Ruben Vardanyana hökm oxundu

11:23 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib. Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Ramazan ayı başlayır - Təqvim açıqlandı

Ramazan ayının təqvimi açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Qeyd edək ki, Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edəcək. Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Ramazan bayramı isə martın 20-də olacaq.

Elektron siqaretlərin satışına görə cərimə: 5 min manat...

Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşir. Sozcu.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılam sənədə əlavə edilən yeni maddəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər. Qanun qəbul edildiyi təqdirdə, aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Senator Kiyevdən çağırış etdi: “Tomahavk”, F-16 verin!..

Fikrimcə, Vladimir Putin sülhdə maraqlı deyil. Buna görə də biz Ukraynaya hərbi yardımı davam etdirməliyik. “Tomahavk” raketləri, “Patriot” sistemləri üçün raketləri, daha çox F-16 təyyarəsi, dron istehsalı və digər zəruri silahlar verilməlidir. Sozcu.az xəbər verir ki, bunu Kiyevdə səfərdə olan amerikalı senator Riçard Blumental deyib. Senator çıxışında Rusiyaya qarşı yeni sanksiyalarla bağlı ABŞ Konqresində müzakirə olunan qanun layihəsini də xatırladıb. Onun sözlərinə görə, sənədin qəbulu Moskvaya sarsıdıcı iqtisadi təzyiq göstərəcək və Kreml sülh danışıqlarına məcbur olacaq.

Ukrayna Rusiyada neft emalı zavodunu vurdu

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında yerləşən “İlski” neft emalı zavoduna zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Məlumata görə, PUA hücumu nəticəsində zavodda yanğın baş verib. “Yanğın təxminən 700 kvadrat metr ərazini əhatə edib. Xəsarət alan yoxdur. Neft çəni zədələnib. Yanğını söndürmək üçün 72 nəfər və 21 texnika çalışır. Hadisə yerində yanğınsöndürmə qatarı da var”, - məlumatda qeyd olunub.

Rostovda azərbaycanlılara şok qadağa...

Rusiyanın Rostov vilayətindəki miqrantlara 2026-cı il aprelin 1-dən dekabrın 31-dək kuryer fəaliyyəti, eləcə də qida, içki və tütün məhsullarının topdan və ya pərakəndə satışı ilə məşğul olmaq qadağan ediləcək. Sozcu.az xəbər verir ki, vilayət qubernatorunun 11 fevralda verdiyi fərmana əsasən, onlara quru və boru kəməri nəqliyyatında, eləcə də poçt xidmətlərində iştirakına məhdudiyyət tətbiq ediləcək. Martın 1-dən etibarən həmçinin miqrantlara qiymətli metalların satışı və fitnes mərkəzlərinin fəaliyyətində iştirak etmək də qadağan edilir.. Bildirilib ki, hazırda regionda 400 mindən çox fərdi sahibkar kuryer kimi çalışır. Onların arasında əcnəbilərin nisbəti Moskva və ya Sankt-Peterburqdakından daha aşağıdır. Vəkil Svetlana Leusovanın sözlərinə görə, qadağa yalnız iş icazəsi ilə işləyən miqrantlara şamil ediləcək. Avrasiya İqtisadi Birliyi ölkələrinin (Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan) vətəndaşlarına məhdudiyyətlər təsir etməyəcək. Azərbaycan, Moldova, Tacikistan, Özbəkistan vətəndaşlarından, eləcə də Abxaziya “vətəndaşlarından” iş icazəsi almaq tələb olunur.

Ermənistanın elektrik şəbəkəsi Türkiyəyə verilir?

Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin Türkiyə şirkətinin idarəetməsinə veriləcəyi barədə yayılan məlumatları təkzib edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Onun sözlərinə görə, rusiyalı iş adamı Samvel Karapetyana məxsus olan “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsindən sonra Türkiyə şirkətinə ötürülməsi məsələsi gündəmdə deyil və belə bir variant hətta nəzəri müstəvidə də müzakirə olunmur. Mesropyan mətbuat konfransında bildirib ki, müxalif dairələr tərəfindən səsləndirilən bu iddiaların heç bir obyektiv əsası yoxdur. O, həmçinin 2025-ci ildə Komissiyanın üç nümayəndəsinin guya Türkiyəyə səfər edərək “Elektrik Şəbəkələri”nin satışı ilə bağlı danışıqlar apardığı barədə yayılan məlumatları da əsassız adlandırıb. “Bu, gülməli olmasaydı, kədərli olardı. Belə məsələ gündəmdə yoxdur və hazırda şirkətin hansısa Türkiyə şirkətinə satılması üçün heç bir real zəmin görmürəm”, – deyə Komissiya sədri vurğulayıb.

