“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun birlik üzvlərinə, Qazax və Ağstafa rayonlarından olan iş adamlarına və Qazax mahalının ziyalılarına MÜRACİƏTİ

Əziz qazaxlılar və ağstafalılar!

Hörmətli ictimai birlik üzvləri!

Hamıya məlum olduğu kimi son günlər dünyanı cənginə alaraq ildırım sürətilə yayılan ümumbəşəri bəla olan Koronavirus pandemiyası artıq Azərbaycan sərhədlərini də keçərək ölkəmiz üçün ümumdövlət və ümumxalq problemə çevrilmişdir.

Hələ bu dəhşətli virus Çində tüğyan etdiyi bir dönəmdə bu təhlükənin bütün dünyaya yayılacağı təqdirdə qabaqlayıcı tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti bu təhlükəyə qarşı səfərbər edilmiş, tez bir zamanda Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq bu pandemiyanın ölkəmizə yaşadacağı insan tələfatının qarşısının alınması və iqtisadiyyata dəyən ziyanın minimum olması üçün əsaslı işlər görülməyə başlanılmışdır. Mart ayından başlayaraq ölkəmizdə koronavirus təhlükəsinin qarşısının alınması ilə bağlı dövlət tərəfindən daha ciddi addımlar atıldı. Öncə ölkədəki bütün ali, orta, peşə təhsil müəssisələrində, kolleclərdə və uşaq baxçalarında təlim-tərbiyə və tədris fəaliyyəti dayandırıldı, səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçdi. Daha sonra Operativ Qərargahın qərarlarına əsasən bəzi həyatı əhəmiyyətli müəssisə və təşkilatlar istisna olmaqla ölkə ərazisində fəaliyyət göstərən əksər təşkilat və müəssisələrin fəaliyyəti dayandırılmış və işçilər əmək haqqı ödənilməklə məzuniyyətə göndərilmişdir.

Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva öz çıxışlarında və xalqa müraciətlərində əhalini bu bəladan birgə xilas olmağa çağıraraq, hər kəsi həmrəyliyə dəvət etmişlər.

Bu gün dövlət bütün imkanlarından istifadə edərək maksimum formada bu təhlukəli pandemiyanın qarşısını almağa çalışır. Bu işlərdə biz hər birimiz də cənab prezidentin çağırışlarına qoşularaq həmrəy olub, karantin qaydalarına ciddi əməl etməliyik.

Hamımıza məlumdur ki, bizim vətəndaşlardan bir çoxu müəyyən müəssisə və təşkilatlarda, o cümlədən özəl müəssisələrdə günəmuzd işləyirdilər. Həmin müəssisələr hazırda fəaliyyətini dayandırdığı üçün bu orada çalışan insanların iqtisadi vəziyyətinə pis təsir etmişdir. Sosial yardıma ciddi ehtiyacı olan insanlara dövlət tərəfindən müvafiq köməklik göstəriləcəkdir. Lakin dövlətlə yanaşı bizlər də bu işlərdə vətəndaşlıq mövqeyi göstərərək öz həmvətənlərimizin yanında olmalı, yaşayış şəraitləri ilə maraqlanmalı, onlara maddi və mənəvi dəstək göstərməliyik.

Bir neçə gün öncə “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin və Birliyin Ağsaqqallar Şurasının üzvləri ilə onlayn müzakirələr keçirdik və cənab Prezidentimizə və xalqımıza dəstək olaraq, Qazax mahalının insanlarının yanında olmaq, ehtiyacı olanlara ictimai birlik adından kömək etmək qərarına gəldik. Buna uyğun olaraq Qazax və Ağstafa Rayon İcra Başçılarından rayonun ərazisində yaşayan, köməyə ehtiyacı olan, imkansız ailələrin siyahısının təqdim olunması xahiş edilmişdir. Onlar bizim təklifimizə dəstək vermiş və məmnuniyyətlə kömək etməyə razılıq bildirmişlər. Bununla əlaqədar onlara öz təşəkkürümüzü bildiririk.

