Rusiyada təyyarə sərt eniş etdi, pilotlar öldü

Rusiyanın Krasnoyarsk diyarının cənubunda AN-2 təyyarəsinin qəzaya uğraması nəticəsində hər iki pilot ölüb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, qəzaya uğrayan An-2 təyyarəsi 53 ildir istifadə olunurmuş.

Paşinyanı devirmək istəyən keşişə HÖKM OXUNDU

Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyana hökm oxunub. Sozcu.az xəbər verir ki, o, iki il müddətinə azadlıqdan məhrum edilib. Qərardan bir ay ərzində apellyasiya şikayəti vermək mümkündür. Xatırladaq ki, erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.

İmtahan nəticələri açıqlandı

29 sentyabr 2025-ci il tarixində DİM tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 186 nəfər namizəd qeydiyyatdan keçib. Sozcu.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib. Bildirilir ki, 144 nəfər imtahanda iştirak edib, yalnız 52 nəfər keçid balını toplayıb. 14 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 36% təşkil edib.

Şirkət əməkdaşları saxlanıldı: qadın da var

Azərbaycanda fəaliyyət göstərən şirkətin üç əməkdaşı məsuliyyətə cəlb olunub. Sozcu.az Oxu.az-a istiandən xəbər verir ki, Saloğlu Kommersiya MMC-nin əməkdaşları Məhəmməd Məmmədov, Gülşən Xəlifəyeva və Nicat Həbibov adıçəkilən şirkətin 179 min manatını mənimsəməkdə təqsirləndirilirlər. Faktla bağlı cinayət işi başlanıb və təqsirləndirilən şəxslərdən Nicat Həbibov və Gülşən Xəlfəyeva barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə digər təqsirləndirilən Məhəmməd Məmmədov barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib.

DİN-dən xəbərdarlıq: Bu kodu tanımadığınız şəxslərə verməyin!

Bank kartlarından kiber oğurluq hallarının sayı ümumilikdə kəskin azalsa da, son günlər vətəndaşların bank kartlarına kiber müdaxilə halları yenidən müşahidə olunur. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, xarici nömrələrdən bank əməkdaşı adı ilə daxil olan saxta zənglər və mesajlar kart sahiblərini aldadaraq maliyyə məlumatlarını ələ keçirmə cəhdləridir: "Heç vaxt bank kartınızın PIN kodunu, SMS-ə gələn təsdiq şifrəsini, CVV kodunu və digər məxfi məlumatları tanımadığınız şəxslərlə paylaşmayın. Heç bir bank telefon zəngi və ya SMS vasitəsilə kart məlumatı tələb etmir, belə müraciətlərə inanmayın, onlar saxtadır. Şübhəli zəng və yazışmalara heç bir halda cavab verməyin, əlaqəni dərhal kəsin və nömrəni bloklayın. Əgər kart məlumatlarınızı bölüşmüsünüzsə və ya şübhəli əməliyyat aşkar etmisinizsə, dərhal bankınızla əlaqə saxlayın, kartı blokladın və əməliyyatlar üzrə məlumat verin. Zərərçəkmiş olmusunuzsa və ya saxta zəng barədə məlumatınız varsa, polis orqanlarına müraciət edin və şübhəli nömrə və mesaj barədə məlumat verin. Hər kəsə diqqətli olmağı, kiber təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirik".

Fateh Altaylı bu gün hakim qarşısına çıxır

“Prezidentə qarşı təhdid xarakterli ifadələr" işlətdiyi iddiası ilə saxlanılan türkiyəli məşhur jurnalist Fateh Altaylı bu gün ilk dəfə məhkəmə qarşısına çıxacaq. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumata görə, 5 ildən az olmamaqla həbs cəzası tələbi ilə mühakimə olunan jurnalist Fateh Altaylının ilk məhkəmə iclası keçiriləcək.

Zəncanlı şagird ürəktutmasından öldü

Zəncan əyalətinin Söhreyn kənd məktəbində 14 yaşlı şagird Nima Nəcəfi həyatını itirib. Sozcu.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Məlumata görə, məktəblinin ölümünə məktəb rəhbərliyi səbəb olub. Şagirdin əmisi bildirib ki, məktəb rəhbərliyi artıq çəkidən əziyyət çəkən yeniyetməni məktəb həyətində bir neçə dövr qaçmağa məcbur edib. Qaçdıqdan sonra şagirdlərin arasına qayıdan Nima Nəcəfi yıxılıb və dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Ukrayna ordusu Rusiyada kimya zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Perm diyarındakı Berezniki şəhərinə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Perm diyarının qubernatoru Dmitri Maxonin məlumat yayıb. “PUA hücumu zamanı zavodun işi müvəqqəti dayandırılıb. Hücum nəticəsində yaşayış binasına da zərər dəyib. Binanın sakinləri müvəqqəti yaşayış yeri ilə təmin olunub”, - deyə Maxonin qeyd edib. Şəhərdə “Uralxim” qrupuna daxil olan “Azot” kimya zavodu yerləşir.