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib. İlkin məlumata görə, "Qazel" markalı yük maşını kənd sakini 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub. Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.

Şəkidə epilepsiya xəstəsi kanala düşərək ölüb

Şəkidə epilepsiya xəstəsi kanala düşərək ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində baş verib. Cəyirli sakini 1993-cü il təvəllüdlü Abuzər Əsgərov kənd ərazisindəki kanala düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb. Mərhumun epilepsiya xəstəsi olduğu bildirilir. (Report)

"Harop" dronları Ermənistana ötürülüb?

İsrail istehsalı olan və Azərbaycanın 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 44 günlük müharibədə geniş tətbiq etdiyi "Harop"  kamikadze dronunun analoqunun Ermənistanda təqdim edilməsi müzakirələrə səbəb olub. Modern.az-ın məlumatına görə, Ermənistanın “Davaro” şirkəti tərəfindən nümayiş etdirilən Dragonfly-3 pilotsuz aparatı xarici mediada mümkün texnologiya ötürülməsi iddialarını gündəmə gətirib. İsrailin “Globes” nəşri ehtimal edir ki, sızma Hindistan xətti ilə baş verə bilər. Belə ki, "Israel Aerospace Industries"  (IAI) şirkəti Harop istehsalçısıdır və Hindistan İsrailin ən böyük hərbi sifarişçilərindən biridir. “Made in India” siyasəti çərçivəsində bəzi istehsal və texnologiya elementlərinin lokallaşdırılması isə suallar doğurur. Bununla belə, IAI yayılan iddiaları qəbul etməyib və bütün layihələrin İsrail qanunvericiliyi və Müdafiə Nazirliyinin ixrac qaydalarına uyğun icra olunduğunu bildirib. Hərbi ekspertlər qeyd edirlər ki, "Dragonfly-3" xarici görünüş baxımından "Harop" a bənzəsə də, texniki göstəricilərinə görə xeyli geri qalır. Ermənistan dronunun maksimal sürəti 126 km/saat, döyüş başlığının çəkisi isə 5 kiloqramdır. Müqayisə üçün, "Harop"  417 km/saat sürət yığır və 16 kiloqramlıq döyüş başlığı daşıyır. Bu isə zərbə gücü və effektivlik baxımından ciddi fərq yaradır. "Haqqin.az" saytı isə qeyd edir ki, Ermənistanın yeni dronu siyasi və psixoloji mesaj xarakteri daşıyır, lakin hazırkı texniki səviyyə hərbi balansı dəyişəcək miqyasda deyil. Azərbaycan isə müasir və daha inkişaf etmiş silah sistemləri ilə üstünlüyünü qoruyur.

Rusiyada benzinin qiyməti kəskin bahalaşdı

Rusiyada yanacaq qiymətləri Ukraynanın Rusiyanın neft emalı zavodlarına PUA-larla endirdiyi yeni zərbələrdən sonra maksimum səviyyəyə yüksəlib. Sozcu.az xəbər verir ki, bu barədə “Moskva Tayms” nəşri yazıb. Nəşr Sankt-Peterburq Birjasının məlumatlarına istinadən yazır ki, 9–13 fevral tarixləri arasında Аİ-92 markalı benzinin orta topdansatış qiyməti 6,9% artaraq bir tonu 62 431 rubla çatıb. 95 markalı benzin isə ötən həftə ərzində 5,8% bahalaşaraq bir tonu 63 545 rubla yüksəlib. “Qiymət artımı ötən ilin iyulundan bəri ən kəskin artım olub”, – məlumatda qeyd olunub. Bu gün keçirilən hərracların yekunlarına görə, 95 markalı benzinin qiymət artımı davam edib. Bu markanın birja kotirovkaları iki ayın maksimumunu yeniləyərək tonuna 63 787 rubla çatıb. Nəşr benzinin bahalaşmasının əsas səbəbi kimi Ukrayna pilotsuz aparatlarının Rusiya neft emalı zavodlarına endirdiyi zərbələri göstərir.

