəsində olduğu kimi əməkdaşlığı dayandırmağa məcbur olacağıq, məsələn, Çin mallarına gömrük rüsumları tətbiq etməklə", - deyə E.Makron bildirib. Onun sözlərinə görə, o, artıq Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə bu cür vəzifələrin tətbiqi imkanlarını müzakirə edib. Eyni zamanda, Makron bu məsələdə vahid Avropa cəbhəsinin formalaşdırılmasının çətin olacağını vurğulayıb.

Sabah hava meteohəssas insanlarda narahatlıq yarada bilər

Dekabrın 8-də Abşeron yarımadasında yağışlı hava şəraiti gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Süni intellekt qaz qıtlığına səbəb olacaq - Qətər

Dünya üzrə mayeləşdirilmiş təbii qaza olan tələb önümüzdəki illər ərzində 600-700 milyon ton artacaq. Müqayisə üçün deyək ki, dünyada ötən il 400 milyon ton həcmində maye qaz istehsal olunub. Bu artan tələbin əsas səbəbi isə daha çox enerji sərf edən süni intellekt texnologiyalarının genişlənməsidir. Sozcu.az Azərtac-a istinadən xəbər verir ki, bunu Qətərin energetika naziri Səad Şəridə əl-Kəabi Doha Forumunda çıxışında bildirib. Nazir, həmçinin qeyd edib ki, süni intellektin enerji istehlakının artmasının və sərmayə çatışmazlığının 2035-ci ildən sonra mayeləşdirilmiş qaz və təbii qaz təchizatında qıtlığa səbəb olacağı ciddi narahatlıq doğurur. “Sərmayə çatışmazlığı var və əgər bu, növbəti beş-altı il ərzində həll olunmazsa, 2035-ci ildə ciddi problemlərlə üzləşəcəyik. Danışıqlar apardığımız dövlətlər qaza olan tələbatlarının təxminən 10-20 faizə qədərinin süni intellektlə bağlı olduğunu bildirir”, - deyə əl-Kəabi diqqətə çatdırıb. “Süni zəka evdə tələb olunan enerjidən daha artıq enerji tələb edir. O, daha çox enerjiyə ehtiyacı olan bir zavoda bənzəyir. Lakin ailələrdən və zavodlardan fərqli olaraq, davamlı olaraq artan enerji istehlakına məhkumdur”, - deyə nazir əlavə edib.

Paveldən şok: Rusiya təyyarələrini vura bilərik!

NATO ölkələri Rusiya pilotsuz təyyarələrinin hava məkanını pozmasına cavab vermək məcburiyyətində qala bilər. Sozcu.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel deyib. "Düşünürəm ki, bu pozuntular davam edərsə, Rusiya təyyarəsini və ya pilotsuz təyyarəsini vurmaq da daxil olmaqla daha sərt tədbirlər görməli olacağıq", — o bildirib. Pavel əlavə edib ki, Rusiya hava məkanının pozulmasına icazə verməyəcək. Bu baxımdan, prezidentin fikrincə, alyans oxşar tədbirlər görməlidir.

Yuxarı Lars yük maşınları üçün bağlandı

Yuxarı Lars keçid məntəqəsi Gürcüstandan Rusiyaya gedən ağır yük maşınları üçün bağlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Avtomobill Yolları Departamentinin məlumatında deyilir. "Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün müvəqqəti olaraq bağlanıb. Keçid minik avtomobilləri üçün açıqdır”, - deyə bildirilib. Qeyd edək ki, Yuxarı Lars keçid məntəqəsi hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan vasitəsilə) birləşdirən yeganə quru yoludur.

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 4-8° isti olacaq.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1383-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 180 870 hərbçi, 11 401 ədəd tank, 23 688 ədəd zirehli döyüş maşını, 34 907 ədəd artilleriya sistemi, 1 562 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 253 hava hücumundan müdafiə sistemi, 431 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 69 135 ədəd avtomobil texnikası, 87 927 ədəd PUA, 4 054 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 015 xüsusi avadanlıq itirib.

Onlar haqqında hər şeyi bilirik - Tramp

ABŞ ordusu Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizə çərçivəsində quru hədəflərinə zərbələr endirməyə başlayacaq. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. “Antikartel əməliyyatının başlamasından bəri dəniz yolu ilə ABŞ-a narkotik daşınmasının həcmi 94% azalıb. Eyni prosesi quruda da başlayacağıq. Çünki hər marşrutu, hər binanı, harada yaşadıqlarını bilirik. Onlar haqqında hər şeyi bilirik", - Tramp bildirib.

