Bu tarixdə qısaldılmış iş günü olacaq

Azərbaycanda 19 mart qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 20-24 mart Novruz bayramı, 20-21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qeyd edək ki, 20-30 mart tarixlərində ölkədə ardıcıl 11 gün qeyri-iş günü olacaq.//metbuat.az

Naxçıvanda 3 tiktokçu cəzalandırıldı

Naxçıvanda “TikTok”da qeyri-etik paylaşımlara görə daha 3 nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, sosial şəbəkədə ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənovadır. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Müvafiq qərarlarla V.Mahmudova və L.Əliyeva 10 gün müddətinə inzibati qaydada həbs olunub, S.Həsənova isə 750 manat cərimə edilib.

Od çərşənbəsi yanğınlara səbəb olub - RƏSMİ

Od çərşənbəsi zamanı çərşənbə tonqalı səbəbindən iki yanğın hadisəsi olub. Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin şöbə müdirinin müavini Ehtiram Xəlilov bildirib. "03.03.2026-cı il tarixində çərşənbə tonqalı ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 yanğın hadisəsinə çıxış olub və yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qəsa müddətdə söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb",- deyə E.Xəlilov qeyd edib.

Pensiya, müavinət və təqaüd alanlara mühüm XƏBƏR

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək. Sozcu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, martın 6-da nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyalarının ödənilməsi nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişinə isə artıq başlanıb. Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır. Eyni zamanda mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub.

MEDİA jurnalistlərə çağırış etdi

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib. Sozcu.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında bildirilib. Açıqlamada qeyd edilib ki, media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır. “Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq”, - deyə MEDİA-nın açıqlamasında vurğulanıb.

Bağlanan özəl universitetin binası BDU-ya verildi

Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusunda təmir-bərpa işləri aparıldığından bir neçə müddətdir Hüquq və Filologiya fakültələrində dərslərin təşkili BDU-nun digər tədris binasında aparılırdı. Sozcu.az-ın məlumatına görə, yaxın vaxtlarda həmin fakültələr keçmiş Asiya Universitetinin binasına köçürülüb. BDU-dan məlumatı təsdiqləyiblər. Həmçinin vaxtilə Asiya Universitetinin yerləşdiyi binanın üzərinə “Bakı Dövlət Universiteti, C korpusu” sözləri yazılıb. Məlumata görə, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 116 ünvanında yerləşən bina Hüquq və Filologiya fakültələri əvvəlki binaya köçürüldükdən sonra da BDU-nun korpusu kimi fəaliyyət göstərəcək.(APA)

Bakıda bu küçədə hərəkət qismən məhdudlaşdırılır

Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsinin Fəzail Bayramov küçəsindən Sənan Kərimov küçəsinə qədərki hissəsində aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq sabah saat 08:00-dan saat 22:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Qurban Yetirmişli: Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb

Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb. Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli deyib. “Fevralın 27-si 4,7 maqnitudalı zəlzələ baş verəndə ocaqda gərginliyin çox olması bizi narahat edirdi. Lakin bir neçə gündür qırılma boyu xırda təkanlar davam edir. Bu, əslində çox yaxşı haldır. Ocaqda gedən gərginliyin boşalmasına kömək edir. Enerji boşalması güclü, dağıdıcı zəlzələ olması ehtimalını aradan qaldırır. Həmin zəlzələdən sonra qeydə alınan təkanlardan bir neçəsi hiss edildi. Xırda təkanlar gərginlik boşalması seysmik fon səviyyəsinə enənənə qədər davam edəcək. Əhalini narahat olmamağa səsləyirəm”, - deyə Q.Yetirmişli bildirib.Azərtac