Universitetlərdə dərslərin başlaması yollara təsirsiz ötüşmədi

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 7. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 10. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 11. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 12. Babək prospekti, mərkəz istiqamətində; 13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 14. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 16. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Gəncədə tələbə qızlar zəhərləndi

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər üç şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib, hazırda vəziyyətləri kafidir. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Zaqatala rayon sakinləri olan hər 3 şəxsin tələbə olduğu bildirilir.

Dəhşətli rəqəmlər açıqlandı - Rusiya çökür!

Bir neçə gündən sonra Rusiyanın Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başlatdığı cinayətkar müharibənin dördüncü ili tamam olacaq. Dörd il əvvəl heç kim müharibənin bu qədər davam edə biləcəyini təsəvvür etmirdi. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib. O bildirib ki, müharibəyə başlarkən Putin bir neçə gün ərzində qələbə qazanacaqlarına əmin idi: “Bu əminlik Rusiyanın informasiya müharibəsinə də sirayət etmişdi. Moskvanın şiddətli informasiya müharibəsinin təsiri və təzyiqi altında bəşəriyyətin böyük bir kəsimi Rusiyanın qısa müddətdə qalib gələcəyinə inanırdı. Bəşəriyyətin kiçik qisimi Ukraynanın bir neçə ay müqavimət göstərə biləcəyini, ancaq sonda Rusiyanın qalib gələcəyini düşünürdü. Çox cüzi sayda insan isə Ukrayna xalqının alçaq işğalla barışmayacağı qənaətində idi. Müharibənin dördüncü ilinin başa çatması ərəfəsində böyük əksəriyyət artıq Rusiyanın bu müharibədən salamat çıxa bilməyəcəyini düşünür”, - o bildirib. Politoloq NATO-nun Baş katibi Mark Ruttenin sözlərindən sitat gətirib: “Rutte rusları Ukraynadakı müharibənin dayandırılması üçün əllərindən gələni etməyə çağıraraq bildirib ki, bu müharibə Rusiyanı məhv edir. Rusiyanın məğlubedilməzliyinə inananlar NATO Baş katibinin sözlərini şübhə altına ala bilərlər. Lakin bu, heç nəyi dəyişməyəcək. Dördüncü ili başa çatmaqda olan müharibə həqiqətən də Rusiyanı məhv edir. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) mütəxəssisləri 2025-ci ilin hesabatında qeyd ediblər ki, Rusiya ordusunun itkiləri 1.198 milyon nəfərə çatıb. CSIS-in hesabatında qeyd edilir ki, təkcə 2025-ci ildə Rusiya qoşunları ölü və yaralı olaraq 425 000 nəfər itirib ki, bu da ayda orta hesabla təxminən 35 000 nəfər deməkdir. Bu rəqəmlərin heyrətamizliyi ondan ibarətdir ki, İkinci Dünya müharibəsindən bəri heç bir aparıcı ölkə heç bir müharibədə belə dəhşətli itki verməyib. Koreya müharibəsində Amerika 54 400, Vyetnam müharibəsində 47.300 və Əfqanıstandakı əməliyyatlar zamanı cəmi 2400 hərbçi itirib. Sovet İttifaqının sonunu gətirən Əfqanstan müharibəsində SSRİ Rusiyanın Ukrayna müharibəsindəki itkilərindən 17 dəfə az hərbçi itirmişdi. Rusiyanın Ukraynadakı itkiləri 1945-ci ildən bəri SSRİ və Rusiyanın, iki Çeçen müharibəsi də daxil olmaqla, bütün müharibələrdəki itkilərindən 5 dəfə çoxdur. Bu qədər dəhşətli itkilərin müqabilində Rusiya 24 fevral 2022-ci ildən bəri Ukrayna ərazisinin cəmi 12 faizini işğal edə bilib. CSIS-in başqa bir araşdırmasına görə, Rusiyanın Ukraynada irəliləmə sürəti Birinci Dünya müharibəsi də daxil olmaqla, 1916-cı ildən bəri baş vermiş bütün hərbi əməliyyatların ən yavaşıdır. Rusiya ordusunun döyüş təlimatlarına görə hücum əməliyyatı aparan ordu gün ərzində 1.5-3 kilometr sürəti ilə irəli getməlidir. 