Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı var - Vüqar Qurbanov

Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu vəziyyət təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir. "Həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur. Bu problemi aradan qaldırmaq məqsədilə "Mental Klinika" layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun", - V.Qurbanov əlavə edib.

Saxlanılan icra başçısının qızı bu məhkəmədə hakimdir

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı barədə xəbər yayılıb. Xəbərdə onun korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanıldığı bildirilir. Sozcu.az-ın məlumatına görə, saxlanılan icra başçısının qızı Fəridə Rzayeva 2023-cü ildə Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib.  O 2023-cü ilədək vəkil kimi fəaliyyət göstərib.

Bakı və İrəvan yeni imkan əldə edəcək - Paşinyan

Regional kommunikasiya o deməkdir ki, həm Ermənistan, həm də Azərbaycan daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün bir-birinin ərazisindən istifadə etmək imkanı əldə edəcək və bu, ərazimizdən beynəlxalq tranzit üçün yeni bir marşrutun açılmasıdır. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Tramp yolu” layihəsi barədə deyib. “Dünyanın hazırda təchizat zənciri böhranı yaşadığını nəzərə alsaq, bu, həm beynəlxalq ticarət, həm də regionumuz üçün həqiqətən də fərq yarada bilər. Fars körfəzindən, Oman körfəzindən Qara dənizə qədər kommunikasiya kanalları açılacaq, Xəzər dənizi ilə Aralıq dənizi arasında yeni bir əlaqə yaranacaq, Ermənistan üçün yeni imkanlar yaradılacaq”, - o bildirib.

Saxlanılan icra başçısı Rzayev kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir. Sozcu.az xəbər verir ki, saxlanıldığı bildirilən 60 yaşlı İslam Rzayev 2011-ci ildən rayonun icra başçısıdır. O, əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə İdarəsində böyük iqtisadçı kimi başlayıb. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib. Azəriqaz QSC-nin baş mütəxəssis vəzifəsində çalışıb, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləyib.

Mehdiyev, Əlizadə və Həbibbəyli prokurorluqda dindirildi

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işləri üzrə dindirilən əsas fiqurların adları məlum olub. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, AMEA-nın hazırkı və sabiq prezidentləri - İsa Həbibbəyli, Ramiz Mehdiyev və Akif Əlizadə müxtəlif vaxtlarda istintaq orqanı tərəfindən dindirilib. Xatırladaq ki, həmin cinayət işlərinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparılır. Qeyd edək ki, ötən gün Baş Prokurorluq da AMEA-da baş verən qanunsuzluqlar barədə açıqlama yaymışdı. Həmin açıqlamada bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib. İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib. Hazırda isə sözügedən qurumdakı qanun pozuntuları ilə bağlı başqa cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

DTX Balakəndə əməliyyat keçirir: başçı saxlanıldı

DTX Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirir. Sozcu.az xəbər verir ki, korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi

Ukraynanın Sumı vilayətindən yeni 12 uşaqdan ibarət qrup reabilitasiya proqramı çərçivəsində Azərbaycana gətirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusyev "X" sosial media hesabında paylaşım edib. "Bu il 215 nəfər olmaqla, ümumilikdə 459 ukraynalı uşaq Azərbaycanda sülh və qayğı tapıb. Dəstəyinə görə Azərbaycana minnətdarıq", - səfir qeyd edib. 

Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Oktyabrın 29-u saat 19:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 19, Goranboyda 27, Naftalanda 24, Tovuz, Gəncədə 20, Mingəçevirdə 19, Şəkim/s Bərdədə 18, Zəngilan və Kəlbəcərdə 17, Şəmkirdə 16 m/s-dək güclənir. pizza mizza Zaqatala, Balakən, Gədəbəy, Xaçmaz, Qubada arabir yağış yağır.

Məzahir Pənahov yola salınır - Yeni sədr kim olacaq?

