Əlil-şəhid ailələrinin mənzil təminatı korrupsiya predmetidir

Rayonda otağa 10 min alınırsa, Bakıda ən azı 15 min olmazmı?

İmişli icra hakimiyyəti başçısının sosial evlərdəki mənzilləri hər otağa 10 min manat rüşvət qarşılığında pullu sosial müdafiəyə ehtiyacı olanlara satması haqqında DTX -nın yaydığı informasiya korrupsiyanın sosial sektoru çulğamasını tam çılpaqlığı ilə ortaya qoyur. Özəlliklə, Bakıda əlil və şəhid ailələrinə tikilən evlərin bölgüsü zamanı ədalət , növbə prinsipi yox, qanundankənar hərrac başlıca rol oynayır. Uzağa getməyək 4 ay qabaq Prezidentin ad günündə açılışını etdiyi Nizami rayonu, Çobanzadə küçəsində tikilən evin mənzillərinin açarlarının yiyələrinin adları hələ də gizli saxlanılır. Evsiz qalan Qarabağ əlillərinin,  şəhid ailələrinin bu gizlinliklə bağlı müraciətlərinə isə elə əndrabadi“erməni budaq cümlələri” ilə cavab verilir ki , müraciət etməyinə peşman olursan. Hesablama Palatasının auditoru Firsənd Qurbanovun ƏƏSMN müavini Anar Əliyevə sorğusuna cavab verən digər müavin Anar Kərimov həmin mənzillərin Prezidentin göstərişi ilə  (!?) yalnız Nizami rayonundan növbədə duranlara verildiyiniDSMF-dən aldığı eyni cavabla izah edib. Bu cavabın saxta olduğu göz önündədir, axı, Prezident niyə ayrı-seçkilik etsin ki? Eyni zamanda, Konstitusiyanın qarantı olan Prezident niyə Konstitusiyanı Nizami rayonunda yaşamaqdan aşağıda tutsun? Bu arada mediada mənzillərin bir neçəsinin ƏƏSM nazirinin mərhum atasının “OVİR”dəkikeçmiş iş yoldaşlarına verildiyi sorağına hələ də, deputat Siyavuş Novruzovun dediyi kimi, nazirin yerinə “əlləzinə” oxuyan mətbuat xidməti münasibət bildirmədiyindən, sorağın doğruluğunu bəlli edir.

Əlil -şəhid ailələrinin mənzil təminatının alver, korrupsiya predmetinə çevrilməsi smetanın şişirdilməsində, mənzillərin Bakıdan kənarda ucuz qiymətə alınıb ikiqat məbləğdə sənədləşdirilməsindəüzə çıxır.  Təsəvvür edin,  Bakının mərkəzi rayonlarında qeydiyyatda olan və illərdir mənzil növbəsində olanlara Abşeron rayonundan mənzil alınır!  Niyə? Niyəsi belə izah olunur ki, mərkəzdə mənzillər baha başa gəlir. İcazə verin, bu izahla razılaşmayaq. Niyəsiniizah edək ki, Bakının mərkəzində də, Abşeronda da, ölkənin ən ucqar bölgəsində də tikinti materiallarının qiymətləri eynidir, hətta mərkəzdə bir qədər ucuzdur və bu səbəbdən evlərin tikintisinə çəkilən xərc də eyni olduğundan Bakıdan mənzil almağın dövlət üçün baha başa gəlməsini iddia etmək gülüncdür. Sadəcə, Bakıdan mənzil alanda məmurların cibinə az vəsait girir. Bölgədə də, Bakıda da  kvadratmetri eyni məbləğə başa gələn mənzillərin qiymətlərini bölgədə ikiqat şişirtmək olursa, Bakıda belə şişirtmə bir qədər az olur. Onu da vurğulayaq ki, heç bir tikinti sahibkarı dövlətin və onun başçısının sosial-iqtisadi siyasətinə qarşı gedib, dövlət sifarişi ilə əlillərə alınan mənzillərin qiymətini şişirdə bilməz, əksinə, azaldar. Hazırda Bakının Əhmədli metrosu yönündə tikilən evlərdə mənzillərin qiyməti kvadratmetrinə görə 500 manat civarındadır. Belədə niyə Abşerondan kvadratmetri 750 manata mənzillər alınmasına üstünlük verilir?Aydındır ki, dövlətin cibindən şəxsi cibə “köçürmə  etmək” üçün. Bir də, axı, aztəminatlı müştəri qıraqdakı mənzilin hər otağına 15 min vermək istəmir!

Bir neçə gün öncə Prezidentin iqtisadiyyat və əmək və əhalinin sosial müdafiəsi nazirləri ilə videomüşavirə keçirməsi zamanı ƏƏSM naziri bildirdi ki, 180 mənzil alınıb, amma karantin rejimi onları təqdim etməyə imkan vermir. Anlaşılan deyil, bəs necə alınıb və orderləri və açarları yiyələrinə təqdim etmək sosial xidmətçilərə niyə çətin olsun ki? Bir məsələ də anlaşılmazdır :niyə mənzil problemi  mərhələli şəkildə çözülməlidir ? Bu da Qarabağ problemi deyil ki, mərhələli həllinə üstün verilsin ? ! Dövlət büdcəsindən bu il mənzillər alınmasına konkret məbləğ ayrılıb , niyə birdəfəlik bütün mənzillər alınmır? Metronun “Koroğlu” stansiyasının yanındakı böyük bir yaşayış kompleksinin əlil -şəhid ailələrinə ayırmaqla bu problemi birdəfəlik çözmək olar. Lap elə Ağşəhərdə, digər yerlərdə yetərincə mənzillər tikilib və tikilməkdədir. Dövlət başçısının bir barmaq silkələməsi ilə güzəştli kateqoriyadan olan şəxslərə güzəştlə mənzil ayrılmasını təmin etmək çətin olmaz. Sadəcə, ƏƏSMN rəhbərliyinin Prezidentəbarmağını tuşlayacağı evləri nişan verməsi görəvini yerinə yetirmək qalır.

Məğrur Bədəlsoy

Facebook Comments