Siyahılar təqdim olunduqdan sonra “Qazax” Xeyriyyə İctimai Birliyinin Qazax və Ağstafa rayonlarındakı üzvləri müvafiq şəhər və kənd icra nümayəndələri ilə birgə birliyin göndərdiyi yardımları ehtiyacı olan, imkansız ailələrə təqdim edəcəklər. Qeyd edək ki, hələlik Birliyin üzvləri tərəfindən Qazax və Ağstafa rayonlarında yaşayan və ehtiyacı olan 1000 ailəyə yardım etməyi nəzərdə tuturuq, bu birdəfəlik yardım deyil, biz bu işi imkan daxilində davam etdirəcəyik.

Onu da diqqətinizə çatdırıram ki, artıq yardımların verilməsinə başlanılmışdır. Belə ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilən yardımlarla yanaşı, “Qazax” XİB-nin üzvü olan, hamımızın yaxşı tanıdığımız iş adamı, “Carçıoğlu” şirkətinin rəhbəri Elçin Carçıyev tərəfindən Qazax rayonunda 386 imkansız ailəyə, o cümlədən şəhid ailələrinə maddi və ərzaq köməkliyi göstərilmişdir. Bu işlər Qazax rayon icra hakimiyyətinin təşkilati köməkliyi ilə həyata keçirilir. Şirkət rəhbəri bu işi davamlı olaraq edəcəyini də bildirib. Bundan əlavə “Qazax Hotel”in rəhbəri Xəyyam Sanıyev də çağırışlarımıza qoşularaq Qazax rayonunda yardıma ehtiyacı olan 100 ailəyə köməklik etmişdir və bu işlərini davam etdirəcəyini də bildirmişdir. Ağstafa rayonundan olan iş adamları Vüqar Əsədoğlu və Elşad Məmmədov bu işə qoşularaq, hər biri 100 ailəyə ərzaq yardımı göstərmişlər. Bu iş adamlarının hər birinə “Qazax” XİB-in İdarə Heyəti adından minnətdarlığımızı bildirir və ÇOX SAĞ OLUN deyirik!

Qazax mahalının iki canlı korifey insanı, Azərbaycanımızın fəxrləri olan Xalq şairi Nəriman Həsənzadə və akademik Teymur Bünyadov da bu çağırışlarımıza qoşularaq öz əmək haqqılarından müəyyən vəsait ayırmışlar.

Mən, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərinə, eyni zamanda Qazax mahalının imkanlı şəxslərinə üzümü tutaraq bu çətin günlərdə ölkə Prezidentinin çağırışına qoşulub, Sizləri ehtiyacı olan insanlara, ailələrə dəstək olmağa, yardım etməyə çağırıram. İnanın ki, çətin günün ömrü az olar. Hər biriniz bu etdiyiniz yaxşı əməllərin savabını həm Uca Allah tərəfindən, həm də dəyərli insanlarımız tərəfindən alacaqsız. Bu çağırışa qoşulmuş hər bir insanın ən kiçik dəstəyi belə bizim tərəfimizdən qeyd ediləcək və bütün bunlar İctimai Birliyin hesabatında öz əksini taparaq saytımızda və “Dəli Kür” qəzetində qeyd olunacaqdır. Belə bir həssas və incə bir məqamda hamımız səfərbər olmalıyıq. Bu hər birimiz üçün bir sınaqdır. Zaman gələcək ki, biz bu çətin günlərin öhdəsindən birlikdə gəldiyimizə və etdiyimiz əməllərə görə fəxr edəcəyik və el-oba arasında başı uca, üzü ağ olacağıq.

Hər birinizi bu ağır və çətin dönəmdə, eyni zamanda məsuliyyətli günlərdə bir olmağa dəvət edirəm. Uca Tanrı xalqımızı, dünyamızı qorusun!

Biz bir yerdə güclüyük!

Hörmətlə,

“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov

E-mail: [email protected]

Telefon: 050 235 15 11

055 692 97 71

055 222 79 42

Facebook Comments