Qabil Hüseynli: Amerikanın İrana vuracağı zərbə dəhşətli olacaq

“Ehtimal edirəm ki, Amerika bu məsələdə ehtiyatlı davranacaq”.
Sozcu.az  xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli İranın ABŞ bazalarını bombalamasını şərh edərkən bildirib.

Siyasi ekspert raket zərbələrinin iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilməsi fikri ilə razılaşmır:

“Bu hadisə İranın qisas cavabı olmaya da bilər. Fakt hələ təsdiqlənməyib. KİV-də İranın möqveyi yayılsa da, Amerika tərəfi faktı araşdırdığını deyir. Məsələ hələ tam aydınlaşmayıb”.

Qabil Hüseynli hesab edir ki, ABŞ və İran arasında müharibə heç bir tərəfə sərf etmir:

“İranla ABŞ arasındakı gərginliyi səngitmək üçün Avropa Birliyi vasitəçiliyi ilə təşəbbüslərə başlanıb. Məqsəd ehtimal edilən müharibənin qarşısını almaq və tərəfləri danışıq masası ətrafına yenidən gətirməkdir. Hətta Türkiyə də bu prossesə qoşulub. Hər halda Avropa Birliyinin bu səyləri, məqsədi Yaxın Şərqdə müharibənin qarşısını almaqdır. İran da bu məsələdə məncə, tolerant davranır. İran nə qədər hərb desə də, onun müharibə apara biləcək gücü yoxdur. Çünki daxildə iqtisadi münasibətlər, sanksiyalar səbəbindən həddindən artıq dərəcədə gərginlik var. Tramp da güzəştə gedəcək. Çünki irimiqyaslı müharibə istəmir. Həm də bu müharibə Amerikanın imicinə xələl gətirə biləcək hadisələr ola bilər. Amerikanın İrana vuracağı zərbə dəhşətli olacaq, bu da dünya ictimaiyyətində mənfi rəy yaradacaq. Bu səbəblərdən qarşıdurmanın səngiməsi, qarşılıqlı dialoqa doğru meyillərin artması müşahidə edilməkdədir. Məncə, bu meyillər vəziyyəti xeyli aydınlaşdıra bilər”.

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri İraqdakı hərbi bazaya azı 35 zərbə endirib. Raket zərbələri ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazasına endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb./ Qaynarinfo

Facebook Comments