Müsavatçı namizədlər sabahı gözləyir

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda əvvəlcə qəbul edilən qərarların icrası ilə bağlı məlumat dinlənilib.

 

Daha sonra seçki qərargahının sədri Gülağa Aslanlı deputatlığa namizədlərin imza toplamasının gedişatı haqda məlumat verib. O qeyd edib ki, yanvarın 6-dək Müsavatdan 4 nəfərin – Məclisin sədri Nüşabə Sadıxlının, sabiq millət vəkilləri İkram İsrafilin və Arzu Səmədbəylinin, eləcə də Kürdəmir rayon təşkilatının sədri Vilayət Abuşovun namizədlikləri qeydə alınıb.

Digər namizədlərin əksəriyyəti seçici imzalarının toplanmasını başa çatdırsalar da, hələ sənədləri DSK-ya təqdim etməyiblər. Çünki namizədlər DSK-ya təqdim edilıməsi zəruri olan maliyyə arayışlarını almaq üçün bayram tətilinin başa çatmasını və bankların işə başlamasını gözləməyə məcburdurlar. Bayram tətili sabah – yanvarın 7-də başa çatacaq.

Gülaga Aslanlı bildirib ki, Sumqayıt, Xızı, Siyəzən, Zaqatala, Lerik, Astara, Füzuli rayonları da daxil olmaqla, bir sıra bölgələrdən müsavatçı namizədlərə və onlara imza verən seçicilərə təzyiq olunması barədə məlumatlar daxil olmaqdadır.

İclasda Müsavat Partiyası Yasamal rayon təşkilatının hesabat-seçki yığıncağı haqda məlumat dinlənilib. Bildirilib ki, nizamnaməyə tam uyğun olaraq keçirilən gizli səsvermə nəticəsində Mehman Həsənov rayon təşkilatının sədri seçilib.

İclasda həmçinin ölkədə və regionda baş verən hadisələr müzakirə edilib.

Sozcu.az

Facebook Comments