“Koronavirusla mübarizədə ölən yetkililərə şəhid statusu verilməlidir”

Hər hansı bir savaşda, yadellilərin vətənə hücumda bir millətin verdiyi itkilərin xatirəsi əziz tutulur. İslam ölkələrində isə savaş itkilərinə xüsusi ehtiram nümayiş etdirilir. Dünya çapında yoluxucu xəstəlik olan koronavirus pandemiyası da insanların yaşam haqqına müdaxilə edir, onları yaşlı-gənc demədən, vaxtsız öldürür.

Hər bir millət hazırda koronavirus pandemiyasına qarşı müharibədə imiş kimi savaşır, mübarizə aparır, səngərə (evinə) girir, yaşam mücadiləsi verir. Bu mübarizədə tibb işçiləri xüsusi fərqlənir, fədakarlıq göstərir və sözün həqiqi mənasında, müharibədə imişlər kimi, həlak olurlar.

Belə olan halda, mümkündürmü ki, virusa qarşı ümumdünya savaşında verilən itkilərə xüsusi status verilsin? Ya da bu, hər bir ölkənin öz çapında tətbiq olunsun…

Məsələn, Azərbaycan öz itkilərinə koronavirusa qarşı milli müharibədə həlak olmuş şəhid deyə bilərmi? Hamısına olmasa da, bu qorxunc virusa qarşı mübarizə aparan, bilə-bilə həyatını riskə atan və bu zaman yoluxan həkimlərə, polis və başqa xidmət sektoruna aid əməkdaşlara sağ qalarsa qəhrəman, dünyasını dəyişərsə şəhid adı, ya da bir fərqli status verilə bilərmi?

Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu Musavat.com-a açıqlamasında bildirdi ki, dinimizə görə, hazırda pandemiyaya qarşı mübarizə cihad sayılır. Onun fikrincə, indi həkimlərin fəaliyyəti adi həkimlik sayıla bilməz: “İtaliyada 1000-ə yaxın həkim ölüb. İspaniyada nə qədər həkim dünyasını dəyişib. Azəbaycanda da bir həkim dünyasını dəyişib. Orta əsrlərdə hansısa xəstəliyin epidemiya olmasını nədən bilirdilər? Birinci, həkimlər ölürdülər. Xəstəni çağırırdılar, yoxlayırdılar. Xəstənin dərdini tapa bilmirdilər. Amma sonradan həkim ölürdüsə, deyirdilər ki, burada epidemiya var. Tarixən belə olub ki, epidemiyalar həkimlərin ölməyi ilə müəyyən edilib. Çünki ilk dəfə xəstə ilə təmas edən həkim olur. Tibb işçilərinin də ön cəbhədə olmaları, böyük bir fədakarlıq etdikləri anlamına gəlir. İtaliyada həkimlər çıxırlar küçələrə və deyirlər ki, maska yoxdur. Maska taxmadan yüzlərlə koronaviruslu xəstəni müalicə edirlər. Özü də bilirsiz ki, həkimlər yaxın məsafədə təmas edir xəstəyə, inkubasiya edir. Xəstənin boğazına o şlanqı taxmaq üçün ən azı 50 santimetr məsafədə dayanmalısız. 2 metr məsafə prinsipinə riayət edə bilməzsiz. Maskası, qoruyucu şlemi, xüsusi geyimi yoxdursa, təbii ki, öləcək. İngiltərədə ilk ölən üç həkim müsəlman həkimlər oldu”.

S.Cəlaloğlu hesab edir ki, əslində Hippokrat andına görə, bu, hər bir həkimin borcudur. Heç bir həkim “mən bu infeksiyaya qarşı mübarizə apara bilmərəm” deyə bilməz. ADP sədri xatırlatdı ki, bundan öncə Azərbaycanda bir həkimin viruslu xəstədən qorxub, qaçması halı baş vermişdi: “Həmin adamın diplomu əlindən alınmalıdır. O tibb işçiləri ki, epidemiyaya qarşı mübarizədən yayınır, imtina edir, onların diplomu əlindən alınmalıdır. Çünki Hippokrat andını pozurlar. Hippokrat andında birinci cümlə belədir: Mən xəstənin həyatı üçün öz həyatımı qurban verməyə hazıram. Həkimlərin prinsipi budur: onlar bilirlər ki, epidemiya var, 90 faiz ölüm var. Bunu bilə-bilə fəaliyyət göstərirlər. Bir insan bilə-bilə ölümə gedirsə qəhrəman sayılır, qəhrəman olur. Bir həkim də bilə-bilə ölümə gedirsə, ona şəhid deyilməlidir. Şüurlu şəkildə ölümə gedən şəxslərə şəhid deyilir. Allah polisləri də, həkimlər də saxlasın. Amma koronavirusla mübarizədə polis və həkimlərimiz öləcəksə, onlara şəhid statusu verilməlidir. Xüsusən infeksiya sahəsi üzrə fəaliyyət göstərən həkimlərlə bağlı dövlət xüsusi proqram işləyib həyata keçirməlidir. Türkiyədə bu kateqoriyadan olan həkimlərə fərqli kredit, ev verirlər, pulsuz nəqliyyatdan istifadə haqqı verilir. Gecələmək üçün otellərdə pulsuz nömrələr verirlər – bəzi həkimlər evə gedib, ailə üzvlərini yoluxdurmaq qorxusu ilə evinə getmək istəmirsə, otellərdə gecələyirlər. Cəmiyyət bu cür insanlara üstün imtiyazlar verməlidir”.

Müsahibimiz sonda vurğuladı ki, hazırda infeksionistlərin əməkhaqqının 10-15 dəfə artırılması lazımdır. “Onları 200-300 manat məvaciblə ölümün önünə göndərə bilməzsiz”, deyən müsahibimizə görə, eyni gerçəklər polis üçün də keçərlidir.

ADP sədri bildirdi ki, bu vətən üçün belə günlərdə fədakarlıq edənlər xüsusi imtiyazlara sahib olmalı, əgər həyatlarını itirərlərsə, ən yüksək mərtəbə və ada layiq görülməlidirlər.

Sozcu.az

Facebook Comments