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq. Sozcu.az xəbər verir ki, bu barədə Metbuat.az-a MSK-dakı mənbə məlumat verib. Onun sözlərinə görə, MSK-nın buraxılması ilə bağlı qərar yaxın 3 ay ərzində elan olunacaq. Məlumatlı şəxs bildirib ki, MSK-nin yeni tərkibi gələn ilin martında seçiləcək. Onun qənaətinə görə, oğlunun adı ətrafında yaranan qalmaqaldan sonra Məzahir Pənahovun yenidən sədr seçilməsi mümkün deyil. Mənbə çemodan əhval-ruhiyyəsində olan 74 yaşlı Pənahovun taleyi ilə barışdığını vurğulayıb. Siyasi kluarlarda MSK-nin yeni sədrinin Rövzət Qasımov olacağı iddia edilir. Rövzət Qasımov 23 oktyabr 2019-cu ildən MSK sədrinin müavini vəzifəsində çalışır.

TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev

Azərbaycan bundan sonra da regionda davamlı sülhün təmin olunması, nəqliyyat layihəsinin, xüsusilə TRİPP xətti üzrə nəqliyyat bağlantılarının yaradılması istiqamətində səylərini davam etdirəcək. Sozcu.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Söhbət zamanı Azərbaycanla BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd olunub. Bu xüsusda "Masdar" şirkətinin Azərbaycana bərpaolunan enerji sektoruna sərmayələrinə, SOCAR-ADNOC əməkdaşlığına, qarşılıqlı investisiyalara da toxunulub.

İsrail yenidən Qəzzanı vurdu: Hücumun qarşısı alındı

İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Lahiya bölgəsinə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, zərbə İsrailə dərhal hücum üçün nəzərdə tutulmuş silah və hava hücumu avadanlıqlarının saxlanıldığı obyektə endirilib.

Sabah Bakıya yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, 29-dan 30-na keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, güclü şimal qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 16-20, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

Təhsildə boşluq - Məntiq fənninə ehtiyac varmı? - VİDEO

Hamımıza məlumdur ki, əmək bazarına daxil olmaq üçün verilən imtahanlarda " məntiq" testləri salınır ki, bu da məktəb və universitetlərdə tədris olunmur. Məktəblərdə “Məntiq” fənni niyə tədris olunmur və bu boşluq şagirdlərin gələcəkdə əmək bazarına hazırlaşmasına necə təsir edir? Suallarımızı təhsil eksperti Vüsət Əzizov cavablandırıb.

Şəmkirdə DƏHŞƏT: azyaşlı qız qaynar suda yandı

Şəmkirdə azyaşlı yanıq xəsarətləri alıb. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Seyfəli kəndində qeydə alınıb. Kənd sakini 8 yaşlı Aynur Ramin qızı Həsənovanın üzərinə qaynar su tökülüb. Nəticədə o, yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Araşdırma aparılır.

Direktorların vatsap qrupunda qalmaqal

Bakı 13 saylı mediasiya təşkilatının direktoru İlham Mehtiyev Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadəni xüsusi ittiham qaydasında məhkəməyə verib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, İ.Mehdiyev həmkarını onun şərəf və ləyaqətini alçatmaqda, işgüzar nüfuzunu ləkələməkdə ittiham edib. Tərəflərin mübahisəsi isə mediasiya təşkilatının rəhbərlərinin daxil olduğu vatsap qrupunda başlayıb. Məhkəmədə ifadə verən N.Hüseynzadə bildirib ki, 2025-ci ilin yanvar ayında Y.Abdullazadə adlı şəxs ona müraciət edərək ərinin və özünün Yevlax rayon qeydiyyatı olmasına baxmayaraq, Bakı mediasiya təşkilatından ona sənəd gəldiyini bildirib. Vətəndaşın bununla bağlı şikayət edib və İlham Mehtiyevin rəhbəri olduğu Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoruna Yevlax rayonuna aid işi icraatına götürdüyü üçün töhmət verilib. Bundan sonra N.Hüseynzadə qrupda İlham Mehdiyevi “sənəd oğrusu”, “saxta arayış verən” adlandırıb. Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadə 1000 manat məbləğində cərimə edilib.