MN-in “İstirahət evi”nin sabiq rəisinin məhkəməsində şahidlər dindirildi

Müdafiə Nazirliyinin “İstirahət ev”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İş üzrə şahid qismində tanınan Yeganə Əbdülvahabova bildirib ki, işə düzəlmək üçün ondan 1500 manat istənilib, amma hamısını verməyə imkanları olmayıb: “Qardaşım min manatı rəis müavini Muraz Həsənova (hazırda “İstirahət evi”nin rəisi vəzifəsini icra edən-red.) verib”. Şahid bildirb ki, İlham Haqverdiyev ondan pul istəməyib: “Qəbuldan sonra rəislə görüşdüm. İlham Haqverdiyev işə qəbulla bağlı ödənişin tələb olunmasının qanunsuz olduğunu, belə halla qarşılaşdıqda ona məlumat verməyimi istədi”. Şahidin ibtidai istontaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğu bildirilib. Onun ilkin ifadəsi elan olunub. Şahidə bildirilib ki, bilə-bilə yalan ifadə versə, məsuliyyətə cəlb oluna bilinər. Şahid ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib. İfadədə qeyd edilib ki, işə qəbuil üçün qardaşı Muraz Həsənova pul verib. O da pulu İlham Haqverdiyevə çatdırıb. Eyni zamanda, şahid əlavə edib ki, qardaşınıın verdiyi min manat onlara geri ödənilib. Daha sonra Müdafiə Nazirliyinin “İstirahət ev”nin Arxa Təminat Xidmətinin müdiri Seyran Əhmədov ifadə verib. O bildirib ki, İlham Haqverdiyev iclasda bir neçə vakant yerin olduğunu bildirib. O, da bununla bağlı müavin Muraz Həsənova yaxınlaşıb və işə qəbula görə xahiş edib: “Bacım oğlunu işə düzəltmək üçün Muraz Həsənova dedim. Bildirdi ki, 2500 manatla işi həll etmək olar. Razılaşdıq. Əmr veriləndən sonra pulu elə Muraz Həsənovun xidməti otağında ona verdik. Pulun kimə çatacağını bilmirdim”. Şahidin ibtidai istintaqa verdiyi ifadə iıə məhkəmədəki ifadə arasında ziddiyət olub və istintaqa verilən ifadə elan edilib. Sonra şahid Etibar Xanvəliyev ifadə verib. O da işə qəbul üçün Muraz Həsənova 2500 manat verdiklərini deyib: “Pulun sonrakı taleyi ilə bağlı məlumatım yoxdur. İlham Haqverdiyevi əmrim çıxandan sonra görmüşəm”. Şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadə arasında ziddiyət olub və istintaqa verilən ifadə elan edilib. Şahid məhkəmədəki ifadəni əsas götürülməsini istəyib. Məhkəmə martın 10-da davam etdiriləcək. Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib. Ötən ilin dekabr ayında həbs müddəti 1 ay 20 gün uzadılıb. Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Ağır xəstəlikdən əziyyət çəkən azyaşlının müalicəsi üçün toplanan pulları oğurladı

Nəsimi rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.  Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb. O. Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib. Faktla bağlı araşdırma davam etdirilir.

Hərbçilərimiz qəzaya düşdü: ölən var

Gecə saatlarında Xocalı yolu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, hadisə zamanı Azərbaycan Ordusunun giziri, 1996-cı il təvəllüdlü Vüsal Quluzadə ölüb. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Cavid Əhmədov isə ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80%, gündüz 65-70% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Aliment almaq üçün məqsədli boşanırlar - Fazil Mustafa

