45 işçi şəhadətnamə olmadan fəaliyyət göstərirmiş

Cari il sentyabr ayının ortalarına qədər 149 özəl tibb müəssisəsində plandankənar, 85 özəl tibb müəssisəsində isə planlı yoxlamalar aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərtac-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib. Həmçinin məlumat verilib ki, qeyd olunan dövrdə özəl tibb müəssisələrində həyata keçirilən yoxlamalar nəticəsində 45 işçinin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb və bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 215.4-ci maddəsi ilə müvafiq protokollar tərtib edilib. AEM vətəndaşlara tövsiyə edir ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda, mərkəzin əlaqə nömrələri vasitəsilə onlara məlumat versinlər. "Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir", - deyə AEM-dən bildirilib.

Tramp prezidenti "dəli" adlandırdı, səfir geri çağırıldı

ABŞ Prezidenti Donald Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasında artan gərginlik fonunda Kolumbiya ABŞ-dakı səfirini geri çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, sentyabrın 16-da ABŞ-ın narkotik daşıdığı deyilən qayığa zərbə endirməsindən sonra Kolumbiya Prezidenti Trampı vətəndaşını öldürməkdə ittiham edib. Daha sonra Donald Trampın Petronu “qanunsuz narkotik lideri” və “dəli” adlandırması gərginliyi daha da artırıb.

Azərbaycanda heyvan bazarları bağlanır - Rəsmi

Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq. Sozcu.az xəbər verir ki, bu barədə Baku.ws-in sorğusuna cavab olaraq AQTA-dan bildirilib. Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır. “Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər”. Bildirilib ki, epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir: “Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər. Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq”, - deyə məlumatda vurğulanıb. (Mənbə: baku.ws)

Ukrayna Azərbaycanla razılığa gəlib - ZELENSKİ

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Azərbaycandan qaz tədarükü ilə bağlı ilkin razılığa gəldiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, o, bu barədə bazar günü jurnalistlərlə söhbəti zamanı məlumat verib. Zelenskinin sözlərinə görə, söhbət təbii qazın mümkün çatışmazlığı halında həyata keçirilə biləcək tədarükdən gedir. Prezident bildirib ki, Kiyev ümumi dəyəri təxminən 2 milyard dollar olan qaz təchizatı üçün danışıqları təmin edib və artıq bəzi maliyyə tranşları tapılıb. “Baş nazir Yuliya Sviridenko Slovakiya ilə müsbət razılaşmalara nail olub. Sviridenko və energetika naziri Svetlana Qrinçuk ABŞ-da da enerji şirkətləri ilə danışıqlar aparıblar. Biz haradan təxminən 2 milyard dollarlıq qaz ala biləcəyimizi bilirik, əgər buna ehtiyac yaranarsa,” – Zelenski deyib. Dövlət başçısı əlavə edib ki, Norveç Ukraynaya 100 milyon dollar məbləğində qrant ayırıb və gələn ilin yanvarında daha bir tranş planlaşdırılır. Oxşar maliyyə yardımlarının digər ölkələr tərəfindən də təqdim ediləcəyi gözlənilir. “ABŞ-dan maye təbii qaz (SPG) ilə bağlı razılaşma var, ehtiyac yaranarsa, qaz Polşa terminalı vasitəsilə gətiriləcək. Əlavə qaz Yunanıstandan da ala bilərik. Bu barədə baş nazir Kiriakos Mitsotakis ilə razılığa gəlmişik. Digər ölkələrlə də anlayış var. Azərbaycanla da bu istiqamətdə razılaşma əldə olunub,” – Zelenski vurğulayıb. Prezidentin sözlərinə görə, Ukrayna hökuməti müxtəlif mənbələr hesabına enerji təhlükəsizliyini təmin etməyə çalışır və Azərbaycanın bu prosesdə mühüm tərəfdaşlardan biri kimi nəzərdə tutulması Kiyevin enerji diversifikasiyası siyasətinə uyğundur.

