Seçki saxtakarlarının xeyrinə-şərinə getməyək – ÇAĞIRIŞ

Fevral ayının 9-da keçirilən növbədənkənar parlament seçkilərinin kütləvi sürətdə qanun pozuntuları və saxtakarlıqla keçirilməsi haqda kifayət qədər videolar paylaşılıb və namizədlər tərəfindən MSK-ya şikayətlər ünvanlanıb. Parlament seçkisində seçki komisiyası üzvlərinin etdikləri seçki cinayətləri cəmiyyət tərəfindən qəzəblə qarşılanıb. Seçki saxtakarlarının xeyir-şər məclislərində iştirak etməməklə bağlı çağrışlar edilib.

Ümid Partiyasının sədr müavini Rüfət Muradlı özünün feysbuk səhifəsində, “Heç olmasa səsinizi oğurlayanlara, saxta yolla “seçilənlərə” və “seçənlərə” öz etirazınızı səssiz şəkildə bildirin. Onsuz da sayları heç on faizi belə ötmür o zavallıların” – yazaraq, cəmiyyətə müraciət edib:

“Hakimiyyətin zor maşını müqabilində açıq etiraz etməyə cəsarəti olmayanların nəzərinə.
Heç olmasa səsinizi oğurlayanlara, saxta yolla “seçilənlərə” və “seçənlərə” öz etirazınızı səssiz şəkildə bildirin. Onsuz da sayları heç on faizi belə ötmür o zavallıların.
Onlara salam verməyin, salamlarını almayın, qohumluq əlaqələrinizi kəsin, qonşuluq münasibətlərinə son qoyun, toyunuza dəvət etməyin, yasına getməyin, kənardan öz baxışlarınızla narazılığınızı ifadə edin, utandırın!

O qədər utandırın ki, cəmiyyətdə arzuolunmaz olduğunu anlasın. Anlaya-anlaya da sonunda ləyaqətsiz davranışlarından üz çevirib ADAM olsun!”

Sozcu.az saytının rəhbəri Elşən Əlisoy da oxşar status yazaraq, saxtakarlarla münasibətləri kəsməyə səsləyib:

“Gəlin bir millət olaraq seçki saxtakarlarına qarşı ictimai qınaq formalaşdıraq. Seçkidə xalqın səsini saxtalaşdıran bu saxtakarları toylarımıza cağırmayaq, qapılarına xeyrə- şərə getməyək, saxtakarlıqdan əl çəkməyənə kimi heç vaxt hörmət qoymayaq, nə işimizə yarasın, nə işinə yarayaq. Ümumiyyətlə bunlar bizdən nəsə bir mövqe görməlidirlər ya yox…?!”

Anar Rəsullu

Facebook Comments