Təəssüf ki, ölkədə nikah və boşanma statistikası ürəkaçan deyil. Son 9 ay ərzində 40 min nikah qeydə alınıb, onlardan 17 mini boşanma ilə nəticələnib. Xüsusilə Bakı şəhərində vəziyyət daha narahatedicidir. Qeydə alınan nikahların təxminən 56 faizi qısa müddət ərzində boşanma ilə nəticələnir. Bu, olduqca ciddi sosial problemdir. Sozcu.az xəbər verir ki, Milli Məclisin bugün keçirilən plenar iclasında bunu  Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) illik məruzəsinin müzakirəsi deputat Fazil Mustafa bildirib. Deputat bildirib ki, boşanma prosesində aliment məsələsi də ciddi müzakirə mövzusudur. Bir çox hallarda məsuliyyət əsasən kişi tərəfin üzərinə qoyulur və aliment öhdəliyi müəyyən edilir. Eyni zamanda iddialar var ki, bəzi hallarda ailə qurulduqdan və övlad dünyaya gəldikdən sonra məqsədli şəkildə boşanma təşəbbüsü irəli sürülür və aliment əldə etmək əsas motivə çevrilir. Bu kimi hallarda məhkəmələrin daha obyektiv və hərtərəfli araşdırma aparması vacibdir. Ailənin dağılmasının səbəbləri düzgün qiymətləndirilməli, aliment məsələsində ədalət prinsipi əsas götürülməlidir. Çünki ailə münaqişələrində səbəbkarın müəyyənləşdirilməsi hər zaman asan olmur və maddi maraq faktoru bəzən prosesə təsir göstərə bilir”. F. Mustafa onu da qeyd edib ki, Rusiya ərazisində yaşayan azərbaycanlılarla bağlı son dövrlər müxtəlif narahatedici hallar müşahidə olunur. “ Azərbaycan vətəndaşları müxtəlif ittihamlarla həbs edilir, hüquqlarının müdafiəsi çətinləşir. Bəzi hallarda ailə üzvlərindən bir qismi ölkəni tərk etməyə məcbur olur, digərləri isə hüquqi problemlərlə üzləşir. Onların hüquqlarının qorunması, hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində daha sistemli tədbirlərin görülməsi vacibdir. Həmçinin ölkəyə giriş-çıxış məsələlərində yaranan çətinliklərin aradan qaldırılması da diqqət mərkəzində olmalıdır”. O, əlilliyin verilməsində də problemlərin olduğunu bildirib: “Biləsuvar rayonundan bir vətəndaşla bağlı müraciət olmuşdu. Şəxs uşaqlıqdan səhhətində ciddi problem yaşayır, danışa bilmir və öz hüquqlarını müdafiə etmək imkanına malik deyil. Lakin ona birinci qrup əlillik təyin olunması üçün ruhi xəstəxanada yatmaq tövsiyə edilib. Halbuki məsələ psixi xəstəliklə bağlı deyil. Belə hallarda vətəndaşın vəziyyətinin düzgün qiymətləndirilməsi və artıq prosedur tələblərlə üzləşdirilməməsi son dərəcə vacibdir” – deputat sonda qeyd edib.

İctimai nəqliyyatda təqaüdçü və tələbələrə güzəştlər təklif olunur

Xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə güzəştlərin tətbiq olunması təklif edilir. Sozcu.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb. Eyni zamanda Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, bununla da şəhər mərkəzinə şəxsi avtomobillərin axınının minimuma endirilməsi məqsədilə müasir standartlara cavab verən avtobusların sayının artırılması (o cümlədən, say tutumu çox olan ikimərtəbəli avtobusların alınması məsələsinə baxılması), intensivlik nəzərə alınaraq intervalların minimuma endirilməsi (bəzən bu müddət 10-20 dəqiqədən artıq olur), sürücülərin peşəkarlıq səviyyəsinə və etik davranış qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi, hava şəraitinə uyğun olaraq avtobuslarda havalandırmanın mütləq qaydada təmin edilməsi (avtobuslarda nəfəslik və pəncərələrin açılmaması, eyni zamanda havalandırma sisteminin qoşulmaması sərnişinlərin sıx olduğu vaxtlarda, hətta havaların soyuq keçməsinə baxmayaraq "havasızlıqla bağlı haqlı narazılığa səbəb olur), habelə avtobuslara minib-enmə qaydalarının sıxlıq vaxtı avtobusların və sərnişinlərin kifayət qədər gecikməsinə səbəb olduğunu nəzərə alaraq həmin qaydaların təkmilləşdirilməsi istənilir.