Şərurlu İsfəndiyarın işi üzrə ekspert rəyi elan edildi

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə ekspertiza rəyi elan edilib. Linqivistik ekspertiza müəyyən edib ki, İsfəndiyar Axundov verdiyi müsahibələrdə bir neçə dəfə Emil Səməndərovu təhqir edib. Təqsirləndirilən şəxsin vəkilləri Ülvi Nəsibli və Şahbaz Kərimli isə ekspertiza rəyinin ziddiyyətli olduğunu bildiriblər. Vəkil Ülvi Nəsibli AMEA-nın Dilçilik İnstitutundan əlavə müttəxəssis çağırılması ilə bağlı vəsatətlə çıxış edib. Emil Səməndərovun vəkili Asim Abbasov isə qeyd edib ki, linqivistik ekspertizanın rəyində İsfəndiyar Axundovun müvəkkilini təhqir etdiyi açıq-aşkar göstərilib. Bu səbəbdən vəsatətin təmin edilməməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib. Vəkil Asim Abbasov məsələyə rəy verən ekspert Almaz Bayramovanın da prosesə çağırılması üçün vəsatət verib. Məhkəmə vəsatətə baxılmasını təxirə salıb. Növbəti proses oktyabrın 16-na təyin edilib. Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Nəcməddin Sadıkov Füzuliyə getməyimə imkan vermirdi - İTTİHAM

"Biz Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkova Azərbaycan dilində danışmağı öyrədə bilmədik. Nəcməddin Sadıkovun Rusiyaya bağlılığını mən hələ 1993-cü ildən bilirdim". Sozcu.az xəbər verir ki, bu sözləri Milli Məclisin keçmiş deputatı Vahid Əhmədov “Media Türk TV”nin efirində səsləndirib.  V.Əhmədov qeyd edib ki, mərhum prezident Heydər Əliyevin göstərişi ilə Füzuliyə gedərkən onların maşını həmin bölgəyə buraxılmayıb - buna N.Sadıkovun adamları imkan verməyib və Füzulidə ermənilərin olduğunu bildiriblər: “Onlara dedim ki, məndə başqa məlumat var - Füzulidə erməni yoxdur. Soruşdum ki, bunu sizə kim deyib, cavab verdilər Nəcməddin Sadıkov. Çağırdılar, gəldi. Mənə məruzə etdi ki, bəs orada ermənilər var”.  Vahid Əhmədov qeyd edib ki, idddialara baxmayaraq o, Füzuliyə gedib və yolboyu hərbçilərin Füzulidən çıxdığını görüb: “General Zaur Rzayev də yanımda idi. Maşını saxlatdırdım, soruşdum ki, niyə qayıdırsınız? Bildirdilər ki, bizə deyiblər ki, Füzulidə ermənilər var”.  “Füzuliyə gedəndən sonra gördük ki, orada nə erməni var, nə azərbaycanlı. Gedib oturdum icra başçısının otağında, su içdim. Xəbər aldım ki, heç kim yoxdur - həmin əraziləri tamamilə boşaldıblar. Sonra getdik Cəbrayıla. Orada da post yaradılmışdı, həmin postda da Nəcməddinin adamları var idi. Yenə bizə deyirdilər ki, Cəbrayılda erməni var. Amma getdik İcra hakimiyyətinə, dedim görürsünüz də, burada bir nəfər də erməni yoxdur. O vaxtdan başa düşdüm ki, kəndlərin boşaldılması Rusiyanın işidir” – deyə sabiq deputat bildirib. 

Sabahın havası - 24 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb. Qurumdan Sozcu.az-a verilən məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə +13 dərəcədən +16 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə +12 dərəcədən +16 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək, dağlarda gecə +1 dərəcədən +6 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq.

