Bu gün Osmanlı imperiyasının yaranması günüdür

Düz 721 il əvvəl – 1299-cu ildə Anadolu Səlcuqlu dövlətinin monqol basqılarıyla zəifləməsi nəticəsində indiki Türkiyənin Söğüt bölgəsində Osman bəy tərəfindən Osmanlı dövlətinin əsası qoyuldu

Osman bəy kim idi?

Osmanlı dövlətinin qurucusu Osman bəyin atası Ərtuğrul Qazi, onun atası da həm də Süleyman Şah kimi tanınan Gündüz Alp idi. Bu adlı-şanlı ailə Oğuz türklərinin 24 boyunun ən nüfuzlularından biri olan Qayı tayfasının başçısı idi.

Osman bəyin atası Ərtuğrul Qazi Səlcuq sultanı Ələddin tərəfindən Bizans sərhəddinə “uc bəyi” olaraq təyin edilmişdi. Ərtuğrul Qaziyə yurd kimi verilən ərazi bugünkü Bursa, Kütahya və Biləcik bölgələrinin olduğu yerdir. Sonradan Söğüt qəsəbəsi Bizansdan alınaraq mərkəz edildi. Və burada 1299-cu ildə Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulub.

Qısa müddətdə ad qazanan Osmanlı dövləti İstanbulun fəthiylə dünya tarixində tam yerini aldı. Avropanın böyük bir hissəsi, Yaxın Şərq, Şimalı Afrika kimi geniş bir coğrafiyada Osmanlı hakimiyyəti 100 illər boyu sürdü.

Osmanlı İmperiyası – Devlet-i Âliyye-i Osmaniyye çoxmillətli və çoxdinli türk dövləti idi. 1922-ci ildə səltənətin qaldırılması və respublikaya keçidin rəsmiləşməsindən sonra Türkiyə dövlətinin tarixində Osmanlı dönəmi bitdi, dövlət mövcudiyyətinə cümhuriyyət olaraq davam etdi.

Osmanlı dövləti tarixdə məşhur Bizans imperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu, yəni İstanbulu ələ keçirdi və öz paytaxtına çevirdi. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdı.

Osmanlı mahiyyətcə əsası 1077-ci ildə Səlcuqlular tərəfindən qurulan Türkiyə dövlətinin tarixində ikinci mərhələni təşkil edir. İmperiya qərbdə Türkiyə və ya türk imperiyası olaraq tanınırdı.

Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairəsi baxımından ən böyük nailiyyətidir. 622 il davam edən bu böyük imperiya Aralıq dənizi və Qara dənizi əhatə edən Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb.

Müxtəlif irq və dinlərdən olan bir çox xalqı torpaqları ilə birlikdə bir dövlətdə birləşdirib. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyası və Britaniya imperiyası olub.

Osmanlı türk imperiyasında 36 sultan hökmranlıq etmiş və XVI əsrin əvvəllərindən etibarən xəlifəlik adı ilə də İslam dünyasının dini hökmranlığını öz üzərinə götürmüşdü.

Qeyri-Avropa dünyasının bütün hissələrindən Avropaya ən yaxın olanı Osmanlı imperiyası idi və bu imperiya ilə avropalılar əsrlər boyu yaxın əlaqələrdə olmuşdular.

Osmanlı imperiyası, ümumiyyətlə, Avropa dövlətlərinə bənzəmirdi. Ölçülərinə görə nəhəng olan bu imperiya dini icmaların toplumundan ibarət idi. Onun əhalisinin əksəriyyəti müxtəlif məzhəbli müsəlmanlar idi. Bir hissəsində yəhudilər, yunanlar, ermənilər və Suriyadakı xristian ərəblər yaşayırdı.

Türklər idarə edən sinif idi və yalnız türklər və ya digər müsəlmanlar orduda xidmət edə bilərdi. Amma hər kəs milliyyətini türkə çevrilə bilərdi. Burada din və ya irqlə heç bir əlaqə yox idi. Bosforun Avropa tərəfindəki keçmiş xristianların çoxu İslama keçmiş və ağalıq edən türklərin dilini, geyimini və mədəniyyətini qəbul etmişdilər. Müxtəlif dinə malik insanlar çiyin-çiyinə, öz dini qruplarının qanunları, məhkəmələri və adətləri altında yaşayırdılar. Din xadimləri olan partiarxlar, yepiskoplar, rabbilər, mollalar, üləmalar öz adamları üçün türk höküməti qarşısında cavabdeh idilər, çünki bu adamların üzərində onlar xeyli hakimiyyətə malik idilər.

Osmanlı dönəmində də Səlcuqluların ənənələrinə sadiq qalınaraq, ordunun dövlətin siyasi sütünunu təşkil edən türklərdən qurulması xətti yürüdüldü. Müharibə türk feodallarının əsas məşğuliyyəti olduğu üçün onların güclü sultan hakimiyyətinə ehtiyacı var idi. Sultan qeyri-məhdud hakimiyyətə malik hökmdar idi.

Facebook Comments