24 fevral 2022-ci ildə başlayan cinayətkar müharibədə isə Rusiya ordusunun irəliləmə sürəti ay ərzində 1.5 kilometr təşkil edib. Yəni, Rusiya ordusu özünün döyüş təlimatlarında göstəriləndən 30-60 dəfə yavaş sürətlə irəliləyir. Belə bir müharibəni daha bir neçə il davam etdirməyə isə heç bir dövlətin resursları yetməz. Belə ağır müharibə istənilən dövləti çökdürməyə qadir və Rusiyada müşahidə olunan çöküş də bunun nəticəsidir. Rusiyanın çöküş mərhələsinə daxil olduğunu rəsmi qurumların “redaktə olunmuş” hesabatları da təsdiq edir. Rusiya Dövlət Federal Statistika Xidmətinin (Rosstat) hesabatına görə, 2025-ci ilin ilk 11 ayının nəticələrinə görə, Rusiya şirkətlərinin ümumi zərərləri 7.5 trilyon rubla çatıb. “İzvestiya” qəzetinin məlumatına görə, Rusiyada restoran, kafe və barlar kütləvi şəkildə bağlanmağa başlayıb. Alina Kabayevaya yaxınlığı ilə tanınan “İzvestiya” qəzetinin bu məlumatı Rusiyanın çöküşünün təsdiqidir. Çünki böhran ən sonuncu məhz xidmət sahələrinə, xüsusilə də restoran, kafe və barlara təsir edir. Əgər restoran, kafe və barlar bağlanırsa, deməli, istehsal sahələri artıq çöküb. Rusiya Dəmir Yollarının mənfəəti əvvəlki ilə nisbətdə 76 faiz azalıb. RDY ən böyük borcu olan Rusiya şirkətləri sırasında üçüncü yerdədir. Ötən ilin əvvəlində RDY-nin xalis maliyyə borcu artıq 3.5 trilyon rubla çatmışdı. Ehtimala görə, son bir ildə bu borc təxminən üçdə bir qədər də artıb. Rusiyanın Avropaya boru kəməri vasitəsilə qaz ixracı 2025-ci ildə 44 faiz azalaraq 1975-ci ildən bəri ən aşağı səviyyə düşüb. Rusiyanın qaz nəhəngi “Qazprom” ötən il Avropaya cəmi 18 milyard kubmetr qaz ixrac edib. Halbuki Sovet İttifaqı 1975-ci ildə Avropaya 19.3 milyard kubmetr qaz ixrac etmişdi. Bunun nəticəsində Rusiyanın qaz nəhəngi “Qazprom”un dəyəri Çinin uşaq oyuncaqları istehsal edən “Pop Mart”dan bir neçə milyard dollar ucuzdur. “Pop Mart”ın səhmlərinin ümumi dəyəri 42 milyard dollardır. Putin “fatehlik” niyyətinə düşdüyü zaman, 2008-ci ildə “Qazprom” dünyada üçüncü ən böyük şirkət idi və səhmlərinin ümumi dəyəri 348 milyard dollar təşkil edirdi. O zaman Rusiya rəsmiləri “Qazprom”un 1 trilyon dollara qədər bahalaşacağını əminliklə bəyan edirdilər. Putinin “fatehliyi” nəticəsində isə “Qazprom”un dəyəri kəskin aşağı düşərək, bu gün 2008-ci ildəkinin təxminən 10 faizini təşkil edir. Rusiya neftin bir barrelinə 27 dollar endirim etməsinə baxmayaraq, ötən ay aylıq hasilatının ancaq yarısını sata bilib. Bunun nəticəsində Rusiya neftini daşıyan tankerlər üzən saxlama qurğularına çevrilib”. Politoloq əminliklə əlavə edib ki, Rusiya çökür və artıq bu prosesin qarşısını heç nə və heç kim ala bilməz: “Yeni dünya düzəni isə Rusiyanın xarabalıqları üzərində qurulacaq”.

