“Dövlət büdcəsində adambaşına 255 manat məbləğində artıq vəsait var”-İqtisadçı

Azərbaycan Dövlət Neft Fondundan büdcəyə köçürülən vəsaitin 31,66 faizini Fondun aktivlərinin satışından əldə edilən gəlirlər təşkil edib. Maliyyə Nazirliyinin açıqlamalarına görə, bu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7 810,9 mln manat, xərcləri 5 254,8 milyon manat olub.

Sozcu.az-ın xəbərinə görə, iqtisadçı Qubad İbadoğlu deyib ki, birinci rübdə dövlət büdcəsinin mədaxilinin 32,5 faizi və yaxud 2 536,3 mln manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb.

Dövlət Neft Fondundan (DNF) dövlət büdcəsinə 4 631 mln manat vəsait transfert edilib ki, bu da mədaxilin 59,3 faizini təşkil edib. Dövr ərzində DNF-dən dövlət büdcəsinə transfer proqnoza nisbətən 1 793,5 mln manat və ya 1,6 dəfə çox olub.

DNF-dən büdcəyə köçürülən vəsaitin 61,34 faizini Fondun 1 rüb üzrə cari gəlirləri, 31,66 faizini isə Fondun aktivlərinin satışından əldə edilən gəlirlər təşkil edib. Əslində hələ böhran başlamış Fondun aktivlərinin satışa çıxarılması ciddi narahatlıq doğurur.

Dövlət büdcəsinin xərclərinə gəlincə, onun 48 faizi və ya 2 519,8 mln manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib.

Bu ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 3 919,9 mln manatı və ya 74,6 faizi cari xərclərə, 930,3 mln manatı və ya 17,7 faizi əsaslı xərclərə, 404,6 mln manatı və ya 7,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Aprel ayının 1-ə dövlət büdcəsində 2 556,1 milyon manat profisit yaranıb. Dövlət büdcəsinin profisitinin proqnoza qarşı əhəmiyyətli dərəcədə artması əsasən dövlət büdcəsinə DNF-dən proqnozdan artıq 1 793,5 mln manat vəsaitin köçürülməsi hesabına olub. Hazırda dövlət büdcəsində 2 milyard 556 milyon 100 min manat (adambaşına 255 manat 61 qəpik) məbləğində artıq vəsait vardır.pravda.az

Facebook Comments