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib. Sozcu.az xəbər verir ki, Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi Unikal-a açıqlamasında onun hazırda özünü yaxşı hiss etdiyini bildirib. "Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır. Oğlu və qızı da gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm", - deyə o qeyd edib. Xatırladaq ki, sabiq PA rəhbəri ev dustaqlığını məşhur "Avropa" otelinin yanında, Tiflis prospektindəki villasında çəkir.

Təbrizli milli fəal həbs edildi

Təbrizdə yaşayan milli fəal Kərim İsmayılzadə həbs edilərək həbsxanaya göndərilib. Sozcu.az xəbər verir ki, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb. Məlumata görə, o, oktyabrın 18-də Təbriz Prokurorluğunun 10-cu bölməsinə çağırıldıqdan sonra saxlanılıb. Fəal yalan məlumatlar yaymaqla ictimai rəyi təhrik etməkdə ittiham olunur. Qeyd edək ki, İsmayılzadə bundan əvvəl də dinc fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

Xaçmazdakı qətllə bağlı cinayət işi açıldı

Xaçmazda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Xaçmaz rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonu ərazisində 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Almaniya ABŞ-dan daha 15 ədəd F-35 alır

Almaniya ABŞ-dan əlavə 15 ədəd F-35 qırıcı təyyarəsi almağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” etibarlı mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, təyyarələrin təxmini dəyəri 2,5 milyard avro olacaq. Bildirilib ki, Almaniya artıq 85 ədəd köhnə “Tornado” qırıcılarının əvəzlənməsi üçün 35 ədəd F-35 təyyarəsi sifariş verib.

Bakıdakı qəzaların yarıdan çoxu piyadavurmadır

Bu il ilin 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi yol qəzalarının 39,1 faizini, Bakı şəhəri üzrə isə 59.6 faizini təşkil edib. Bu barədə Sozcu.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bu göstəricilərin formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamayıb: "Təəssüf ki, piyadaların məhz piyada keçidlərin yaxınlığında vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını yenidən gündəmə gətirir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir. Əziz piyadalar! Unutmayın, sizin həyat və sağlamlığınız özünüz, doğmalarınız və cəmiyyətimiz üçün çox dəyərlidir!".

Müəllim dərsdə vəfat etdi – FOTO

İsmayıllı rayonunda müəllim məktəbdə vəfat edib. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, Lahıc qəsəbə tam orta məktəbin tarix müəllimi Rəfiqə Mürşüd qızı İsmayılova iş yerində olarkən qəfil dünyasını dəyişib. Məlumatlara görə, R.İsmayılova ürək çatışmazlığından vəfat edib. Qeyd edək ki, R.İsmayılova 24 oktyabr 1963-cü ildə anadan olub. Ali təhsilini başa vurduqdan sonra 1987-ci ildə təyinatla Lahıc qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb və ömrünün sonunadək bu məktəbdə tarix fənnini tədris edib.

Pensiyalar bu tarixdə tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Sozcu.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Noyabrın əvvəlində ardıcıl 4 gün iş olmayacaq

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq. Sozcu.az-ın məlumatına görə, 8 Noyabr Zəfər Günü, 9 noyabr isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Hər iki gün isə müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir. Bu səbəbdən noyabrın 10,11 tarixlərinin də qeyri-iş günü olacağı gözlənilir. Ümumilikdə bayramlara görə, noyabrda şənbə-bazar daxil olmaqla, 4 gün ardıcıl iş olmayacaq.

