Qar uçqunu - 5 nəfər öldü

Alp dağlarının Avstriya ərazisinə düşən hissəsində baş verən qar uçqunları nəticəsində beş nəfər həlak olub. Sozcu.az xəbər verir ki, Zalsburq yaxınlığındakı Ponqau rayonunda yerləşən Finsterkopf dağında (hündürlüyü 2 150 m) yeddi xizəkçidən ibarət qrup qarın altında qalıb. Onlardan dördü həlak olub, biri isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həmin gün Avstriyada qar uçqunu zamanı daha bir qadın da ölüb. Xilasedicilər turistlərdən işarəli xizək yollarını tərk etməmələrini xahiş ediblər, çünki faciələrin əksəriyyəti cığırdan kənarda hərəkət edən xizəkçilər arasında baş verir.

Şəmkirdə ağır qəza: 1 ölü, 1 yaralı

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan "Hunday Elantra" markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

Bu rayonlara qar yağır – Faktiki hava

Yanvarın 18-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, dağlıq və dağətəyi rayonlarda qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 40, Sarıbaşda (Qax) 27, Qubada 16, Kişçayda (Şəki) 15, Kəlbəcər və Qusarda 11, Şamaxıda 10, Laçın və Qubadlıda 9, Xızı və Şahdağda 8, Şuşada 5, Qobustanda 3, Qəbələ, Ceyrançöl, Gədəbəy, Xankəndi və Tovuzda 2, Gəncə, Şəmkir və Şabranda 1 sm-dir. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11, Sabirabadda 6, Kürdəmirdə 4, Lerik və Ağdamda 3, Zərdab, Yevlax, Neftçala, Xaçmaz, Xaltan, Mingəçevir, Biləsuvarda 2, Göyçay, Cəlilabad, İmişli, Beyləqan, Tərtər, Naftalan, İsmayıllı, Bərdə, Balakən, Xocalı, Füzuli, Cəbrayıl, Yardımlı, Goranboyda 1 mm-dir. Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəmkir, Qobustan, Zaqatala, Quba, Xaltan, Qusar, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb.

Tramp Sülh Şurası üçün 1 milyard dollar istəyir

Tramp administrasiyası Qəzza Sülh Şurasında daimi yer üçün digər ölkələrdən ən azı 1 milyard dollar ödəmələrini istəyir. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “Tramp şuraya sədrlik edəcək, üzvlüyə nəzarət edəcək, qərarları təsdiqləyəcək və vəsaitlərə nəzarət edəcək. İlk ildə 1 milyard dollar töhfə verən ölkələr müddət məhdudiyyətlərindən azad olacaqlar”, - məlumatda bildirilib. Qeyd edək ki, Sülh Şurasında ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bleyer və digər önəmli şəxslər də yer alır.

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Gürcüstanda Azərbaycan, Türkiyə, Banqladeş, Özbəkistan və Mərakeş vətəndaşları olan 14 nəfər əcnəbi saxlanılıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Həmin şəxslərin sığınacağın verilməsi prosedurunda nəzərdə tutulmuş şərtləri pozaraq bir neçə il ərzində qanuni əsas olmadan Gürcüstanda yaşadıqları müəyyənləşdirilib. Əcnəbilər Gürcüstanı könüllü şəkildə tərk etməni nəzərdə tutan qərarda göstərilən şərtlərdən istifadə etməyiblər və nəticədə DİN-nin Miqrasiya Departamenti onların saxlanılması barədə qərar verib. Qərarın icrası üçün saxlanılan şəxslər hazırda sonradan mənşə ölkələrinə qaytarılmaq məqsədilə Miqrasiya Departamentinin müvafiq mərkəzinə yerləşdiriliblər.

İranda etirazlar: 50-dən çox məscid yandırıldı

İranda baş vermiş etirazlar zamanı 50-dən çox məscid və 180 təcili yardım maşını yandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb. Etirazların yalnız Təbrizdə 26 bank və 25 məscid yandırılması ilə nəticələndiyi, ölkə üzrə isə 53 məscidin hədəf alındığı bildirilib. Xatırladaq ki, İranda ötən ilin dekabrın 28-dən milli valyutanın devalvasiyası ilə bağlı kütləvi etirazlar başlayıb.