Astarada 17 yaşlı qız toy gecəsi öldü - Hamilə imiş + FOTO

Astarada dünən toyu olan 17 yaşlı qız ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ. dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Ə.İ.nin hamilə olduğu bildirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Vüqar Qurbanovdan yeni təyinat

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi təyin edilib.  Sozcu.az-ın məlumatına görə, TƏBİB-in İcraçı direktor Vüqar Qurbanov müvafiq əmri ilə sözügedən vəzifəyə Quliyev Pərviz Ağababa oğlu gətirilib.  Qeyd edək ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən, oktyabrın 21-dən tutduğu vəzifəsindən azad edilib. Pərviz Quliyev 1963-cü ilin may ayının 24-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Orta təhsilini Gəgəli kənd orta məktəbində alıb.  Azərbaycan Tibb İnstitutunun (indiki universitet-red.) məzunu olub. İxtisasca həkim-terapevtdir. 1991-ci ildən Ağsu Rayon Mərkəzi Xəstəxanasında işləyir. Qaynarinfo)

Dünya bazarlarında kənd təsərrüfatı məhsulları neçəyə satılır? – Siyahı

Dünya bazarlarında oktyabrın 28-ə olan qiymətlərə əsasən, kənd təsərrüfatı məhsullarında müxtəlif səviyyəli dəyişikliklər müşahidə olunub. Sozcu.az xəbər verir ki, bəzi məhsulların qiymətində bahalaşma, digərlərində isə ucuzlaşma qeydə alınıb. Qiymətlərə mövsümi faktorlar, ticarət axınları və regional tələb-təklif balansı təsir göstərib. Dünya bazarlarında kənd təsərrüfatı məhsullarının bir kiloqramı üçün orta satış qiymətini belə olub: Qarğıdalı – 0,17 dollar (0,29 manat); Soya – 0,40 dollar (0,68 manat); Düyü – 0,23 dollar (0,39 manat); Yulaf – 0,31 dollar (0,53 manat); Arpa – 0,28 dollar (0,48 manat); Kanola – 0,52 dollar (0,88 manat); Rapıs – 0,52 dollar (0,88 manat); Kartof – 0,14 dollar (0,24 manat); Günəbaxan yağı – 1,31 dollar (2,23 manat); Palma yağı – 0,82 dollar (1,39 manat); Qəhvə – 8,45 dollar (14,37 manat); Kakao – 10,95 dollar (18,62 manat); Çay – 2,38 dollar (4,05 manat); Şəkər – 0,32 dollar (0,54 manat); Süd – 0,37 dollar (0,63 manat); Pendirlər – 3,83 dollar (6,51 manat); Kərə yağı – 7,37 dollar (12,53 manat); Portağal şirəsi – 5,53 dollar (9,40 manat); Pambıq – 1,43 dollar (2,43 manat); Yun – 1,19 dollar (2,02 manat).yeniavaz)

Güclü külək əsəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə oktyabrın 29-u gündüzdən 30-u gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Balakən, Qax, Zaqatala, Şəki, Neftçala, Bərdə, Tərtər, Mingəçevir, Ağdam, Yevlax, Gəncə, Samux, Goranboy, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Qusar, Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu da narıncı xəbərdarlığa uyğundur. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda bu hospitalın 26 milyon manata yaxın vergi borcu var

Paytaxtın Badamdar qəsəbəsində fəaliyyət göstərən Caspian International Hospital MMC-nin külli miqdarda vergi borcu yaranıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hospitalın hazırda dövlətə qarşı 25 milyon 898 min 21.66 manat vergi borcu var. Son iki ayda qurumun borcu 1 milyon manata yaxın artıb. Qeyd edək ki, MMC 2013-cü ildən bəri fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Cəbrayıl Neymət oğludur. Əlavə olaraq, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından aydın olur ki, hospitala qarşı 2010, 2012, 2016, 2019, 2020, 2022, 2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən toplam 15 hal üzrə ümumilikdə 600 manat maliyyə sanksiyası tətbiq edilib.

Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar...

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində qərar verilib. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib. Məlumata görə, Səbail Rayon Məhkəməsində onlar barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Adnanın daha bir şirkəti üzə çıxdı