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev yaxın günlərdə vəzifəsindən azad edilə bilər. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı hazırlıqlar gedir. Hətta müvafiq təqdimatın artıq tamamlandığı bildirilir. Sənəd ölkə başçısına təqdim edildikdən sonra Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən çıxarılacaq. Qeyd edək ki, nazir müavini vəzifəsinə təyinat və azadedilmə qərarları Prezident tərəfindən imzalanan sərəncamla həyata keçirilir. Oktyabrın 14-də Ramiz Mehdiyevlə bağlı başlanan cinayət işindən dərhal sonra Teymur Mehdiyevin də işdən çıxarılıb-çıxarılmayacağı barədə sosial şəbəkələrdə, o cümlədən media orqanlarında müzakirələr gedir. Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Kıbrısda səs qutularından mesaj: “Biz öz liderimizi seçirik!”

KTC-də seçkilərdə Ersin Tatar məğlub oldu — Türkiyə siyasətinə etiraz səsi kimi dəyərləndirilir Politoloq Şahin Cəfərlinin analizi Bu gün Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) keçirilən prezident seçkilərində Türkiyə hökumətinin açıq dəstəyini qazanan indiki prezident Ersin Tatar böyük fərqlə məğlub olub. İlkin məlumata görə, müxalifət lideri, Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman 62,76% səs toplayaraq ilk turda qalib gəlib, Ersin Tatar isə cəmi 35,80% səs əldə edib. Politoloq Şahin Cəfərlinin sözlərinə görə, Tatarın sarsıdıcı məğlubiyyəti iki əsas səbəblə bağlıdır: birincisi, onun uğursuz idarəçiliyi, ikincisi isə Türkiyənin Kıbrısın daxili işlərinə kobud müdaxilələrindən və yerli xalqa qarşı hörmətsiz münasibətdən doğan narazılıqdır. Cəfərli qeyd edir ki, Ersin Tatar özünü Kıbrıs türk xalqının lideri kimi deyil, Türkiyədəki “Cumhur İttifaqı”nın – AKP və MHP-nin nümayəndəsi kimi aparıb. Onun prezidentliyi dövründə Kıbrıs mafiyanın, çirkli pulların və qumarxanaların mərkəzinə çevrilib, Tatar isə buna qarşı mübarizə apara bilməyib. Politoloq xüsusilə Halil Falyalı qalmaqalını xatırladır və bildirir ki, bu, Türkiyə ilə bağlı yüksək səviyyəli əlaqələri üzə çıxarmışdı. Maraqlıdır ki, Tatar müstəqillik tərəfdarı, rəqibi Erhürman isə federativ həllin – yəni yunanlar və türklərin bərabər hüquqlu olduğu vahid dövlətin tərəfdarı kimi çıxış edib. Bu səbəbdən Tatar və onu dəstəkləyən çevrələr Erhürmanı “xain” kimi təqdim etməyə çalışsalar da, Kıbrıs türkləri bu təbliğata inanmadı. Şahin Cəfərli xatırladır ki, 2004-cü ildə keçirilən Annan planı referendumunda türklər federasiyaya “bəli”, rumlar isə “xeyr” demişdi. Həmin dövrdə Türkiyə hökuməti də planı dəstəkləmişdi. Tatarın o qədər “toksik” fiqura çevrildiyini qeyd edən politoloq bildirir ki, Kıbrıs türklərinin iki əfsanəvi lideri — Rauf Denktaş və doktor Fazıl Küçükün ailələri belə bu dəfə Erhürmanı dəstəkləmişdi. Cəfərlinin fikrincə, Erhürmanın seçilməsi dərhal federasiyanın qurulacağı anlamına gəlmir. Çünki, bir tərəfdən rumların və Yunanıstanın federasiya anlayışı türkləri bərabərhüquqlu tərəf kimi deyil, azlıq statusunda görür, digər tərəfdən isə KKTC-nin xarici siyasət, maliyyə və təhlükəsizlik məsələlərində Türkiyədən asılılığı Erhürmana məhdud manevr imkanı buraxır. Mənbə: Politoloq Şahin Cəfərlinin analitik şərhi Hazırladı: Sozcu.az