Zelenskidən anons: “Rusiyanı bu silahlarla vuracağıq”

“Ukrayna Rusiyaya qarşı zərbələr endirmək üçün yeni silahlar ala bilər”. Sozcu.az Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Zelenski bildirib ki, Ukrayna son aylarda Rusiyanın mülki və enerji obyektlərinə endirdiyi zərbələrə cavab verməyə başlayıb. “Onlar bizim güclü cavabımızı hiss edirlər. Hazırda Rusiya gündə təxminən 500-600 pilotsuz uçuş aparatdan istifadə edir. Biz isə 100-150 PUA-dan faydalanırıq. Maliyyələşdirməni artırmaqla biz oxşar rəqəmlərə nail ola bilərik”, – Zelenski vurğulayıb. Zelenski həmçinin əlavə edib ki, Ukrayna indiyədək yalnız öz silahlarından uzaqmənzilli hədəflərə zərbələr endirmək üçün istifadə edib. “Wall Street Journal”ın məlumatına görə, ABŞ Rusiyanın enerji infrastrukturuna uzaqmənzilli raket zərbələri üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək.

Sumud basqınını lənətləyirəm – Ərdoğan

Qəzzadakı fələstinlilərə yardım göndərmək məqsədilə yola çıxmış Sumud donanmasına qarşı törədilən bu quldurluğu lənətləyirəm. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “İsrail rəhbərliyinin beynəlxalq sularda dinc insanlara qarşı həyata keçirdiyi bu hücum Qəzzadakı insanlıq əleyhinə cinayətlərini gizlətmək üçün soyqırım dəstəsinin necə dəliyə döndüyünü bir daha sübut edir. Sumud basqını Qəzzadakı vəhşiliyi və qatillərin əsl simasını bütün dünyaya göstərdi. Donanmadakı bütün sərnişinlərin yanındayıq”, - Ərdoğan bildirib. Qeyd edək ki, 37 ölkədən 200-dən çox üzvü olan 21 gəmidən ibarət Sumud donanması avqustun sonunda Barselona limanından yola çıxıb. İsrail Hərbi Dəniz Qüvvələri donanmanı ötən gün Qəzza zolağından 130-150 kilometr aralıda saxlayıb və fəalları girov götürüb. Saxlanılan şəxslər arasında Türkiyə vətəndaşları da var.

Ötən ay temperatur iqlim normasından aşağı olub

Sentyabr ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 14 gün normadan yuxarı (0.3-4.9 dərəcə), 16 gün isə normadan aşağı (0.2-5 dərəcə) olub. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, sentyabr ayının orta aylıq temperaturu 21.4 dərəcə isti olub ki, bu da iqlim normasından 0.5 dərəcə aşağıdır. Ötən ay havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında sentyabrın 3-ü müsbət 37.1 dərəcə, bölgələrdə isə (Kürdəmir) sentyabrın 1-i müsbət 39.8 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında sentyabrın 15-də 11.9 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə sentyabrın 15-də və 23-də 2.5 dərəcə şaxta (Şahdağ) qeydə alınıb: "Sentyabr ayının bəzi günlərində fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Şahdağda 14 sm qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 195 faizi olmaqla (Astara 388 mm) Lənkəran-Astara zonasına, aylıq normanın 249 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 43 mm) düşüb. Yağan intensiv yağışlar nəticəsində ölkə üzrə 5 sel hadisəsi qeydə alınıb". N.Mahmudov qeyd edib ki, sentyabrın 11-də Oğuz rayonunun Başdaşağıl kəndinə, Naxçıvana, Kəlbəcər rayonunun İstisu, İstibulaq, Qoçdaş, Moz, Başlıbel kəndlərinə, Gədəbəy rayonunun Söyüdlü kəndinə, sentyabrın 20-də isə Qəbələ rayonunun Kiçik Əmili kəndinə və İsmayıllı rayonuna dolu düşüb: "Sentyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 8 xəbərdarlıq (sarı və narıncı) verilib. Ümumilikdə ölkə ərazisində 24 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə 28 m/s-dək güclənib."

Nigeriyada qayıq aşdı: azı 26 nəfər boğuldu

Nigeriyada Kogi ştatında Niger çayında qayığın çevrilməsi nəticəsində azı 26 nəfər boğulub. Sozcu.az xəbər verir ki, bu barədə regional hökumət nümayəndəsi bildirib. Məlumata görə, sərnişinlər Edo ştatındakı bazaa gedərkən onların qayığı çevrilib. Xatırladaq ki, Nigeriyada bədbəxt hadisələrin sayı çayların daşdığı və axınların gücləndiyi yağış mövsümündə artır. Qayıqlar Nigeriyanın kənd yerlərində əsas nəqliyyat vasitəsi olaraq qalır.