Biləsuvarda maşın kanala aşdı, 5 nəfər öldü

10:27 Biləsuvar rayonunda ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb. Axşam saatlarında kənd daxili yolda hərəkətdə olan “Leksus” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Nəticədə avtomobildə olan 5 nəfər suda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır. *** Biləsuvar rayonunda baş vermiş ağır yol qəzasında ölən 5 nəfərin kimliyi məlum olub. Hadisə nəticəsində sürücü Vasif Həsənli (2003-cü il təvəllüdlü) və sərnişinləri; Rusif Həsənli (2001), İldırım Həsənli (1990), Məhəmməd Məmmədli (2000), Əliqardaş Rəsulzadə (2007) dünyasını dəyişib. Qeyd edək ki, V. Həsənli və R. Həsənli qardaşdırlar, İ.Həsənli isə onların əmisi oğludur. Faktla bağlı araşdırma aparılır.

Avropa liderləri Zelenskini bununla razılaşmamağa çağırır

Avropa liderləri Ukrayna Prezidenti Vladimir Zelenskini Donbasdan qoşunları çıxarmağa razılaşmamağa çağırır. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “Avropa üçün əsas məsələ Zelenskinin Ağ Evin təzyiqi altında etibarlı ABŞ təhlükəsizlik zəmanətləri olmadan Donbasdan qoşunları çıxarmağa razılaşmasının qarşısını almaqdır”, - nəşr yazıb.

Bakıda tarixi abidəyə zərər vuruldu

Bakıda təmir zamanı tarixi abidəyə zərər vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş yaşayış binasının yaxınlığında 2023-cü ildə “VEST PARK” MMC tərəfindən yeni yaşayış binasının tikintisinin aparılması planlaşdırılıb. “Tarixi abidənin yaxınlığında tikinti işləri aparılacağı üçün yeni inşa olunacaq binanın layihəsinə baxılması məqsədilə 29 avqust 2023-cü il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət ünvanlanıb.  Dövlət Xidmətinin 5 sentyabr 2023-cü il tarixli cavab məktubunda planlaşdırılan tikinti nəticəsində sözügedən tarixi abidəyə təhlükə yarana biləcəyi nəzərə alınaraq, mümkün risklərin qarşısının alınması məqsədilə sözügedən şirkətin vəsaiti hesabına tarixi binada təmir-bərpa işlərinin həyata keçirilməsi tələb olunub. 7 noyabr 2023-cü il tarixində binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətində və dam örtüyündə təmir-bərpa işlərinin layihəsi hazırlanmış və qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra şirkət tərəfindən bərpa işlərinə başlanılıb. Lakin təmir-bərpa işlərinin gedişi zamanı təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozulub”. Əlavə olunub ki, Dövlət Xidmətinə təqdim edilərək razılaşdırılan layihədə mövcud dam örtüyünün (ruberoid) saxlanılması nəzərdə tutulduğu halda, şirkət tərəfindən həmin örtük yeni metal kirəmit tipli konstruksiya ilə əvəz edilib, damda yerləşən tüstü və havalandırma bacaları tamamilə qapadılıb və quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlılığına əlavə təhlükə yaradıb: “Bu səbəbdən də Dövlət Xidməti tərəfindən işlər dayandırılıb, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli Qərarı ilə “VEST PARK” MMC təqsirli hesab edilib. Abidənin tarixi görkəminə qaytarılması tələbinə “VEST PARK” MMC tərəfindən layihədən kənar quraşdırılmış dam örtüyü sökülüb və zədələnib. Nəticədə yağan yağış suları sakinlərin mənzillərinə dolub. Binanın dam örtüyünün şirkət tərəfindən tezliklə təmir edilməsi üçün aidiyyəti üzrə tədbirlər görüləcək”.

Meteohəssas insanlar üçün hava necə olacaq?

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, dekabrın 7-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 7-də bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Türkiyə 6 aya F-35-ləri əldə edə bilər: Afina təşvişdə!

