Sabah uşaqların I sinfə qəbulu başlayır

6 may 2026-cı il tarixindən etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayır. Sozcu.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir. Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Kaya Kallas Bakıya gəldi

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanda səfərdədir. Sozcu.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb. Kaya Kallas bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnundur: "Xüsusilə, ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var. Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi bizim ortaq strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq". K.Kallas əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş tarixi bir fürsətdir və bu dinamikanı qoruyub saxlamaq vacibdir. "Aİ-nin bunu dəstəkləmək üçün etimad qurucu tədbirlərdən tutmuş minatəmizləmə fəaliyyətinə qədər bir sıra vasitələri vardır ki, bu sahələrdə biz artıq ən böyük donoruq", - o vurğulayıb.

Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhə etmirəm

Azərbaycanla yolların tam açılmasına şübhə etmirəm. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunları ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə brifinqində deyib. Ermənistan lideri bildirib ki, sülh sazişinin imzalanmasına şübhə yoxdur, lakin bu son deyil. Əksinə, saziş imzalandıqdan sonra müxtəlif sahələr üzrə yeni razılaşmaların əldə olunması zəruri olacaq. "Məsələn, nəqliyyat sahəsində artıq razılaşma olmadan da əməkdaşlıq var. Bu baxımdan regiondakı layihələr, o cümlədən beynəlxalq tərəfdaşlarla müzakirə olunan təşəbbüslər çox önəmlidir". Nikol Paşinyan vurğulayıb ki, Ermənistanla Azərbaycan və Türkiyə ilə sərhədin tam açılması da sülhün institusionallaşmasının mühüm addımı olacaq. "Mən buna şübhə etmirəm. Bu, qarşılıqlı tranzit, sərbəst hərəkət və yükdaşımaların təmin olunması deməkdir, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə də daxil olmaqla bütün bunlar dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanacaq" - Baş nazir vurğulayıb.

İlk 3 ayda məişət zorakılığına məruz qalanların statistikası

2026-cı ilin ilk rübü (yanvar-mart ayları) ərzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) məişət zorakılığı ilə bağlı ümumilikdə 134 müraciət daxil olub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova deyib.  Bildirilib ki, daxil olan müraciətlərdən 23-ü kişilər, 106-sı qadınlar, 5-i isə uşaqlar tərəfindən edilib. Kişilər tərəfindən daxil olan müraciətlərin əsas hissəsi psixi zorakılıq, bəzi hallarda isə iqtisadi zorakılıqla bağlı olub. Fiziki zorakılığa məruz qalan kişilərlə bağlı isə Komitəyə hər hansı müraciət daxil olmayıb. Eyni zamanda, kişilərin müraciətlərinin əksəriyyəti övladları ilə ünsiyyət, uşaqların keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması kimi məsələlərlə bağlı olub. "Müraciətlərin növləri üzrə bölgüsünə gəlincə, 31 fakt psixi zorakılıq, 9 fakt iqtisadi zorakılıq, 93 fakt fiziki zorakılıq, 1 fakt isə cinsi zorakılıqla bağlı olub. Qeyd olunmalıdır ki, bu rəqəmlər Komitəyə daxil olan müraciətlərin sayını əks etdirir və hələlik təsdiq olunmuş faktlar hesab edilmir. Müraciətlər aidiyyəti dövlət qurumlarına yönləndirilir və yalnız həmin qurumlardan daxil olan cavab məktubları əsasında faktın təsdiqlənib-təsdiqlənmədiyi müəyyən edilir", - deyə rəsmi məlumatda vurğulanıb. Komitədən verilən məlumata görə, coğrafi bölgüyə əsasən, müraciətlərin 64-ü regionlardan, 70-i isə Bakı şəhərinin rayonlarından daxil olub.

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Mayın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılarda fasilə olacaq. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq.