Sosial şəbəkədən usta axtarışının acı sonu – mühərrik dağıldı, problem qaldı

Son zamanlar sürücüləri ən çox narahat edən məsələlərdən biri – işini düzgün bilməyən, məsuliyyətsiz və əsasən TikTok sosial şəbəkəsində çəkdikləri reklam rolikləri hesabına tanınan avtomobil “ustaları” və bəzi servizlərdir. Avtoservis sahəsindəki nəzarətsizlik elə vəziyyətə çatıb ki, bir neçə gün hansısa ustanın yanında dayanan hər kəs əlində açar tutaraq “usta” olmağa cəhd göstərir. Bu cür qeyri-peşəkar yanaşma nəticəsində sürücülər həm ciddi maliyyə itkisinə, həm də vaxt itkilərinə məruz qalır. “TikTok ustalarının” növbəti qurbanı isə Zahid Seyidzadə olub. Sozcu.az saytına müraciət edən Zahid Seyidzadə bildirib ki, Toyota markalı avtomobilinin mühərrikində yaranan problemə görə sosial mediada reklam olunan Vüqar Kərimov adlı ustaya müraciət edib. (Maraqlı məqam ondadır ki, sosial mediada özünü Vüqar kimi təqdim edən şəxs, polis idarəsində verdiyi izahatda özünü Kərimov Əmirxan kimi təqdim edib.) Zahid Seyidzadənin sözlərinə görə, Bakı şəhəri Nizami rayonu H, Əliyev prospektində yerləşən servisdə işləyən Vüqar Kərimov avtomobili təmir etməyi öz üzərinə götürüb və alınacaq detalların siyahısını tutaraq, “özünə etibarlı” hesab etdiyi ehtiyat hissələri dükanından alınmasını tövsiyə edib. Nəticədə Zahid Seyidzadə avtomobilin təmiri üçün ümumilikdə 5000 manat vəsait xərcləyib. Lakin avtomobil təhvil alındıqdan qısa müddət sonra mühərrikdə yenidən problem yaranıb. Zahid Seyidzadə ustaya müraciət etsə də, Vüqar Kərimov problemi aradan qaldırmaqdan imtina edərək, mühərrikin sıradan çıxmasına səbəb kimi “keyfiyyətsiz yanacaq” bəhanəsini göstərib. Onun məntiqinə görə, eyni yanacaqdoldurma məntəqəsindən istifadə edən yüzlərlə avtomobildə problem yaranmayıb, amma dünyanın ən etibarlı avtomobil markalarından biri olan Toyota Land Cruiser-də mühərrik dağılıb. Zahid Seyidzadə bildirib ki, Vüqar Kərimov problemi aradan qaldırmaqdan imtina etdikdən sonra məsələ ilə bağlı polisə və məhkəməyə müraciət edəcəyini bildirib və ustadan onun iştirakı olmadan avtomobilə müdaxilə etməməsini tələb edib. Lakin xəbərdarlığa baxmayaraq, Vüqar Kərimov Zahid Seyidzadənin iştirakı olmadan mühərrikə müdaxilə edib. Hadisə ilə bağlı Sozcu.az saytının əməkdaşı Vüqar Kərimovla əlaqə saxlayaraq onun münasibətini öyrənib. Usta bildirib ki, “problemi ortaq şəkildə həll etməyə” hazırdır. Onun sözlərinə görə, Zahid Seyidzadə ehtiyat hissələrini yenidən alsa, o, usta pulu istəmədən avtomobili təmir edəcək. Bu təklifdən sonra Zahid Seyidzadə məhkəməyə müraciətini dayandıraraq problemin razılaşma yolu ilə həllinə razılaşıb. Lakin növbəti gün Vüqar Kərimov verdiyi sözü təkzib edərək, təmiri davam etdirmək üçün 400 manat əlavə pul tələb edib. Zahid Seyidzadə bildirib ki, avtomobili onun gündəlik işləri üçün vacib olduğundan, artıq başqa bir ustaya müraciət etməyi düşünür. O, həmçinin bu cür halların qarşısını almaq üçün dövlətin serviz sektoruna ciddi nəzarət etməsinin vacibliyini vurğulayıb. Zahid Seyidzadə məsələnin araşdırılması üçün İqtisadiyyat Nazirliyinin “İstehlak bazarına nəzarət” şöbəsinə müraciət etdiyini də qeyd edib. Qeyd edək ki, bu sahədə həqiqətən də ciddi nəzarətsizlik hökm sürür. Bir çox sürücü oxşar problemlərlə üzləşsə də, bəzi avtoservizlərin sahiblərinin “yüksək imtiyazlı şəxslər” olması səbəbindən şikayətlər cavabsız qalır. Çox güman ki, şəhərin ən görkəmli yerlərindən birində yerləşən bu servizin də sahibi təsadüfi şəxs deyil. Hər halda, məsələ ilə bağlı araşdırmamız davam edir. Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, hər kəs gördüyü işin keyfiyyətinə görə məsuliyyət daşımalıdır. Sahibkarlar isə öz obyektlərində çalışan ustaların peşəkarlığına və məsuliyyətinə ciddi nəzarət etməlidirlər.

