Məcburi köçkün Bərdə DYP rəisindən şok faktlar açıqladı: “Cənab nazir, Anar Cəlilov və işçiləri…”

Bərdə Dövlət Yol Polisinin (DYP) rəisi Anar Cəlilovdan şikayətlər günbəgün artır. Rayonda əksər sürücülər DYP rəisinin və əməkdaşlarının qanunsuz hərəkətlərindən, qeyri-rəsmi tələblərindən, əsassız yerə yazılan cərimələrindən təngə gəliblər.

A.Cəlilov Bərdədə elə bir dözülməz mənzərə yaradıb ki, məsələ getdikcə böyüyür, narazılıq artır və DYP rəisi Daxili İşlər Nazirliyinin fəaliyyətinə kölgə salmaqdadır.

Pandemiya dövründə polisimizin necə qayğıkeş, peşəkar, operativ işlədiyini hamı görür. Amma A.Cəlilov kimi bir DYP rəisinin özbaşınalıqları Bərdəni polisdən narazı salıb.

Ötən dəfə DYP əməkdaşının rəis tərəfibndən başına gətirilən haqsızlıqlardan bəhs etmişdik. Bu dəfə isə şikayətçi sürücüdür.

Ağdamdan olan məcburi köçkün, hazırda Bərdənin Alaçadırlı kəndində müvəqqəti məskunlaşan Quliyev Vüqar Tiflis oğlu Daxili İşlər naziri Vilayət Eyvazova müraciətində DYP rəisi Anar Cəlilovdan faktlar açıqlayıb.

Onun sözlərinə görə, hazrda “Ağdam Nəqliyyat” MMC-də sürücü işləyir. Pandemiya ilə əlaqədar evdə qalan V.Quliyevin sözlərinə görə, belə bir vaxtda əsassız yerə onu cərimə kəsilib:

“Karantin və pandemiya səbəbindən işimiz müvəqqəti dayanıb. Buna baxmayaraq, maaşımız hər ay ödənilir. Prezidentimiz və Mehriban xanım sağ olsun, hər bir vətəndaşa diqqət, qayğı göstərilir.

Amma belə çətin zamanda insanları narazı salan məmurlar olur. Onlardan biri də Bərdənin yol polisi rəisi Anar Cəlilovdur.
Belə ki, mən işlədiyim MMC-nin rəhbərliyinin tapşırığı ilə maşını təmirə aparırdım. Ancaq yol polis əməkdaşı əsassız yerə məni saxladı, cərimə meydançasına apardı. Bu, ilk dəfə deyil. Neçənci dəfədir ki, bizə qanunsuz yerə cərimə kəsiblər”.

V.Quliyev DİN rəhbərinə müraciətində deyib ki, DYP əməkdaşları bunun səbəbini də açıqlayıblar:

“Soruşanda deyirlər ki, sizin idarənin müdiri bizim şeflə görüşsün. Hansı əsasla bizim rəhbərlik yol polis rəisi ilə görüşməlidir?

Biz vaxtında vergimizi ödəyirik, tibbi müayinədən keçirik, fərqlənmə nişanı alırıq. Niyə görə Anar Cəlilova pul verməliyəm?”

Məcburi köçkün qeyd edib ki, onu əsassız yerə 150 manat cərimələyiblər: “Hər dəfə belə incidirlər. Pandemiya dövründə edilən bu haqsızlıqlar vətəndaşları dövlətdən, nazirlikdən narazı salmaqdır.

Biz belə çətin vaxtda maaşımızı alıb dolanırıq, yol polisləri Anar Cəlilovun tapşırığı əsasında sürücüləri qanunsuz cərimələyirlər
Mən cənab prezidentə, Mehriban xanıma, hörmətli nazirimiz Vilayət Eyvazova müraciət edirəm, bizə kömək edin, qanunsuz cəriməni ödəməyə yardım göstərin. Cənab nazir, məni qəbul edin, cəriməni ödəmək imkanımız yoxdur, bizə köməklik göstərin”.

Məcburi köçkün V.Quliyev DİN rəhbərindən xahiş edib ki, Bərdə DYP-nin fəaliyyəti, rəisin əməlləri ilə bağlı komissiya təşkil edib yoxlatsın.

Mənbə: ZamanTV.Az

Facebook Comments