TÜRKİYƏNİN CƏSARƏTLİ “LİVİYA GEDİŞİ” – “”Tripolidə nə işiniz var” desəniz, o zaman burada hovuzda üzərsiniz…”– TƏHLİL

Ankaranı “oyundan kənar” vəziyyətə salmaq istəyənlərin özləri aciz duruma düşüb

İki gün öncə Türkiyənin sabiq Daxili İşlər naziri, hazırda rəsmi post daşımasa da ölkənin kifayət qədər samballı fiqurlarından sayılan Mehmet Ağar 3 il bundan əvvəl PKK terrorçularının qətlə yetirdiyi bir şəhid polisin anım mərasimində maraqlı çıxış etmişdi. Türkiyənin Liviyaya ordu göndərməsinə münasibət bildirən Ağar bu addımın ölkənin siyasi, iqtisadi və təhlükəsizlik baxımından maraqlarına uyğun olduğunu belə bir cümlə ilə əsaslandırmışdı: “”Tripolidə nə işiniz var” desəniz, o zaman burada hovuzda üzərsiniz…” Yəni ki, Türkiyə öz sərhədlərinin daxilinə qapanarsa, heç vaxt güc mərkəzinə, nüfuzlu dövlətə çevrilə bilməyəcək.

Xüsusilə də Türkiyənin təhlükəsizlik maraqları mövzusuna toxunan sabiq daxili işlər naziri vurğulayıb ki, ölkənin müdafiəsi onun sərhədlərindən çox-çox uzaqlardan başlamalıdır: “Biz bunu söyləyəndə gülürdülər, bugünsə haqq qazandırırlar – Yozqatın, Ankaranın, Diyarbəkirin müdafiəsi Mosuldan, Bəsrədən, Hələbdən, Beyrutdan başlayır…”

Əslində, Ağarın bu fikirləri “Türk əsgərinin Liviyada nə işi var” deyərək, hökuməti tənqid edənlərə ən dolğun cavabdır. Doğrudan da dünyada baş verən son proseslər bir daha göstərdi ki, ölkələrin iqtisadi, siyasi və digər maraqları, həmçinin təhlükəsizliyi onların sərhədlərindən çox-çox uzaqlardan başlayır. Xüsusilə də Türkiyə kimi dünyanın siyasi xəritəsində olduqca əhəmiyyətli strateji mövqeyə malik bir ölkənin öz sərhədlərinə qapanaraq, özünü əyalət dövləti kimi aparması onun hər sahədə maraqlarını və təhlükəsizliyini təhdid altında qoyur.

Doğrudur, Türkiyənin kifayət qədər ciddi daxili siyasi, iqtisadi və təhlükəsizlik problemləri var. Lakin dünyada, ABŞ başda olmaqla, belə problemlərin mövcud olmadığı dövlət yoxdur. Əgər bu kontekstdən çıxış etsək, onda gərək hər bir ölkə yalnız daxili problemlərilə məşğul olsun və geosiyasi arenaya çıxmasın, hər hansı təşəbbüsdə, addımda bulunmasın. Ancaq istəsək də, istəməsək də reallıq ondan ibarətdir ki, artıq beynəlxalq oyunçular xeyli vaxtdır, necə deyərlər Türkiyənin “burnunun ucunda” min cür oyundan çıxırlar.

Bu hadisələrdən darmadağın edilmiş Suriya və İraqdan sonra ən çox ziyan görən ölkə isə məhz Türkiyədir. Qardaş ölkə milyonlarla qaçqına qapılarını açmağa məcbur olub və bu humanist addım ona külli miqdarda vəsaitə başa gəlib. Türk mallarının əsas bazarlarından olan İraq, Suriya və digər bazarlar məhv olduğundan demək olar ki, itirilib. Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlara qədər ölkənin sərhədyanı əraziləri hər gün terrorçuların raket zərbələrinə tuş gəlib və sair. Bütün bunların fonunda rəsmi Ankaranın əl-qolunu sallayaraq gözləmə mövqeyi tutması nə dərəcədə məntiqli olardı?

Hadisələrin gedişi də göstərdi ki, Türkiyə ötən 4 ildə Suriyada 3 hərbi əməliyyat (“Fırat Kalkanı”, “Zeytin Dalı” və “Barış Pınarı”) keçirməklə düzgün addım atdı və mövqelərini gücləndirdi. Kürd terror təşkilatları təhlükəsini sıradan çıxardı və sərhədlərindən xeyli uzaqlara atdı. Həmçinin, Rusiya ilə anlaşaraq, Suiryada qərar verə bilən və dünyanın hesablaşdığı bir ölkəyə çevrildi.