Üç yaşlı uşaq yeddinci mərtəbədən yıxılıb öldü

Hövsanda yerləşən çoxmərtəbəli binaların birində bədbəxt hadisə baş verib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, azyaşlı uşaq binanın yeddinci mərtəbəsindən yıxılaraq ölüb. Ölən şəxsin 2022-ci il təvəllüdlü Əlifzadə Rəsul olduğu bildirilir. 

Qəzzada silahlar yenidən işə düşdü - SON DURUM

Qəzzə a zolağında elan olunmuş atəşkəs yenidən pozulub. Sozcu.az-ın məlumatına görə, İsrail Müdafiə Ordusu bu gün HƏMAS-a məxsus bir neçə hədəfi bombalayıb. Hərbi hava qüvvələrinin zərbələri əsasən zolağın mərkəzi hissəsində, Əz-Zəvaydə və Əl-Bureyc qaçqın düşərgəsində yerləşən obyektlərə yönəlib. Məlumata görə, Xan-Yunis şəhərinin Mavazi bölgəsində ağır artilleriya atəşi də açılıb. Yaralıların olduğu bildirilir. İsrail ordusu Qəzza sakinlərinə növbəti dəfə xəbərdarlıq edib ki, HƏMAS-ın hərbi infrastrukturu hədəfə alınmağa davam edəcək. İsrail ordusunun ərəb dilindəki rəsmi nümayəndəsi Avihay Edrai bildirib ki, HƏMAS-ın bu səhər törətdiyi terror hücumu və atəşkəs rejimini dəfələrlə pozması nəticəsində İsrail Müdafiə Ordusu HƏMAS döyüşçülərinə və onların infrastrukturuna qarşı güclü zərbələr endirəcək. Ordu sakinlərdən “sarı xəttin qərbindəki” təhlükəsiz zonanı tərk etməmələrini xahiş edib. Bildirilib ki, “qırmızı rənglə işarələnmiş ərazilər döyüş zonasına daxildir və orada qalmaq həyati təhlükə yaradır”. "Axios" portalının məlumatına görə, İsrail hakimiyyəti Qəzzanın cənubuna planlaşdırılan əməliyyat barədə ABŞ administrasiyasını əvvəlcədən məlumatlandırıb. Bu məlumat ABŞ-ın atəşkəsin icrasına nəzarət edən komanda mərkəzi vasitəsilə ötürülüb. Mənbə bildirib ki, İsrail “HƏMAS-a qarşı cavab zərbələri üçün icazə istəməyib.” Bundan əvvəl xəbər yayılıb ki, İsrailin baş naziri Binyamin Netanyahu ordunun ali rəhbərliyinə “terror hədəflərinə qarşı qəti tədbirlər” görmək göstərişi verib. Baş nazirin ofisindən yayılan açıqlamada bildirilib ki, bu addımlar HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq atılır. Qeyd olunur ki, oktyabrın 19-da HƏMAS qüvvələri Rafah bölgəsində İsrail hərbçilərinə qarşı tank əleyhinə raket atıb və artilleriya atəşi açıb. İsrail ordusu cavab olaraq bölgədəki tunelləri və HƏMAS tərəfindən istifadə edilən hərbi tikililəri hədəfə alıb. Fələstin hərəkatı Rafahdakı insidentlə əlaqəsinin olmadığını və atəşkəsi pozmadığını bildirib. Xatırladaq ki, atəşkəs razılaşması bir neçə gün əvvəl ABŞ vasitəçiliyi ilə əldə edilmişdi.

