“Hər şeyi multfilmə çevirməyin, nazir istefa verməlidir”

Ötən əsrin 90-cı illərinin sonu idi, bizneslə məşğul idim, bir kontrakt bağlayarkən hesablamalarda səhv etdim (iqtisadi hesablamalarda yox, insanların xislətini hesablamaqda), işçilərim əzmlə çalışdılar, amma mənim səhvimə görə o layihədən pul qazanmadıq. Günah məndə olduğuna görə işçilərimin 6 ay boyunca layihə üzərində çalışdıqlarını nəzərə alaraq o zaman avtomobilimi satdım, uşaqlara söz verdiyim ödənişləri etdim. İşçilərim bu məsələnin detallarını heç bilmədilər, sonradan təsadüfən öyrəndilər, bu addımın qarşılığında daha əzmlə çalışdılar, cəmi 1 ilə itirdiklərimizdən daha atıq qazandıq və mən özümə təzə maşın aldım.

Sözümün canı odur ki, biznesdə də, hökumət-dövlət işində də qərarverənlər öz qərarlarına görə, ən azı, siyasi (biznesdə isə maddi) məsuliyyət daşımalıdırlar. Mədəniyyət Nazirliyində o boyda əməliyyat olur, faktlar və iddialar səsləndirilir – nazir isə çıxıb deyir ki, əməliyyatı alqışlayıram. Belə olmur, hər şeyi multfilmə çevirməyin, əgər sənin öz məsuliyyətin altında olan sahədən xəbərin olmayıbsa lap pis – deməli bacarıqsız menecersən, yox əgər xəbərin olubsa, deməli sənin rəhbərliyinlə hər şey baş verib. Hər iki halda da, ən azı (hüquqi məsuliyyəti qoyuram kənara) siyasi məsuliyyətə görə nazir istefa verməlidir və bu yanaşma bütün siyasi qərarverənlərə aid olmalıdır.

Yaponiya belə məsələlərə görə məmurlar “xarakiri” edirlər, bunlar heç istefa vermək belə istəmirlər…

Natiq Cəfərli

İqtisadçı

Facebook Comments