ABŞ-ın Ankaradakı səfiri Tom Barrakın F-35 döyüş təyyarələrinin Türkiyəyə mümkün satışı ilə bağlı eyham vurması Yunanıstan və İsraili panikaya salıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, yunan mediası Barrakın bu açıqlamasının təşvişə səbəb olduğunu yazıb: “Afina F-35 qırıcılarının 4-6 ay ərzində Türkiyəyə verilməsi ehtimalından narahatdır. Bu bəyanatlar reallaşarsa, xüsusən də ABŞ-dakı İsrail-Yunanıstan lobbisi üçün məğlubiyyət olar”. İsrail mediası isə Barrakın sözügedən açıqlamasının reallaşma ehtimalının yüksək olduğunu bildirib: “Bunun ən böyük sübutu Böyük Britaniya və Almaniyadan “Tayfun” (Eurofighter Typhoon) qırıcılarının alınması və Türkiyənin milli döyüş təyyarəsi olan KAAN-ın inkişafının davam etdirilməsidir”. Qeyd edək ki, T.Barrak ABŞ və Türkiyə arasında zamanla bir çox bağlı məsələnin həllinin tapıldığını açıqlayıb. O eyni zamanda iki ölkə arasında F-35 danışıqları kimi məsələlərin 4-6 ay ərzində həll oluna biləcəyinə də işarə edib.

Utilizasiya zamanı gəmidə partlayış oldu, ölən var

Kamçatka (Rusiya) ərazisində utilizasiya zamanı gəmidə pnevmatik rulon-torba partlayıb. Sozcu.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Partlayış nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Tramp İranda rejim dəyişikliyi istəmir

Əgər 1946-cı ildən baxsaq, ABŞ dünya üzrə təxminən 93 çevriliş və ya rejim dəyişikliyi cəhdi edib, hamısı uğursuz olub. Buna görə mənim rəhbərlərim – Prezident Donald Tramp və Dövlət katibi Marko Rubio müdaxilə yolu ilə rejim dəyişikliyinin tərəfdarı deyillər. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak İranda mümkün hakimiyyət dəyişikliyi barədə danışarkən deyib. “Daha öncə İranda iki dəfə rejim dəyişikliyi yaşamışıq, heç biri nəticə verməyib, buna görə də məsələni regional ölkələrin öhdəliyinə buraxmaq daha ağıllı qərardır”, - səfir qeyd edib.

Dünyanı dəhşətli istilər gözləyir - Alimlərdən xəbərdarlıq

Yeni bir araşdırmaya görə, atmosferə karbon emissiyaları artımı dayandırılsa belə, dünyanın bir çox bölgəsi ən azı min il ərzində sənayedən əvvəlki dövrün temperatur səviyyələrinə qayıda bilməyəcək. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliya və “ARC Centre of Excellence for 21st Century Weather”in aparıcı alimləri tərəfindən hazırlanmış uzunmüddətli iqlim modelləri göstərir ki, qlobal tullantıların sıfıra endirilməsi hədəfinin gecikməsi planetin gələcək yüzillər ərzində şiddətli və uzunmüddətli son dərəcə yüksək isti dalğalarına məhkum edəcək. “Environmental Research: Climate” jurnalında dərc olunan tədqiqatda süperkompüterlərdən istifadə edilərək, emissiyaların sıfırlandığı andan sonra min illik dövrdə isti dalğalarının dəyişməsi simulyasiya olunub. Araşdırma göstərir ki, hər beş illik gecikmə şiddətli isti dalğalarını daha güclü, uzunmüddətli və sıx baş verən hala gətirir. Melburn Universitetindən Endrü Kinq xüsusilə ekvatora yaxın ölkələrin yüksək risk altında olduğunu vurğulayıb: “Əgər tullantıların sıfıra düşürülməsi hədəfi 2050-ci ilə qalarsa, bu gün rekord sayılan isti dalğalarını demək olar ki, hər il yaşaya bilərik”. Tədqiqatın baş müəllifi, Avstraliya Milli Universitetinin professoru Sara Perkins-Kirkpatrik isə bildirib ki, hədəfə çatandan sonra iqlimin sürətlə yaxşılaşacağı düşüncəsi yanlışdır. O bildirib ki, 2040-cı il qeyd olunan nəticənin əldə edilməsi üçün son tarixdir. Bu son dərəcə yüksək isti dalğalarının şiddətini azaltmaq üçün ən axırıncı möhlətdir. Araşdırma, xüsusilə cənub okeanı bölgəsindəki uzunmüddətli istiləşmənin gələcək min ildə isti dalğalarını gücləndirməyə davam edəcəyini göstərir. Bu nəticələr, iqlim dəyişikliyinin uzunmüddətli təsirlərinə dair ciddi xəbərdarlıqdır.bakupost)

Ov tüfəngi ilə özünü güllələdi

Ov tüfəngindən ehtiyatsız davranış hadisəsi rayonun Baydarlı kəndinin otlaq sahəsində baş verib. Sozcu.az xəbər verir ki, 46 yaşlı rayon sakini Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan sakin Rayon Mərkəzi Xəstəxana yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş hesab edir. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata əsasən, R. Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb. Faktla bağlı Qax rayon polis şöbəsində istintaq araşdırmaları aparılır.