Zabrat sakini: “Biz xəstəlikdən yox, aclıqdan öləcəyik”

Zabrat sakini: “Biz xəstəlikdən yox, aclıqdan öləcəyik”

İllərdir Zabratın Tramvay küçəsində qəzalı binadan köçürülmə arzusu ilə yaşayan vətəndaşlar indi burada ac qalmamaq barədə düşünürlər. Bakıdan 12 km uzaqlıqda işsiz, pulsuz qalan 11 ailə dövlətdən yardım gözləyir.

“Milləti pis vəziyyətə qoyublar, heç bir köməklik də yoxdur. Özüm də ayda 500 manat kredit ödəyən adamam. Nə bankı dayandırır, nə də ki, millətin qayğısına qalır. Dövlətdən bugünədək 1 manat yardım almamışam. Vətəndaşın heç bir dərdinə yanmırlar”.

Bina sakinləri əsasən muzdlu əməklə çalışan insanlardır. Karantin rejimi elan olunduqdan bəri qazancsız qalıblar. Onlar 190 manatlıq sosial yardım üçün də müraciət ediblər, amma…

“Yoldaşım fəhlə bazarına çıxırdı, 1 aydır ki, oradan da qovublar. Göydəki Allah haqqı biz yeməyə çörək tapmırıq. Böyüklərə deyin, bizə yardım eləsinlər. 190 manat pul ayrılıb, onu ala bilməmişik. Nə hə cavabı verirlər, nə yox…”

Dövlət tərəfindən karantin dövründə işsiz 200 min nəfərə 190 manatlıq maddi yardım ediləcəyini açıqlanmışdı. Ölkə başçısı İlham Əliyev nazirlərlə birgə keçirilən iclasda bu yardımın 600 min nəfərə şamil ediləcəyini bildirib. Maddi yardım üçün müraciət edənlər onlara cavab gələcək günü gözləyirlər.

“Dövlətdən istəyimiz odur ki, bizə yardım eləsin. “Karantin rejimidir” deyib bizi salıblar evə. Son pulumuzu verib kontur alırıq, 142-ə zəng vururuq. Onlar da telefonu götürüb cavab vermədən dəstəyi atırlar yerə“.

Sozcu.az

Facebook Comments