Azərbaycana qarşı iqtisadi təxribatlarda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə aid daha bir şirkət məlum olub. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, söhbət AZCHEMCO MMC-dən gedir. 2020-ci ilin 28 oktyabrında dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Ruslan Akçurindir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ev 15-də qeydiyyatda olan şirkətin işi kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri və preparatlarının istehsalı, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasınıdan ibarətdir. Şirkətin alt brendləri isə “Azveco”, “Azfruco” və “Black Terra”dır. “Azveco” Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyada yetişdirilən tərəvəzləri Körfəz ölkələrinə çatdırır. “Azfruco” isə yuxarıda qeyd edilən ölkələrin meyvələrini Körfəz ölkələrinə daşımaqla fəaliyyət göstərir. “Black Terra”nın fəaliyyəti isə mikrobioloji həllər vasitəsilə yararsız torpaqları münbit torpağa çevirir. Bundan başqa, “AgriBazar” şirkəti də “AZCHEMCO”nun tərkibindədir ki, bu da kənd təsərrüfatı, texnologiya və insanları bir araya gətirən mərkəzdir. “AZCHEMCO”nun partnyorları arasında “SOCAR LOGİSTİCS DMCC”, “SOCAR CARBAMİDE PLANT”, “AZERBAZALT” Elmi İstehsalat Birliyi, “Caspian Railroad Company”, “Azbrand”, “Azferco”, “Caspian Logistics Solutions”, “İntertek”, “Dreymoor”, “Azersulfate” kimi şirkətlər daxildir. Maraqlı məqamlardan biri də “AZCHEMCO”nun 2023-cü ildə “Azərxalça” ilə əməkdaşlıq anlaşmasıdır. Anlaşmaya əsasən, “Azərxalça” “AZCHEMCO” şirkətinin loqosu olan məhdud sayda xalçalar istehsal etməyə başlayıb. Gələcəkdə şirkət bu xalçaları öz tərəfdaşlarına, o cümlədən çoxlu sayda iri beynəlxalq şirkət və assosiasiyalara təqdim etməyi planlaşdırıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, Adnan Əhmədzadə ulduz futbolçu Lionel Messi ilə görüşərkən ona da xalça hədiyyə etmişdi. İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta “Azərxalça”da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunmuşdu. Adnan Əhmədzadə tərəfindən Azərbaycana gətirilən dünya futbolunun əfsanəvi simalarından biri, Braziliya millisi, “Barselona”nın sabiq futbolçusu Ronaldinyo da COP29 məkanında “AZCHEMCO” pavilyonunu ziyarət edib. Onu povilyonla şirkətin hazırkı direktoru Ruslan Akçurin tanış edib. Eyni tədbirdə İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laportaya da “Azərxalça”da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunmuşdu. Tədbirdə Laportanı şəxsən Əhmədzadə müşayiət edirdi. Qeyd edək ki, daha öncəki məlumatlarda “AZCHEMCO”nun təsisçisi kimi Levent Özdemirin adı çəkilib.

Bakı bazarlarında balıq da BAHALAŞDI

Bakıda mal ətinin bahalaşmasının ardınca digər bir sıra məhsulların da qiymətində ciddi artım müşahidə olunur. Sozcu.az xəbər verir ki, bazarlarda balığın da satış qiyməti artıb. Qiymətlərlə tanış olan əməkdaşımız balığın son günlər 2-3 manat bahalaşdığını müşahidə edib. Məsələn, bir-iki həftə öncə 10-11 manata satılan “Forel” balığı indi 12-13 manata təklif olunur. “Çəki” (“Sazan”), “Kütüm”, “Xəşəm”, “Kefal”, Ağ amur” (“Belamur”), "Xanı" və digər daha çox alınan balıqların da qiymətində ən azı 1-2 manat artım baş verib. Satıcılar bildiriblər ki, balığın qiymətindəki artım tələbatdan irəli gəlir. Mal əti 20-22 manata satılmağa başlayandan sonra nisbətən ucuz olan balığa tələbat artıb. Yaranmış vəziyyətdən istifadə edən topdansatış balıq bazarına nəzarət edənlər qiymətləri qaldırıblar.

Paşinyan erkən seçkiyə hazırlaşır

Ermənistan Baş naziri Nikol Paşinyanın komandasının üzvləri onun növbədənkənar parlament seçkilərinə hazırlaşdığını bildirirlər. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Paşinyanın yaxın çevrəsini təəccübləndirən məqam seçkilərə hələ 8 ay qalmış artıq seçki qərargahının rəhbərinin və təşviqat üzrə müavinin təyin edilməsi olub. Bu tələskənlik hökumət komandasını baş nazirin növbədənkənar seçkilərə hazırlaşdığı qənaətinə gətirib”, - nəşr bildirib. Qəzet yazır ki, bu dəfə seçki qərargahına baş nazirin aparat rəhbəri Araik Arutyunyan təyin olunub. 2021-ci ildə bu vəzifəni müdafiə naziri Suren Papikyan icra edirdi. Qeyd edək ki, Ermənistan parlamentinə növbəti seçkilər 2026-cı ilin iyununda keçirilməlidir.