Corc Vaşinqton Universiteti Azərbaycan üçün mütəxəssislər hazırlayacaq

Martın 12-də ADA Universiteti və ABŞ Corc Vaşinqton Universiteti arasında kompüter elmləri üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramına dair saziş imzalanıb.

Layihə Azərbaycanın dövlət proqramı çərçivəsində həyata keçirilir və qismən BP şirkəti tərəfindən maliyyələşdiriləcək.

Mərasimdə təhsil naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger, BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qari Cons iştirak ediblər.

İkili diplom proqramı kompüter elmləri və DATA təhlili üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Corc Vaşinqton Universitetinin tədris planı əsasında bu universitetin professorları tərəfindən həyata keçiriləcək proqramın məzunları kompüter elmləri və DATA təhlili sahəsində bilik və bacarıqlara yiyələnəcəklər.

Proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADA Universitetində magistratura səviyyəsinə qəbul aparılacaq.

Magistratura səviyyəsində təhsilin 5 semestrinin 3-ü Bakıda, 2 semestri Vaşinqtonda təşkil ediləcək. Proqram üçün tələbələrin seçimi Corc Vaşinqton Universiteti tərəfindən həyata keçiriləcək. Məzunlara hər iki universitetinin diplomları veriləcək.

Hafiz Paşayev bildirib ki, beş il ərzində 100 tələbə magistr diplomu alacaq, onlardan 20-i doktor kimi hazırlanacaq.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, ADA Universitetindən öncə, bu ilin yanvarında Azərbaycan Dövlət Pedaqoji Universiteti Corc Vaşinqton Universiteti ilə təhsildə idarəetmə ixtisası üzrə magistr prtorqamı üzrə müqavilə imzalayıb.

ABŞ səfiri Li Litzenberger bildirib ki, proqramın həyata keçirlməsi nəticəsində yetişəcək mütəxəssislər Azərbaycanda inkişaf etməkdə olan komputer texnologiyaları və komputer mühəndisliyi texnologiyalarına töhfə verəcək.

Sozcu.az

Facebook Comments