İki gün güclü külək əsəcək – Xəbərdarlıq

Yanvarın 18-19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Gəncə, Naftalan, Samux, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı,Salyan, Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

İçərisində 10 nəfərin olduğu təyyarə yoxa çıxdı

İndoneziyanın Cənubi Sulavesi əyalətində 7-si ekipaj üzvü olmaqla 10 nəfəri daşıyan təyyarə radarlardan itib. Sozcu.az xəbər verir ki, İndoneziya Hava Nəqliyyatı şirkətinə məxsus “ATR 42-500” təyyarəsindən gələn siqnal Cənubi Sulavesi əyalətinin Maros bölgəsində itib. Təyyarədə baş verən problemin mövcud hava şəraiti ilə bağlı olacağı ehtimal olunur. Axtarış-xilasetmə işlərinə başlanılıb.

Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, nazirlik əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb. Bildirilib ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır. Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur. Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində havanın yağıntılı olacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Türkiyə Prezidentinin Mühafizə Xidmətinin əməkdaşı həbs olundu

Türkiyə Prezidentinin Mühafizə Xidmətinin əməkdaşı Yasin Çakmak həbs olunub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Yılmaz Tunc məlumat verib. O bildirib ki, Y.Çakmak həyat yoldaşı Fatma Çelikə qarşı məişət zorakılığı zəmnində "qəsdən xəsarət yetirmə" ittihamı ilə məhkəməyə çıxarılıb: “Məhkəmənin qərarı ilə Y.Çakmak barəsində həbs qətimkan tədbiri seçilib”.

Tokayev onu Baş Qərargah rəisi təyin etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Kanış Əbubəkirovu müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. Sozcu.az xəbər verir ki, bu barədə "Akorda" nəşri məlumat yayıb

Sabah Bakıya qar yağacaq: 4 dərəcə şaxta...

Bakıda və Abşeron yarımadasında yanvarın 18-də bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə yağıntının intensivləşəcək, axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bakı metrosunda ölüm...

Bu gün saat 11:30 radələrində metronun “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib. Bu barədə Sozcu.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib. Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

Maşın qaçıran şəxs saxlanıldı

Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edərək VAZ-2107 markalı avtomobilinin yaşadığı ünvanın yaxınlığından qaçırıldığını bildirib. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Binəqədi RPİ 6-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, nəqliyyat vasitəsini qaçırandan sonra yolda olarkən nasazlıq yaranması səbəbilə avtomobili yaxınlıqdakı parklanma yerində saxlayaraq oradan uzaqlaşıb. Araşdırma davam etdirilir.

Məzuniyyətlər birləşdiriləcək - Yeni qayda

Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydasında dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Daha əvvəl işçinin eyni vaxtda Əmək Məcəlləsinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilirdi. Qanuna əsasən, işçinin eyni vaxtda Əmək Məcəlləsinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə əlavə məzuniyyətlə bağlı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyət hüququ olduqda hər iki maddənin hər biri üzrə əldə etdiyi əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdiriləcək.

Ucarda maşın kanala aşdı - 1 nəfər öldü

Ucarda yol qəzası olub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qazıqumlaq kənd yolunda baş verib. Belə ki, "Mercedes" markalı minik maşını su kanalına düşüb. Nəticədə, Məmmədov Coşqun Şəfi oğlu hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. (APA)

Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar BAHALAŞIB?

