Bağanis Ayrım faciəsi ilə bağlı Qazax Rayon İcra Hakimiyyətinə xüsusi təklif

“CARÇI” Araşdırma Mərkəzinin sədri, araşdırmaçı yazar Sərxan Carçı Qazax Rayon İcra Hakimiyyətinə müraciət edərək, 1990-cı ilə erməni terrorçularının Qazax rayonunun Bağanis Ayrım kəndində törətdikləri vəhşilikləri geniş formada işıqlandırıb, bir neçə dildə yayımlanması üçün dəstək verməsini təklif edib:

Sozcu.az xəbər verir ki, Sərxan Carçı bu barədə özünün feysbuk səhifəsində yazıb:

Demək, 3 kitab müəllifiyəm. Kitablarımın təqdimatı ölkənin ən nüfuzlu ziyalılarının iştirakı ilə Bakıda, ictimai-siyasi fəalların təşkilatçılığı ilə Istanbulda keçirilib. O qədər maraqla qarşılanıb ki, Türkiyə səfiri kitaba görə məni qəbul edib, ona da, onun vasitəsi ilə R.T.Ərdoğana da kitab göndərmişəm.

Xüsusi icazə ilə DTX arxivində işləyib, ərsəyə gətirdiyim kitabı Almaniyanın Martin Lüter universiteti xüsusi sifarişlə Almaniyaya aparıb.

Amma kitablarımın heç birinin ən əziz yer olan doğma Qazaxda təqdimatına nail ola bilməmişəm, qarşısı alınıb.

Ölkə başçısının sərəncamı əsasında yazılmış kitablarımla bağlı şəxsən icra başçısının özü qəbul edib, bir saat söhbət etsək də, müavinlərinin demək olar ki, hamısı qəbul etsə də yumşaq halda yola verə, pis halda isə “bizim icazəmiz olmadan burada heç kəs keç nə edə bilməz!” eşitməyimlə nəticələnib.

Eybi yox, doğma məkan əziz olsa da zatən yaradıcılıqdan əlavə təqdimatlara vaxtım olmayıb.

Amma indi Qazax Rayon İcra Hakimiyyətinin başçısına, müavinlərə xüsusi bir təklif edirəm:

İndi təsisçisi olduğum “CARÇI EXPRESS” jurnalının bir sayını Qazaxda baş vermiş BAĞANIS AYRIM QƏTLİAMINA həsr etmək istəyirəm. Və təklifim də ondan ibarətdir ki, jurnalın belə bir sayının ərsəyə gəlməsində maddi və mənəvi dəstəkçi olasınız. Gərəkərsə ingilis və rus dilində çıxardaraq dünyaya yayaq. Bununla nəinki Qazax qarşısında, bütövlükdə Azərbaycan qarşısında böyük xidmət etmiş olarsınız. (Hansı ki, bu deputatlar və s. aidiyyatlı insanlar tərəfindən çoxdan edilməli idi.

Xatırladaq ki, Bağanıs Ayrım Qazax rayonunun ermənilər tərəfindən işğal edilmiş ilk kəndidir. Kənd 1990-cı il mart ayının 23-dən 24-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən işğal edilib.

Anar Rəsullu

Facebook Comments