Atəşkəsə hazırıq, lakin... - Zelenski

Atəşkəsə hazırıq, ancaq ABŞ və Avropa ilə təhlükəsizlik zəmanətləri razılaşdırıldıqdan sonra... Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Bizə təhlükəsizlik, təhlükəsizlik zəmanəti, atəşkəs lazımdır",- o bildirib. Dövlət başçısının sözlərinə görə, hazırda Amerikanın təhlükəsizlik zəmanətləri ilə bağlı cavabları konkret olaraq qalır.

İrandan ABŞ-a gözlənilməz təklif: Sanksiya ləğv edilsə...

İran nüvə danışıqları çərçivəsində ABŞ-a böyük iqtisadi razılaşma təklif edib. Tehran sanksiyaların ləğvi müqabilində neft-qaz yataqlarına və aviasiya bazarına çıxışı açmağa hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb. Məlumata görə, İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya üzrə direktor müavini Həmid Qənbəri bəyan edib ki, gələcək razılaşmanın uzunömürlülüyünü təmin etmək üçün ABŞ həm də yüksək və tez gəlir gətirən sahələrdə birbaşa iqtisadi fayda əldə etməlidir. O qeyd ki, hazırda tərəflər neft və qaz yataqlarına, dağ-mədən sənayesinə birgə sərmayə qoyuluşu, mülki təyyarələrin alınması məsələlərini müzakirə edirlər: "Danışıqlarda neft və qaz yataqlarında ortaq maraqlar, birgə yataqlar, mədən sənayesinə investisiyalar və hətta təyyarələrin alınması da daxildir".

Trampın Ukrayna ilə bağlı mövqeyi rüsvayçıdır - Klinton

Tramp administrasiyasının Ukrayna ilə bağlı mövqeyi rüsvayçıdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Münhen Konfransındakı panel müzakirələrində deyib. “Ukraynanı Putinlə kapitulyasiya müqaviləsinə razılaşmağa məcbur etmək cəhdi rüsvayçılıqdır. Mən inanıram ki, Putin və Trampın Ukrayna xalqının əzab və ölümündən faydalanmaq üçün göstərdiyi səylər tarixi bir səhv və ən yüksək səviyyəli korrupsiyadır. Ukrayna demokratiyamız, azadlıq və sivilizasiya dəyərlərimiz uğrunda ön cəbhədə mübarizə aparır və minlərlə insanı itirir”, - Klinton bildirib.

Bu rayonlarda güclü külək əsir – Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 10:00-a olan məlumatına əsasən, gecə saatlarında ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Sozcu.az xəbər verir ki, bu barədə xidmətin məlumatında qeyd edilib. Qeyd olunub ki, düşən yağıntının miqdarı Şahbuzda 7, Şərurda 6, Ordubad, Sədərəkdə 4, Astara, Naxçıvanda 2, Culfa, Yardımlı, Lənkəran, Daşkəsəndə 1 mm-dək qeydə alınıb. Qərb küləyi əsib, küləyin maksimal sürəti Kəlbəcərdə 27, Şahdağda 25, Bakıda və Abşeron yarımadasında 21, Culfa, Daşkəsəndə 20, Goranboyda 19, Mingəçevir, Naftalan, Şamaxıda 18, Lerikdə 17, Qobustan, Altıağac, Yardımlıda 16, Şəkidə 15 m/s-dək güclənib.

Yadplanetlilər mövcuddur - Obama

Yadplanetlilər mövcuddur. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama deyib. “Onlar mövcuddur, amma mən onları görməmişəm. Və onlar necə deyərlər, 51-ci zonada saxlanılmır. Orada heç bir yeraltı bazalar yoxdur. Orada böyük bir sui-qəsd nəzəriyyəsi var və bütün bunları hətta ABŞ prezidentindən belə gizlədiblər?”, - Obama bildirib.

Ruslar həftədə 7-8 min əsgər itirir - Rubio

Düşünmürəm ki, Ukrayna-Rusiya müharibəsində kimsə qalib gəlir. Ruslar artıq həftədə yeddi və ya səkkiz min əsgərini itirir. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. “Ukrayna enerji infrastrukturuna gecə hücumları da daxil olmaqla, fövqəladə ziyana məruz qalıb. Bu ölkəni yenidən qurmaq üçün milyardlarla dollar və illər lazım olacaq. Bu, mənasız bir müharibədir. Yəqin ki, yer üzündə iki tərəfi bir araya gətirərək bu müharibəni danışıqlar yolu ilə başa çatdırmaq potensialını müzakirə edə biləcək yeganə millətik. Bunun çox unikal bir öhdəlik olduğunu düşündüyümüz üçün imtina etməyəcəyik. Təəssüf ki, bu, reallaşmaya da bilər. Ümid edirəm ki, reallaşacaq”, - o bildirib.

