“Ona demişdim ki, sən gec-tez “yanacaqsan”

“Mən neçə ildir deyirəm ki, mədəniyyət nazirimizi qovmaq lazımdır, o, bizim mənədiyyətimizi bu günə qoydu”

“Hər il də ucdantutma başladılar bunlara Xalq və Əməkdar artist fəxri adı verməyə. Bunlar heç oxuya da bilmirlər, ancaq toy bazarına işləyirlər. Burda da nəticə etibarilə günahkar Mədəniyyət Nazirliyidir, çünki təqdimatı onlar verir”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Müğənni Mədəniyyət Nazirliyində baş verən özbaşınalıqlar haqda illərdir ki, fəryad etdiyini bildirib:

“Mən neçə ildir deyirəm ki, mədəniyyət nazirimizi qovmaq lazımdır, o, bizim mənədiyyətimizi bu günə qoydu. Telekanallarımızda hansı musiqilər verilir. Heç Ü.Hacəbəyovun musiqisindən əsər-əlamət qalıbmı?! Ancaq “Mədəniyyət” kanalında o köhnə musiqilərdən bir neçəsini verirlər. Bir daha təkrar edirəm Azərbaycan musiqisi Azərbaycanda yoxdur, muğam var, amma mahnı janrı “ölüb”, “dirilmir”. Yazılan mahnıları bilinmir kim yazıb, hansı xalqa məxsusdur. Mətndə Azərbaycan sözləri var, amma musiqisi əcnəbi musiqisidir. Hər il də ucdantutma başladılar bunlara Xalq və Əməkdar artist fəxri adı verməyə. Bunlar heç oxuya da bilmirlər, ancaq toy bazarına işləyirlər. Burda da nəticə etibarilə günahkar Mədəniyyət Nazirliyidir, çünki təqdimatı onlar verir.
Həbs edilən nazir müavinlərinin ixtiyarı nə idi Ə.Qarayevin göstərişi olmadan hərəkət etsin. Hamısı elə onun işlərinin nəticəsidir. Mən Əbülfəsə demişdim ki, sən gec-tez “yanacaqsan”, Azərbaycan musiqisinin düşmənisən. O, da dedi ki, mən neyləyim? Dedim ki, xeyr, sən elədin bunları. İndi də cavabın aldı. Bunu birinci dəfə Polad Bülbüloğluna, sonra da Əbülfəsə dedim. Polad da gedəndə yerinə bunu qoydu və dedi ki, elə bilməyin mən gedəndən sonra Mədəniyyət Nazirliyində sizlərə fəxri ad veriləcək. Adımı çəkməsə də bildim ki, mənə işarə edir.
Az ömür yaşamamışam, xalqın musiqisini qorumuşam, oxumuşam. Bu gün cavanlar çalışsın həmin musiqiləri oxusun. Yalandan telekanallarda Bədii Şuralar yaradıblar, hanı onlar?! Telekanallardakı biabırçılıqları görmürdülər, nazirlik kor idi?! İyirmi ildir deyirəm ki, Mədəniyyət Nazirliyi musiqimizi “iflic” edib, amma bu heç kimin vecinə deyil. Nəhayət bunlar cəzasını aldılar, nə yaxşı ki, 71 yaşımda bunları gördüm. Bundan sonra belə olmayacaq, dəyişiklik olacaq. Bütün sahələrdə islahatlar gedəcək. İnanıram ki, Qarabağımız da işğaldan azad olunacaq. Mən o günləri görmək üçün Allahdan ömür istəyirəm”.

Facebook Comments