Azərbaycan avtomobil bazarında müşahidə olunan qiymət artımları alıcıların da, satıcıların da diqqət mərkəzindədir. Xüsusilə, 30 min manata qədər olan avtomobillərin dəyərində 1 500 - 3 000 manat arası bahalaşma qeydə alınır. Bahalaşmanın əsas səbəbi kimi isə gömrük xərclərinin yüksəlməsi göstərilir.  Bundan əlavə, Çin avtomobillərində problemlərin artması isə alıcıları daha çox daxili bazardakı ikinci əl maşınlara yönəldib. Mövcud vəziyyət bazarda tələbin yenidən formalaşmasına, bəzi marka və modellərə marağın kəskin artmasına səbəb olub. Bu isə istər yerli bazardakı avtomobillərin, istərsə də xaricdən idxal olunan nəqliyyat vasitələrinin qiymətlərində fərqli tendensiyaların yaranması ilə müşayiət olunur. Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev qeyd edib ki, bazarda müşahidə olunan qiymət artımının səbəbləri kifayət qədər aydındır. Onun sözlərinə görə, ölkəmizdə elektromobillərə və hibrid avtomobillərə tətbiq edilən vergi və gömrük güzəştlərinin müddəti 1 yanvar tarixindən etibarən başa çatması avtomobillərin qiymətinə birbaşa təsir göstərməyə başlayıb. “Bununla yanaşı, paralel idxal yolu ilə ölkəyə gətirilən avtomobillərlə bağlı da müəyyən məhdudiyyətlər tətbiq olunub. Söhbət Çinin daxili bazarında qəbul edilən yeni qaydalardan gedir. Belə ki, Çində dövlət qeydiyyat nişanı alan avtomobil, hətta sıfır kilometrajlı olsa belə, artıq ikinci əl avtomobil hesab olunur və həmin avtomobilin ölkədən çıxarılmasına yalnız 6 ay sonra icazə verilir. Halbuki əvvəllər Azərbaycana Çində qeydiyyata alınmış, lakin istifadə olunmamış, sıfır yürüşlü avtomobillər gətirilirdi”. E.Əliyev eyni zamanda bu avtomobillərin ixracı zamanı tətbiq edilən müxtəlif subsidiyalar mövcudluğuna da diqqət çəkib: “Həmin subsidiyaların aradan qaldırılması və nəzarətin gücləndirilməsi nəticəsində fərdi şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillərin sayı əhəmiyyətli dərəcədə azalıb və yaxın dövrdə bu azalmanın davam edəcəyi gözlənilir. Bütün bu amillər fonunda qiymət artımının qaçılmaz olduğunu söyləmək olar. Digər tərəfdən, rəsmi dilerlər tərəfindən idxal olunan avtomobillərə də artıq əvvəlki güzəştlər şamil edilmir. Məsələn, elektromobil və hibrid avtomobillər əvvəllər ƏDV-dən və bəzi rüsumlardan azad idi. Güzəştlərin müddətinin başa çatması həmin avtomobillərin qiymətinin birbaşa bu rüsumlar qədər artmasına səbəb olub”. Sədr vurğulayıb ki, Çin avtomobillərində müşahidə olunan problemlərə gəldikdə, bu, əsasən Çinin daxili bazarı üçün istehsal olunan avtomobillərin fərdi şəxslər tərəfindən ölkəyə gətirilməsi ilə bağlıdır: “Belə avtomobillər əksər hallarda rəsmi servislər tərəfindən qəbul edilmir, ehtiyat hissələrinin tapılmasında çətinlik yaranır və servis xidməti düzgün şəkildə göstərilmir. Bu da nəticə etibarilə istifadəçilər üçün ciddi problemlər yaradır. Lakin rəsmi dilerlərdən alınan avtomobillərdə əvvəlki illərlə müqayisədə bu cür problemlər demək olar ki, aradan qalxıb. Əksər dilerlər artıq ehtiyat hissələri anbarlarını kifayət qədər doldurub və servis xidmətləri daha sistemli şəkildə fəaliyyət göstərir. Yəni bu istiqamətdə vəziyyət xeyli