Mal və qoyun əti kəskin bahalaşacaq

Qurban bayramı ərəfəsində ət və qurbanlıq heyvanın qiyməti hər il artır. Bu il də eyni halın yaşanması gözlənilir. Bayram bu il 27-28 may tarixlərinə təsadüf edir. Bayrama yaxınlaşdıqca tələb çoxaldığı üçün qiymətlər də yüksəlir. Sozcu.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, keçən illə müqayisədə bu il yem, dərman, nəqliyyat və saxlama xərcləri təxminən 20 faiz bahalaşıb: “Fermerlər də heyvanı kəsimə vermək əvəzinə qurbanlıq kimi satmağa üstünlük verir. Ona görə bazarda ət azaldıqca qiymət qalxır. İlkin proqnozlara görə 2026-cı ildə Bakı və ətrafında qoyunun qiyməti 320 manatdan başlayıb 430 manata qədər, keçi 300-400 manat, dana isə 2600 manatdan 4200 manata qədər olacaq. İribaş heyvanı 7 nəfər şərik kəssə, bir nəfərə təxminən 400-600 manat xərc düşəcək. Qəssabxanalarda da qiymət qalxır. İndi 16-18 manata olan mal əti bayramqabağı 19-22 manata, 18-20 manata olan qoyun əti isə 22-25 manata çata bilər. Bayram günü və ondan sonrakı iki gündə qiymətə əlavə 1-2 manat da gələ bilər. Qiymət artımından yayınmaq üçün heyvanı bayramdan 2-3 həftə əvvəl almaq sərfəlidir, çünki son günlər 10-15 faiz baha satılır. Rayonlardan gətirilən heyvanlar da Bakıdakıdan bir az ucuz olur. Bir neçə ailə birləşib dana alsa, hissəbaşı 50-100 manat qənaət etmək mümkündür. Vəkil ilə kəsim də variantdır, onun qiyməti təxminən 800-850 manat civarında olacaq. Ümumilikdə 2026-cı ildə qurbanlıq və ət keçən ilə nisbətən orta hesabla 15-25 faiz bahalaşacaq. Əsas səbəb xərclərin artması və bayramqabağı tələbin çoxalmasıdır”.

Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq

Mayın 5-6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şirvan, Ağsu, Şamaxı, Qobustan, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakının bu ərazilərindəki evlər söküləcək - SƏBƏBİ AÇIQLANDI

Bakının 4 rayonunda sel və daşqınların qarşısını almaq üçün istinad divarları tikiləcək. Bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib. Sərəncamda qeyd edilib ki, istinad divarları Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında inaş ediləcək. Bəs nəzərdə tutulan istinad divarları konkret hansı ərazilər inşa ediləcək? Sözgügedən tikintilərlə bağlı paytaxtın hansı hissələrində söküntülər nəzərdə tutulurmu? Mövzu ilə bağlı “Yeni Sabah”a danışan tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, adıçəkilən rayonların bəzi ərazilərində istinad divarları var: “İstinad divarlarının tikiləcəyi 4 rayonda yerləşən yol infrastrukturu son yağışlarda bərbad vəziyyətə düşdü. Məsələn, Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrində yolun torpaq qatının sürüşməsi nəticəsində nəqliyyatın hərəkəti uzun müddət dayanmışdı. Bu səbəbdən, Səbail, Suraxanı, Binəqədi və Xətai rayonlarında yerləşən yolların kənarlarında istinad divarları tikilir. Təbii ki, hansısa istinad divarının inşası zamanı yol üzərində olan evin və ya başqa tikilinin sökülməsi zəruri olarsa, bu addım atılacaq. Amma ümumən götürsək, onsuz da sürüşməyə meyilli yolların bir çoxunun kənarında istinad divarları mövcuddur. Sadəcə onların bir hissəsi artıq istismar müddətini bitirib. Söküntü prosesi ayrılan məbləğ əsasında görüləcək işlərin həcmindən asılı olacaq. İstinad divarlarının inşası zamanı bəzi vətəndaşların köçürülməsi mümkündür”. Ekspert vurğulayıb ki, istinad divarları yalnız torpaq sürüşməsinin qarşısını almaq məqsədi ilə çəkilir: “İstinad divarları subasmadan qorumur. İstinad divarları yalnız torpağın çöküntüsü və sürüşmənin qarşısını alır. Təbii ki, bəzi ərazilərdə istinad divarları yağan yağışın istiqamətini dəyişə bilər. Bu isə ancaq divar boyu kanallar çəkilməklə mümkündür. Güclü yağıntılar zamanı torpağın dərinliyində boşalmalar baş verir və boşalma səbəbindən, hündür ərazilərdəki torpaq qatı sürüşür. Həmin ərazilərdə çəkilən istinad divarları yalnız torpaq sürüşmələrinin qarşısını alacaq”.