Məzun iş axtarmalı deyil, iş yeri açmalıdır - Nazir müavini

Bu gün əsas trend odur ki, məzun iş axtarmamalıdır, məzun iş yeri açmalıdır. Bu gün “Sabahın alimləri” olaraq ayrı-ayrı layihələri təqdim edirsiniz. Siz layihələrinizi innovasiyaya çevirmək üçün məhsula çevirə bilməlisiniz. Məhsulunuz səmərə gətirərsə, o zaman innovasiyadır. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində deyib. O bildirib ki, “Sabahın alimləri” layihəsi elm, yaradıcılıq, innovasiyalarla bağlıdır: “Müasir dövrdə daha çox müasir texnologiyaları inkişaf etdirən ölkələr ABŞ, Çin, Yaponiya və Cənubi Koreyadır. Bu ölkələr texnoloji sistemin beşinci səviyyəsində yaşayır. Texnoloji sistemin altıncı səviyyəsi 2035-ci illəri əhatə edəcək. Qeyd etdiyim ölkələr altıncı texnoloji sistemə yaxınlaşıblar. Bu gün ən yüksək texnoloji istiqamət süni intellektlə bağlıdır. Hazırda dünyada 600 mindən çox robotlaşmış sistemlər, 4 milyondan çox robot var. Bu gün 10 min işçiyə Cənubi Koreyada 1100 robot düşür. Süni intellekt insanlara düzgün yol göstərməyə çalışır. O, mənfi obraz yox, müsbət obrazdır. Sizdən tələb olunur ki, süni intellektə düzgün sual verəsiniz və o sizə düzgün yol göstərsin”.

Şagirdlərin çanta yükünün azaldılması təklif olundu

Şagirdlərin çanta yükünün azaldılması üçün məktəblərdə yığcam tərtibatlı dərs materiallarından istifadə olunması təklif olunur. Sozcu.az xəbər verir ki, bununla bağlı İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.  Qeyd olunub ki, tədris proqramının ağır olmasının, bu səbəbdən də dərs vəsaitlərinin və onun komplektlərinin çoxluğunun xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının artıq yüklənməsinə və nəticədə onların sağlamlıq vəziyyətinə, fiziki inkişafına neqativ təsir göstərdiyini nəzərə alaraq, tədris proqramının optimallaşdırılması, eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya olunmuş, daha yığcam tərtibatlı dərs materiallarından istifadə edilməsi təklif olunub. Həmçinin, rəqəmsal resurslardan istifadənin genişləndirilməsi və bununla əlaqədar təhsil müəssisələrində maddi-texniki bazanın gücləndirilməsi, şagirdlərin gündəlik istifadə etmədikləri vəsaitləri məktəbdə saxlaya bilmələri üçün dolabların quraşdırılması da bildirilib.

Laçın-Şuşa yolunda ağır qəza - Ölən var

Gecə saatlarında Laçın-Şuşa yolunda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə dəyib və nəticədə aşıb. Hadisə zamanı üç nəfər həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zəlzələ Şamaxı və Ağsuda evlərə ciddi ziyan vurdu - Dağıntılar var

Şamaxıda baş verən zəlzələ nəticəsində ev və obyektlərə ziyan dəyib. Sozcu.az xəbər verir ki, baş vermiş yeraltı təkanlar nəticəsində əsasən Şamaxı və Ağsu rayonlarında dağıntılar olub. Hadisə nəticəsində Şamaxının Bağırlı, Ovculu, Çöl Göylər, Dağ Göylər, Çarhan, Adnalı, Nüydü, Quşçu kəndlərində, Ağsu rayonunun isə Ləngəbiz, Qəşəd, Bico, Keçdiməz, Gəgəli və digər kəndlərində evlərdə təhlükəli çatlar yaranıb, yarımtikililər dağılıb. Adıçəkilən kəndlərdə onlarla evdə çatlar aşkar edilib, əhaliyə xeyli ziyan dəyib. Xatırladaq ki, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub. (Oxu.az)

Yaponiya vətəndaşlarını İsraildən təxliyə etməyi planlaşdırır

Yaponiya hökuməti martın 2-si axşam saatlarından etibarən vətəndaşlarının İsraildən quru marşrutlarla təxliyəsinə başlamağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Məlumata görə, Nazirlər Kabineti belə bir planın həyata keçirilməsi imkanını nəzərdən keçirir. Təxliyə yalnız könüllü şəkildə ölkəni tərk etmək istəyən şəxslərə şamil olunacaq.