yaxşılaşıb. Qiymətlərə gəlincə isə, qeyd etdiyim amillərin təsiri ilə ikinci əl avtomobillərin yenidən dəyər qazandığını müşahidə edirik”. O həmçinin əlavə edib ki, ötən il ikinci əl avtomobillərin qiyməti 35-40 faiz, bəzən isə daha çox ensə də, hazırda bu avtomobillərin yenidən bahalaşması prosesi gedir: “Amerikadan idxal olunan ikinci əl avtomobillərin sayında əvvəl müəyyən azalma olsa da, hazırda bu avtomobillərə marağın yenidən artdığını görürük. Bununla belə, məqsədəuyğun olardı ki, Mərkəzi Bank tərəfindən banklara müəyyən səlahiyyətlər verilsin və avtomobil kreditləri üzrə ilkin ödəniş məbləği 10-15 faiz səviyyəsində müəyyən edilsin. Necə ki, bu gün elektromobil və hibrid avtomobillər üçün 10-20 faiz ilkin ödənişlə kredit imkanları mövcuddur, eyni şərtlər benzin, dizel və CNG mühərriki ilə işləyən avtomobillərə də tətbiq olunsa, vətəndaşlar müxtəlif riskli bazarların qurbanına çevrilməzdi. Belə olan halda insanlar Çindən, Amerikadan və ya Koreyadan gətirilmiş, mənşəyi və texniki vəziyyəti şübhəli olan ikinci əl avtomobilləri almağa məcbur qalmazdılar”. Eyyub Əliyev bazarda taksi fəaliyyəti üçün tələbatı yüksək olan avtomobillər mövcudluğuna nəzər salaraq, bunların əsasən əhalinin aşağı gəlirli təbəqəsinin üstünlük verdiyi, daha sərfəli və əlçatan modellər olmasını da diqqət çəkib: “Bu tip avtomobillər həm şirkətlər tərəfindən, həm fərdi şəxslər tərəfindən, həm də birbaşa taksi fəaliyyəti məqsədilə alınırdı. Söhbət konkret olaraq müəyyən marka və modellərdən gedir. Hazırda bu kateqoriyaya aid avtomobillərin böyük əksəriyyəti qeyri-rəsmi yollarla, yəni fərdi şəxslər tərəfindən ölkəyə gətirilir. Məhz buna görə də onların qiymətlərində ciddi artımlar müşahidə olunur”. Assosiasiya sədri qeyd edib ki, BYD artıq Azərbaycanda rəsmi müqavilə bağlayıb və yaxın vaxtlarda bu markaya məxsus avtomobillərin ölkəmizdə rəsmi satışına başlanılacaq: “Hətta ilkin satış kampaniyaları da artıq elan edilib. Lakin hazırda avtomobillərin fiziki olaraq ölkəyə gətirilməsi hələ tam başa çatmayıb və onların yaxın zamanlarda tədarükü gözlənilir. Bu müddət ərzində BYD markasının bəzi modelləri qeyri-rəsmi kanallarla ölkəyə gətirilir. Fərdi şəxslər mövcud vəziyyətdən istifadə edərək bu avtomobillərə süni şəkildə qiymət artımı tətbiq edirlər. Həmin avtomobillər əvvəlki dövrlərdə ölkəyə gətirilib, fərdi şəxslərin adına rəsmiləşdirilib və artıq dövlət nömrə nişanı da alınıb. Bu səbəbdən satış zamanı qanunvericiliyə uyğun olaraq əlavə rüsum və ya ödəniş etmirlər, lakin buna baxmayaraq, bazarda süni qiymət artımı yaradırlar”. O yekun olaraq bildirib ki, yaxın zamanlarda rəsmi distributor tərəfindən avtomobillərin ölkəyə kütləvi şəkildə tədarükü həyata keçirildikdən sonra, bu süni qiymət artımının aradan qalxacağı gözlənilir: “Fərdi şəxslər məcbur qalaraq avtomobilləri daha aşağı qiymətlərlə təklif edəcəklər. Çünki rəsmi distributorlar süni qiymət artımı tətbiq etmir, qiymət dəyişiklikləri yalnız istehsalçı zavod tərəfindən və ya rəsmi kataloq qiymətlərində baş verən artımlarla bağlı olur”,- deyə E.Əliyev qeyd edib. Xatırladaq ki, 2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb. 