Trampdan narazı qalanların sayı rekord vurdu

ABŞ Prezidenti Donald Trumpın fəaliyyətindən narazı olanların sayı rekord həddə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin sifarişi ilə “Ipsos” şirkəti tərəfindən keçirilən sorğunun nəticələrində qeyd olunub. Məlumata görə, Donald Trampın fəaliyyətini bəyənməyənlərin göstəricisi 62 faizə yüksəlib. Nəşr vurğulayır ki, Trampın iki prezidentlik dövrü ərzində bu qədər yüksək narazılıq səviyyəsi ilk dəfə qeydə alınıb. Sorğuda iştirak edən amerikalılar xüsusilə Tramp administrasiyasının İranla bağlı siyasətindən narazı olduqlarını bildiriblər. Respondentlərin 66 faizi prezidentin İran siyasətini dəstəkləmədiyini, yalnız 33 faizi isə müsbət qiymətləndirdiyini deyib. Bundan əlavə, ABŞ sakinləri ölkədəki iqtisadi vəziyyətdən də narazıdırlar. Sorğu iştirakçılarının 76 faizi yaşayış xərclərinin yüksək olmasından şikayət edib. Bununla yanaşı, Trampın miqrasiya siyasətini dəstəkləyənlərin sayı daha yüksək olub. Respondentlərin 45 faizi prezidentin bu sahədə fəaliyyətini müsbət qiymətləndirib. Qeyd edək ki, sorğu aprelin 24-28-i tarixlərində keçirilib və araşdırmada 2,5 mindən çox insan iştirak edib.

Avropa liderləri Tbilisiyə gəlməli idi, İrəvana yox - Saakaşvili

Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili İrəvanda keçirilən Avropa Siyasi Birliyi Sammiti ilə bağlı diqqətçəkən açıqlama verib. Sozcu.az xəbər verir ki, Saakaşvili məhkəmə çıxışı zamanı Avropa liderlərinin Tbilisi əvəzinə İrəvana getməsindən narazılığını ifadə edib. O bildirib ki, Tbilisi tarixən Qafqazın əsas siyasi və regional mərkəzi olub və əgər onun hakimiyyəti dövründə yürüdülən siyasi kurs davam etsəydi, sammit məhz Gürcüstan paytaxtında keçirilərdi: “Kim şübhə edir ki, əgər mənim kursum bu gün davam etsəydi, bütün Avropa liderləri Tbilisiyə gələcək və İrəvana əlavə 40 dəqiqə uçmaq məcburiyyətində qalmayacaqdılar? Gürcüstan hazırda 2013-cü ilin Ermənistanına çevrilib, Ermənistan isə  2012-ci ildən əvvəl daha çox Gürcüstana bənzəyirdi".

Prezident İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir.

Bu binalarda evi olanların diqqətinə - 50 faizlik artım olacaq?

“Xruşşovka” tipli köhnə binaların bazar dəyəri son illərdə artma tendensiyası göstərir. Bu artımın arxasında bir neçə iqtisadi və sosial amil dayanır. Xüsusilə söküntü ilə bağlı gözləntilər və kompensasiya imkanları bazara təsir edir. Eyni zamanda yeni tikililərin yüksək qiyməti köhnə binalara tələbatı artırır. Bu faktorlar birlikdə daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasına ciddi təsir göstərir.  Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, “Xruşşovka” tipli köhnə binaların söküləcəyi ilə bağlı gözləntilər özlüyündə qiymət artımına səbəb olan amillərdən biridir: "Bunun səbəbi ondan ibarətdir ki, bir sıra vətəndaşlar və investorlar düşünürlər ki, söküntü zamanı yüksək kompensasiya almaq mümkündür və ya həmin ərazilərdə yeni binalar tikildiyi halda, müvafiq sahəyə uyğun olaraq yeni mənzil əldə etmək olar. Bu isə hazırda “Xruşşovka” tipli binaların qiymətinin ən azı 50 faiz artmasına gətirib çıxara bilər. Lakin bu yanaşma risklidir, çünki söküntünün nə vaxt baş verəcəyi, həmin ərazidə yeni binanın tikilib-tikilməyəcəyi və ya veriləcək kompensasiyanın kvadratmetr üzrə hazırkı bazar dəyərindən nə qədər yüksək olacağı hələlik qeyri-müəyyən məsələlərdir". O deyib ki, bahalaşmanın başqa bir səbəbi yeni tikili binaların həddən artıq yüksək qiymətlə bazara çıxarılmasıdır: "Bu vəziyyət vətəndaşları ya həyət evlərinə, ya da köhnə binalara yönəldir və nəticədə köhnə binalara tələbatın davam etməsinə gətirib çıxarır. Beləliklə, həm söküntü ehtimalları, həm də yeni binalara maddi imkan çatmayan vətəndaşların köhnə binalara üz tutması qiymət artımını formalaşdıran əsas səbəblərdir. Üçüncü amil isə köhnə binaların hələ də ipoteka predmeti kimi istifadə olunmasıdır. Halbuki şəhərin yenilənməsi məqsəd qoyulursa, yeni binaların daha çox təşviq olunması daha məqsədəuyğun olar. Köhnə binalar isə zamanla mərhələli şəkildə sökülərək şəhər mühitinin yenilənməsinə şərait yaratmalıdır".