Tramp: ABŞ-ın İrana zərbələri davam etdirmək üçün kifayət qədər sursatı var

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İsraillə birgə İrana qarşı zərbələri davam etdirmək üçün kifayət qədər sursat ehtiyatı mövcuddur. Sozcu.az xəbər verir ki, o, bu barədə “The New York Times“ qəzetinə müsahibəsində danışıb. “Biz dörd-beş həftəlik proses nəzərdə tutmuşduq. Bu çətin olmayacaq. Bizim çox böyük miqdarda sursatımız var. Bildiyiniz kimi, ehtiyatlarımız dünyanın müxtəlif ölkələrində yerləşdirilib”, – deyə Tramp qeyd edib.

İran İraqdakı NATO-nun Viktoriya bazasına hücum edib

İran İraqın Bağdad beynəlxalq hava limanı yaxınlığındakı NATO-nun Viktoriya bazasına hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Şirkəti (IRIB) məlumat yayıb. Məlumata görə, hücum nəticəsində Amerikanın "Palm Jet" təyyarəsi vurulub və uçuş-enmə zolağına zərər dəyib. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidmətinin məlumatına görə, bazaya üç kamikadze dron hücum edib. Xatırladaq ki, İran 28 fevralda İsrail və ABŞ-ın hücumlarına cavab olaraq "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.

Təl Əvivdə güclü partlayışlar oldu

Təl-Əvivin bəzi rayonlarında partlayışlar qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters“ agentliyi məlumat yayıb. Mümkün itki və dağıntılarla bağlı hələlik məlumat açıqlanmayıb.

İrana rəhbərlik edə biləcək 3 yaxşı seçim var - Tramp

İslam Respublikasına rəhbərlik edə biləcək üç çox yaxşı seçim var. Sozcu.az xəbər verir ki, bu bu barədə ABŞ Prezidenti Donald Tramp “Nyu York Tayms“ qəzetinə müsahibəsində deyib. Lakin Tramp konkret adların açıqlanması sualına cavab verməkdən imtina edib.

Təbriz hava limanı VURULDU

İsrail Hərbi Hava Qüvvələri İranın şimal-qərbində yerləşən Təbriz hava limanında uçuşa hazırlaşan iki qırıcı təyyarəyə dəqiq zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb. Bildirilib ki, hücum zamanı İrana məxsus "F-5" və "F-4" tipli hərbi təyyarələr uçuş-enmə zolağında havalanmağa hazırlaşarkən hədəfə alınıb. İsrail ordusu yaydığı rəsmi mətndə bu hədəfləri "İran terror rejiminə məxsus qırıcılar" adlandırıb. Əməliyyatın əsas məqsədinin İran Hərbi Hava Qüvvələrinin fəaliyyətini məhdudlaşdırmaq və ölkənin hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılmasını daha da genişləndirmək olduğu vurğulanıb: "İsrail Müdafiə Ordusu rejimi zəiflətmək və İsrail Dövlətinə qarşı təhdidlərin qarşısını almaq məqsədilə İranın terror rejiminə məxsus hərbi infrastruktura zərbələr endirməyə davam edir", - açıqlamada qeyd olunub. Bəyanatın sonunda Təbriz hava limanında sözügedən "F-5" və "F-4" qırıcılarının vurulma anını əks etdirən videogörüntülər də ictimaiyyətə təqdim edilib.