Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1447-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 247 580 hərbçi, 11 654 ədəd tank, 24 013 ədəd zirehli döyüş maşını, 37 056 ədəd artilleriya sistemi, 1 637 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 295 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 77 552 ədəd avtomobil texnikası, 127 962 ədəd PUA, 4 270 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 069 xüsusi avadanlıq itirib.

Yararsız döyüş sursatları məhv ediləcək

9-13 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib. "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.

Bakıda şagirdin güllələdiyi müəllimin son durumu...

1997-ci il təvəllüdlü şəxsin (Şəhla Kamilova) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Sozcu.az xəbər verir ki, bu braədə TƏBİB məlumat yayıb. Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, fevralın 6-ı "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovaya ov tüfəngi ilə atəş açaraq, yaralayıb.

Bitkoin yenidən bahalaşır

Dünya bazarında bitkoin kriptovalyutası yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, bu barədə "Binance" platformasında məlumat verilib. Bildirlib ki, bitkoin 2,61% bahalaşaraq 71 048 dollara yüksəlib. Qeyd edək ki, bir müddət öncə kriptovalyutaların qiyməti kəskin şəkildə düşmüşdü.

Xarkova dron zərbəsi: 10 yaşlı uşaq və anası öldü

Rusiya ordusunun Xarkov vilayətinin Boqoduxov şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbə nəticəsində biri 10 yaşlı uşaq olmaqla, iki nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti Teleqram kanalında məlumat yayıb. Xilasedicilər PUA-nın dağıtdığı evin dağıntılarının altından 10 yaşlı uşağın və anasının meyitini çıxarıblar.

Qubada kütləvi zəhərlənmə: AQTA-dan reaksiya

Quba rayonunda 8 nəfərin qidadan zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Sozcu.az-a verilən məlumata görə, Quba rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı qurumun əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırma aparılır. İlkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss ediblər: "Daha sonra müayinə məqsədilə Quba və Qusar Rayon Mərkəzi xəstəxanalarına müraciətlər olunub. Vəziyyətləri stabildir. Nümunələr götürülüb, hazırda araşdırmalar davam edir. Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir".

Qızıl yenidən bahalaşdı

Dünya bazarında qızıl və gümüş yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, Nyu Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 90,3 dollar artaraq 4 979,8 dollar təşkil edib. Gümüş isə 0,18 dollar artaraq 76,9 dollara bərabər olub. Qeyd edək ki, 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti 19 yanvardan bəri ilk dəfə troya unsiyası üçün 4700 dollardan aşağı düşmüşdü.

Masallıda 9 kiloqram narkotik vasitə AŞKARLANDI

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, saxlanılan 31 yaşlı Fərid Mirzəyevdən 9 kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb. F.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sirkə turşusundan zəhərlənənkişi xəstəxanada öldü

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, 1997-ci il təvəllüdlü T.Quliyev evdə sirkə turşusu içərək zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, 29 yaşlı kişi həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan axtarışda olan caniləri Türkiyəyə təhvil verdi

Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıstan "qırmızı bülleten"lə axtarışda olan 16 nəfəri Türkiyəyə ekstradisiya edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında paylaşıb. Ekstradisiya olunan şəxslər qəsdən adam öldürmə, sui-qəsdə cəhd, narkotik ticarəti, oğurluq və dələduzluq kimi cinayətlərdə ittiham olunurlar.

Təmirlə əlaqədar Bakı–Sumqayıt yolunda müvəqqəti məhdudiyyət tətbiq edildi

Hazırda Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar müvəqqəti təmir-bərpa işləri aparılır. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər. Yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Sumqayıtda dəm qazından zəhərlənmə olub. Sozcu.az xəbər verir ki, hadisə şəhərinin 13-cü mikrorayonunda baş verib. Bir ailənin dörd üzvü xəstəxanaya çatdırılıb. Məlumata görə, hamam otağında yaranan qaz sızması səbəbindən 1991-ci il təvəllüdlü Vüsal Əliyev və 2001-ci il təvəllüdlü Natəvan Əliyeva zəhərlənərək Sumqayıt şəhər TTY xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir. Hadisə zamanı ailənin iki azyaşlı övladı — 2025-ci il təvəllüdlü Mələk Əliyeva və 2022-ci il təvəllüdlü Vüqar Əliyev də dəm qazından zərər çəkib. Uşaqlar Sumqayıt şəhər Uşaq Xəstəxanasına aparılıb, hazırda müalicələri davam etdirilir. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. (Teleqraf.az)