Trampın bu paylaşımı müzakirə yaratdı

ABŞ Prezidenti Donald Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsində ABŞ və İranın hərbi güclərini müqayisə edən qalmaqallı paylaşım edib. Sozcu.az xəbər verir ki, Trampın paylaşdığı fotoda iki ölkənin Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin vəziyyəti qarşı-qarşıya qoyulub. Paylaşımda İranın sabiq Ali Lideri Seyid Əli Xameneinin öldürüldüyü, ölkənin bütün hərbi hava və dəniz güclərinin, eləcə də HHM sistemlərinin tamamilə məhv edildiyi iddia olunur. Müqayisəli fotoda ABŞ ordusunun isə bütün sahələr üzrə 100% döyüş hazırlığı vəziyyətində olduğu göstərilib. Xatırladaq ki, aprel ayından bəri tərəflər arasında kövrək atəşkəs elan olunsa da, hər iki tərəf tez-tez hərbi ritorika ilə bir-birini hədələməkdə davam edir.

“Mübahisəli qətnamə: Sülhə dəstək, yoxsa yeni risk?”

“Avropa Parlamentinin qətnaməsi tənqid olunur: ‘Sülhə deyil, gərginliyə xidmət edir’” Avropa Parlamentinin Ermənistanla bağlı qəbul etdiyi son qətnamə Azərbaycanda tənqidlərə səbəb olub. Sənədin xüsusilə 12 və 13-cü bəndlərinin regionda sülh prosesinə mənfi təsir göstərə biləcəyi iddia edilir. Məsələ ilə bağlı açıqlama verən Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı bildirib ki, həmin bəndlər Vladimir Putinin Qafqaz siyasəti ilə üst-üstə düşür və həm Azərbaycana, həm də Ermənistana yönəlmiş təzyiq elementləri daşıyır. Onun sözlərinə görə, qətnamədə yer alan bəzi müddəalar regionda sülhə xidmət etmir, əksinə, qarşıdurma riskini artırır: “Bu tələblər bütövlükdə Qafqazda sülhə, konkret olaraq Ermənistanda demokratiyaya və Nikol Paşinyan hakimiyyətinə qarşı yönəlib.” S. Soltanlı qeyd edib ki, Ermənistan cəmiyyətinin böyük hissəsi, o cümlədən Qarabağdan köç etmiş ermənilərin əksəriyyəti artıq bəzi məsələlərdən imtina etdiyi halda, onların yenidən gündəmə gətirilməsi regionda gərginliyi artırır: “Qayıdış məsələsinin və digər mübahisəli mövzuların yenidən qabardılması düşmənçiliyi qızışdırmaqdan başqa bir məqsəd daşımır.” O əlavə edib ki, bu yanaşma Ermənistanda qarşıdan gələn siyasi proseslərə də təsir göstərə bilər və Paşinyanın rəqiblərinə əlavə arqumentlər verir: “Belə bir vəziyyətdə həm Rusiya, həm də Avropa tərəfindən oxşar mövqelərin səsləndirilməsi Paşinyanın rəqiblərinin əlini gücləndirir və sülh prosesinə zərbə vurur.” Sonda bildirilib ki, qətnamə formal olaraq Ermənistanda demokratiyaya dəstək kimi təqdim edilsə də, reallıqda bu sənədin bəzi müddəaları həm sülhə, həm də demokratik proseslərə mənfi təsir göstərir.

