“Onlara 250 manat ödəniş olmalıdır”

Nazirlər Kabinetinin koronavirusla bağlı atılacaq addımlarla diqqətlə tanış oldum, gəlin birlikdə tədbirlər planını araşdıraq. Çox təəssüf ki, 1 aydır yazdıqlarımızdan nəticə çıxarmadılar, yardım, əsasən, leqal biznesin bir qismində çalışan leqal işçilərə və biznes subyektlərinə aid edilib:

1) Azərbaycanda son rəsmi məlumata görə qeyri-dövlət sektorunda muzdla çalışan 729 min işçi var. Təsdiqlənən plana görə onlardan ancaq 300 mininə əmək haqqı ilə bağlı yardım ediləcək. NK-nin məntiqinə görə bu 300 min işçi hökumətin qərarı ilə tamam qapadılan sahələrdə (turizm, ictimai iaşə, qeyri-ərzaq satışı və s.) çalışdıqları üçün onlara, ortalama, 712 manat əmək haqqı ödəniləcək. Yerdə qalan 429 min işçi ilə bağlı belə bir qərar yoxdur, yanaşmanın məntiqi budur ki, həmin sahələr rəsmən qapadılmayıb. Tamam, böyük suprermarketlərdə, ərzaq dükanlarında, apteklərdə çalışanları anladıq – onların işi var, maaşlarını da alacaqlar. Yeri gəlmişkən, bir çox Avropa ölkələrində supermarketlər şəbəkəsində çalışanları “risk qrupuna” aid ediblər, onların işi virusa yoluxma riskinin yüksək olduğu işdir, ona görə də maaşlarını 20-50% arası artırıblar. Həm də ona görə ki, indiki şəraitdə supermarketlər şəbəkələrinin dövriyyəsi və qazancı xeyli yüksəlib. Bizdə təəssüf ki, nə qədər insanın məhz ərzaq mağazaları və apteklərdə çalışdığı dəqiq bilinmir, ən azı, ayrıca belə statistika yoxdur. Fəaliyyəti rəsmən qadağan edilməyən, amma karantin rejiminə görə dövriyyələri, qazancları olmayan sahələr də var: Məsələn, kimyəvi təmizləmə, avtomobil ehtiyat hissələri satışı, təmiri, yuyulması, mebel istehsalı, satışı ilə məşğul olanlar, taksi şirkətləri və s. – bu sahələr çalışa bilər, amma küçədə insan, müştəri yoxdursa onlar kimdən nə qazanacaqlar?! Həm də insanların prioritetləri dəyişib – ancaq ərzağa, kommunal sahəyə və aptekə pul xərcləyirlər, hamı qənaət rejiminə keçib, bəs bu sahələrdə çalışan iş adamları öz işçilərinin maaşını nə ilə ödəsinlər?! 2) Məmləkətdə mart ayının 1-nə olan rəsmi məlumata görə işsiz kimi qeydiyyatdan keçən 90 min 800 vətəndaş var idi, Tədbirlər Planında isə 200 min nəfər işsiz kimi qeyd olunub və onların hər birinə 190 manat ödəniş olacaq – əla, olsun, amma cəmi bir aya işsiz sayı necə oldu ki, 109 min 200 nəfər artdı?! Bundan sonra görəsən real işsizlik rəqəmləri hesablanacaqmı?! Hökumət anladımı ki, statistikanı siyasiləşdirmək olmaz – bunun ciddi fəsadları var. Yeri gəlmişkən, bu ödəniş cəmi 2 ay nəzərdə tutulub, 3) Plana əsasən cəmi 2 aylıq 50 min sosial iş yerləri yaradılacaq, bunun üçün 30 mln. manat nəzərdə tutulub – deməli, adambaşına hər ay 300 manat maaş olan iş yerləri olacaq, amma bu sosial iş yerləri nə deməkdir, bunun açması yoxdur. Çox güman, bəzi sahələrə könüllüləri cəlb edib maaş verəcəklər – olsun, pis qərar deyil, amma müvəqqətidir, 4) DSMF-ə əlavə olaraq 200 mln. manat ayrılıb ki, sosial müavinətlərin və təqaüdlərin fasiləsiz ödənişləri təmin edilsin – normaldı, düz ediblər, 5) Əhaliyə verilən elektrik limitinin artırılmasına görə İqtisadiyyat və Maliyyə Nazirliklərinə 10 mln manat vəsait ayırıblar. Limitin ləğvi əhalinin 95%-nə təsir etməyəcək, ancaq böyük villalar, çoxotaqlı mənzillər limitin artırılmasına görə ayda 4 manat qənaət edəcəklər, 6) Tələbələrin təhsil haqlarının ödənilməsinə 40 mln. manat ayrılıb – doğru qərardır, sadəcə sənəddə bu güzəştin kimə və necə ayrılacağı öz əksini tapmayıb, 7) Dövlətin sərnişindaşıma şirkətlərinə, qurumlarına 280 mln. manat kompensasiya veriləcək – Metro, BNA və AZAL arasında vəsait bölünəcək, 8) Hələ tam mexanizm yazılmasa da, ilkin təlabat mallarının bir qismi ƏDV-dən azad ediləcək – düzgün yanaşmadı, 9) Orta və kiçik biznesə vergi və kredit faizləri güzətləri olacaq – bir az qəliz mexanizm düşünülüb, bu haqda ayrıca izahlı yazı yazacam, 10) Sahibkarlığın İnkişaf Fonduna əlavə 50 mln. manat ayrılıb – güya, bu günə qədər o Fondun nə pozitiv işi olub ki, hələ bir əlavə vəsait də ayrılsın?!

Tədbirlər Planı indiki çətin duruma adekvat deyil, leqallaşmanı təşviq etmək üçün nəzərdə tutulub – adi, işçi rejimdə yaşayan zaman təklif olunsaydı fəlsəfəsini anlayar və dəstəkləyərdim. İndi qeyri-leqal çalışanlara dərs vermək zamanı deyil. Plan çox sadə olmalıdır, ölkədə 1 mln.-la, 1,5 mln. arası günəmuzd, müqaviləsiz çalışan insan var – onlara toxunacaq heç bir addım yoxdur, sosial vəziyyəti ən ağır olan qrup da məhz həmin kəsimdir. Təcili olaraq həmin şəxsləri əhatə edən əlavə proqram qəbul edilməli, 1 ay öncə təklif etdiyimiz kimi, onlara birdəfəlik, heç olmasa minimum əmək haqqı səviyyəsində ödəniş olmalıdır – indi ən vacib məsələ məhz budur. Bu artıq sosial təhlükəsizlik məsələsidir…

Natiq Cəfərli

İqtisadçı

Facebook Comments