İstanbulda 7 bal gücündə zəlzələ olacaq, qaçılmazdır! - Pampal

Ötən il konfransların birində çıxışım zamanı İstanbulda 6,5 – 7 bal gücündə zəlzələnin olacağını demişdim. İndi də eyni fikirdəyəm. Sozcu.az xəbər verir ki, bunu zəlzələ üzrə mütəxəssis Süleyman Pampal deyib. “Təəssüf ki, İstanbulda 7 bal gücündə zəlzələ olacaq. Bu fay xətti qırılacaq və proses başa çatacaq. Son illərdə bu, hətta Amerikanın "Nyu York Tayms" qəzetində də işıqlandırılıb. "Nature" jurnalında elmi məqalələr dərc olunub. İstanbulda zəlzələ riski olduqca yüksəkdir və qaçılmazdır, çünki onun təkrarlanma dövrü artıq keçib”, - mütəxəssis əlavə edib. “İstanbulla bağlı əvvəldən fikrim belə olub: Şimali Anadolu fayının şimal qolu, İstanbulun Avropa tərəfinin cənubundan, Silivri sahillərindən Təkirdağ və Qanoşa qədər sahilə paralel uzanır. 1912-ci ildə Qanoş fayı qırıldı və 7,3 bal gücündə zəlzələyə səbəb oldu. Daha sonra qırılmalar şərqə doğru davam etdi. 2009 və 2011-ci illərdə 5,5 və 5,9 bal gücündə zəlzələlər baş verdi. 23 aprel 2024-cü ildə 6,2 bal gücündə zəlzələ İstanbula çox yaxın oldu. 1766-cı ildə İstanbulu məhv edən iki zəlzələ də bu fay xətti üzərində baş verdi. Bu fay xəttinin şərqə, Böyükçəkməcə sahillərindən Əminönünə qədər uzanan qırılmamış bir hissəsi var. Bu, təxminən 30-35 kilometr uzunluğundadır. Su altında olduğundan qəti şəkildə danışa bilmərik, amma bu hissə qırılmayıb və nə vaxtsa qırılacaq”, - S.Pampal bildirib.

Çin narazıdır, Trampın səfəri təhlükədə...

ABŞ Prezidenti Donald Trampın Çinə apreldə nəzərdə tutulan səfəri Tayvana 20 milyard dollarlıq yeni silah satışı ilə bağlı qeyri-müəyyənliklə üzləşə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb. Qeyd olunur ki, ABŞ-ın Tayvana yeni silah satışı Çin tərəfinin narazılığına səbəb olub və Prezident Donald Trampın aprel ayında Çinə planlaşdırılan səfəri təhlükə altında qala bilər. Agentlik bildirib ki, silah satışı ötən ilin dekabrında elan edilən 11 milyard dollarlıq müqaviləyə əlavə olacaq. Silahlara “Patriot” və NASAMS raketləri, dron və artilleriya sistemləri daxil olacaq. Bu, Tayvan üçün indiyə qədər ən böyük satınalmalardan biri olacaq. Hələlik ABŞ Müdafiə Nazirliyi, Dövlət Departamenti və Ağ Ev məsələ ilə bağlı sorğulara cavab verməyib. Qeyd edək ki, fevralın 4-də Çin Sədri Si Szinpinin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı olub. Çinlə ticarət, nadir torpaq elementləri, Tayvan və digər məsələlərlə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışan Donald Tramp aprel ayında Çinə səfər edəcəyini bildirib.

