Prezidentin sərəncamı: Bu həkimlərin “artımını” kim yeyir?

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçiləri Prezidentin sərəncamı ilə koronavirusla mübarizədə iştirak edən tibb işçiləri üçün nəzərdə tutulan müddətli əlavəni almayıblar.

Sozcu.az xəbər verir ki, Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilir ki, qurumun yalnız 10-15 işçisi bu müddətli əlavədən yararlanıb. Bu şəxslər isə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənova yaxın adamlardır.

Müddətli əlavə almayan tibbi ekspertiza işçiləri bununla bağlı narazılıq və şikayət etdikdə Ədalət Həsənov onları təhdid edib və növbəti dəfə etiraz edəcəkləri təqdirdə onları ümumiyyətlə əmək haqqından məhrum edəcəyini, maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcəyini bildirib.

Məsələ ilə bağlı saytımıza danışan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov bildirib ki, yalnız koronavirusdan ölən şəxslərin meyitini müayinə, dezinfeksiya edən və bənzər işlər görən şəxslər müddətli əlavədən yararlanıb. Belə ki, koronaviruslu xəstələrlə çalışan tibbi ekspertlərin maaşında müddətli artım edilməsi ilə bağlı siyahı Səhiyyə Nazirliyinə göndərilib.

Buna baxmayaraq, Ə.Həsənov siyahıda nəinki kimlərin olduğunu, hətta ekspertlərin ümumi sayını da açıqlamaqdan imtina edib.

Artımın yalnız yaxın adamlarına, o cümlədən özünə şamil olunduğu iddiasını isə, təbii ki, təkzib edib. Maraqlıdır ki, öz adına yazılacaq müddətli əlavəni Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcəyi haqda bir versiya da səsləndirib.

“Mənim özümə bu müddətli əlavəni təklif etsələr, bundan imtina edib, o məbləği Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayacağam”, – Ə.Həsənov qeyd edib.

Direktorun bu açıqlaması onun öz işçilərinin maaşlarını Fonda bağışlamaq istəməsi haqda iddialarla səsləşir.

Səhiyyə Nazirliyi də müddətli əlavələr üçün təqdim edilən tibbi ekspertlərin sayını açıqlamaqdan heç bir səbəb göstərmədən imtina edib.

Qeyd edək ki, şəffaf üçün siyahının göstərilməsi və sayın açıqlanması önəmlidir. Bu siyahını və sayı dövlət sirri kimi qorumağın hansı mahiyyət daşıdığı, sadəcə, anlaşılmır.

Xatırladaq ki, Prezident İlham Əliyevin koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamında dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi qeyd edilib. Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərarda da Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində əlavə təyin edilməsi vurğulanıb

Facebook Comments