Eyni fikirləri hazırda Liviyaya Türkiyə qoşunlarının göndərilməsi qərarına da aid etmək olar. Bu məsələ də Türkiyənin siyasi və iqtisadi maraqları, eləcə də regiondakı nüfuzu baxımından olduqca əhəmiyyətlidir. Birinci növbədə Türkiyə BMT-nin Liviyada rəsmən tanıdığı hakimiyyət olan Fəyyaz Sərac hökumətini dəstəkləməklə, onunla anlaşmaqla beynəlxalq hüquqa tam uyğun addım atmış olur. Bu, bəri başdan Türkiyənin əlini xeyli gücləndirir. Yəni ki, Türkiyə Liviyaya ABŞ-ın regiondakı davranışlarından fərqli olaraq, bir işğalçı qismində deyil, rəsmi hökumətin dəvətilə daxil olur. Həmçinin, Türkiyə parlamenti yanvarın 2-də hərbi qüvvələrin Liviyaya göndərilməsi barədə rəsmi sənəd qəbul edərək, siyasi hakimiyyətə tam yetki verib. Bir sözlə, sırf hüquqi baxımdan rəsmi Ankaranın bu addımı demək olar ki, qüsursuzdur.

Digər tərəfdən, Türkiyə Liviya ilə “Dəniz yurisdiksiyalarının məhdudlaşdırılmasına dair anlaşma memorandumu” imzalamaqla, onu Aralıq dənizində “oyundan kənar” vəziyyətə salmaq istəyən İsrail, Yunanıstan, Misir və Avropa ölkələri liderlərini fakt qarşısında qoyaraq, onların özlərini çarəsiz duruma saldı. Nəticədə Türkiyədən yan keçməklə Yunanıstan və İsrail arasında imzalanan “Eastmed” (Şərqi Aralıq dənizi qaz boru kəməri xətti) layihəsi mənasız sənədə çevrilmiş oldu.

Türkiyə bununla həm qarşı sahil ölkəsi Liviya ilə razılığa gələrək, beynəlxalq hüquqa uyğun davranıb, həm də iki ölkə arasında çəkilən xətt, adalar deyil, Ankara üzərindən çəkildiyi üçün Yunanıstanın əl-qolunu bağlayıb. Və bu anlaşmada kimsənin etiraz edə biləcəyi heç bir paraqraf yoxdur. Artıq Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, bu bölgə ilə bağlı Türkiyənin müstəqil qərar vermə yetkisi var.

“Liviya istəyərsə, Türkiyə bunun qərarını özü verər, kimsədən icazə almarıq. Türkiyə xaricinə hərbçi göndərilməsi ilə bağlı atılmalı addımlar var. Liviyaya hər cür dəstək verməyə hazırıq” deyən Ərdoğan bununla bir daha göstərmiş oldu ki, artıq Türkiyə kimlərinsə çaldığı havalara oynayan ölkə rolundan çoxdan çıxıb və regionun əhəmiyyətli, həlledici güc mərkəzlərindən birinə çevrilib. Və qardaş ölkə artıq beynəlxalq koalisiyanın bir hissəsi kimi deyil, müstəqil güc kimi çıxış etməyə başlayıb. Liviya ilə bağlı tutduğu mövqe sayəsində isə Türkiyə həm də bu ölkəyə dair beynəlxalq danışıqlarda artıq tərəflərdən biri kimi qəbul olunacaq. Bu isə Türkiyənin gələcəkdə zəngin enerji mənbələrinə malik Liviyada təkcə siyasi deyil, həm də böyük iqtisadi dividendlər əldə etməsinə şərait yaradır. Bütün bunları üst-üstə toplasaq, hökumətin Aralıq dənizi və Liviya ilə bağlı atdığı addımlar Türkiyənin həm strateji, həm hərbi-siyasi, həm də iqtisadi baxımdan xeyrinədir.

Və nəhayət, Türkiyənin bu regionla bağlı tarixdən gəlmə bir məsuliyyət, sahiblik məsələsi də var. Əvvəldə qeyd etdiyimiz Mehmet Ağarın çıxışında belə bir fikir də vardı: “Türkiyənin tarixdən gələn bir sorumluluqları var. Bunları ağılla, tarixdən gələn təcrübələrlə idarə etdiyiniz vaxt Türkiyə dünyada gerçək mənada yerini alacaqdır…”

Ümid edək ki, qardaş ölkə uğurlu və düzgün addımlar atmaqla doğrudan da regionda və dünyada gerçək layiq olduğu yeri ala biləcək.

Cəlal MƏMMƏDOV

AzPolitika.info

Sozcu.az

Facebook Comments