Sabah hava bu insanlar üçün əlverişli olacaq

Fevralın 8-nə olan tibbi-meteoroloji proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müharibəni Rusiya bitirməlidir - Zelenski

Bu müharibəni biz başlamamışıq, və onu bitirməli olan Rusiyadır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. O qeyd edib ki, sülhə nail olmağın ən vacib detallarından biri təhlükəsizlik təminatlarıdır. Zelenski sülh danışıqlarında daha çox irəliləyişə ehtiyac var.

Bakıda kişi evində faciəvi şəkildə öldü

Bakıda kişi dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə dünən Nəsimi rayonunda baş verib. Belə ki, Anar Dadaşov yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

ABŞ BMT-yə üzvlük haqqını ödəyəcək

ABŞ bir neçə aylıq fasilədən sonra yaxın gələcəkdə BMT büdcəsinə ödəniş edəcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib. 2025-ci ilin noyabr ayında Uolts ABŞ administrasiyasının təşkilatda islahatları gözlənildiyi üçün BMT-yə ödənişləri dayandırdığını bildirmişdi. ABŞ-ın daimi nümayəndəsi “Reuters” agentliyinə son müsahibəsində bildirib: “Mən ilk vəsait tranşının çox tezliklə köçürüləcəyini gözləyirəm. Düşünmürəm ki, son məbləğ müəyyən edilib, amma bu, bir neçə həftə ərzində ediləcək”. Fevralın əvvəlinə olan məlumata görə, ABŞ-ın BMT-nin büdcəsinə töhfələr borcu təxminən 2,19 milyard dollar təşkil edib ki, bu da bütün BMT ölkələrinin ümumi borclarının 95 faizini təşkil edir.

Qızıl və gümüşün qiyməti yenidən artdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. Sozcu.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,85% artaraq 4 979,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 0,24% artaraq 76,895 ABŞ dolları olub.

Azərbaycan nefti bahalaşdı

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,93 ABŞ dolları və ya 1,33 faiz artaraq bir barel üçün 70,70 ABŞ dolları təşkil edib. Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,92 dollar və ya 1,37 faiz bahalaşaraq 68,19 dollar olub. URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,03 dollar və ya 2,62 faiz artaraq bir barel üçün 40,27 dollara çatıb. Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,7 dollar və ya 2,44 faiz artaraq bir barel üçün 71,40 dollara çatıb. Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Sozcu.az xəbər verir ki, M. İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində xidmətə başlayıb. O, öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə gizir M. İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin bir neçə əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin Sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib.

Müəllimini güllələyən şagird liseyə silahla belə daxil olub - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən İdrak Liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. Sozcu.az xəbər verir ki, 10-cu sinif şagirdi Ə.Ş-nin çiynində çanta ilə liseyə daxil olduğu görüntülər yayılıb. Videoda görünür ki, şagird çiynində idman çantası ilə gəlir, buraxılışda şagird vəsiqəsini vurub məktəbə daxil olur. Qeyd edək ki, sözügedən görüntüləri Musteqil.az saytı yayıb. 

Xırdalanda yeniyetmə döyüldü

Abşeron rayonunda 17 yaşlı yeniyetmənin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Sozcu.az-a bildirib ki, zərərçəkən şəxs valideynləri ilə birgə Polis İdarəsinə dəvət edilərək izahatı alınıb. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Qeyd edək ki, Xırdalanda bir qrup məktəblinin dalaşması ilə bağlı sosial şəbəkədə videogörüntü yayılıb.

10 günün əsgəri vəfat etdi - Foto

Azərbaycan Ordusunun əsgəri vəfat edib. Sozcu.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, Quru Qoşunlarında xidmət edən Coşqun Zülfüqar oğlu Sadıqov fevralın 4-də dünyasını dəyişib. O, dəfn edilib. Qeyd edək ki, mərhum vəfatından 10 gün əvvəl – yanvarın 26-da hərbi xidmətə gedibmiş.