Hüquq müdafiəçiləri güc qurumlarını müşahidəçilərə qarşı zorakılıq aktlarını araşdırmağa çağırıblar

Hüquq müdafiə təşkilatlarının Monitorinq Qrupu Azərbaycan baş prokuroruna və DİN başçısına – Zakir Qaralova və Vilayət Eyvazova müraciət göndərərək, 9 fevral növbədənkənar parlament seçkiləri zamanı zorakılıq halları ilə bağlı narahatlıqlarını bildiriblər.

Xüsusilə qadınların – 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsinin 13 saylı məntəqəsində Könül Süleymanlının və 76 saylı Lənkəran-Astara Seçki Dairəsinin 16 saylı məntəqəsində Jalə Bayramovanın vəhşicəsinə döyülməsi faktları qeyd edilib. Hər iki faktı təsdiq edən videomateriallar sosial şəbəkələrdə yayılıb.

Hüquq müdafiəçiləri baş prokuroru və DİN başçısını hər iki zorakılıq halını nəzarətdə saxlayaraq hadisəni araşdırmağa, buna rəvac verən və bununla da seçkilərə xələl gətirərək xuliqanlıq edən şəxsləri ciddi cəzalandırmağa çağırırlar.

Müraciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Arzu Abdullayeva imzalayıblar.

Sozcu.az

Facebook Comments