Saleh Məmmədovun yaxın qohumları işdən azad edildi

Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədovun ailə üzvləri olan vəzifəli şəxslər işdən çıxarılıb. Sozcu.az Gundeminfo.com-a istinadla xəbər verir ki, onlardan biri 1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin rəhbəri, S.Məmmədovun yeznəsi Dilavər Həmzəyev MMC ötən həftə ləğv edildiyinə görə işini itirib. S.Məmmədovun AAYDA-da yüksək vəzifə tutan əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri Zaur Həmzəyev, xalası oğlu - 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri Araz Bəndəliyev, qardaşı oğlu - 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi Toğrul Həmzəli, bacısı - AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri Təhminə Həmzəyeva, bacısı - "Azəryolelmitəhqiqatlayihə" İnstitutunun baş mühasibi Mətanət Həmzəyeva, yeznəsi - 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi Ustubat Niftəliyev ötən həftə tutduqları vəzifələrdən azad ediliblər. Məlumata görə, AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirli Nazirlər Kabinetinə müraciət edib. NK-ya təqdim edilən yeni sənədlərdə AAYDA-nın strukturunun yenidən formalaşdırılması nəzərdə tutulur. Həmin sənədə əsasən, ilkin olaraq Azərbaycan Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş AAYDA struktunun dəyişdirilməsi nəzərdə tutulur. Belə ki, Dövlət Agentliyinin strukturuna daxil olan, AAYDA tabeliyindəki hüquqi şəxs statusuna malik olmayan təşkilatların (MMC) ləğv edilməsi nəzərdə tutulur. Eyni zamanda AAYDA-nın filal və nümayəndəliklərinin də yenidən formalaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, ötən həftə AAYDA-nın “1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib. Hazırda Agentliyin tərkibində daha 7 belə MMC mövcuddur. Yaxın zamanlarda bu MMC-lərin də ləğv ediləcəyi bildirilir. Əlavə edək ki, bundan əvvəl AAYDA-da 9 vəzifəli şəxsin vəzifəsindən azad edilməsi barədə məlumat yayılmışdı.

Sahib Məmmədov yeni stansiyanın tikiləcəyindən danışdı: “Pul silməyə yer tapmırlar, deyəsən?”

Bir xəbər oxudum və dəhşətə gəldim. "Bakı Metropoliteni" QSC dövlət proqramının bir hissəsi olaraq, Nizami stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyini açıqlayıb. Stansiya Mərkəzi Parkın altında yerləşəcək və Nizami stansiyasına qoşulmanı təmin edəcək. Bu, sadəcə ağılsızlıqdır. Sozcu.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. O xatırladıb ki, 28 May-Nizamı xətti kesson üsulu ilə tikilib: “Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib”. S.Məmmədovun sözlərinə görə, həmin ərazi yeraltı suların aktiv zonsıdır: “Yeni layihə son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir. Pul silməyə yer tapmırlar deyəsən?”pravda)

BƏƏ-nin OPEK-dən çıxması Trampın qələbəsidir

BƏƏ-nin OPEK-dən çıxması Tramp üçün qələbədir və o, təşkilatı neft qiymətlərini şişirdərək dünyanın qalan hissəsini soymaqda günahlandırdı. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” yazıb. “Bu addım xaosa səbəb ola və daxili fikir ayrılıqlarına baxmayaraq, adətən özünü vahid cəbhə təqdim etməyə çalışan OPEK-i zəiflədə bilər. Bu, həmçinin OPEK-in faktiki lideri Səudiyyə Ərəbistanına ciddi zərbə vurur”, - məlumatda qeyd olunub. Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən OPEK və OPEK+ təşkilatlarını tərk edəcək.