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1424-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 225 590 hərbçi, 11 566 ədəd tank, 23 914 ədəd zirehli döyüş maşını, 36 261 ədəd artilleriya sistemi, 1 615 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 278 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 74 601 ədəd avtomobil texnikası, 108 605 ədəd PUA, 4 163 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 044 xüsusi avadanlıq itirib.

Afindan Egey addımı: Ankara müharibə səbəbi kimi görür...

Yunanıstan Egey dənizindəki ərazi sularını genişləndirməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yorqos Yerapetritis parlamentdə çıxışı zamanı deyib. “Egey dənizində dəniz parklarının yaradılması daha geniş dəniz strategiyasının ilk mərhələsi kimi qəbul edilməlidir. İndi suverenliyimizi gücləndirən və yurisdiksiyamıza qarşı hər hansı iddianı neytrallaşdıran dəniz parklarımız var. Bu gün Egey dənizində ərazi sularımız 6 dəniz milinə qədər uzanır. "Egey Dənizi Parkı 1" adlandıran parkın yaradılmasından sonra ikinci bir dəniz parkının yaradılması üçün addımlar atacağıq. Bu addım Yunanıstanın ərazi sularını 12 milə qədər genişləndirmək strategiyasının bir hissəsidir”, - nazir bildirib. Qeyd edək ki, İon dənizindəki ərazi sularını 6 mildən 12 milə qədər genişləndirən Yunanıstanın, Egey dənizindəki ərazi sularını da genişləndirmək addımını Ankara müharibəyə səbəb hesab edir. Çünki 1995-ci ildə Türkiyə Böyük Millət Məclisi yekdilliklə "casus belli" (Müharibə səbəbi) adlı bir bəyannamə qəbul edib. Bəyənnamədə bildirilib ki, Yunanıstan Egey dənizindəki ərazi sularını Lozanna müqaviləsi ilə müəyyən edilmiş 6 mildən kənara çıxarsa, bu müharibə səbəbi olacaq.

Ağ Ev bu generalı Qəzzaya göndərir - Təyinat

ABŞ ordusunun generalı, Xüsusi Əməliyyat Qüvvələrinin Mərkəzi Komandanlığının komandiri Casper Ceffers Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin rəhbəri təyin edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ceffers təhlükəsizliyin təmin edilməsi, sülhün qorunması və terrorizmdən azad sabit mühitin yaradılmasına məsul olacaq.

İran həbsxanalarında 52 məhbus edam edilib

Bir həftə ərzində İranın 42 həbsxanasında 52 məhus edam edilib. Bu barədə insan haqları təşkilatları məlumat yayıb. Onların adam öldürmək və narkotik maddələrin alverində günahlandırdıldıqları bildirilib. Qeyd olunub ki, ölkədə internet kəsintisinə görə, edamlar barədə dıqiq məlumatlarlar əldə etmək mümkün olmur.

Prezident Əfqan Cəlilovu yüksək vəzifəyə təyin etdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinə yeni sədr təyin edilib.  Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinə sədr təyin olunub. 

Xəzər Dəniz Gəmiçiliyinin sədri işdən çıxarıldı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyev vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Rauf Vəliyev 2013-cü il oktyabrın 22-dən həmin vəzifədə çalışırdı. 

Timoşenko barədə qərar verildi

Ukrayna məhkəməsi sabiq Baş nazir Yuliya Timoşenko barəsində 33 milyon qrivna məbləğində girov qətimkan tədbiri seçib. Sozcu.az xəbər verir ki, Timoşenkonun müstəntiqin icazəsi olmadan Kiyev bölgəsini tərk etməsi də qadağan edilib. Timoşenkonun elektron qolbaq taxmaq öhdəliyi yoxdur. O, məhkəmədəki çıxışı zamanı hakimdən ümumiyyətlə qətimkan tədbiri təyin etməməsini istəyib. Y. Timoşenkonun “Batkivşçina” partiyasının ofisində axtarış aparılıb. Ofisdən iş telefonları, parlament sənədləri və şəxsi vəsaitlər götürülüb. Keçmiş Baş nazir bu hadisələri “siyasi sifariş” adlandırıb və ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Timoşenko qeyd edib ki, ofisdə 30-dan çox silahlı şəxs olub və onlar heç bir prosessual sənəd təqdim etməyiblər. Xatırladaq ki, bundan əvvəl Ukraynanın Milli Anti-Korrupsiya Bürosu (NABU) və Prokurorluq (SAP) Ali Radada bir fraksiyanın rəhbərinin deputatlara müəyyən qanun layihələrinin lehinə və əksinə səs vermələri üçün pul təklif etməsi faktını üzə çıxardıqlarını açıqlamışdılar.