Avropa masada olmalıdır, silahın pulunu o verir - Sikorski

Avropa Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar masasında yer almağa layiqdir, çünki müharibənin pulunu ödəyir. Sozcu.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib. "Biz Ukraynanı təchiz etmək üçün Amerika silahları alırıq. ABŞ-ın əlavə yardım paketinin müddəti keçən il başa çatıb. Əgər biz pul ödəyiriksə, əgər bu, təkcə Ukraynanın deyil, bizim də təhlükəsizliyimizə təsir edirsə, onda biz masada yer almağa layiqik, çünki bu müharibənin nəticəsi bizə də təsir edəcək. ABŞ-ın bu danışıqlarda aparıcı rol oynaması təbii idi, çünki hərbi yardımın əsas hissəsini təmin edən ABŞ idi. Amma mən istərdim ki, amerikalı qonaqlarımız bilsinlər ki, biz indi bu münaqişənin pulunu ödəyirik", - o bildirib.

Suriyalı məşhur müğənni Hələbdə öldürüldü

Suriyanın keçmiş rəhbərliyini tərifləyən mahnılar ifa etməsi ilə məşhur olan müğənni Camal Əsəf Hələb şəhərində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə “Suriya TV” məlumat yayıb. “Camal Əsəf Hələbin Əl-Furdus rayonunda onu saxlamağa cəhd edən təhlükəsizlik patrulu ilə atışma zamanı öldürülüb”, - telekanal bildirib. Məlumata görə, atışma zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşı da yaralanıb.

II Qareginə cinayət işi açılıb

Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı cinayət işi açılıb, onun ölkədən çıxışı qadağan edilib. Sozcu.az xəbər verir ki, bu barədə onun vəkili Ara Zöhrabyan məlumat verib. O qeyd edib ki, bu, Arman Saroyanın vəzifəsindən azad edilməsi ilə bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə bağlıdır. Əvvəllər bu iş üzrə 6 yüksək vəzifəli kilsə xadiminə qarşı ittiham irəli sürülüb və onların ölkədən çıxışı da qadağan edilib. Vəkil bildirib ki, bu, hakimiyyətin Avstriyada keçiriləcək Yepiskoplar Şurasını pozmaq cəhdləri ilə birbaşa bağlıdır. Zöhrabyan katolikosa qarşı ittihamları hakimiyyətin tarixi və utancverici hərəkəti, eləcə də Kilsənin daxili işlərinə birbaşa müdaxilə adlandırıb.

ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO

ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Vaşinqtonu “Avropanın övladı” adlandırıb. Sozcu.az xəbər verir ki, o, transatlantik birliyin davam etdirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, ABŞ-ın məqsədi Qərbin zəifləməsi deyil və Vaşinqton Avropa ilə münasibətləri ayırmaq yox, yeniləmək istəyir. “Bizim evimiz Qərb yarımkürəsində ola bilər, amma biz həmişə Avropanın övladı olacağıq”, – deyə Rubio qeyd edib. Rubio çıxışında kütləvi miqrasiya və sənayesizləşmə ilə bağlı narahatlıqlara da toxunaraq Qərbin “idarə olunan tənəzzülü” ilə barışmayacaqlarını vurğulayıb. Onun sözlərinə görə, ABŞ zəif müttəfiqlər istəmir, çünki bu, Amerikanı da zəiflədir. Rubionun çıxışı Avropada müxtəlif reaksiyalar doğurub. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen onun nitqindən “çox arxayın” qaldığını bildirib, Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə Rubionu “əsl tərəfdaş” adlandırıb. Bununla belə, bəzi siyasətçilər ABŞ administrasiyasının ümumi kursunda ciddi dəyişiklik görmədiklərini deyiblər. Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis çıxışın tonunun daha yumşaq olduğunu, lakin mövqenin dəyişmədiyini vurğulayıb. Münhen Konfransı bu il dəyişən dünya nizamı, ABŞ-Avropa münasibətləri və Çinlə bağlı siyasət fonunda keçirilir Qeyd edək ki, konfransda əsas müzakirə mövzularından biri Ukraynadakı müharibə olub. ABŞ-ın vasitəçiliyi ilə Cenevrədə sülh danışıqlarının növbəti raundunun keçirilməsi planlaşdırılır. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevdən “həddindən artıq çox güzəşt” tələb olunduğu təəssüratı yaranır və bu güzəştlər əsasən Ukrayna kontekstində müzakirə olunur. Rubio isə ABŞ-ın sülh səylərindən geri çəkilməyəcəyini desə də, Rusiyanın bu prosesə nə dərəcədə ciddi yanaşdığının aydın olmadığını qeyd edib.