Bilmirəm nə edək, çox çətin vəziyyətdəyik - Prezident

Ağ Evdən, Tehrandan və ya regiondan verilən hər hansı bir mesaj yalnız neftin qiymətini artırır. Ən yaxşısı budur ki, heç kim heç nə deməsin, ən azından neftin qiyməti artmasın.Və beləliklə, hər dəfə neftin qiymətini sabitləşdirməyə çalışanda qiymət qalxır. Sozcu.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. “İndi sizə deyirəm ki, artıq nə edəcəyimi bilmirəm, biz artıq aksiz vergisinin 25 faizindən imtina etmişik. Regiondakı səkkiz ölkədən altısında yanacağın qiyməti bizdəkindən bahadır. Mən bilmirəm daha nə edək - ümumiyyətlə dövlətin bütün gəlirlərindən imtina edək? Biz çox mürəkkəb vəziyyətdəyik", - deyə o bildirib.

Onların ölkədən çıxışı məhdudlaşdırılacaq

Gömrük borcunu ödəmədən ölkədən çıxış məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Dəyişikliyə əsasən, xarici ticarət iştirakçısı gömrük borcunu ödəmək öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcək.

Azərbaycanda bu məktəblər bağlanır? - Agentlik direktoru DANIŞDI

Azərbaycanda xüsusi təhsil müəssisələrinin bağlanacağı ilə bağlı iddialara aydınlıq gətirilib.   Sozcu.az-ın xəbərinə görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov aprelin 28-də keçirdiyi brifinqdə deyib ki, həmin təhsil müəssisələrinin bağlanması gündəmdə deyil: “Xüsusilə məktəblərlə bağlı bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan təhsil xidmətlərinin ləğv edilməsi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir. Bu qrupdan olan uşaqlar üçün nəzərdə tutulmuş xüsusi təhsil müəssisələri fəaliyyətini davam etdirir və onlara lazımi xidmətlər göstərilir”.

Ermənistan Cilizə kəndini qaytarır?

Ermənistanın şimalında, Gürcüstan sərhədinə yaxın yerləşən və Alaverdi icmasına daxil olan Cilizə kəndinin demarkasiya prosesi çərçivəsində təhvil verilə biləcəyini iddia ediblər. Sozcu.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Nazeli Baqdasaryan sərhəd demarkasiyası çərçivəsində Cilizə kəndinin Gürcüstana veriləcəyi barədə yayılan məlumatları təkzib edib. “Yayılan məlumatlar dezinformasiyadır. Ölkənin suveren ərazisinin hər hansı hissəsinin təhvil verilməsi ilə bağlı heç bir bəyanat və ya razılaşma mövcud deyil”, – deyə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib. Qeyd edək ki, Ermənistan və Gürcüstan 1992-ci ildən dövlət sərhədinin demarkasiyası məsələsini müzakirə edir. 1996-cı ildən isə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalar fəaliyyət göstərir, lakin proses uzun müddətdir ki, passiv mərhələdədir. Gürcüstan tərəfi Cilizə kəndini Aşağı Kartli vilayətinin ərazisi hesab edir. 

Attestatlar elektron formada veriləcək

Bu tədris ilindən etibarən attestatlar elektron formada təqdim olunacaq. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, şagirdlər attestatlarını istənilən vaxt onlayn əldə edə biləcəklər: "Bu, 300 minə yaxın şagirdi əhatə edəcək".

Sabahın hava proqnozu: 20 dərəcə isti

Aprelin 29-da gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti, bəzi yerlərdə 16° isti olacaq.

Lökbatan və Səngəçalda yeni körpülər tikiləcək - qərar

Bakı şəhərinin Qaradağ rayonunda bir sıra mühüm infrastruktur layihələrinin icrası nəzərdə tutulur. Sozcu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 aprel tarixli sərəncamına əlavədə öz əksini tapıb. Sənədə əsasən, Lökbatan-Güzdək yolunun 2,2-ci kilometrliyində yerləşən düzbucaqlı suötürücü borunun bərpası, həmçinin həmin ərazidə biraşırımlı yeni körpünün layihələndirilərək tikilməsi planlaşdırılır. Bununla yanaşı, Səngəçal-Çeyildağ yolunun 13-cü kilometrliyində dağılmış körpünün əvəzinə yeni körpünün layihələndirilməsi və inşası da nəzərdə tutulan tədbirlər sırasına daxildir. Qeyd edək ki, əlavədə yer alan tədbirlər güclü yağıntılar nəticəsində zərər görmüş yol-nəqliyyat infrastrukturunun bərpası və bölgələrdə nəqliyyatın təhlükəsizliyinin təmin olunmasına xidmət edir.