Zaqatalada gərginlik: DSK-a sədri namizəd olmaq istəyən şəxsi döyüb

Dairə Seçki Komissiyası sədrinin deputatlığa namizəd olmaq istəyən şəxsə yumruq vurduğu bildirilir

110 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Fukrət Mustafayev deputatlığa namizəd olmaq üçün müraciət etmiş yerli sakin Fariz Həsənliyə yumruq vurub. Bu haqda Zaqataladakı mənbə “Basta”ya bildirib.

Məlumatı dəqiqləşdirmək üçün Müsavat Partiyasının Zaqatala rayon təşkilatının sədri, deputatlığa namizəd Saleh Soltanova müraciət etdik. O, hazırda DSK-ının binası qarşısında olduğunu bildirərək məlumatı təsdiqlədi.

“Burada böyük gərginlik var. Camaat DSK-nın binası qarşısına toplaşır. Əraziyə polis gətirilib. DSK sədri deputatlığa namizəd olmaq istəyən şəxsə hamının gözü qarşısında yumruq atır” – deyə, Soltanov bildirib.

Müsavat təmsilçisi qeyd edib ki, yanvarın 2-dən başlayaraq imza vərəqələri almaq üçün hər gün DSK-ya gəlsə də, bu günə qədər DSK imza vərəqəsi verməyib.

“İmzaların toplanıb təhvil verilməsi üçün cəmi bir gün qalıb. DSK qəsdən imza vərəqələrinin verilməsini yubadır ki, bizim seçkiyə qatılmağımızın qarşısını alsın” – deyə, Soltanov vurğulayıb.

Facebook Comments