Tramp-Putin görüşünə qoşulmağa hazıram - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçiriləcək görüşə qoşulmağa hazır olduğunu bildirib. Sozcu.az xəbər verir ki, o, bu barədə "NBC Nyus"a müsahibəsində deyib. Ukrayna liderinin fikrincə, Qəzzada atəşkəsə nail olmaq üçün Tramp Putinə HƏMAS-a etdiyindən daha çox təzyiq göstərməlidir: "Ukraynadakı müharibə Yaxın Şərqdəkindən daha böyükdür və Rusiya ordusu dünyada ikinci ən böyük ordudur, ona görə də daha çox təzyiq lazımdır".

Rusiyaya heç nə verməyəcəyik - Zelenski

Biz Rusiyaya heç nə verməyəcəyik. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Rusiyaya qarşı uzaqmənzilli zərbələrimizin həm əhatə dairəsində, həm də dəqiqliyində artım var. Əslində, hər gün və ya iki gündən bir Rusiyada neft emalı zavodu vurulur. Bu da Rusiyanı reallığa qaytarmaq üçündür”, - Zelenski bildirib.

Tramp bu prezidenti “narkotik lideri” adlandırdı

Kolumbiya Prezidenti Qustavo Petro narkotik lideridir və ABŞ bu ölkəyə böyük həcmdə ödəniş və subsidiyaları dayandıracaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində bildirib. “Bu narkotik istehsalının məqsədi ABŞ-a böyük həcmdə məhsul satmaqdır ki, bu da ölümə, dağıntıya və xaosa səbəb olur”, - Tramp bildirib.

Pakistan və Əfqanıstan Türkiyədə görüşəcək

Pakistan və Əfqanıstan nümayəndə heyətləri gələn həftə sonu Türkiyədə danışıqları davam etdirəcək. Sozcu.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib. “Oktyabrın 25-də İstanbulda nümayəndə heyətləri yenidən görüşəcək və biz bütün detalları müzakirə edəcəyik”, - Asif bildirib.

Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

Azərbaycanda oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

Qərb müharibə rejiminə keçməlidir - İsveç

Çoxdan militarizasiya kursuna qədəm qoyan Qərb sülh naminə həm mənəvi, həm də hərbi baxımdan müharibə rejiminə keçməlidir. Sozcu.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Conson deyib. “Bu sülhü qorumaq üçün biz həm mənəvi, həm də hərbi cəhətdən müharibə ehtimalına hazır olmalıyıq. Həlledici çəkindirmə, müdafiə və sülhməramlılıq üçün müharibə rejiminə keçməliyik”, - nazir bildirib.

Müharibə yenidən başlayır: İsrail Qəzzanı vurdu

İsrail ordusu Qəzzanın cənubundakı Rəfah istiqamətinə aviazərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb. Məlumata görə, zərbələr HƏMAS-ın bu gün etdiyi hücumlara cavab olaraq endirilib. Qeyd edək ki, ABŞ Dövlər Departamenti HƏMAS-ın Qəzzada atəşkəsi pozacağı ilə bağlı xəbərdarlıq etmişdi.