Azərbaycanda iqtisadiyyata kapital qoyuluşları ildən ilə azalır – EKSPERT

Dünya Bankı yeni hesabatında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempini 2020-ci il üçün 2,3 faiz, 2021-ci il üçün 2,1 faiz göstərir.

İqtisadçı alim Qubad İbadoğlu bununla bağlı şərhində qeyd edir ki, proqnoz Dünya Bankının 2019-cu ilin iyun ayındakı rəsmi açıqlamasından kəskin fərqlənir: “Həmin vaxt Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2020-ci ildə 3,5 faiz, 2021-ci ildə 3,7 faiz artacağını bildirmişdi”.

Sozcu.az-ın məlumatına görə, ekspert qeyd edir ki, yaxın illərdə neft hasilatının azalması iqtisadi artıma təsir göstərən əsas amillərdən olacaq: “İkincisi, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması sahəsində təşəbbüslər və dövlət dəstəyi iqtisadi azadlıqların və müstəqil məhkəmə hakimiyyətinin təminatı ilə müşahidə edilmədiyindən effekt vermir. Struktur islahatlarının ləngiməsi, sağlam rəqabət imkanlarının dövlətin dəstəklədiyi təbii inhisarlar və siyasi elitanın himayə etdiyi özəl bölmə vasitəsilə sıradan çıxarılması qeyri-neft sektorunun inkişaf perspektivlərini tutqun göstərir.

Bununla yanaşı qeyri-neft sektoru idxalı əvəz edə bilmədiyi üçün idxal mallarına tələbat getdikcə artır, maliyyə hesablarının profisiti, xarici ticarət balansının müsbət saldosu azalır.

Üçüncüsü, müxtəlif mənbələrdən iqtisadiyyata kapital qoyuluşları ildən ilə azalır, xaricdən birbaşa sərmayələr aşağı düşür.

Nəhayət, illərdən bəri həllini gözləyən gizli iqtisadiyyat, inhisarçılıq və korrupsiya kimi problemlərin davam etməsi, həm də bu səbəblərdən beynəlxalq və regional iqtisadi inteqrasiyadan faydaların azalması iqtisadi artımı yavaşıdır”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ötən il dekabrın 26-da keçirdiyi mətbuat konfransında deyib ki, hökumət 2020-ci ilə 3 faiz, 2021-ci ilə 3,7 faiz, 2022-ci ilə 3,1 faiz, 2023-cü ilə 3,2 faiz iqtisadi artım proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə əvvəlki ilin 11 ayı ilə müqayisədə 2,1 faiz çox ÜDM istehsal edilib.

2016-cı ildə Azərbaycanda ÜDM istehsalı 2015-ci ilə nisbətən 3,1 faiz düşüb.

2017-ci ildə 0,2 faizlik, 2018-ci ildə 1,4 faizlik artım olub.

Facebook Comments