İstanbulda 5 ballıq zəlzələ: 17 nəfər xəsarət aldı - YENİLƏNİB

İstanbulda baş verən zəlzələ nəticəsində 17 nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyət" qəzeti məlumat yayıb.  Xəsarət alanlar əsasən özlərini binalardan atanlardır. *** Bu gün İstanbulda 5 bal gücündə zəlzələ olub. Sozcu.az-ın məlumatına görə, bu barədə AFAD məlumat yayıb. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

İlham Əliyev Zelenski ilə görüşdü - Foto

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü olub. Sozcu.az xəbər verir ki, Ukrayna Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılmış addımların tarixi əhəmiyyət kəsb etdiyini dedi. Dövlətimizin başçısı regionda davamlı sülhün təmin olunması üçün Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı. Görüşdə Azərbaycanın Ukraynaya humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olundu. Ukrayna tərəfi buna görə təşəkkürünü bildirdi. Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Qubada 3 nəfər göbələkdən ZƏHƏRLƏNDİ

Quba rayonunun Səbətlər kəndində 3 nəfər göbələkdən zəhərlənib. Sozcu.az xəbər verir ki, bir ailənin üzvləri - İqlimə Seyidova, onun əri Seyid Seyidov və övladları Ümman Seyidov meşədən topladıqları göbələyi yedikdən sonra özlərini pis hiss ediblər. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Onlara tibbi yardım olunub və ambulator müalicəyə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Bəşər Əsədi Moskvada zəhərlədilər

Moskvada Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləmək istəyiblər. Sozcu.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Bəşər Əsəd Moskvadakı xəstəxanaların birindən sentyabrın 29-da evə buraxılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir. Qeyd edək ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ötən ilin dekabrından Moskvada yaşayır.

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

Tanınmış türkiyəli yutuber Onur Naci Öztürklər TRT də daxil olmaqla, bəzi kanalların futbol şərhçilərini tənqid edib. Sozcu.az xəbər verir ki, Öztürklər adıçəkilən kanalların aparıcılarını “Qarabağ” klubunun oyunlarını zəif şərh etməkdə ittiham edib. “Azərbaycanda “Qalatasaray”ın, “Beşiktaş”ın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur, rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər. Bizim qollarımıza isə öz qolları qədər sevinirlər. Amma “Benfika” “Qarabağ”a qol vuranda bizim spikerlər qışqıraraq, həyəcanlanaraq şərh etdilər. “Kopenhagen”in hücumunu həyəcanla şərh edirlər. O insanların ölkələrində sizin klubların oyunlarını şərh etməsinə baxmısınız? Bu nə hörmətsizlikdir?” – Öztürklər bildirib.

İlham Əliyev Paşinyanla görüşdü

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Sozcu.az xəbər verir ki, görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

400 minlik qaçaqmalçılıq: vəzifəli şəxslər saxlanıldı

İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığına şərait yaradan vəzifəli şəxslər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb. Qeyd olunub ki, istintaqla Dövlət Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov və həmin şöbəyə təhkim olunmuş "Azərterminalkompleks" Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Etibar Hatəmli və İran vətəndaşı Jafar Rezeyan ilə qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə aralarındakı razılaşmaya uyğun sonuncunun İrandan əldə etdiyi ümumilikdə 400 min manat dəyərində dövlət qeydiyyatından keçməyən, o cümlədən tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələrini və aksiz markasız tütün məmulatlarını gömrük nəzarətindən kənar keçirib Azərbaycan ərazisində aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Vüsal Hüseynov, Asif Hacımuradov, Jafar Rezeyan və Etibar Hatəmliyə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə), 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Vüsal Hüseynov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində məhkəmənin qərarı ilə həbs, Jafar Rezeyan barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Kəskin istilər gəlir

3-9 oktyabr tarixləri arasında Azərbaycan ərazisində havanın temperaturu tədricən yüksələcək. Sozcu.az xəbər verir ki, bu barədə məlumat beynəlxalq hidrometeoroloji mərkəzlərin proqnozunda yer alıb. Bildirilib ki, havanın soyumasına səbəb olan Qara dəniz siklonu regionu tərk edir və sabahdan başlayaraq temperatur 8 dərəcəyə qədər yüksələcək. Hətta oktyabr ayının isti və quru keçəcəyi də qeyd olunub.

Səfərbərliyin 75 əməkdaşının işi prokurorluğa göndərildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2025-ci ilin III rübündə 75 nəfər barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin III rübünü əks etdirən statistik məlumatlarında bildirilib. Məlumata görə, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin müvafiq dövründə 143 əməkdaş (onlardan 54-ü rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. Qeyd olunub ki, cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 35 fakt üzrə 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.